"Mənim
günahım" indi daha aktualdır...
Mərahim Fərzəlibəyov:
"Rejissor o zaman parlayır ki, əlində yaxşı
dramaturji material olur"
Dövlət
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin 100 ilik
yubileyi münasibətilə hazırlanan "Mənim
günahım" tamaşasının qızğın məşqləri
gedir.
Kulis.az-ın
tamaşanın rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovdan
götürdüyü müsahibəni təqdim edirik.
-
Mərahim müəllim, məşqlər necə gedir,
tamaşayla kimlər məşğuldur?
- Stolarxası məşqlər
artıq bitib. Bir azdan böyük səhnədə
məşqlərə başlayacağıq. Tamaşada Məleykə Əsədova, Elşən
Rüstəmov, Əjdər Həmidov, Hacı İsmayılov
və başqa aktyorlarımız iştirak edəcək.
- Niyə məhz bu əsəri
hazırlamaq istədiniz? Yəni, əsərin
aktuallığını nədə gördünüz?
- "Mənim
günahım"ın çox maraqlı bir tarixi var. 1979-cu
ildən İlyas Əfəndiyevlə yaradıcı əməkdaşlığımız
olub. "Mənim günahım"a qədər
İlyas müəllimin 9 əsərinə quruluş
vermişəm. İşlədiyimiz on beş-on altı il ərzində İlyas müəllim dəfələrlə
bu pyesi mənim yadıma salırdı, onu tamaşaya
qoymağımı istəyirdi. Bu pyesi bir dəfə
tamaşaya hazırlayıblar, amma sonra müəllifin istəyi
ilə səhnədən götürdülər. Bu hadisə İlyas müəllimdə bir
nakamlıq hissi yaratmışdı. "Mənim
günahım" sovet dövründə yazılıb.
Bir balet aktrisasının taleyinin fonunda sovet
ictimai mühiti təsvir olunub. Sovet
sosrealizminin qanununa görə mənfi qəhrəmanlar sonda
mütləq ağıllanmalı, islah olmalı, haqq yoluna gəlməli
idilər. Bu pyesdə də elədir.
...Gənc, kasıb tələbə
Sahib Nurcahan adlı balerinaya vurulur, bunların arasında sevgi
yaranır. Sonra bu kasıb tələbə Sahib vəzifəyə seçilir və s. Bu əsərdə
müəllif Xansu kimi obrazların dili ilə sovet
quruluşunun çatışmazlıqlarını tənqid
edirdi. O, Xansunu hardasa Hamletə, Kefli İsgəndərə,
Romeoya bənzədir...
Məncə, bu əsər
heç yazıldığı 1967-ci ildə indiki qədər
aktual deyildi. "Mənim günahım"da Sahib bütünlükdə özünü işə
həsr edir və ailəyə diqqəti azalır. Məmurluq onun sevgisini əlindən alır. Nurcahan sevgisini qaytarmağa çalışır.
Amma Sahib və həyat yoldaşı evdə
o dövrün pafosu ilə ictimai sosial məsələlərdən
danışırlar. Əslində, əsərdə
Nurcahan da onunla bu mövzuda söhbətlərə cavab verir,
onu dinləyir, müzakirə edir, lakin mən onun
cavablarını mətndən çıxardım. Mənim
yozumumda Nurcahan onun ictimai pafosuna təəccüblə
baxır ki, bu adam niyə bunları
danışır ki... Nurcahan üçün sevgi diqqət
deməkdir, amma o, bu diqqəti görmür...
- Belə anladım ki, siz əsas
vurğunu ictimai mühitə yox, balerinanın məhəbbət
faciəsinə vurursunuz...
- Bilirsiniz, hər insan ictimai
mühitin bir parçasıdır. Mən bir məmurun
məhəbbət faciəsini göstərmək istəyirəm
- o, öz ömrünü işə sərf edir, amma məhəbbətini,
ailəsini unudur. Nurcahan
çalışsa da, məhəbbəti qaytara bilmir. Mənə recissor kimi Nurcahanın məhəbbət
dünyası maraqlıdır. O məhəbbət ki,
biz həsədlə baxırıq, belə məhəbbət
arzulayırıq. İnsani münasibətlər,
insan obrazı yaratmaq istəyirəm.
Bu əsər rejissor
üçün çox çətin əsərdir.
Hamı mənə dedi ki, bu əsər çox çətin
əsərdir. İlyas müəllimin
güclü lirik pyesləri var. Amma mən bunu istədim.
İlyas Əfəndiyev
həmişə bu əsərin səhnə taleyindən
narazı idi. Əsərin ilk quruluşunda
əsas qəhrəmanları Leyla Bədirbəyli və
Əli Zeynalov oynamışdı. Çox gözəl
aktyorlardır, amma bu əsərə uyğun gəlmirdilər...
