Ünvanlı yardım
alanların sayı tədricən azalır
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayında 2014-cü ildən başlayaraq azalma müşahidə edilir. Azalma nəticəsində 2014-cü ilin sentyabr ayında ünvanlı sosial yardım alan ailələrin sayı minimum həddə enib.
Müqayisə üçün qeyd edək ki, 2008-ci ilin sonunda 163,409 min ailə ünvanlı sosial yardım alırdı. Həmin tarixdə ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı 750 min idi. Onların 387, 609 mini qadınlar, 357,62 mini kişilər təşkil edirdi. Bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 22 manat olub. Sonrakı illərdə ünvanlı yardım alan ailələrin sayında azalma baş verdi və onların sayı 2011-ci ilin sonunda 120,478 minə endi.
Lakin 2012-ci ildən yenidən artım meyilləri müşahidə olundu. Həmin ildə 133,613 min, 2013-cü ilin yekununda isə 143,337 min ailə ünvanlı yardım alırdı.
2009-cu ildən xeyli müddətin ötməsinə baxmayaraq bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləğində ciddi artım baş verməmişdi. 2013-cü ilni sonunda adambaşına 28,75 manay ünvanlı yardım ayrılırdı.
Azərbaycanda əhalinin sosial-iqtisadi problemlərinin həlli, habelə 2014-cü ildən sosial yardımların ünvanlılığının təmin edilməsi istiqamətində aparılan məqsədyönlü işlər ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının getdikcə azalması ilə müşahidə olunur. Eyni zamanda yardım alanlara düşən orta məbləğdə də ciddi artım var.
2014-cü ilin birinci yarısında ölkəmizdə 559 834 ailə üzvünü əhatə edən 128 025 ailə ünvanlı dövlət sosial yardımı alıb. Həmin ailələrdən 37208-i tərkibində 3 və daha çox uşağı olandır.
2014-cü ilin sentyabrında isə ölkəmiz üzrə ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı 119 502-yə qədər azalıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9059 ailə, yəni 7,1 faiz azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,27 manat, yəni 11,7 faiz artaraq 136,06 manata çatıb. Adambaşına düşən yardımın məbləği 42 manatı ötüb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Ünvanlı sosial yardım alan ailələrin sayında azalma, həmçinin adambaşına düşən yardımın məbləğinin artması ünvanlı yardımın hesablanması üçün istifadə edilən ehtiyac meyarının məbləğinin artırılması ilə paralel baş verib.
Ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ildə 100 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artımla müşahidə olunub. Ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir.
Ünvanlı yardım alan ailələrin sayında azalmanın əsas səbəblərindən biri də ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın, ictimai nəzarətin təmin olunmasının gücləndirilməsi və qanunsuzluqlara qarşı mübarizə də mühüm rol oynadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısını nazirliyin rəsmi internet saytının üz səhifəsində yerləşdirdi.
Qanunsuzluqlara qarşı mübarizədə də dönüş yaradıldı. Məsələn, bir faktı xatırladaq ki, vətəndaşlardan daxil olan məlumatların araşdırılması zamanı 12 rayonda (Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən) aztəminatlı və ünvanlı sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710310,0 manat vəsait xərcləndiyi aydın olub. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344571,0 manatı və ya 48,5 faizi büdcəyə bərpa etdirilib. Beş rayon (Ağdam, Goranboy, İmişli, Saatlı, Daşkəsən) üzrə nazirliyin müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Bununla yanaşı, araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib və bu səbəbdən onlar barəsində aidiyyatı nazirlk əməkdaşları tərəfindən şərəf və ləyaqətin qorunması üçün məhkəməyə müraciət olunub.
Məlumat üçün bildirək ki, Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə 2006-cı ildən ünvanlı dövlət sosial yardımın tətbiqinə başlanılıb. Bunun üçün 2005-ci ilin oktyabrında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qüvvəyə minib və həmin qanun əsasında 2006-cı ilin iyulun 1-dən ünvanlı yardımın verilməsi həyata keçirilib.
Ünvanlı yardımın verilməsi üçün həmçinin Nazirlər Kabineti 2006-cı ilin fevralında "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nı və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası"nı təsdiq edib.
Eyni zamanda, hər il "Ehtiyac meyarının həddi haqqında" qanun qəbul edilərək ehtiyac meyarı müəyyən edilir ki, məhz onun əsasında ailələrə ünvanlı yardım təyin olunur.
Ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Bu yerdə bir haşiyə çıxaq ki, ünvanlı sosial yardım alan ailələrin sayının azalmasında yardımın ehtiyac meyarı əsasında təyin edilməsinin də öz rolu var. Qanunvericiliyə görə ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılacaq. 2014-cü il üçün yaşayış minimumu 125 manat (əmək qabiliyyətlilər üçün 136 manay, uşaqlar üçün 103 manat) olub.
Yaşayış minimumu əslində, ehtiyac həddini müəyyənləşdirir. Heç kim özü və öhdəsində olan insanların sayı nəzərə alınmaqla adambaşına yaşayış minimumumdan az gəlirə sahib olmamalıdır. Məsələn, bir ailənin 4 üzvü (2 nəfər valideyn və iki uşaq) varsa, həmin ailənin gəliri minimum 478 manat təşkil etməlidir.
Amma ünvanlı yardım haqqında qaydalara əsasən 400 manatdan çox qazancı olan 4 nəfərlik ailə ünvanlı yardım ala bilməz. Deməli, Azərbaycan hökuməti aztəminatlı ailələrin müəyyənləşdirilməsi üçün yaşayış minimumundan istifadə etsəydi ünvalı yardım alan ailələrin sayı daha çox olardı.
Onu da bildirək ki, ünvanlı yardımın təyin edilməsi zamanı insanların yalnız aylıq nominal gəliri əsas götürülmür. "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda qeyd edilir ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Orta aylıq gəlir hesablanan zaman əvvəlki 6 ay (kənd təsərrüfatı və mövsümi işlərlə məşğul olanlar üçün 12 ay) nəzərdə tutulur.
Aztəminatlı ailələrin hamısı ünvanlı yardım ala bilər. Bu zaman öncə də bildirdik ki, ailənin adambaşına gəlirinin ehtiyac meyarından az olan hissəsi yardım şəklində verilir. Ehtiyac meyarı ilə bərabər bəzi ailə üzvləri sosial yardımın təyin olunması zamanı nəzərə alınmır. Qanuna görə tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər) müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər, Azərbaycan ərazisində yaşamayan Azərbaycan vətəndaşları, əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) ünvanlı yardım təyin edilən zaman ailənin tərkibində nəzərə alınmır.
Nazirlər Kabinetinin "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda isə qeyd edilir ki, ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda, ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda, müavinət üçün müraciət edilməzdən 6 ay əvvəl ailə mənzil, avtomobil aldıqda və yaxud ailənin orta aylıq gəlirinin 3 mislindən çox məbləğdə alğı-satqı etdikdə, ailənin istifadəsində müraciət günü istehsal müddəti 20 ilədək olan nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla), kənd yerlərində ailəyə 1 inək və adambaşına 5 qoyun (və ya müvafiq şərti qaramal) və ondan artıq düşdükdə, yardım üçün müraciətdən 1 il əvvəl ailə respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alqı-satqı etdikdə, həmçinin ailənin əmək qabiliyyətli, işləməyən üzvü Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə sosial yardımın təyin olunmasından imtina edilir.
Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 10.2-ci maddəsinə əsasən, həmin ailə 2 il müddətinə sosial yardım almaq hüququnu itirir.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 3 oktyabr.-
S.9.