İnklüziv təhsilin
inkişafı
Təhsil Nazirliyi bununla bağlı
Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər
Kabinetinə təqdim edib
Hər bir uşağın təhsil almaq hüququ var. "Təhsil haqqında" qanunda da göstərilir ki, "irqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq vətəndaşların təhsil hüququna təminat verilir". Burada "səhhət" sözü diqqəti cəlb edir. Demək, səhhətində problemləri olan, xüsusi qayğıya ehtiyacı olan, əqli və fiziki geriliyi olan uşaqların da təhsil almaq hüququ var.
Bəs onlar bu hüquqdan
necə yararlanırlar? Statistikaya görə,
ölkədə 60 minə yaxın əlil uşaq var ki,
onlardan yalnız 12 mini təhsilə cəlb olunub. Qalanlarının isə təhsil almasında, nə
qədər qəribə səslənsə də, valideynlər
maraqlı deyillər. Təhsilə cəlb
olunanların əksəriyyəti xüsusi məktəb və
internat-məktəblərdə oxuyurlar. Yəni
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar özləri
kimi əlil uşaqlarla, reallıqdan uzaq, qapalı şəraitdə
təhsil alırlar. Belə təlim-tərbiyə
uşağın diqqətini onun defektinə cəmləyir.
Onlar digər uşaqlarla ünsiyyətə girməkdə
çətinlik çəkir və özlərini bir növ
cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Sağlam uşaqlar da eyni zamanda, bu və ya digər
məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqla
rastlaşdıqda ona təəccüblə baxır, sanki o
tamam başqa bir dünyadan gəlib, bəzən isə
gülür və ələ salırlar. Bunun
əsas səbəbi isə onlar arasında ünsiyyətin, əməkdaşlığın
olmamasıdır. Bunun nəticəsində onlar bir-birilərini
dərk etmir və nə hiss keçirdiklərini başa
düşmürlər.
Burada bir sual yerinə
düşür: xüsusi qayğıya ehtiyacı olan
uşaqlar sağlam uşaqlarla birlikdə təhsil ala bilərmi?
Əlbəttə. Ümumtəhsil sistemi
bütün uşaqları əhatə etməli və
bütün uşaqların bərabər imkanlara malik
olmasını təmin etməli və hər birinin fərdi
nailiyyətlərinə dəstək verməlidir. Belə bir imkanı inklüziv təhsil yarada bilər.
İnklüziv
(fransızca-inclusive "özünə daxil edən",
latınca-inkludə "nəticəyə gəlmək"
mənasını verir) təhsil xüsusi qayğıya
ehtiyacı olan insanların təlim prosesinə cəlb
olunmasıdır. İnklüziv təhsil istər
sağlam, istərsə də əlillərin bərabər təhsil
alma hüquqlarını təmin edir və
bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil
uşaqların təhsil və başqa xüsusi
ehtiyaclarının ödənilməsinə şərait
yaratmış olur.
Əqli və fiziki məhdudluğu
olan uşaqları heç bir şərt qoymadan adi siniflərə
daxil etmək olar. Həmin uşaqlar dərs boyu kollektiv
ruhunu hiss etdikləri üçün onlarda özünə
inam hissi də formalaşır. İnklüziv təhsillə
bağlı beynəlxalq sənədlərdə göstərilir
ki, bir sinifdə təhsil alan xüsusi
qayğıya ehtiyacı olan şagirdlərin faizi 5-10%
olmalıdır. Belə ki, əgər sinifdə
20 nəfər şagird varsa bunlarda ikisi - biri fiziki, digəri
isə əqli geriləməsi olan şagird təhsil ala bilər.
Ölkəmizdə
"İnklüziv təhsil layihəsi"nin
icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3
fevral 2005-ci il tarixli qərarına əsasən
"Azərbaycan Respublikasında xüsusi qayğıya
ehtiyacı olan (sağlamlıq imkanları məhdud olan)
uşaqların təhsili"nin təşkili üzrə
inkişaf proqramı təsdiq edilib.
Təhsil Nazirliyi
inklüziv təhsilin inkişafı ilə bağlı
Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər
Kabinetinə təqdim edib. Bu barədə noyabrın 21-də
Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi
İdarəsinin rəhbəri Məlahət Hacıyeva
parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25
illiyi: reallıqlar və perspektivlər" mövzusunda
keçirilən konfransda deyib. Onun sözlərinə
görə, 2015-2022-ci illəri əhatə edəcək
proqramın məqsədi sağlamlıq imkanları məhdud
şəxslərin inklüziv təhsilə cəlb
olunmasını və onların təhsil ala bilməsi
üçün maneəsiz mühitin yaradılmasını təmin
etməkdir.
