"Bu teatra çox bağlanmışam"

 

Nərgiz Kərimova: Allah eləsin ki, elə həmişə gənc qız obrazları yaradım...

 

TANITIM: Nərgiz Kərimova Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildə Bəstəkarlar İttifaqının keçirdiyi Musiqi Festivalının, bir il sonra Bakıda keçirilən "Qızıl payız-89" respublika müsabiqəsinin, 1990-cı ildə Moskvada keçirilən "Yeni adlar" III Ümumittifaq müsabiqəsinin laureatı olub və 1991-ci ildə Almatıda M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində ikinci turdakı uğurlu çıxışına görə fəxri fərmanla təltif edilib.

   2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışan aktrisa "Talelər qovuşanda" (Nərgiz), "Volqalı canan" (Mülayim), "Bir günlük siğə" (Mələk), "Aldın payını, çağır dayını" (Süsən), "O olmasın, bu olsun" (Gülnaz), "Qısqanc ürəklər" (Səbinə), "Bayadera" (Odetta), "Arşın mal alan"

   (Gülçöhrə), "Xanuma" (Keto) və s. tamaşalarda yaddaqalan obrazlar silsiləsi yaradıb. 2003-cü ildə teatr sənəti sahəsində qazandığı uğurlarına görə "İlin ən yaxşı gənc aktrisası" nominasiyası üzrə fəxri fərmanla təltif edilib. Vokalçı 2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən "Docstar" I Beynəlxalq açıq müsabiqəsində birinci yeri tutub.

   2012-ci ildə Əməkdar Artist adına layiq görülüb, Prezident mükafatçısıdır.

   Bir neçə il öncə Musiqili Komediya Teatrında "Talelər qovuşanda" tamaşasına baxmışdım. Baş qəhrəmanlardan birini oynayan aktrisanın güclü səsi hamımızı həyəcanlandırmışdı. İstər səsi ilə, istərsə də görünüşcə bu gözəl aktrisa - Nərgiz Kərimova səhnəyə çox yaraşır və tamaşaçılara özünü sevdirə bilirdi.

   Rejissor Faiq Zöhrabovun ailəsində göz açan Nərgiz xanımı uşaq yaşlarından sənət özünə cəzb edib. Musiqili Teatrda aktrisa ilə görüşümüzdə "Talelər qovuşanda" tamaşasını yada saldıq. Bu sətirlərin müəllifi tamaşa ilə bağlı bir yazısında quruluş baxımından onu yüksək dəyərləndirsə də, aktrisa ilə bağlı kiçik iradları olmuşdu. Ancaq sonradan anlamışdım ki, ən önəmlisi güclü səs və səhnə oyunudur.

       - Nərgiz xanım, klassik musiqimizi dünya miqyasında layiqli təmsil edəcək səviyyədə geniş səs imkanlarına maliksiniz...

   - İstedad, qabiliyyət, bacarıq, səs və s. bütün bunlar hamısı Allah vergisidir, ancaq bunun önəmli tərəfi bütün bu sadaladıqlarım üzərində çalşmaqdır. Sənət adamı daim öz üzərində çalışmalıdır. Yoxsa, bu qabiliyyət mənə verilib, çalışdım-çalışmadım, fərqi yoxdur, hər zaman formada olacağam prinsipi ilə yaşasan, həqiqətən bir şey edə bilməzsən. Şəxsən mən daim öyrənirəm, peşəkarlardan, ustadlardan öyrənirəm, öz üzərimdə çalışıram. Bütün bunlar inkişafa xidmət edir. Özünə tənqidi yanaşma, hər dəfə imza atdığım layihənin daha yaxşısını həyata keçirmək mənim prinsiplərimə aiddir.

   - Yeri gəlmişkən, klassik əsərlərə fərqli rejissor yozumlarına necə baxırsınız?

   - Rejissor yozumları çox fərqli olurbu da təbiidir. "Romeo mənim qonşumdur" filmini eynilə teatr səhnəsində görmək də maraqlı ola bilər, fərqi səhnələşdirilməsi də.

   2008-ci ildə teatrımızın səhnəsində "Arşın mal alan" tamaşası hazırlandı. "Arşın mal alan" Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı operettadır. Bir əsr öncə yazılan operettaya indiyədək müxtəlif düşüncə tərzinə, fərqli baxışlara malik rejissorlar müraciət edib - onların hər biri klassik əsərə elə klassik baxışla baxıblar, quruluş da məhz bu istiqamətdə olub. Ancaq illər sonra bu operetta yenidən səhnələşdirildi və bu dəfə tamamilə fərqli yanaşma ilə qarşılaşırıq. Yəqin ki, Elvin Mirzəyevin quruluşunda hazırlanan tamaşada uçma səhnəsini xatırlayırsınız, hər iki qəhrəman ariyaları uçaraq oxuyur.