Mən də
İlyas müəllimin 100 illiyində onun xatirəsini məhz
bu əsərlə yad etmək istəyirəm. "Mənim günahım" İlyas müəllimdən
hazırladığım onuncu əsərdir.
- Və deyəsən, onsuz
hazırladığınız ilk işdir?
- Elədir. "Qarabağnamə"
"Hökmdar və qızı"nın
təzələnmiş quruluşudur, İlyas müəllim
"Hökmdar və qızı"nın premyerasından əvvəl
dünyasını dəyişdi, amma məşqlərində
iştirak etmişdi...
- İlyas Əfəndiyev
həmişə məşqlərdə iştirak edib və
öz mətninə çox həssas yanaşıb. Sizə onun sağlığında işləmək
daha asan idi, yoxsa indi?
- Mən İlyas Əfəndiyevin əsərini
götürəndə bilirdim ki, mənim yanımda müəllif
əyləşib - çox böyük, klassik yazıçı,
dramaturq əyləşib. Onun orda olması məni
məcbur edirdi ki, səhnələri elə qurum ki, müəllif
razı qalsın. Bilirsiniz, heç bir
rejissor müəlliflə məşq etmək istəməz,
xüsusən də İlyas Əfəndiyev kimi ciddi müəlliflə.
Dediyiniz kimi, o, öz mətninə çox həssas
idi. Lakin mən buna öyrəşmişdim.
Düzdür, məşqlərimiz heç də
hamar getmirdi. Olurdu ki, İlyas müəllim
əsəri mənə verirdi və biz ortaq məxrəcə
gələ bilmirdik. Onda o, əsəri
başqa rejissora verirdi. Məsələn, "Şeyx
Xiyabani" pyesini mənə verdi, amma
quruluşda ortaq məxrəcə gələ bilmədik, o
pyesi başqa rejissora verdi. Amma həmin rejissor da
onu qane etmədi, onda yenə əsəri mənə
tapşırdı. "Sevgililərin cəhənnəm
vüsalı" ilə də eyni şey baş verdi...
- Ümumiyyətlə, İlyas
Əfəndiyev diktator müəllif idi?
- Diktator deməzdim, o, rejissoru
asanlıqla başa düşürdü. Əgər onu
inandıra bilirdinsə, cavan müəlliflər kimi sənin
üçün beş dəqiqəyə
dialoq, monoloq yazıb gətirirdi. Elə oradaca bloknota
yazırdı, cırıb verirdi aktyora...
- Dövrünün ən parlaq
dramaturqu, nüfuzlu, şöhrətli yazıçı kimi
İlyas Əfəndiyevin hansısa kaprizləri var idimi?
- Mehdi Hüseyndən
bəri nə qədər yazıçı-dramaturq
yetişdi, amma 40-cı illərdən ta öldüyü
günə qədər İlyas Əfəndiyevin tayı-bərabər
olmadı. O, dramaturgiyada raket sürətli sıçrayış
etdi. Özünü nəsrdən çox,
dramaturgiyaya həsr etdi. Rejissor işini də
bilirdi, lazım olanda rejissora yaxından kömək edirdi.
Kaprizləri o idi ki, misal üçün,
deyirdi, bu aktyoru bəyənmirəm. "Bizim
qəribə taleyimiz"də əsas rolu Həsən Turabov
və Əlabbas Qədirovla məşq edirdik. Məşqi
saxlayıb Turabova dedi ki, sənin oyunun mənim xoşuma gəlmir.
Həsən Turabov kimi aktyora, hansı ki, silsilə rollar
yaradırdı... Aktyorların ona o qədər
böyük hörməti var idi ki, bir sözü ilə kənara
çəkilirdilər. Amma sonra inanırdısa, elə
həmin Həsən Turabova deyirdi ki, səhv etmişəm, sənin
ifan düz idi... Aktyora inanmırdısa,
çalışırdı rejissorun əli ilə o aktyoru
uzaqlaşdırsın. Bir sözü var idi: "Filankəsdən
ağlım bir şey kəsmədi..." Bu sözü dedisə
qurtardı...
- Bir rejissor kimi, əsər müəllifinin
tamaşaya bu qədər müdaxiləsi ilə
razısınız?
- İlyas müəllimin
müdaxilələri gözəl idi, lazımlı idi.
O teatrı, sənəti gözəl bilirdi. Mən
peşə təhsilimi Leninqradda almışam. O, mənə
Azərbaycan dilinin bütün incəliklərini öyrətdi.
