Aktrisa kimi rol
acgözüyəm....
Aktrisa Güşvər Şərifova:
"O vaxtlar gənc və gözəl idim, o rolu rus
aktrisasından heç
də pis oynamazdım"
"Bu sənətə
gələn mütləq
fəxri ada ehtiyac hiss edir"
Aktrisa ilə tamaşa öncəsi görüş bir başqa situasiyadır. Qrimlənib həyəcanla tamaşanın başlamasını gözləyən sənətçi ilə söhbət edərkən istər-istəməz onun həyəcanı sənə də sirayət edir...
Aktrisa Güşvər Şərifova ilə söhbətimiz tamaşa ərəfəsində baş tutdu. 30 illik yaradıcılıq fəaliyyəti sahibi olan aktrisa əvvəllər Gəncə Dövlət Dram Teatrında, sonra az müddətdə Kamera Teatrında çalışıb və nəhayət, Gənc Tamaşaçılar Teatrına üz tutub.
Güşvər xanım özü haqqında danışmağı sevmir, müsahibə verməkdən qaçır, amma aktrisadan müsahibə götürə bildik və bəlli oldu ki, çox maraqlı həmsöhbətdir...
TANITIM: Güşvər Şərifova Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Çalışdığı teatrlarda saysız-hesabsız rollar oynayan aktrisa iştirak etdiyi tamaşaların sayını unudub. Biz bu rollardan bir neçəsini xatırladaq: Cevriyə ("Fosforlu Cevriyə", S.Dərviş), Nazan ("Yad qızı", Orxan Kamal), Əfsanə ("İtkin gəlin", Əlibala Hacızadə), Anya ("Odlu çarpazlar", İsmayıl Şıxlı), Güləsər ("Dəli kür", İsmayıl Şıxlı), Qarpınc ("Sokratla söhbətlər", Edvard Radzinski), Sona ("1905-ci ildə", Cəfər Cabbarlı), Meri ("Qız atası", Əfqan Əsgərov), Səkinə ("Mürafiə vəkilləri", M.F. Axundov), Narıngül ("Üçatılan", İlyas Əfəndiyev).
Aktrisanın Gənc Tamaşaçılar Teatrındakı rolları: Qlaşatay ("Tayna", Alla Axundova), Petuşok ("Qızıl zoruz haqqında nağıl", A.S.Puşkin), Quldur qadın ("Əlibaba və qırx quldur", Ərəb xalq nağılı), Rəqqasə ("Hind fantaziyası", Rafiq Əliyev), Səlimə ("Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev), Təlxək ("Tıq-tıq xanım", Abdulla Şaiq), İzzət ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə), Ananın xəyali surəti ("Albalı bağı" A.Çexov), İkinci xanım ("Yatmış gözəl" B.Marvin), Missis Sauyrberi ("Oliver Tvistin macəraları" Ç.Dikkens), Qarı nənə ("Göyçək Fatma" Azərbaycan Xalq nağılı), Qətibə - ("Mən səni sevirəm - M.S.S" Ə.Əmirli), Gülpəri ("Qaraca qız" S.S.Axundov, A.Şaiq), Nazlı ("Danışan gəlincik" A.Şaiq), Qız - ("Bir səbət tənhalıq" M.Vahidzadə) və s.
- Böyük bir yaradıcılıq yolu keçmisiniz, amma daim gözdən-könüldən uzaqda qalırsınız. Siz sözdən-söhbətdən uzaq durmağı sevənlərdənsiniz, yoxsa başqa bir səbəb var?
- Yəqin ki, müəllimlərimin də təsiri böyük olub, ancaq unutmayın, xarakterdən də çox şey asılıdır. Bütün diqqətimi işimə verməyi sevirəm, çünki sənətimi çox sevirəm və sənəti mənə sevdirən müəllimlərimə daima minnətdaram. Tələbə vaxtı sənətin sirlərini Nəsir Sadıqzadə, Mikayıl Mirzə və başqa müəllimlərdən öyrənmişəm. Yeri gəlmişkən, Mikayıl Mirzə səhnə danışığından dərs deyirdi, ancaq onun sənət haqqında olan geniş məlumatları və daima tələbələrinə sənətin sirlərini öyrətməsi də artıq onun sənətkarlığından xəbər verirdi. Yaxşı yadımdadır ki, Mikayıl Mirzə mənə Gənc Tamaşaçılar Teatrında çalışmağımı təklif edirdi.
- Necə oldu ki, Gəncə Teatrını seçdiniz?
