Teatr və kinomuzda qadın obrazları niyə azdır?

 

Azərbaycan kino və teatrında qadın obrazlarına nisbətən az rast gəlinməsinin səbəbi nədir? Kult.az saytı bu sualla aktyor və ssenaristlər arasında sorğu keçirib.

   Ramiz Məmmədov (aktyor):

   - Kifayət qədər qadın obrazına rast gəlinir. Bu, ssenari ilə, dramaturji materialla əlaqədardır. Dramaturq, ssenarist nə yazırsa, rejissor da onu çəkir. Bütün filmlərimizdə qadın obrazlarına rast gəlinir. Qadın və kişi obrazlarının nisbəti nə aktyorlardan, nə də rejissorlardan asılıdır. Yenə də deyirəm, bu, dramaturqdan asılıdır. Məsələn, "Qayınana" filmimiz var. Nəsibə xanım baş rolu ifa edib. O, qadın deyilmi? Yazılan nədirsə, aktyor və aktrisalar da ona görə seçilir.

   Fərhad İsrafilov (aktyor):

   - Bunun əsas səbəbi, yəqin ki, mentalitet və milli dəyərlərdən irəli gəlir. Kişilər çoxluq təşkil edir. Biz də istəyərdik ki, qadınlar çox olsun. Biz söz xatirinə demirik ki, qadınlar kişilərdən az iş görmürlər. Bunu bütün sahələrə şamil etmək olar. Baxın ki, təbabətdə belə ən çox qadınlardır. Bizim sənətdə də qadın istedadlar az deyil. Sadəcə, müəllif, ssenarist, pyesi yazan qadın obrazlara az yer verir. Onlar qadın obrazlarına daha çox müraciət etməlidir ki, filmdə və ya teatrda qadın aktrisalara daha çox yer verilsin. Ümumiyyətlə, bütün mübarizələr, konfliktlər qadınlarla kişilər arasında olur. Çox nadir hallarda iki kişi obrazın konfliktinə rast gəlinir. Əsasən, konfliktlər ailə zəminində qadınlarla kişilər arasında hökmranlıq edir. Mən dünən avtobusda təsadüfən bir qız uşağının atası ilə dialoquna şahid oldum. Qız elə hey düşünürdü ki, necə edim ki, evə gedəndə atam mənə şillə vurmasın. Narahatlığından görünürdü ki, evə kifayət qədər yubanıb və atası ilə problem yaşayır. Sözüm odur ki, istər gənclər, istər nisbətən yaşlı nəsil cəmiyyətdə əsas konfliktlər iki cins arasında - qadınlar və kişilər arasında mövcud olur. Təbii ki, mən də istərəm ki, qadın obrazlarına daha çox yer verilsin.

   Əli Nur (aktyor):

