Dövlət dəstəyi olmasa, kino məhv olar

 

Rejissor Şamil Əliyev: Milli kinomuzu yaratmalıyıq

 

Son illərin diqqəti cəlb edən filmlərindən olan "Çölçü" artıq 25 beynəlxalq kinofestival və forumlara qatılaraq mükafat və diplomlara layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan film "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunmuş və uzun (ilkin) siyahıda yer almışdı. Filmin rejissoru Şamil Əliyev ötən il "Çölçü" filminə görə "Humay" milli mükafatına layiq görülüb.

   Rejissorla "Çölçü"nün növbəti təqdimatında görüşüb söhbət etdik. Təqdimat Mədəniyyət və İncəsənət Universitetində keçirilirdi. Tələbələrin filmin yaradıcılarına ünvanladığı sualların ardı-arası kəsilmirdi.

   Filmdə şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə olan gənc çölçünün yaşamından, atası Ulunun ona çölçülük həyatının sirlərini öyrətməsindən və sivilizasiyanın bu çöl həyatına gəlib çıxmasından bəhs olunur. Bütünlükdə film gənc çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə qısasaçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir...

   Tanıtım: Şamil Yavər oğlu Əliyev 26 iyun 1960-cı ildə anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1984-1989). 1990-cı ildən "Azərbaycanfilm" kinostudiyasında və bir neçə TV kanalında çalışıb. "Vətən sərhəddən başlayır" (2004, 30"", BTC), "Bakı Avropa Liseyi - İstedadlar Planeti" (2005, 30"", BTC) sənədli filmlərini çəkib. Azərbaycan kinematoqrafiyası haqqında ilk ensiklopedik saytı (cinema.aznet.org) işləyib hazırlayıb. 2008-ci ildən "Nurfilm" studiyasının təsisçisi və rəhbəridir.

   Filmoqrafiyası: "Şahid qız" (1990), "Şirbalanın məhəbbəti" (1991), "Etiraf" (1992), "Özgə vaxt" (1996), "Təsadüfi görüş" (1999), "Arxaik motivlər" (2009), "Çölçü" (2012).

       - Şamil müəllim, təxminən 4-5 il öncə "Ekspress"in redaksiyasında Sizdən müsahibə götürmüşdük, o vaxt üzərində hazırlıq işi apardığınız ssenarinin ərsəyə gəlməməsindən danışarkən bir qədər əsəbi görünmüşdünüz. Artıq "Çölçü" filmi ilə kinomuzda diqqəti cəlb edə biləcək uğura imza ata bildiniz...

   - Yadımdadır, ancaq "Çölçü" həmin ssenari deyil. Bu filmin ssenarisi Vidadi Həsənova aiddir. Ancaq məni daim düşündürən, illərdir uğrunda mübarizə apardığım ssenarim hələ da gözləyir. Əvvəllər 100 km uzaqda növbəmi gözləyirdimsə, hazırda bəlkə də 200 km uzaqda sıraya durmuşam...

   - Deməli,ssenarinizdə hədəfə toxunan məqamlar olacaq...

   - Hədəfə toxunmayan məqamlar olmadan ssenari olmaz ki! Film geniş məfhumdur, müraciət olunan mövzulara diqqət etməli və mövzunun dərinliyini əsas götürmək lazımdır. Filmin mövzusu düşündürücü deyilsə, filmə baxanı cəlb etmirsə, o zaman film çəkməyin bir mənası yoxdur. Bu baxımdan düşünürəm ki, illərdir məni düşündürən ssenari bir gün mütləq işıq üzü görəcək.

   - "Çölçü"nün ssenarisi bir rejissor kimi Sizi özünə necə cəlb etdi: necə deyərlər, özünüzü ssenaridə və ya ssenarini özünüzdə tapa bildinimzi?

   - Bu mütləqdir. Ssenari ilə tanış olduğum zaman çox bəyəndim və dedim ki, belə bir ssenaridən imtina etmək günah olar. Çünki Allah verdiyi hər bir şeylə bir növ bizləri sınaq edir. "Çölçü" mənim sınağım idi və çox şükür ki, bu sınaqdan üzüağ çıxa bildim.

