Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Qərbi Azərbaycandan olan Cümhuriyyət tələbələrindən dörd nəfəri - Əhməd Məşədi Cabbar oğlu, Əsildarbəy Abbasəlibəy oğlu, Tağı Kərbalayi Əsgər oğlu və Adilbəy Abbasəlibəy oğlu İrəvan kişi gimnaziyasının yetirmələri idi.

   Əhməd Məşədi Cabbar oğlunun 1919-cu il avqust ayının 6-da dəst-xəttilə yazdığı ərizəsində deyilir:

    "ZATİ-ALİLƏRİ XALQ MARİFİ NAZİRİ CƏNABLARINA

   Moskva Petrovsk-Razumovsk Akademiyasının tələbəsi

   Əhməd Rəcəbovdan

    Ə R İ Z Ə

   Hörmətli zati-aliləri! Özümə şərəf hesab edərək Sizə məlumat verirəm ki, mən 1916-cı ildə İrəvan klassik gimnaziyasını gümüş medalla bitirdikdən sonra Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşam. Birinci kursu bitirdikdən sonra Petrovsk-Razumovsk Akademiyasına imtahan verərək təhsilimi orada davam etdirmiş və beləliklə də, gimnaziyanı bitirdikdən sonra ən böyük arzuma çatmışam. Hal-hazırda Akademiyada oxuyuram və mənim sənədlərimin, yəni attestatımın və doğum şəhadətnaməsinin əsli oradadır. Bunu nəzərinizə çatdırıram ki, valideynlərimin yoxsulluğu ucbatından gimnaziyada dövlət hesabına və Universitetdə Qafqaz dairəsinin təqaüdü ilə oxumuşam. Dediklərimin doğruluğunu İrəvan gimnaziyasının dəftərxanasında saxlanılan sənədlər, həmçinin Parlamentin üzvü cənab Rizayev və Azərbaycanın Zaqafqaziyadakı konsulu cənab Sadıqov təsdiq edə bilər. Aydındır ki, kənardan maddi kömklik olmadan təhsilimi davam etdirə bilmərəm.

   Arzu edirəm ki, İstanbul Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alım.

   İmza: Əhməd Rəcəbli

   6 avqust 1919-cu il".

   Əhməd Rəcəblinin ərizəsinə doğum haqqında şəhadətnamənin və İrəvan kişi gimnaziyasını bitirmək barədə kamal attestatının surətləri əlavə edilmişdi. 1907-ci il sentyabrın 13-də Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən verilmiş şəhadətmənin surətində oxuyuruq:

   "İrəvan şəhərinin sakini Əhməd Məşədi Cabbar oğlu 1898-ci il avqustun 28-də doğulmuşdur. Atası Məşədi Cabbar Məşədi Cəfər oğlu, anası Kübra xanım Hacı Xəlil qızıdır".

   Arxivdə Əhməd Rəcəblinin İrəvan kişi gimnaziyasında təhsilinə dair kamal attestatının surəti də saxlanılır. Tanış olun:

   " KAMAL ATTESTATI

 

   Verilir 1898-ci ildə İrəvan şəhərində doğulmuş müsəlman, meşşan oğlu Əhməd Məşədi Cabbar oğluna ondan ötəri ki, həqiqətən 1907-ci il sentyabrın 15-də İrəvan kişi gimnaziyasına daxil olmuş və 1916-cı il iyunun 1-də tam səkkizillik kursu aşağıdakı qiymətlərlə bitirmişdir:

       İlahiyyat - 5 (beş)

   Rus dili - 4 (dörd)

   Fəlsəfi anlayış - 5 (beş)

   Latın dili - 4 (dörd)

   Riyazi coğrafiya - 5 (beş)

   Fizika - 5 (beş)

   Tarix - 5 (beş)

   Coğrafiya - 5 (beş)

   Fransız dili - 4 (dörd)

   Alman dili - 5 (beş)

   Qanunşünaslıq - 5 (beş)".

     Arxiv sənədindən bu da məlum olur ki, 1916-cı il yanvarın 1-də İrəvan kişi gimnaziyasının pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib.