   - Vaxtilə bu obrazlara geniş yer verilib. İlk dəfə yaradıcılığında qadın obrazlara geniş yer verən yazıçımız Cəfər Cabbarlı olub. Cəfər Cabbarlı teatrda hələ indiyədək qoyulmayan böyük problemləri qoyub. "Sevil" əsəri ilə, "Oqtay Eloğlu"da "Firəngiz"i səhnəyə gətirməsi ilə, "Aydın" tamaşasında Gültəkinin öz ərinin həyatında oynadığı müstəsna rolla, apardığı mübarizə ilə, ümumiyyətlə, gözəl qadının həyatdakı mübarizəsi Gültəkin obrazı ilə başlayıb. Səhnədə Azərbaycan qadının özünü sübut etməsi, cəmiyyətin problemlərinin ağırlığını çiyinlərdə daşıya bilməsinin əsas bariz nümunəsi "Oqtay Eloğlu"dakı Firəngiz obrazında öz əksini tapıb. Bundan sonra Cəfər Cabbarlı qadın azadlığının simvolu olaraq Sevil obrazını yaradır və məhz Sevil Şərq aləmində əfsanəvi qadın obrazına çevrilir. Müxtəlif Şərq ölkələrində proqressiv, lokomotiv qadın olaraq ona heykəllər qoyulub. Daha sonralar meydana gələn Almaz obrazı şərqin ən mübariz qadın obrazlarından biridir. O, maarifçiliyi, qadın azadlığını, onun lokomotiv qüvvəyə çevrilməsini, qadınların kişilərlə bərabər hüquq və azadlıqlara sahib olmasını müdafiə edirdi. Doğrudur, bu paralel fikir "Sevil"də də yer alır, amma Sevil evdar qadın idi, heç bir vəzifəsi və fəaliyyəti yox idi. Almaz isə öz fəaliyyəti və mübarizəsi ilə bu baxımdan Sevildən müəyyən qədər fərqlənir. Bilirsiniz, Sovet dövründə ideologiya kifayət qədər sərt idi. Və rəssamlıq, dramaturgiya, poeziya - mədəniyyətin hər bir sahəsi bu ideologiyaya xidmət göstərməli idi. İnqilaba qədər Cəfər Cabbarlının gözəl əsərləri var idi. "Solğun çiçəklər", "Ədirnənin fəthi", "Azərbaycan" pyesi və sairə. Sosializm qurulduqdan sonra Cabbarlı bu ideologiyaya milli məsələni əsas götürərək xidmət etməyə başladı. O, Azərbaycan xalqının milli ideologiyasını özünə rəhbər götürdü və müəyyən qədər sosializmə ayaq uydurmağa çalışırdı. Məsələn, buna "Almaz" əsərində, "Yaşar"da rast gəlmək olar. Buna baxmayaraq, Almaz çox proqressiv obraz idi. Bu obraz səhnədə canlandırılanda hər zaman mübarizə əzminə görə alqışlara qərq olurdu. Bundan əlavə, "Od gəlini" əsərində yaratdığı Solmaz obrazı ilə Cəfər Cabbarlı əbədiyyən solmayan bir qadın obrazı yaratdı. O, vətəninin azadlığı uğrunda vuruşan xanın sevgilisi idi. Nə xəlifəyə təslim olurdu, nə də yadelli işğalçıların var-dövlətinə aldanırdı. Müasir yazarların bilirsiniz nə qədər böyük cinayəti var? Mən bunu onların üzünə də demişəm. İndi Azərbaycanda elə bir yazar yoxdur. Bizim ədəbiyyatımızda bu fikirləri qoyan Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid olub. Daha sonralar bu istiqaməti ən layiqli davam etdirən nümayəndələrdən biri İlyas Əfəndiyev oldu. O, öz pyeslərində qadın obrazlarına xüsusi yer verdi. "Söyüdlü arx"dakı Nuriyyə obrazı iki kənddə paralel mədəniyyət yaratmağa müvəffəq olur və ətalət içində olan kəndləri, sanki, işıqlandırır. Ədəbiyyatımızda böyük qadın obrazları kifayət qədər var. Mən İlyas Əfəndiyevin anım günündə çoxsaylı dövlət xadimləri, səfirlər, Yazıçılar İttifaqının sədri, üzvləri, yazıçılar və şairlər arasında bu məsələni qoydum: "Nəyə görə "Söyüdlü arx" vaxtında ekranlaşdırılıb xalqa təqdim olunmayıb?" Təxminən 40-50 il bundan öncə bu əsər ekranlaşdırılsaydı, nəsillərə nümunə olacaq bir qadın obrazı olardı. Azərbaycan filmində bu cür qəhrəman qadın obrazları yoxdur. ABŞ-da, Avropada bu mövzuya daha həssas yanaşırlar. Janna D""ark haqqında nə qədər film çəkilib? Bizdə niyə bu, yoxdur? Mən çox təəssüf edirəm ki, ədəbiyyatda istənilən qədər qəhrəman qadın obrazımız olsa da, Azərbaycan kinosunda bu obrazlar yaradılmayıb. Daranın başını kəsib qanlı tuluğa salan cəsarətli Tomris, diplomat xanımımız Sara Xatun, Koroğlunun Nigarı kimi, Həcər kimi bizim böyük tarixi qadınlarımız olub. Niyə Xurşidbanu Natəvan haqda film çəkilməyib? Namuslu, cəsarətli, nümunəvi qadın olan Ağabəyim ağa haqda niyə heç bir film yoxdur? Bütün bu obrazları ümumiləşdirib səhnəyə gətirmək lazım idi. Onlar tarixin məhv etdiyi bədbəxt qadınlar oldular... Bu filmlərin çəkilməməsinin səbəbi bilirsiniz nədədir? Birincisi odur ki, professional rejissor yoxdur. Yaxşı, cəsarətli mövzular yoxdur. Üçüncüsü isə maddi vəziyyət buna imkan vermir. Teatr, kino - bütün bunlar maddiyyatla birbaşa əlaqəlidir. Öz evi, maşını, məişətləri haqda düşünən şəxsləri mədəniyyət, maarifçilik, milli ideologiya maraqlandırmır. Faciə budur. Tomris, Xurşidbanu Natəvan kimi xanımları nümunə demək olar. Natəvan xanım Qarabağın xanlıq statusunu saxlamaq üçün Vorontsovla dostluq edirdi. Gəncə quberniyasına daxil olmasın deyə, onunla mübarizə aparırdı. Azərbaycanda belə qadınlar çox olub. Onun Vorontsovla əlaqəsinə görə bütün Qarabağ xanımzadələri ona düşmən oldu. Bütün bunlar onun faciəsinə çevrildi. Xurşidbanu Natəvana həcv yazırdılar, böhtan atırdılar. Bunlar elə xanımları ləkələməkdən başqa bir şey deyildi. Amma o xanımlar yenə də tarixdə qaldılar. Kleopatra Misirin müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə aparırdı. Bizdə də Kleopatra, Tomris kimi qəhrəman xanımların bugünkü nümayəndəsi Azərbaycanın birinci xanımı Mehriban xanımdır. Onun xidmətləri səyəsində muğam sənəti bütün dünyada tanındı. Aşıq sənətini UNESCO-un daimi proqramına saldırdı. Və demək olar, Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtdı.