   - Amma tamaşa heç də birmənalı qarşılanmamışdı...

   - Bu, bir yenilik idi, klassik mətnə sadiq qalmaqla ordakı xəyali görüntüləri məhz uçaraq təqdimetmə yeniliyi... Hər yenilik mütləq tənqid hədəfi olurbu da təbii qarşılanmalıdır. Xüsusilə də klassik əsərlər daha çox diqqətdə dayandığı üçün dəyişikliklərə reaksiya tez verilir. Ancaq tamaşaya diqqətlə hakim kəsilən teatrsevərlər onu daha aydın şəkildə anladılar.

   - Səhnədə uçma çətin məsələdir, kinoda kaskadyorlarlaya motaj, xüsusi effektlərlə bu məsələ öz həllini tapır...

   - Əlbəttə ki, çətin tərəfləri var idi. Hətta ilk dəfə bir qədər həyəcan oldu - görəsən, necə olacaq, alınacaqmı və s. Ancaq elə ki, iki nəfərin yardımı ilə səhnənin yüksəkliyinə qalxırdım, bu zaman məni ariyanı oxumaqdan və Gülçöhrənin yaşantılarını təqdim etməkdən başqa bir şey düşündürmürdü. Bu çətin və risklidir. Ancaq mən inanırdım ki, əgər insan peşəkardırsa və daim öz üzərində çalışırsa, o zaman istənilən səhnədə uğura nail ola bilər. Teatr yeniliyi seviraktyor teatrda baş verən yeniliklərə özünü daim hazır hiss etməlidir. Baxın görün dünya teatrlarında nə qədər çox yeniliklər olur, biz niyə bu yeniliklərdən geridə qalmalıyıq?!

   - Bizim teatrların tamaşaları da xarici səhnələrdə nümayiş olunur. Sizdə xaricdə qastrollarda olmusunuz, əcnəbilərin bizim tamaşalara münasibətləri necədir?

   - Ümumiyyətlə, əcnəbilərin sənətə, xüsusilə klassikaya münasibəti çox yüksək səviyyədədir. Mən dəfələrlə şahid olmuşam ki, bizim tamaşalar, musiqi, ümumiyyətlə, ölkəmiz yaxşı mənada dünya ölkələrində maraq doğurur. Amerikaya qastrol səfərlərinin birində əsas rolda Afaq Bəşirqızının iştirakı ilə hazırlanan səhnəciklərlə qatılmışdıq. Mən həm həmin səhnəciklərin əksəriyyətində iştirak edirdim, eyni zamanda da oxuyurdum. 24 saatlıq yoldan sonra səhnədə ifaçılıq nümayiş etdirmək və səsimdə yorqunluğun hiss olunmaması, ümumiyyətlə, səhnəyə çıxarkən özümü yorğun hiss etməməyim hamını təəccübləndirmişdi.

   - Bilirəm ki, ən yorucu günlərdə belə səhnədə hər şeyi unudursunuz...

   - Səhnə sadəcə gözəlliyi, peşəkarlığı, istedadı, bacarığı deyil, eyni zamanda məsuliyyəti də sevir. Dünya ölkələrinə tamaşalarla yanaşı, orkestrlə, kvartetlə getdiyim məqamlar da olur. Səhnəyə çıxacağımız günə hələ var, hamı şəhərin görməli yerlərinə gedir, ancaq mən özümə qapanıram, bildiklərimi yenidən təkrar edirəm və xüsusilə səsimə qulluq edirəm. Yəni, özümə qarşı olan tələbkarlığım hər yerdə özünü biruzə verir.

   - Özünüzə tələbkarlığınız mərhum atanız - rejissor Faiq Zöhrabova da xas keyfiyyət idi. Dəfələrlə onun məşqlərində iştirak etmişdimtamaşaya, aktyora qarşı necə tələbkar olduğunun şahidi olmuşdum...

   - Haqlısınız. İnanın ki, tamaşa hazırlandıqdan sonra da bəlkə bir il, iki il belə tamaşada olan hər xırda detala qarışırdı, bəzən dəyişiklik edirdi. Qrim otağına gəlirdi, "niyə başqa paltar geyindin, niyə başqa bir kəlmə dediniz", - deyə o qədər çox irad tuturdu. Amma bu iradların hər biri sənətə xidmət edirdi.

   - Neçə tamaşada birgə çalışdınız?

