Milli qəhrəmanların ailəsinə dövlət qayğısı

 

Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" qanunla müəyyən olunub. Qeyd edək ki, "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə, eyni zamanda "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.

   Hələ ötən il Milli Məclisdə Milli Qəhrəman statusunun hansı meyarlara, şəraitə və məkana əsasən verilməsi, eyni zamanda bu statusu alanlarla bağlı yeni xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi ilə bağlı "Milli Qəhrəmanlar haqqında" qanun layihəsi hazırlanıb. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı bildirib ki, Milli qəhrəmanlar üçün 600 manat məbləğində müavinət nəzərdə tutulub. Uluxanlı qeyd edib ki, onlar və ailələri başqa heç bir əlavə imtiyaza malik deyillər: "Milli Qəhrəmanlar haqqında" hazırlanan yeni qanun layihəsində isə bu statusu almış şəxslərin övladlarının istənilən ali təhsil müəssisəsində təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi nəzərdə tutulub".

   Dövlətimiz milli qəhrəmanların xatirələrini daima əziz tutur və onların ailələrinin sosial problemləri ilə yaxından maraqlanır, problemlərinin həllində böyük işlər görülür. Əslində bu kimi diqqət, qayğı gən nəslin tərbiyəsində, onlaarın vətənpərvər ruhda böyüməsində böyük rol oynayır.

   Yeri gəlmişkən, ölkə başçısı milli qəhrəmanlar, onların ailə üzvlərinin sosial vəziyyətinin yüksəldilməsi üçün bir neçə sənəd imzalayıb. Bundan əlavə, o, bir neçə rəsmi sənəd vasitəsilə milli qəhrəmanlarımızın gənclərə tanıdılmasını tövsiyə edib. Məsələn, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Dəstəyi Proqramının 6.2.- "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi"- bəndinin 6.2.3 maddəsində Gənclər və İdman Nazirliyinə, Müdafiə Nazirliyinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi tapşırılıb. Bu, bir daha onu göstərir ki, ölıkəmizdə torpaqların müdafiəsi üçün göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan şəxslərə və onlaarın ailəsinə diqqət hər zaman var. Azərbaycan dövləti belə şəxslərin qəhrəmanlığını yüksək səviyyədə qiymətləndirir və təbliğ edir.

   Son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Doğrudur, bütün bunlar öz bəhrəsini verir, bununla belə, hələ də bəzi problemlər həll olunmamış qalır.

   Deputat Fərəc Quliyevin fikrincə, "Milli Qəhrəmanlar haqqında" qanun layihəsi hazırlansa da onlara təqdim olunmayıb: "Sadəcə olaraq "Veteranlar haqqında qanun"a dəyişikliklər edilməlidir. Nəzərdə tutulub ki, veteranlara tətbiq edilən və ediləcək imtiyazlar milli qəhrəmanlara da şamil edilsin. Burada söhbət veteranlara xidmətdən gedir. Yəni tək yaşayan veteranlara evlərdə və sanatoriyalarda qulluq etmək nəzərdə tutulur. Dövlət tərəfindən rəhmətə gedən milli qəhrəmanların ailəsinə, həyatda qalanların isə özünə hər cür şərait yaradılıb, müxtəlif imtiyazlar verilib. Dövlət onlara lazımi qayğını göstərir. Hər halda barmaqla sayılacaq kişilərdir ki, Azərbaycanın bütövlüyü üçün qanlarından, canlarından belə keçməyə hazır olublarbu yolda həyatla vidalaşanlar da olub".

   Deputat "Milli Qəhrəmanlar haqqında" qanunun qəbuluna ehtiyac görməsə də, bildirib ki, bununla bağlı təşəbbüs olarsa, layihəni dəyərləndirmək olar: "Milli qəhrəmanlar hər cür imtiyaza layiqdirlər və əgər imtiyazlarla bağlı digər təkliflər olarsa, hesab edirəm ki, qanunla təsbit olunmalıdır. İnanıram ki, bu halda da dövlət onlara lazımi qayğını göstərəcək".

 

   Xatırladaq ki, Milli qəhrəman ailələrinə xüsusi prezident təqaüdü verilir. Milli qəhrəmanların adlarını daşıyan məktəblər, küçələr, uşaq bağçaları, parklar var, onlar üçün hazırlanan anım günləri də dövlətin diqqətinin nəticəsi olaraq dəyərləndirilə bilər.

