Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
Hərifət xanım Həmidovanın Əhməd Rəcəbli
haqqındakı kitabının
ikinci fəslində verilmiş xatirələrdə
görkəmli elm xadiminin
ömrünün müxtəlif
məqamları təqdim
edilir.
Akademik İmam Mustafayevin "Müəllimimlə fəxr edirəm" yazısı xüsusilə diqqəti cəlb edir. İ.Mustafayevin xatirələrindən bir parçanı təqdim edirik: "Əhməd Rəcəbli Azərbaycan Demokratik Respublikası Hökuməti tərəfindən Avropaya ali təhsil almağa göndərilmiş, Azərbaycana qayıdanda doktor-aqronom adı almış yüksək səviyyəli kənd təsərrüfatı mütəxəssisi idi. Ona görə də Zaqatalada yeni təcrübə stansiyası təşkil etdi və onun ilk müdiri oldu. Əhməd Rəcəblinin texnikum və təcrübə stansiyasına rəhbərlik etməsi bu iki təhsil müəssisəsinin möhkəm birliyinə, təhsilin təcrübə ilə möhkəmlənməsinə kömək edirdi. Tələbələr Əhməd Rəcəblini "əfəndi" deyə çağırardılar. O zamanlar ziyalılara ya əfəndi, ya molla deyə ikinci ad verərdilər. Əhməd Rəcəbli tələbələrin hərtərəfli bilik almasına çox müdrikliklə kömək edirdi. O, eyni zamanda təbiət aşiqi idi. Tətil vaxtlarında yuxarı sinif tələbələri ilə birlikdə dəfələrlə Zaqatala ətrafında olan dağlara, dərələrə, meşələrə, çöllərə səyahətlər təşkil edərdi, rast gəldikləri meşə ağacları, yabanı bitkilər, süxurlar, qayalar, minerallar, tarixi abidələr haqqında geniş məlumat verərdi. Bunların hamısı bizim hafizəmizə həkk olunurdu. Rəcəbli keçmiş tələbələri ilə əlaqəsini kəsməyir, onların fəaliyyəti və inkişafı ilə həmişə maraqlanırdı... Mən onun tələbəsi olduğum üçün özümü xoşbəxt hesab edirəm".
Kitabda başqa bir elm xadiminin - biologiya elmləri doktoru İ.M.Axundzadənin də məqaləsi verilib. Axundzadə Rəcəblini yaxından tanıyırdı. Alimin məqaləsini tam şəkildə təqdim edirik.
"Əhməd Rəcəblini heç kəs mənim qədər yaxşı tanımır. Mənim on bir yaşım olanda atam məni Zaqatalaya - kənd təsərrüfatı texnikumuna apardı. O vaxt Əhməd Rəcəbli orada işləyirdi. Mənim cılızlığıma baxıb dedi ki, bu uşağı buraya niyə gətirmisiniz?
Mən texnikumu bitirdikdən sonra kənd təsərrüfatı institutuna daxil oldum. O gündən Rəcəblinin son günlərinə qədər bir yerdə olmuşuq. Mən institutda oxuyarkən o həm Zaqatalada, həm də Gəncədə işləyirdi. Mən Rəcəblinin laborantı olmuşam. İnstitutu əla bitirdim, mənə vəsiqə ( o vaxtlar diplom verilmirdi) verdilər. Rəcəbli məni Suxumiyə "Subtropik bitkilər" ixtisası üzrə aspiranturaya göndərdi. Suxumidə oxuyarkən bir dəfə məni direktorun yanına çağırıb dedilər ki, qohumun gəlib. İçəri keçdim, Rəcəblini gördüm. İrəli gəldi, çox səmimi şəkildə məni qucaqlayıb öpdü. Mən Suxumidə olanda hər ay Rəcəbli mənə pul göndərirdi. Mən bu pullara çoxlu əkin materialı alıb vaqonla göndərirdim. Rəcəbli beş-altı araba ilə mənim qabağıma gəlirdi. Gətirdiyim əkin materiallarını özüm əkirdim. 1937-ci ildə axırıncı dəfə Balakənə gələrkən mənə dedilər ki, Rəcəblini tutublar. Dayaq məntəqəsini mənə tapşırdılar. Mən Zaqatalada olarkən dedilər ki, bu gecə Fəhimə xanımı tutacaqlar. Mən gecə onu Zaqatalanın Tala kəndində gizlətdim, səhərisi isə Bakıya göndərtdim.