İnklüziv təhsilə cəlb
edilən uşaqların sayının az
olduğunu deyən M.Hacıyeva qeyd edib ki, ölkədə
sağlamlıq imkanları məhdud uşaqların
hamısı təhsillə əhatə olunmayıb: "Ona
görə də məqsədimiz odur ki, hər bir
sağlamlıq imkanları məhdud uşaq öz ərazisində
təhsilə cəlb olunsun. Hazırda 9355 uşaq evdə,
2558 uşaq xüsusi məktəblərdə təhsilə cəlb
olunub, 412 uşaq internat məktəblərində olan
xüsusi siniflərdə təhsil alır. Yalnız
298 uşaq inklüziv təhsilə cəlb edilib".
Ümumiyyətlə,
əlil uşaqların təhsilə cəlb olunması
üçün yeni planlar nədən ibarətdir? Təhsil
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, sağlamlıq imkanları məhdud
uşaqların bütün təhsil pillələri üzrə
digər uşaqlarla birgə keyfiyyətli təhsilə
(inklüziv təhsilə) cəlb olunması üçün
UNİCEF-in texniki dəstəyi ilə "2013-2020-cu illərdə
Azərbaycan Respublikasında İnklüziv Təhsilin
İnkişafı üzrə Dövlət Proqramı"
hazırlanmış və Nazirlər Kabinetinə təqdim
olunub. Proqramın məqsədi bütün təhsil
pillələri üzrə sağlamlıq imkanları məhdud
şəxslərin təhsilə cəlb olunmasını və
onların təhsil ala bilmələri üçün maneəsiz
mühitin yaradılmasını təmin etməkdir. Sənəd
layihəsi həmçinin "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası çərçivəsində
təsdiq olunması nəzərdə tutulan dövlət
proqramlarının siyahısına da daxil edilib.
Dövlət
Proqramının təsdiq olunub reallaşacağı təqdirdə
sağlamlıq imkanları məhdud uşaqların təhsilinin
təşkili ilə bağlı mövcud problemlər öz
həllini tapacaq. Dövlət Proqramının əsas vəzifələri
bunlardır:
- Bütün təhsil pillələri
üzrə inkluziv təhsilin təşkil edilməsi
üçün qanunvericilikdə müvafiq dəyişikliklərin
edilməsi;
- Təhsil müəssisələrinin
və tədris proqramlarının sağlamlıq imkanları
məhdud uşaqların ehtiyaclarına
uyğunlaşdırılması üçün müvafiq tədbirlərin
görülməsi;
- İnklüziv təhsilinin təşkili
ilə bağlı pedaqoji kadrların hazırlanması və
təkmilləşdirilməsi;
- Sağlamlıq imkanları məhdud
şəxslər üzrə məlumat bazasının
yaradılması;
- Sağlamlıq imkanları məhdud
şəxslərin təhsilə cəlb olunması və
sosial inteqrasiyasının vacibliyi barədə maarifləndirmə
işinin aparılması;
- Sağlamlıq imkanları məhdud
şəxslərin cəmiyyətə inteqrasiyası ilə
bağlı müvafiq xidmətlərin yaradılması;
- Şəhər, rayon infrastrukturunun və nəqliyyatın
sağlamlıq imkanları məhdud şəxslərin maneəsiz
hərəkət etməsi üçün onların
ehtiyaclarına uyğunlaşdırılması.
Əlil
uşaqların məşğulluğu məsələsinə
gəlincə, bildirilir ki, Təhsil Nazirliyi sistemində olan sağlamlıq
imkanları məhdud uşaqlar üçün xüsusi
internat məktəblərinin nəzdində fəaliyyət
göstərən tədris emalatxanaları müəssisələrdə
əsaslı təmir işləri aparılan zaman yenilənmiş,
müasir inventar və avadanlıqlarla təchiz olunub. Xüsusi təhsil müəssisələrində əmək
təlimi, peşəyönümü və peşə
hazırlığı işlərinin təşkili
şagirdlərin müstəqil həyata hazırlanması və
sosial uyğunlaşmasının başlıca şərti
hesab olunur. Şagirdlərə əmək
təlimi dərsləri dərinləşmiş proqram tələbləri
əsasında təchiz olunmuş emalatxanalarda keçirilir.
