5731 nəfər əlil
və şəhid ailəsi
2018-ci
ilədək mənzillə təmin olunacaq
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu gün Azərbaycan dövləti ümumi sayı 30 minə çatan Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsi üzvlərinin sosial müdafiəsi üçün həm məxsusi, həm də ümumiləşmiş şəkildə güzəştlər tətbiq edir. Belə ki, haqqında söz açılan insanlara birinci ilk növbədə vergi güzəştləri var, bundan başqa, qanunvericiliyə müvafiq şəkildə onlar aylıq müavinət və prezident təqaüdü alır, dövlət müharibə əlillərinə və şəhid alilərini mənzillə təmin edir, hərəkət çətinliyi olan əlillərə isə avtomobillər verilir.
Müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı məsələsi dövlətin diqqətində olan məsələlərdəndir. Əmək və Əhalinin Sosiail Müdafiəsi Nazirliyindən verilən məlumatə görə, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar və şəhid olanların ailəsi dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Növbə əsasənda ƏƏSMN tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü aparılır. Bölgünü nazirlikdə yaradılan müvafiq komissiya tərəfindən həyata keçirilir.
Komissiyanın tərkibinə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxildir.
Rayon (şəhər) İcra hakimiyyətlərindən Əmə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib. Burada eyni zamanda artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim olunur.
Qarabağ əlilləri fərdi ev tikintisi üçün də nazirlikdə növbəyə dayana bilər. Növbəlilik qaydasında onlar üçün fərdi yaşayış evi inşa etdirilərək istifadəyə verilir.
Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmini məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. Ümumilikdə, 2003-2013-cü illərdə müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün 6 rayonda (Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ rayonlarında) fərdi evlərin inşasına başlanıb. Yaxın bir neçə gündə respublikanın daha 46 rayonunda əlil və şəhid ailələri üçün fərdi evlərin tikintisinə başlanacaq.
Beləliklə, ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Fərdi yaşayış evlərinin keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla və müasir tələblərə uyğun inşasına nazirlik tərəfindən xüsusi diqqət yetirilir. Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təminatı həyata keçiriləcək. Dövlət başçısının qeyd olunan sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Fərdi ev tikintisi məqsədilə nazirlikdə növbəyə dayanmaq üçün aşağıdakı sənədlər tələb olunur: əlillik barədə Tibbi-sosial ekspert komissiyasının sonuncu arayışının surəti və qospitaldan verilmiş xəstəlik şəhadətnaməsinin təsdiq olunmuş surəti; fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sənəd; ailə tərkibi haqqında kənd icra nümayəndəliyinin geniş arayışı (yaşadıqları mənzilin yaşayış sahəsi, otaqların sayı, mənzildə yaşayanlar qeyd edilməklə); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı ailə üzvlərinin hər biri üçün); Prezident təqaüdü barədə arayış (rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən); ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti; uşaqların doğum haqqında şəhadətnamələrinin surəti; nikah haqqında şəhadətnamənin surəti; evin kupçası və ya texniki pasportunun surəti; ərizə.
Göstərilən sənədlər tam tərkibdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildikdən sonra nazirlikdəki müvafiq komissiya həmin vətəndaşların qeydiyyata alınmasını təmin edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edə bilərlər.
Bununla bərabər, Azərbaycan prezidentinin "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın təsdiq edilməsi haqqında" 22 iyun 2009-cu il tarixli 319 nömrəli sərəncamına əsasən, bir qrup Böyük Vətən müharibəsi əlili və iştirakçısına da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa etdirilən yaşayış binalarında mənzillər təqdim olunub. Həmçinin Çernobıl AES əlilləri müharibə əlillərinə bərabər tutulan şəxslərdir və Çernobıl Əlilləri Cəmiyyətinin müraciəti əsasında bu kateqoriyadan olan bir sıra şəxslərin də mənzillə təminatı həyata keçirilib. Eyni zamanda, Gözdən Əlillər Cəmiyyətinin müraciəti əsasında istisna hal olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün çoxmənzilli yaşayış binası inşa olunur.
Əlil və şəhid ailələrinin mənzillə təminatı məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında da müzakirə ounub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu ilin sonuna kimi ayrı-ayrı bölgələrdə də yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək. "Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək".
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev bildirib ki, ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir: "Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub" deyən Mehdiyevin bildirdiyinə görə, bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işlərdir ("Trend"). Onun sözlərinə görə, ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib: "Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb".
Son olaraq qeyd edək ki, dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirləri davam etdirir.
Qənirə
MƏMMƏDLİ
Ekspress.-2014.- 20 noyabr.- S.9.