 

   - Əgər indi Sizi bu qədər sakit, rahat görürəmsə, deməli, "Çölçü" Sizi müəyyən mənada qane edib. Tam qane edib ona görə demirəm ki, kimsə heç nədən tam razı qalmır, bu, son, tükənmək demək olardı...

   - Sözünüzə haqq verirəm. Doğrudan da tam olmasa da, müəyyən mənada "Çölçü" mənim kino sevgimi bir qədər təmin edə bildi, ancaq görüləcək işlər hələ qabaqdadır.

   - Ölkəmizdə hər sahədə aparılan islahatlar kinodan da yan keçmir. Sizcə islahat proqramları kinomuzun inkişafına nələr verə bilər?

   - Bu sahədə hər bir islahat ona hesablanır ki, son məqamda kinomuz dünya kino mədəniyyətinin heç olmasa bir parçası ola bilsin. Bildiyimiz kimi, ölkə başçısının Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə sərəncamı var. Yəni, milli kinonun inkişafı ilə bağlı artıq konkret tələblər qoyulub. Bütün bunları yerinə yetirmək biz kinematoqrafçıların üzərinə düşür. İstər məmur olsun, istər məmur olmasın, istər müstəqil film çəkilsin, istərsə də dövlət sifarişilə, fərqi yoxdur, bu, hər birimizin qarşısında duran tapşırıqdır ki, biz Milli kinomuzu yarada bilək.

   - Milli kinonu yarada bilmək üçün bütün qüvvələr səfərbər ola biləcəkmi?

   - SSRİ dağıldıqdan sonra müəyyən mənada kino sistemində də dağılma prosesi getdi. Çox şükürlər olsun ki, son vaxtlar bu dağılmanın qarşısı nəinki alınıb, hətta dövlət filmlərin əksəriyyətinin çəkilməsini öz üzərinə götürüb. Yəni, dövlət kinoya maddi yardım edir, kinonun maliyyəsinin 80-90 faizi dövlətin üzərindədir. Bu da o deməkdir ki, dövlətimiz Milli kinonun formalaşması üçün əlindən gələni edir. Sözümün canı odur ki, dövlətimiz hərtərəfli şəkildə kino üçün səfərbər olub, artıq sıra bizlərdədir. Bu işdə artıq çox şey bizlərdən asılıdır, üzərinə vəzifə düşən insanlardan asılıdır. Zənnimcə, bunu xırdalamağa ehtiyac yoxdur, tutaq ki, hər hansı bir məmur bununla bağlı nə etməlidir və yaxud da başqa biri, önəmli olan hər kəs üzərinə düşəni etməlidir.

   Şəxsən mən dövlət sifarişi ilə də, müstəqil şəkildə də işləmişəm. Hər yerdə mənim üçün bir məqsəd var - Azərbaycan Kinosunun formalaşmasına, inkişafına xidmət etməliyik. Heç kim gəlib bizim üçün Azərbaycan Milli kinosunu yaratmayacaq. Nə iranlı, nə rus, nə də bir başqası gəlib bizim üçün milli kinoyaratmayacaq, lap gəlsə belə, özünün milli dəyərlərini gətirəcək. Nəticədə zərbə kinomuza dəyəcək.

   - Ancaq dövlətin diqqəti sadəcə kinoda ola bilməz, ölkədə görüləcək o qədər işlər var.

   - Dövlətin yardımı odur ki, kinonu incəsənət növü kimi məhv olmağa qoymur. Bir anlıq təsəvvür edin ki, kinoya müstəqillik verilib, o zaman özbaşına qalan kinonun vəziyyəti necə olar? Kino məhv olar. Hansısa investor kinoya külli miqdarda pul qoyub onu sənət növü kimi saxlayacaqmı? Siz buna inanırsınız?

   - Çox təəssüf ki, inanmıram...

