Əlilliyə görə təqaüd

 

Hazırda əlilliyin təyin olunması meyarları Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərarla müəyyənləşdirilir. Ümumiyyətlə götürdükdə isə əlillik vətəndaşın xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Yəni, xəstə müvafiq səhiyyə müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir və həmin komissiya tərəfindən xəstəyə "Forma 88" göndərişi verildiyi halda, o, Ərazi Tibbi Sosial Ekspertiza Komissiyasına (TSEK) göndərilir.

   TSEK tərəfindən bu şəxslər ətraflı müayinə olunur və vəziyyətə uyğun olaraq əlillik dərəcəsi (I, II, III) müəyyən edilməklə əmək zəmanətləri verilir. Əmək zamanəti verilərkən isə vətəndaşın əmək qabiliyyətli olub-olmamasına dair məlumatlar nəzərə alınır.

   Əlilliyin səbəblərinə gəlincə, bu, əmək şikəstliyi və peşə xəstəliyi nəticəsində, hərbi xidmətlə bağlı ola bilər və s.

   Onu da qeyd edək ki, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən şərtlər tələb olunur. Məsələn, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Deməli, şəxs 18-30 yaş arasında birinci, ikinciüçüncü qrup əlillik dərəcəsi aldıqda və əlilliyə görə əmək pensiyasına çıxdıqda ən azı 5 il sığorta stajı olmalıdır. Bu yaş həddindən sonra, yəni 30 yaşdan yuxarı hər il üçün 4 ay əlavə sığorta stajı tələb edilir.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir: "Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, Prezident təqaüdü alanların isə 52,2%-i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb".

   Qeyd edək ki, bu ilin martında ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atıldı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı, ümumən 32907 nəfər əlili əhatə edən Sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırıldı. Eyni zamanda, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarıldı. Digər tərəfdən, müharibə əlillərinin ödənişli aliorta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulub.

   "Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işlərinin əsası ulu öndərimiz tərəfindən qoyulubson on ildə ölkə başçısının diqqəti nəticəsində Azərbaycanda müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib" deyən S.Müslümov bildirib ki, bu sahədə Azərbaycan digər ölkələrdə mövcud olmayan müsbət təcrübəyə malikdir. Belə ki, indiyədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilib. Bu il ərzində isə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları istifadəyə veriləcək.

   Hüquqşünas Namizəd Səfərov əlillərə verilən təqaüdlərlə bağlı bürokratik əngəllərin olduğunu bildirib. Onun sözlərnə görə, təqaüdlərin verilməsi sahəsində özbaşınalıq var, vətəndaşlardan rüşvət istəyirlər. "Xəstəliyin kateqoriyaları var ki, həmin xəstəliyə görə vətəndaş yaş həddinə çatmadan təqaüd ala bilər. Bəzi xəstəliklər var ki, sağalmaz xəstəlikdir və onlar hər dəfə komissiyalardan keçməməlidir. Bizdə əksinədir. Hətta ayağını, qolunu itirən əlillərdən hər il komissiyadan keçmək tələb olunur. Yəni belə çıxır ki, onun ayağı, qolu yerinə gələ bilər. Məqsəd pul toplamaqdır. Hər komissiyada vətəndaşın canını boğazına yığıb, rüşvət istəyirlər. Həkimlər sosial müdafiə mərkəzlərinə rüşvət verib komissiyaya düşürlər, sonra da vətəndaşdan rüşvət tələb edirlər. Əgər vətəndaş 10 ildən artıq əlilliyə görə təqaüd alırsa, onun komissiyadan keçməsinə ehtiyac olmamalıdır".

   "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyinin rəhbəri Ramilə Mahmudovanın fikrincə, Azərbaycan Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin, o cümlədən əlilliyi olan şəxslərin sosial təminat hüququ var. Eyni zamanda, dövlətimizin də iştirakçısı olduğu BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 28-ci maddəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə, diskriminasiyaya yol vermədən əlilliyi olan şəxslərin sosial müdafiə hüququnuondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin edilməsi və təşviqi üçün zəruri tədbirləri görür. "Qeyd edim ki, əlilliyi olan şəxslərin layiqli həyat sürməsi üçün onlara ödənilən pensiyanın və müavinətin məbləğinin real sosial tələblərə uyğunlaşdırılması, eləcə də, ödənilən məbləğin minimum yaşayış və istehlak səviyyəsinə uyğun artırılması, əlilliyi olan şəxslərin əmək hüquqlarından səmərəli istifadə etməsi üçün əmək bazarında onların vəziyyəti və potensial imkanları nəzərə alınmaqla məşğulluğunun təşkil edilməsi arzuolunandır".

   Qeyd etdiyimiz kimi müharibə əlillərinin, "20 Yanvar" hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində birinciikinci qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına ödənilən müavinətlərin məbləğlərinin dövlətimizin iqtisadi imkanları genişləndikcə zaman-zaman artırılması olduqca vacib bir məsələ olaraq qalır.

   Xatırladaq ki, ötən illərə olan məlumata görə, Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyard səkkiz yüz milyon manatdan çox vəsait ayrılıb, əlillərə sosial müavinətlər verilib. Məsələn, gözdən əlillər pensiyaya çıxanda onlara pensiyanın baza hissəsinin 200 faizi, başqa qrup əlillərə 55 faiz, 50 faiz verilib.

   Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Azərbaycanda əmək pensiyası alan 1 milyon 271 min 210 nəfərin 26,5 faizi (336,7 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,9 faizi (23,4 min nəfəri) I qrup, 85,6 faizi (288,2 min nəfəri) II qrup, 7,5 faizi (25,1 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır. Bu, 2012-ci ilə olan məlumatdır. İki il əzində olan dəyişikliklər isə göz qabağındadır. Artıq "Əmək pensiyaları haqqında" qanunda əlilliyə görə, əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilib. Bundan başqa, əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.

   Son olaraq qeyd edək ki, Avropa ölkələrində əlilliyin təyin olunması faiz dərəcələri ilə müəyyənləşdirilir. Yəni, vətəndaşın həyat fəaliyyətinin məhdud olması (əmək qabiliyyətini itirmə) faizlə müəyyənləşdirilir. Tutaq ki, bir vətəndaşın həyat fəaliyyətinin məhdudluğu 50 faiz, digərinin 80 faiz, başqa birisinin isə 90 faizdir. Nazirliyin mütəxəssisləri də beynəlxalq təcrübəni öyrənərək onun əsasında müvafiq sənəd hazırlayıblar. Hazırda bu sistemə mərhələli şəkildə keçid başlanıb. Məsələn, əmək qabiliyyətini 50-60 faiz itirmiş vətəndaşlara III dərəcə, 70- 80 faiz itirmiş vətəndaşlara II dərəcə, 100 faiz itirmiş insanlara isə I dərəcə əlillik müəyyən edilir ki, nəticədə də təyin olunan təqaüd ona görə hesablanır.

 

        

   Rəşid RƏŞAD

  Ekspress.-2014.- 28 noyabr.- S.9.