- O dövrdə "Səhnə işıqları" verilişi var idi. Günlərin birində həmin verilişdə Mikayıl Mirzənin hazırladığı "Leyli və Məcnun" tamaşasından bir parça söylədim. Tələbələr içindən mənim seçilməyim böyük məsuliyyət idi. Mikayıl Mirzə məni Səməndər Rzayev, Hamlet Xanızadə, İlham Rəhimli kimi sənətkarlara təqdim etdi. Müəllimimin etimadını doğruldaraq elə bir parça hazırladım ki, böyük səs-küyə səbəb oldu və uzun illər unudulmadı. İfamı yüksək qiymətləndirənlər arasında Azərpaşa Nemətov da vardı. O dövrdə Azərpaşa müəllim Gənc Tamaşaçılar Teatrında çalışırdı və aktyorluq qabiliyyətini bəyəndiyi sənət adamlarını teatra dəvət edirdi. Məni də Mikayıl Mirzə vasitəsilə dəvət etmişdi. Ancaq bu təklifi qəbul etmədim, hətta dedim ki, gedib Gənc Tamaşaçılar Teatrında "podnos" daşımaqdansa, Gəndə Teatrına gedib baş rollar oynayaram.
- Yəqin ki, belə düşünməyiniz səbəbsiz olmayıb? Gerçəkdən də iddialı olmusunuz, ancaq paytaxtdan uzaqlarda sənətdə özünü təsdiq etmək elə də asan iş deyil...
- O dövrdə paytaxt teatrlarında özümə uyğun yer tapacağıma, arzusunda olduğum rolları alacağıma inanmırdım, ancaq Gəncə Teatrında istədiyimə nail olacağımı düşünürdüm.
- 80-ci illər
Azərbaycan teatrının ən qaynar
dövrlərindən biri sayılır. O
dövr özünün
bir çox məşhur
sənətkarlarını yetişdirdi...
- Onlar sadəcə bu sənət üçün doğulmuşdular və səhnənin fədailəri idilər. Onların arasında mənim də pərəstiş etdiyim Şəfiqə Məmmədova, Zərnigar Ağakişiyeva kimi aktrisalar var idi...
- Səfurə İbrahimova da həmin nəslin təmsilçisidir...
- Doğrudur. Bizim nəsil onlara baxaraq bu yolu tutduq, sənətin müqəddəs olduğuna inandıq. Bir sözlə, Gəncə Teatrına könüllü getdim və uzun illər bəhs etdiyim teatrda çox önəmli səhnə əsərlərində əsas rolları oynadım. Bu teatrda Ələddin Abbasov, Rəmziyyə Veysəlova kimi aktyorlarla çalışmışam, onlardan çox şey öyrənmişəm. Etiraf edim ki, Gəncə Teatrında mənə böyük meydan açıldı, bəlkə də ona görə ki, mən yaşda olan gənclər az idi, əsasən yaşlı nəsil çalışırdı. Bu səbəbdən bütün əsas rolların mənə həvalə olunması təbii hal idi. "Namus" da Süsən, "Vaqif"də Gülnar, "İtkin gəlin"də Əfsanə, "Yad qızı"nda Nazan, "Fosforlu Cevriyə"də Cevriyə, "Dəli Kür"də Güləsər, "Odlu çarpazlar"da Gülaçar və s. rollarda özümü aktrisa kimi təsdiq etdim, hətta Gülaçar obrazına görə ilin ən yaxşı qadın ifaçısı seçildim.
- Lakin bu uğurlar paytaxta qayıtmağınıza əngəl olmadı...
- Gəncə Teatrındakı fəaliyyətim 1984-1994-cü illəri əhatə edir. 10 il ərzində 50-dən çox tamaşada əsas rolları oynadım, mənim üçün işləməyə bütün şərait yaradılmışdı. Ancaq üzücü bir məqam vardı, bu sənətə gələn mütləq fəxri ada ehtiyac hiss edir. Bəlkə də hazırda bu kimi məqam mənə gülməli görünə bilər, ancaq mən əməyimin qiymətini istəyirdim. Dəfələrlə məni təqdim etsələr də, təltif olunmurdum və hər dəfə də mənə deyilirdi ki, biz səni təqdim etdik. Bu kimi durum mənə pis təsir edirdi. İndiki dövrdən fərqli olaraq əvvəllər sənət adamı müəyyən yaş həddindən sonra fəxri ada layiq görülürdü, hətta istedadı olmayan belə 40 yaşdan sonra mütləq əməyinə görə qiymətləndirilirdi - nə də olsa uzun müddətdir teatrda çalışır və s. kimi düşüncə tərzi vardı. Mənim yaşım 30-a çatmışdı, daim əsas rolları oynamışdım, istedadlı, qabiliyyətli idim, ancaq əməyim qiymətləndirilmirdi. Bu durumu özümə qarşı haqsızlıq hesab edirdim...
- Kamera Teatrındakı fəaliyyətiniz Sizi qane etdimi?
- Kamera teatrında çox az bir müddət çalışdım, maraqlı rollarım oldu -"Şirəbənzər"də Solmaz, "Müsyo Jordan"da Pəri obrazlarını oynadım. Qane etməyə gəlincə, mən aktrisa kimi rollara çox diqqətliyəm, maraqlıyam, hətta acgözəm. Nə qədər çox rol oynasam belə, yenə yeni-yeni rollar gözləyirəm. Tutaq ki, tamaşaların birində maraqlı bir obraz oynayıram, ancaq eyni zamanda sanki digər obrazların da həyatını yaşayıram, o obrazları da ifa etmək istəyirəm.