"Mənim günahım"da onun yeri
görünür. Az qala hər məşqdə
ondan sitat gətirirəm. Deyirəm, İlyas müəllim
olsa, belə deyərdi...
- Ümumiyyətlə, İlyas
Əfəndiyevlə bağlı başqa hansı xatirələriniz
var?
- İlyas müəllim sərt adam idi. Heç vaxt zarafat etdiyini
görmədim. Ancaq həqiqətdən
danışırdı, işlərin necə olduğundan, bu
kimi mövzulardan danışırdı. Yeri
gələndə əsəbiləşirdi. Üzündə gülüş olurdu, amma
gülüşü xəsisyana idi. Nadir
halda bir aktyora deyərdi ki, səndə rol alınır.
Onunla nə qədər əsər qoymuşam
tamaşaya, şəxsən mən heç vaxt ondan tərif
eşitmədim. Baxıb deyirdi: "Olar, gedər". Yalnız öləndən sonra onun mənə nə
qədər dəyər verdiyini öyrəndim. Ölümündən sonra yazılan xatirələrdən
bildim ki, həqiqətdə mənə nə qədər dəyər
verirmiş.
- İşdən kənar
münasibətləriniz necə idi?
- Böyük dostluğumuz var idi. Həftədə iki dəfə mütləq
görüşürdük. Bunu İlyas
müəllim özü tələb edirdi, mən bilirdim ki,
üç gün getməmişəmsə, mütləq bu
gün onlara getməliyəm. Elə olurdu,
həftədə 4 dəfə görüşürdük.
Bilirsiniz, İlyas müəllim ərəb əlifbası
ilə yazırdı. Ərəb əlifbasından
yazdıqlarını kirilcəyə köçürən
makinaçısı var idi; Məhluqə Sadıqovanın
bacısı idi. O qadın rəhmətə gedəndən
sonra onun əlyazmalarını kimsə oxuya bilmirdi. Çox vaxt ərəb əlifbasında
yazdığını diktə edirdi, mən kirilcə
yazırdım. Sonralar, bu müştərək
işlərimiz müddətində İlyas müəllim
kirillə yazmağa başladı. Onun
kirilcə əlyazmalarına rast gəlsəz, görərsiz
ki, kirilcə hərfləri ərəbcəyə
oxşada-oxşada yazırdı.
Ata-oğul
yaşında olmağımıza baxmayaraq bizim dostluğumuz
var idi. mən onun övladlarından
da kiçiyəm. Onların ailə məclislərində
də iştirak edirdim. Bilirsiniz, mən
yumşaqqəlbli, kövrək adamam. İlyas
müəllim prinsipial, iradəli, həqiqəti yüksək
səslə deməyi bacaran insan idi və ona həmişə
ehtiyac duyurdum. Onunla hər görüşə
hazırlaşıb gedirdim. Bilirdim ki, bir
sözü iki dəfə təkrar etsə,
üçüncüdə əsəbiləşib müəyyən
söz işlədə bilər.
- Sizcə, indi İlyas Əfəndiyevdən
sonra dramaturgiya ənənələrini yaşadanlar varmı?
- Bilirsiniz, rejissor o zaman parlayır
ki, onun əlində yaxşı dramaturji material olur. Dramaturgiyanın milli formaları var, ənənələri
var. Demokratiya dövründə müasir və milli xarakterlər
yarada bilən, bu ənənələri yaşada bilən
dramaturq demək olar ki, yox idi. Amma nə
yaxşı ki, Elçin son 20 ildə İlyas Əfəndiyev
dramaturgiyasını davam etdirdi. Bunu ailənin
dostu kimi çox səmimi deyirəm. Onun əsərlərində
tam müasir obrazlar görə bilərsiniz, orada İlyas
Əfəndiyevin dəst-xətti, romantik dialoqları da var. Təbii
ki, yeni təqdimatda. Baxın, böyük
müəlliflər var ki, bu gün əsərləri oxunmur,
tamaşaya qoyulmur. Çünki onlar sovet
quruluşunu süni şəkildə tərifləyiblər.
İlyas Əfəndiyevin "Mənim
günahım" pyesində də bunlar var, amma İlyas
müəllim ona insan faktorundan, insan münasibətləri
rakursundan yanaşıb.
İlyas Əfəndiyev çox böyük istedada malik dramaturq idi, böyük ideoloq idi, böyük yazıçı idi. Onun yaradıcılığı sovet dövrünə düşsə də, bu gün yenə aktualdır. Çünki, İlyas Əfəndiyev müticə quruluşu təbliğ edənlərdən olmayıb...
Ekspress.-2014.- 4-8
oktyabr.- S.14.