 

   - Təxminən 6-7 tamaşada çalışdıq, onlardan birincisi elə "Talelər qovuşanda" tamaşası idi. Bu tamaşa məni Musiqili Komediya Teatrına sıx tellərlə bağladı. Atamın dəvətilə bu tamaşada əsas rola dəvət olunmuşdum, Və bu teatrın səhnəsində ilk dəfə oynadığım bu rol mənim sənət həyatımda böyük rol oynadı.

   - Bəstəkar Rauf Hacıyevin eyniadlı operettasının motivləri əsasında çəkilən "Romeo mənim qonşumdur" filmində əsas rollarda gürcürus aktyorları çəkilib. Bu film böyük maraqla qəbul olunmuşdu. Bu baxımdan onun səhnə variantını düşünmək böyük məsuliyyət tələb edirdi...

   - Tamaşaya müraciət olunduğu zaman böyük həyəcan var idi. Xüsusilə qeyd etmək istərdim ki, Rauf Hacıyevin qızı da öncə tamaşanın belə yüksək səviyyədə alınacağına inanmırdı, yəni tərəddüdlər çox idi. Ancaq tamaşa hazırlandıqdan sonra o, böyük həyəcanla atama təşəkkür etdionu da qeyd etdi ki, mən belə gözəl tamaşa alınacağına inanmırdım. Bilirsinizmi, tamaşada iştirak edən aktyorların hamısı gənclər idi, mövzu da elə sevgi üzərində qurulduğu üçün gəncliyin enerjisi aşıb daşırdı. O qədər hərəkətli idi ki, tamaşaçı hər kiçik səhnədə belə həyəcanlanırdı, gülürdü, əylənirdi. Rejissor ilk andan yaradıcı heyətə dedi ki, mən tamaşada şit heç bir şey istəmirəm, səviyyəli tamaşa hazırlamalıyıq. Doğrudan da səviyyəli tamaşa alındı və etiraf edək ki, bizim belə tamaşalar çox ehtiyacımız var.

   - İllər keçir, vaxtilə gənc qız rollarında səhnəyə çıxan aktrisalar zaman keçdikcə ana obrazlarını yaradırlar. Siz də anasınız, ancaq deyəsən, hələ ana obrazları oynamaq fikrindən çox-çox uzaqsınız...

   - Allah eləsin ki, elə həmişə də gənc qız obrazları yaradım (Gülür)... Əslində gənc qalmağı arzulamaq təbii haldır və uzun müddət də gənc görünüşü saxlamaq mümkündür. Nə qədər ki, aktrisanın, aktyorun görünüşü imkan verirsə, bir o qədər də gənc obrazlarda səhnəyə çıxa bilər. Mənim görünüşüm səhnəyə əsas gənc qəhrəmanları oynamağa imkan verir.

   - Solo konsertlər verirsiniz, səhnədə obrazlar yaradırsınız, hər ikisi özündə sənəti birləşdirir, bununla belə, aktrisalıqla ifaçılıq bir-birinə mane olurmu?

   - Əksinə bir birinə kömək edirqeyd etdiyiniz kimi, hər ikisi özündə sənəti birləşdirir.

   - Belə olubmu ki, bunlardan birinə üstünlük vermək seçimi qarşısında qalasınız?

   - Seçim qarşısında qalmamışam, sənətin sehri məni hər ikisinə birləşdirib. Solo ifaçılığa gəlincə daima dünya ölkələrində solo konsertlərim olurkonsert proqramlarım yüksək səviyyədə qarşılanır.

   - Adətən vokal ifaçılarını Opera səhnəsində görməyə alışmışıq və səs imkanlarınızla Siz Opera səhnəsində də böyük uğurlara imza ata bilərdiniz...

   - OperaBalet Teatrı, onun səhnəsində hazırlanan operalar, baletlər daim sənətsevərlərin diqqətində dayanır və mən də bu teatrı çox sevirəm. Orada yüksək səsə malik ifaçılar var və onların hər biri ilə eyni səhnəni paylaşdığım məqamlar olur. Ancaq tale elə gətirdi ki, mən Musiqili Teatrda çalışdım və illərdir bu teatrın səhnəsində oynadığım rolların hər biri mənim sənət uğurlarımdır, bu teatra çox bağlanmışam.

   - Amma bir vaxtlar heç ağlınıza belə gəlməzdi ki, Musiqili Komediya Teatrında çalışacaqsınız?

   - Doğrudur, nə deyim, həyat qəribəliklərlə, təsadüflərlə doludur. Hər an hər şey ola bilır. Əslində qismətimizə necə yazılıbsa, elə də olacaq, önəmli olanı xeyirli, düşərli olmasıdır.

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 11-13 oktyabr.- S.19.