Aspiranturanı bitirdikdən sonra əvvəlcə Zaqatalada işlədim. Sonra Mərdakana göndərdilər. O zamanlar Əhməd müəllim Maqadanda idi. Fəhimə xanım mənə dedi ki, Əhməd müəllim pamidor, xiyar toxumu istəyir. Tapıb göndərdim. Əhməd müəllim Maqadanda bu bitkiləri istixanalarda yetişdirib generallara verib. Bir gün Fəhimə xanım yanıma gəlib dedi ki, generallar Rəcəbliyə vətənə getməyə icazə veriblər, onlara məktub göndərmək lazımdır ki, əllərində əsas olsun. Mən o dövrdə İrandan - ekspedisiyadan yenicə qayıtmışdım. Çoxillik Bitkilər İnstitutunun direktoru idim. Biz İranda olarkən 100 kişmiş növündən Rza şahın heykəlini yaratmışdılar. Bizim ekspedisiyada Moskvadan nümayəndələr çox idi. Mikoyana 100 kq kişmiş göndərdilər. Mən isə hər növdən 0,5 kq alıb M.C. Bağırova göndərdim.
O vaxtlar bizim institutun Orta Asiyada,Gürcüstanda
filialları vardı...
Mən Əhməd Rəcəblini
geri qaytarmaq üçün M.C.Bağırovun
adına məktub yazdım. Məktubu hazırlayanda Rəcəblinin
Mərkəzi Komitədə
işləyən tələbələri
ilə məsləhətləşdim.
Dedilər ki, məktub
yazmaq lazım deyil, səni tutacaqlar.
Məktubu göndərdikdən sonra çemodanımı,
paltarlarımı hazırladım
ki, axşam NKVD gəlib məni aparacaqdır. Evdə
ağlaşma, vay-şivən
başlandı...
Məni M.C.Bağırovun yanına çağırdılar.
İçəri girəndə Bağırovun
yanında büro üzvləri Mirbəşir
Qasımov, Yaqubov, Kirsanov oturmuşdular.
M.C.Bağırov əlində bir
dəstə karandaş
tutmuşdu və onları əlinin içərisində əzişdirirdi.
Məndən soruşdu ki,
sən Rəcəblini
haradan tanıyırsan?
O İrəvanlı, sən
Tovuzlu. Nə üçün sən xalq düşmənini
müdafiə edirsən?
Dedim ki, Əhməd müəllim
mənim müəllimim
olub, o, görkəmli
alimdir. Heç bir təqsiri
yoxdur. Zaqatala zonasında tütünün,
araxisin, çəltiyin,
soyanın artırılması
Rəcəblinin adı
ilə bağlıdır.
Əhməd müəllim haqqında dediyim sözlər, görünür, M.C.Bağırovun
çox xoşuna gəldi, əlini çiynimə qoyub "Afərin, - dedi.- Öz müəllimini
belə ürəkdən
müdafiə etdiyin üçün səni daha çox istəyirəm, bizə məhz belə mərd oğullar lazımdır".
Sonralar M.C.Bağırov Rəcəbliyə demişdi
ki, Sizi biz tutmamışıq, ətrafınızda
olan adamlar o qədər yazdılar ki, nəhayət, tutulmağınıza nail oldular.
M.C.Bağırov Rəcəblidən mənzilinin olub-olmamasını
soruşub, telefon çəkdirib və göstəriş verib ki, Rəcəbli haraya getsə, ona mane olmasınlar.
Demək istəyirəm ki, Rəcəbli çox savadlı, geniş dünyagörüşünə malik, hərtərəfli savadlı adam
olduğu üçün
bəzi nadanların onu gözü götürmürdü və
onun haqqında yazırdılar.
Rəcəbli elmi hər şeydən üstün tuturdu. Dəfələrlə ona vəzifə
təklif etmişdilər,
o imtina etmişdi.
Naxçıvana gələndə yerli sortların öyrənilməsi ilə
məşğul oldu.
Mən o
vaxt Naxçıvanda
aqronom işləyirdim.
Bir gün mənə dedi ki, səni aspiranturaya
götürürəm və
götürdü də.
İnstitutda onun bir çox aspirantları vardı. Məsələn, Muxtar Əliyev,
Mirabbas Cəfərov,
M.Əmrəhov və
başqaları. O deyirdi
ki, sizi ona görə aspiranturaya götürmüşəm
ki, hər zona üçün bir meyvəçi hazırlayım. Yorulmaq bilmirdi, hamımızın
qayğısını çəkirdi,
çox vaxt öz cibindən bizə pul xərcləyirdi.
Məndə onun 50-yə yaxın
məktubu var. Bir dəfə teleqram vurdu ki, yeddi
nəfər akademiklə
Naxçıvana gəlirəm.
Gələnlərin arasında Sumbatzadə,
Firuz Məlikov və başqaları vardı. Onları mən qarşıladım.
Zona müşavirəsində Rəcəbli
çox savadlı və səlis çıxış etdi.
O deyirdi ki, torpağı daşlardan təmizləyib meyvəçiliyi
inkişaf etdirmək lazımdır. Onun məsləhəti ilə min hektar yer seçdilər və ərik əkdilər. Ordubad
meyvələri Amerikada,
Almaniyada sərgilərdə
Qızıl medal aldı..."
əvvəli, ardı var
Teyyub Qurban
Ekspress.-2014.- 11-13
oktyabr.- S.15.