   Ekspertlərin fikirincə, "Milli qəhrəmanlar haqqında" yeni qanun layihəsinə bir o qədər də ehtiuyac yoxdur, çünki "Şəhid ailələri", "Qarabağ əlilləri", "Veteranlar" haqqında qanunlarımız varbu qanunlarda milli qəhrəmanlarla bağlı müddəalar, onlara verilən imtiyazlars. qeyd edilib. Məsələn, "Şəhid ailələri haqqında" qanunda şəhid olmuş milli qəhrəmanların ailələrinə edilməli olan güzəştlər barədə də yazılıb

   E.Uluxanlı hökumətin Milli Qəhrəman ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib: "2005-ci ildə prezident İlham Əliyev Milli Qəhrəman ailələrinə 600 manat məbləğində təqaüd verilməsilə bağlı sərəncam imzalayıb. Bu vəsaitin artırılmasını reallaşdıran ölkə rəhbərimiz bu addımı ilə bir daha Milli Qəhrəman ailələrinin rəğbətini qazandı. Təbii ki, verilən təqaüdlə də Milli Qəhrəman ailələrinin sosial rifahı bir qədər də yaxşılaşacaq, problemlərin həllinə şərait yaradacaq".

   Yeri gəlmişkən, hazırda 211 Milli Qərəman adına layiq görüşmüş hərbçimiz var ki, onlardan 194-ü Azərbaycanın müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olub, 17-si isə sağdır.

   Qeyd edək ki, ölkə başçısının imzaladığı sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriatmagistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

   Son bir neçə ildə milli qəhrəmanlarla bağlı bir çox layihələrə start verilib. Artıq davamlı olaraq milli qəhrəmanlarımızla bağlı geniş səviyyəli tədbirlər keçiriləcək. Misal olaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun 45 illiyinə həsr edilmiş tədbiri göstərmək olar. Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyi (AHTM), Dağ Yəhudiləri Dini İcması, Səbail tank batalyonunun birgə təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illiyi münasibətilə anım tədbiri keçirilib.

   Qeyd edək ki, bu ilin yayında Gəncədə "Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durumperspektiv vəzifələr" mövzusunda dəyirmi masa keçirilib. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsi çərçivəsində baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının rəhbər şəxsləri, yerli kütləvi informasiya vasitətələrinin, o cümlədən internet media resurslarının təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

   Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, qədim və zəngin ənənələrə malik Gəncə şəhəri həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olub: "Müxtəlif dövrlərdə yadelli hücumlarına məruz qalan şəhər mətinlik və mübarizlik nümunəsi göstərib. Qəhrəmanlıq tarixinin yaşadılması isə son dərəcə mühüm vəzifə kimi müəyyənləşdirilib. Gəncə şəhər rəhbərliyi də fəaliyyətində buna üstünlük verir. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvlərinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Bu adamlara müxtəlif yardımlar edilir, yeni mənzillərlə təmin olunur, mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bundan başqa, şəhidlərin və Milli Qəhrəmanların xatirələrinin əbədiləşdirilməsinə ciddi önəm verilməkdədir. Gəncədə 200-dək küçəyə şəhidlərin adı verilib. Şəhərin Şəhidlər Xiyabanı yenidən qurulub. Orada abidə kompleksi ucaldılıb. Gəncənin Şəhidlər Xiyabanında olan 369 şəhidin 5-i Azərbaycanın Milli Qəhrəmanıdır".

   Keçirilən tədbir planları bir daha sübut edir ki, cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsi, Milli Qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılması ilə bağlı ölkə miqyasında gedən proseslərə hər zaman dəstək verilir.

   Son olaraq qeyd edək ki, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə yeni bir kitab işıq üzü görüb. Kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. "Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, böyük zəhmət bahasına başa gələn bu kitabı vərəqləməyin özü oxucuda qürur hissi doğurur.

   "Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk nəşrində 1988-ci ildən bəri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan xalqımızın 209 qəhrəman övladı barədə məlumatlar dərc edilib. 288 səhifədən ibarət bu dəfəki nəşrdə isə vətən uğrunda gözünü qırpmadan canından keçərək şəhidlik zirvəsinə ucalan, dövlət tərəfindən milli qəhrəman adına layiq görülən Elton İsgəndərovla Mübariz İbrahimovun adları da milli qəhrəmanlarımızın siyahısına salınıb.

 

   Rəşid RƏŞAD

   Ekspress.-2014.- 18 noyabr.- S.9.