   Elçin Hüseynbəyli (ssenarist):

   - Mən elə deməzdim. Belə bir çatışmazlığı hiss etməmişəm. Elə "Əhməd haradadır" filmindəki "Nərgiz xala" obrazı ən yaddaqalan obrazlardan biridir. Və yaxud da teatrımızda Tomris obrazı olub. İlyas Əfəndiyevin əsərinin motivləri əsasında çəkilən "Mənim günahım" filmində Amaliya Pənahovanın ifa etdiyi rol. Bundan başqa, öz pyesimdən danışım, məsələn, "Adəm və Həvva" yer alan Həvva obrazı aparıcı rollardan birini oynayır. Bu, müəyyən qədər şərti xarakter daşıyır. Bu, əsasən ona dayana bilər ki,

 

   ümumiyyətlə, Azərbaycan cəmiyyətində kişilərin rolu daha çoxdur, daha qabarıqdır, onlar daha üzdədirlər. Ola bilər ki, sözügedən tendensiyanın əsas kökü buna dayansın. Teatr, kino elə cəmiyyətdə baş verən prosesləri əks etdirdiyinə görə, bunun əsas səbəbi kimi cəmiyyətimizdə kişilərin rolunu göstərə bilərik. Lakin bunun xüsusi, düşünülmüş bir ayrı-seçkilik olduğunu düşünmürəm.

   Əli Əmirli (ssenarist):

   - Fikrimcə, bu suala münasibətdə kino ilə teatrı bərabər götürmək səhv yanaşmadı. Həqiqətən, Azərbaycan kinosu mövcud olduğu bir dövrdə parlaq qadın obrazlarından korluq çəkib. Bir neçə qadın obrazını çıxmaq şərtilə kinodakı qadınlar bir növ kişi obrazlarına yardımçı kimi düşünülüb. Maraqsız, duzsuz, hamar-humar sxematik ana obrazları kinomuzda baş alıb gedirdi. Bu gün mənzərə bir balaca dəyişib. Son illərdə çəkilmiş filmlərin əksəriyyətində maraqlı qadın obrazları var. Elə Elçin Musaoğlunun "Nabat" filmini yada salmaq kifayətdir. Teatra gəldikdə isə sual heç aktual deyil, Mirzə Fətəli Axundzadədən başlamış İlyas Əfəndiyevə və son dövr dramaturgiyamıza qədər olan dram əsərlərinin əksəriyyətində parlaq qadın obrazlarını necə nəzərdən qaçırmaq olar? "Azdrama"nın, Gənc Tamaşaçılar Teatrının repertuarında olan müasir səhnə əsərlərinin əksəriyyətində baş rollar məhz qadınlara məxsusdur. Xalq yazıçısı Elçinin müxtəlif teatrlarda dəfələrlə tamaşaya qoyulmuş "Qatil", "Şekspir", Afaq Məsudun "Qatarın altına atılan qadın" pyeslərində əsas qəhrəmanlar qadınlardır, özü də çox maraqlı, parlaq qadınlar. Mənim ayrı-ayrı ölkələrin teatrlarında iyirmi dəfədən çox tamaşaya qoyulmuş "Varlı qadın", "Kişi və qadın", hazırda Kalmıkiyanın mərkəzi Elista şəhərində tamaşaya hazırlanan "Sevən qadın" kimi pyeslərimin adlarına diqqət yetirmək kifayətdir. Hətta deyərdim ki, mənim əsərlərimdə kişi obrazları qadınları tamamlamaq funksiyası daşıyırlar. Az-çox dramaturji istedadı olan yazıçı çox gözəl bilir ki, pyesdə maraqlı qadın obrazı yoxdursa, həmin əsər çox vaxt uğursuzluğa düçar olur. Bu da təbiidir, əgər teatr, konkret olaraq pyes həyatın modelidirsə, o model qadınsız yaşaya bilməz.

 

Ekspress.-2014.- 15-17 noyabr.- S.20.