   - Doğrudur, dövlətin görüləcək işləri çoxdur, ancaq əgər ildə 5-6 film üçün dövlət dəstəyi varsa, bunun özü böyük hadisədir. Hətta çox vaxt daha artıq filmlər çəkilir, bu heç də az göstərici deyil. Bizim Qarabağ boyda dərdimiz var, bunu heç vaxt unutmamalıyıq. Onu da unutmamalıyıq ki, biz hələ də müharibə şəraitində yaşayan bir ölkəyik. Buna baxmayaraq əgər dövlətimiz kinoya da sərmayə qoyursa, bu, çox böyük hadisədir. Digər dövlətlərə baxın, elə bədnam qonşularımızın kinosuna baxın...

   - Bədnam qonşularımızın nə zaman kinosu oldu ki...

   - Çəkə bilmirlər axı, ildə bir film olsa belə çəkə bilmirlər. Keçmiş SSRİ-nin tərkibində olan digər respublikalarda 1-2 film dövlət tərəfindən maliyyələşirsə, bunun özü böyük işdir. Doğrudur Qazaxıstanda, Özbəkistanda bir qədər fərqli situatsiyadır, yəni adlarını çəkdiyim ölkələr də artıq öz milli kinosunu yaratmaq əzmini nümayiş etdirib. Yenə də təkrar edirəm, Mili kinonu özümüz yaratmalıyıq. Burda söhbət sadəcə milli dəyərlər, estetik prinsiplərdən getmir, istehsal prinsiplərini əsas götürərək bu fikrə gəlmişəm. Son vaxtlar çəkilən filmlərimizin dünya ölkələrində səs-küyə səbəb olması, diqqəti çəkməsi və s. hamısı bunun sübutudur. Artıq filmlərimiz beynəlxalq festivallarda iştirak edir, mükafatlar qazanır. Bütün bunlar az iş deyil.

   - "Çölçü" də az mükafat qazanmadı...

 

   - "Çölçü" 25 beynəlxalq festivalda iştirak etdi, 10-dək bir çox mükafat qazandı. "A" kateqoriyalı festivallardan tutmuş "B" kateqoriyalı festivalların əsas müsabiqələrində iştirak edib, iki baş mükafat, iki rejissura mükafatı və bir sıra digər mükafatlara layiq görülüb. Bilirsinizmi, məqsəd uğrunda mübarizə təbliğatda böyük rol oynayır. Dünya ölkələrində keçirilən festivallar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, adət-ənənəsini təbliğ etmənin ən qısa və yaxşı yoludur. Elə festivallar var ki, ilk dəfə orada "Çölçü" filmi ilə iştirak etdik və bildilər ki, Azərbaycan adlı böyük tarixə malik bir ölkə var. "Çölçü" Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə geniş diqqəti cəlb etməyə məcbur edən filmlərdəndir. 79 dəqiqəlik filmdə boş saniyə belə yoxdur. Yəni, tamaşaçı bu filmə birnəfəsə baxaraq onun üzərində geniş müzakirə apara bilər.

   - Sizcə "Çölçü" öz mövzusuna görə bu gün Azərbaycana lazımdırmı?

   - Əgər 25 festivalda iştirak edərək mükafatlara layiq görülübsə və hər dəfə nümayiş olunduğu zaman Azərbaycan adını zirvəyə yüksəldibsə, deməli, "Çölçü"yə ehtiyac var. Düşünürəm ki, belə mövzulara geniş müraciət olunmalıdır.

   - Bəzən belə bir fikir səslənir ki, ölkəmizdə çəkilən filmlər sanki festival üçün çəkilir...

   - Bunun nəyi pisdir, söhbət o boyda təbliğatdan gedirsə, artıq dar düşüncədən xilas olmalıyıq. Kim istəyirsə, gedib filmə baxa bilər. Ancaq unutmamalıyıq ki, bizim tamaşaçının hələ kinoteatra qayıtma kimi bir problemi var.

   - Kinoteatrlarımız bərpa olunsa, bəlkə də tamaşaçı problemi həllini tapa bilər...

   - Artıq bərpa işləri var, ancaq tamaşaçı Hollivud filmlərinə baxmaq üçün kinoteatralara üz tutur. Düşünürəm ki, "Çölçü" kimi filmlər Hollivud filmlərinə olan marağın qarşısını ala biləcək...

 

   Ulduzə QARAQIZI

   Ekspress .-2014.- 22-24 noyabr.- S.21.