Yoxsulluq minimuma endiriləcək

 

Azərbaycanda yoxsulluğun azaldılması davamlı inkişafla bağlı 2008-ci ildə qəbul edilən proqram uğurla həyata keçirilir. 2014-cü il ərzində də proqrama uyğun mühüm nəticələr əldə edilib.

   İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən, yoxsulluğun azaldılması istiqamətində 2014-cü ilin birinci yarısında da müsbət nəticələr var.

   Nazirliyin ilin birinci yarısına dair hesabatında qeyd edilir ki, Dövlət Proqramı özündə əsas 9 strateji məqsədi əks etdirir. Makroiqtisadi sabitliyi saxlamaqqeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi Dövlət Proqramının əsas strateji istiqamətlərindəndir. Dövlət Proqramında ölkədə işsizlik səviyyəsinin 3-4% həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 faizədək azaldılması nəzərdə tutulub. Sözügedən Dövlət Proqramı çərçivəsində prioritetlər və hədəflər 2008-2015-ci illəri əhatə etməklə səkkiz illik dövr, sahələr üzrə tədbirlər isə 2008-2010-cu və 2011-2015-ci illər üçün müəyyənləşdirilib.

   Nazirliyin məlumatında qeyd edilir ki, 2008-2010-cu illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı təmin edilib, əməkqabiliyyətli əhalinin məşğulluğu artıb, işsizlikyoxsulluq səviyyəsi azalıb, əhalinin rifah halı daha da yaxşılaşdırılıb. Belə ki, 2010-cu ilin sonuna ölkədə işsizlik səviyyəsi 5,6 faiz, yoxsulluq səviyyəsi isə 9,1 faiz təşkil edib.

   Nazirlik bildirir ki, əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentin 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planı da uğurla icra olunmaqdadır.

   Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ilin 6 ayı ərzində ümumi daxili məhsulun həcmi 28,7 milyard manat olaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb. Onun adambaşına düşən həcmi isə 3063,3 manat (3905,2 ABŞ dolları) təşkil edib.

   Ümumi daxili məhsulun 46 faizi sənayedə, 10,7 faizi tikintidə, 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 5,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,6 faizi informasiya və rabitədə, 14,7 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 7,1 faiz təşkil edib. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7 faiz artıb.

   Ölkədə iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı nəticəsində əhalinin həyat səviyyəsinin yüksəlişi davam edib. 2014-cü ilin 6 ayı ərzində əhalinin sərəncamında qalan gəlirlər 2013-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 16,1 milyard manat olub, hər nəfərə düşən gəlirlər isə 1720,3 manat təşkil edib. Əhalinin pul gəlirləri istehlak qiymətləri indeksini üstələyib. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 2014-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 438,1 manat təşkil edib.

   Nazirliyin hesabatında qeyd edilir ki, yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq, yoxsulluqla mübarizədə ölkədə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsinə önəmli yer verilir. Belə ki, ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqram çərçivəsində əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsi, işçi qüvvəsinə olan tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmini, işaxtaranişsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 2013-cü ildə işsizlik səviyyəsi 5 faizə enib.

   Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə 22 noyabr 2013-cü il tarixli "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən yaşayış minimumu ölkə üzrə 125 manat və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən ehtiyac meyarının həddi 100 manat məbləğində müəyyənləşdirilib.

   Azərbaycan Prezidentinin 3 fevral 2014-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 2014-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2,4 faizlik artım hesablanıb.

   Bununla yanaşı, Azərbaycan Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, 2013-cü ilin sentyabrın 1-dən minimum əmək haqqının, əmək pensiyalarının baza hissəsinin və sosial müavinətlərin, həmçinin məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği artırılmışdır. Eyni zamanda, ölkə başçısının müvafiq Sərəncamları ilə təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları 2013-cü ilin sentyabr ayının 1-dən orta hesabla 10 faiz artırılıb.

   "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda təhsil, səhiyyə, sosial müdafiə, ətraf mühitin mühafizəsi və digər sahələrdə nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir ki, bu da ölkədə yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 2013-cü ildə 5,3 faizə enib.

   2014-cü ilin ikinci yarısında isə yoxsulluq göstəricisi 5 faiz həddinə enib.

   Xatırladaq ki, ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli məqsədilə ilk dəfə olaraq Azərbaycan Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" qəbul edilib. Proqramın icrası müsbət nəticələr əldə etməyə imkan verib. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılıb və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib.

   Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə 2008-ci ildə növbəti proqram qəbul edilib. Hazırda həmin proqramın icracı davam etdirilir.

   2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalanıb və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdiriblər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilib. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.

 

   Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından ümummilli lideri Heydər Əliyev imzalayıb.

   Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə 2 dövlət proqramı və həmin proqramlara 2 əlavə qəbul olunub.

   Proqram çərçivəsində sadəcə əhalinin gəlirinin artırılmasına diqqət ayrılmır. Çünki gəlirlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm vasitə olsa da, yoxsulluğun azaldılmasına təsir edən yeganə amil deyildir. Ölkədə yoxsulluq probleminin həll edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, sosial sahədə göstərilən xidmətlərin də inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan, körpə və uşaq ölümü, ana ölümü, ərzaq təhlükəsizliyi və uşaqların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə davamiyyət və qeydiyyat səviyyələri, habelə təlim nailiyyətləri kimi göstəricilərin monitorinqinin aparılması mühüm əhəmiyyət kəsb edir. Yuxarıda adıçəkilən proqram çərçivəsində iqtisadi məsələlərlə bərabər, sosial problemlərin də həlli xüsusi diqqətdə saxlanılır.

 

       Vasif CƏFƏROV

      Ekspress.-2014.- 15-17 noyabr.- S.10.