   Araşdırmalarımız göstərir ki, Cümhuriyyət tələbəsi Əhməd Rəcəbli 1923-cü ildə İtaliyanın Peruçi şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunu bitirib. Onun bu institutu bitirməsindən sonra həyat fəaliyyətinin ilk tədqiqatçısı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sabiq əməkdaşı Hərifət xanım Həmidovadır. Hərifət xanım uzun illər yorulmadan nadir istedad sahibinin fəaliyyətinə dair mənbələrlə tanış olmuş nəhayət, 1993-cü ildə tərtib etdiyi biblioqrafiya kitab halında min nüsxə tirajla oxuculara çatdırılmışdır.

   Kitab "Tərtibçidən" sərlövhəli ön sözlə başlayır burada deyilir: "Azərbaycan kənd təsərrüfatı elminin inkişafında misilsiz xidmətləri olmuş, respublikanın görkəmli elm xadimi Əhməd Cabbar oğlu Rəcəbli ölkəmizin hüdudlarından kənarda da kənd təsərrüfatı mütəxəssisləri arasında geniş şöhrət tapmışdır. Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki Əhməd Rəcəblinin anadan olmasının 95 illiyinə həsr edilmiş bu biblioqrafik məlumat kitabı onun həyat fəaliyyətini geniş oxucu kütləsinə çatdırmaq məqsədini daşıyır. Vəsait üç hissədən ibarətdir. Birinci hissədə Ə.Rəcəblinin həyat fəaliyyətinin əsas tarixləri, bioqrafik oçerk, elm xadtimlərinin onun haqqında dedikləri xatirələr verilmişdir. Vəsaitin ikinci hissəsində Ə.Rəcəblinin əsərlərinin biblioqrafiyası, üçüncü hissədə isə həyat fəaliyyətinə dair çap olunmuş ədəbiyyat əksini tapmışdır".

   İrəvanın Cümhuriyyət tələbəsinin ömür yolunu işıqlandıran bu maraqlı kitabı oxuduqdan sonra bu qənaətə gəldim ki, Hərifət xanım Həmidovanın yazdığı biblioqrafik vəsait həm sənədli əsərdir. Kitabda 65 yaşında dünyasını dəyişmiş nəhəng bir insanın ömür yolu illər üzrə belə təqdim olunur:

   1918 - "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib.

   1919 - Azərbaycan Demokratik Respublikası İtaliyaya oxumağa göndərib.

   1923 - İtaliyanın Peruçi şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunu bitirərək Bakıya qayıdıb.

 

   1924 - Zaqatala mahalına aqronom təyin olunur, həmin il Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir 1937- ci ilə qədər ora rəhbərlik edir, eyni zamanda Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi kimi işləyir. Onun təşəbbüsü iştirakı ilə Zaqatala-Car tütünçüləri yoldaşlıq kooperativi yaradılır.

   1926 - Təşəbbüsü ilə Zaqatalada təcrübə-sınaq stansiyası yaradılır 1937-ci ilin iyuluna kimi stansiyaya rəhbərlik edir.

   1930-1936 - Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində çalışır.

   1931-1934 - Kənd Təsərrüfatı İnstitutunun Cənub-Texniki Bitkilər kafedrasının müdiri Respublika Torpaq Komissarlığında dövlət müşaviri vəzifələrində işləyir.

   1935 - elmi-praktiki fəaliyyətində görkəmli xidmətlərinə görə Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını alır. 1937-ci ilədək Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Subtroprik Bitkilər Bölməsinin üzvü olub.

   1937 - avqust ayının 15-də Azərbaycan SSR Daxili İşlər Komissarlığı tərəfindən (SSRİ Xalq Daxili İşlər Komissarlığının 1937-ci il 30 iyul tarixli 0044 N-li qərarına müvafiq olaraq - T.Q.) həbs edilir.

   1939 - "İnqilab əleyhinə" fəaliyyətinə görə səkkiz il müddətinə məhkum olunur Maqadana sürgün edilir.

   1945 - sürgündən qayıtdıqdan sonra Azərbaycan Elmi- Tədqiqat Çoxillik Bitgilər İnstitutuna elmi işçi, sonra şöbə müdiri təyin edilir.

   1950 - yenidən həbs edilərək Cambula (Qazaxıstan) sürgün edilir.

   1954 - sürgündən qayıtdıqdan sonra Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun meyvəçilik şöbəsinin rəhbəri təyin olunur.

   1955 - bəraət alır.

   1958-1962 - Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, bitkiçilik bölməsinin akademik katibi olub.

   1965 - dekabr ayının 15-də vəfat edir.

 

   (əvvəli, ardı var)

  

Teyyub QURBAN

Ekspress.-2014.- 4-8 oktyabr.- S.15.