Bu dərslər müəyyən edilmiş
ümumi vəzifələri yerinə yetirməklə
yanaşı, həm də şagirdlərin fiziki
inkişafındakı qüsurların bərpasına yönəldilir.
Xüsusi təhsil müəssisələrində
əmək təlimi və peşə hazırlığı
Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar əsasında
aparılır. Xüsusi təhsil müəssisələrində
ciddi qüsurları olan şagirdlər əmək təliminə
oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb
edilirlər.
Bununla yanaşı,
Təhsil Nazirliyi tərəfindən əlilliyi olan
uşaqların müstəqil həyat bacarıqları və
peşə vərdişlərinin inkişaf etdirilməsi ilə
bağlı reabilitasiya-inkişaf mərkəzləri təşkil
olunur. Yerli ehtiyaclar nəzərə
alınaraq, gələcəkdə bu tip mərkəzlərin
sayının artırılması
planlaşdırılır.
Uşaq
Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri
Nazir Quliyev araşdırmalara istinad edərək, təhsilə
cəlb olunan əlil uşaqların böyük əksəriyyətinin
evlərində təhsil aldıqlarını bildirir. Ancaq onun sözlərinə görə, evdə təhsil
almaq üsulu müasir dövrdə səmərəli deyil.
"Burada əsas məsələ onların cəmiyyətə
inteqrasiya olunmasıdır, bunun üçün də əlil
uşaqlar öz həmyaşıdları birlikdə təhsil
almalı və ünsiyyətə girməlidirlər".
Bundan başqa, Quliyev
hesab edir ki, qanunvericilikdə boşluqlar olduğundan fiziki
qüsurlu insanların infrastruktur baxımından problemləri
var. Belə ki, onların hərəkəti üçün
lazımi şərait yaradılmır və nəqliyyatdan
rahat istifadə edə bilmirlər. Burada
kompleks təminetmə olmalıdır. "İnfrastruktur
düzgün qurulmalıdır. Onların
cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən
biri isə valideynlərin maarifləndirilməsidir. Təcrübədə göstərilir ki, əlilliyi
olan uşaqların valideynləri uşaqların cəmiyyətə
qaynayıb-qarışmasında, təhsil almasında və gələcəyinin
düzgün təməl üzərində qurulmasında
böyük rol oynayır".
Onun fikrincə, əlil
uşaqların təhsil almaması onların gələcək
həyatında böyük fəsadlar yarada bilər:
"Əlil övladı olan hər bir ailə bilməlidir
ki, uşaqların kiçik yaşlarından təhsil
almaları olduqca vacib məsələlərdəndir. Çünki uşaq təhsil ala bilməyərək
cəmiyyətdən kənarda qalır və gələcəkdə
ailənin üzərinə yük olur, özünü cəmiyyətə
yararsız insan kimi hiss edir. Ailənin gəlir
gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini
saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin
əmək fəaliyyəti ilə məşğul
olmamaları cəmiyyətdə sosial yükün
ağırlaşmasına gətirib çıxarır"
deyən N.Quliyev bildirir ki, amma onlar peşə təhsili
alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə
cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar və
yükə çevrilmirlər. Təcrübələr
də göstərir ki, təhsili olan fiziki qüsurlu
insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə,
onlara uşaqlıqdan qayğı göstərərək
düzgün yönləndirmək lazımdır.
Ümumiyyətlə,
əlil uşaqların inklüziv təhsilə cəlb
olunması üçün valideynlər arasında maarifləndirmə
işi aparmaq lazımdır. Əlil
övladı olan valideynlər bilməlidirlər ki,
sağlamlıq imkanları məhdud olan uşaqların
inklüziv təhsilə cəlb olunmasının bir sıra
üstünlükləri varr. Belə ki,
xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə
uyğunlaşır, cəmiyyətə inteqrasiya edir. Onlarda özünə inam hissi formalaşır, onlar
cəmiyyətin digər üzvləri kimi bərabər
hüquqlu şəxsiyyət kimi formalaşır. Məhz bununla da gələcəkdə onların məşğulluq
kimi problemi aradan qaldırılmış olur.
Qənirə
MƏMMƏDLİ
Ekspress.-2014.- 22-24 noyabr.- S.10.