- Yəni, yeni rollar almayanda
Sizə çox çətin olur?
- İnanın
ki, yeni rollarım olmayanda sanki passivləşirəm.
Bildiyiniz
kimi, sonralar Gənc Tamaşaçılar
Teatrında fəaliyyətə
başladım. Bu teatrda bir neçə
teatr birləşdi, bu baxımdan ilk günlər bir qədər çətinliklər
yarandı. Aktyorların
yerbəyer olması, yeni tamaşalarda rol bölüşdürülməsi
və s. proseslər fonunda sanki mən
bir qədər arxa planda qaldım.
Çox az
hallarda rejissorların
diqqətini çəkirdim,
çox az rollar oynayırdım. Məhz o boşluq zamanı mən boş dayanmadım, poeziyaya üz tutdum. Teatr Xadimləri İttifaqında
keçirilən şeir
müsabiqəsi üçün
bir neçə şeir hazırlayaraq müsabiqəyə qatıldım.
Bu baxımdan mən sakit bir tərəfdə
oturub gözləməyi
sevən adam
deyiləm. Hətta yadımdadır ki,
çəkdiyim əziyyətə
baxmayaraq heç yer tutmamışdım və bu mənə
çox pis təsir etmişdi. Ancaq inadla növbəti dəfə keçirilən
şeir müsabiqəsinə
böyük iddia ilə yenidən qatıldım və birincilik uğrunda mübarizə apardım.
Müsabiqədə 1-ci yeri tutdum
və sübut etdim ki, əməyin
qarşılığı mütləq var. Demək istədiyim odur ki, aktrisa kimi
qaynar fəaliyyəti
çox sevirəm.
- Amma kino aləmindən uzaqda qalmısınız.
Kinorejissorlar sizi niyə
görmür, niyə
çəkilişlərə dəvət etmirlər?
- Doğrudan da, kinoya böyük
marağım olsa da, ona sadəcə
uzaqda baxmaq məcburiyyətində qalmışam.
Ancaq bir vaxtlar məni
"Gümüş göl
əfsanəsi" filmindəki
əsas rola dəvət etmişdilər.
O vaxtlar 20-22 yaşım
olardı. Ancaq sonra həmin
rol rus aktrisasına
qismət oldu. O vaxtlar mən gənc və gözəl idim, o rolu həmin aktrisadan heç də pis oynamazdım.
- Siz indi də gənc
və gözəlsiniz...
- Çox təşəkkür edirəm,
ancaq baxmayın, illər öz sözünü deyir. Mən indi 20 yaşında deyiləm.
- Heç
kim 20 yaşında
qalmır axı...
- Doğrudur (gülür). Ancaq özümü daima 20 yaşındakı kimi
hiss edirəm...
- Önəmlisi
odur ki, ruhən gənc qalasan. Yeri gəlmişkən,
hər yaşın öz rolu var,
ancaq fərqli də ola
bilir. Bəziləri gənc yaşda
yaşlı obrazlarda və ya əksinə,
yaşlı vaxtlarında
gənc rollarda oynayırlar. İndi siz
qrimlənmisiniz, uşaq
obrazında uşaq tamaşaçıların qarşısına
çıxacaqsınız. Bu ruhu necə
qoruya bilirsiniz?
- Əgər
aktyor obrazın yaşından asılı
olmayaraq ona uyğun gəlirsə və rejissor da onu inandırırsa,
o zaman obrazın yaşı bir o qədər də rol oynamaır. Ruh məsələsinə gəlincə,
bu sual çox
maraqlı sualdır.
Ruhu doğrudan da qoruyub saxlamaq lazımdır.
- Necə?
- Ruh gördüyün çox
şeydən, məsələn,
hikkədən, tərbiyəsizlikdən,
kin-kidurətdən qorunmalıdır.
Ruhu qidalandırmaq üçün
çoxlu mütaliə
etmək lazımdır.
Bəlkə də bu sözüm bir qədər şablon görünə bilır.
Ancaq inanın ki, bədii ədəbiyyat çox vacibdir. Yadıma gəlir ki, orta məktəb illərində valideynlərim
dərslərdən uzaqlaşmamağım
üçün bədii
ədəbiyyat oxumağıma
izn vermirdilər, ancaq mən bütün qadağalara baxmayaraq dərslərimi oxuduqdan sonra mütləq bədii ədəbiyyat oxuyurdum.
Bir vaxtlar oxuduqlarım mənə mane olmadı, əksinə kömək etdi. İnsanın dünyagörüşü təhsillə, mütaliə
ilə formalaşır.
Oxumaq, ali
təhsil almaq, çalışdığım yerdə təcrübə
qazanmaq, daima mütaliə etmək və ən önəmlisi hər kəsin öz işi-gücü ilə məşğul olması
çox vacibdir...
Xədicə QİYAS
Ekspress.-2014.- 15-17
noyabr.- S.19.