"Azərbaycan teatrı
reanimasiyadadı"
Rövşən
Almuradlı: "Direktor getsin, təsərrüfat işi ilə
məşğul olsun, onun tamaşa hazırlığı ilə
nə işi var?!"
Rövşən Almuradlı Azərbaycanın tanınmış, sanballı rejissorlarındandı. Bu sadə, təvazökar, professional insan Azərbaycan teatrının, kinosunun, kino sənətinin inkişafı üçün əlindən gələni edib, bu gün də edir. Özünün dediyi kimi, rejissorluqla döyüşüb söz deməyi bacarır. Ona gec-gec tamaşalar versələr də, səhnəyə çılğın etirazlar üzərində qurulan tamaşalar qoya bilib. Tamaşaçıların zalda ayaq üstə alqış nidaları ilə onun rejissoru olduğu tamaşaya əl çalmalarını ən böyük xoşbəxtlik sayır...
Rejissorla böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində görüşüb söhbətləşdik. Rövşən müəllim bizə bu günə kimi keçdiyi aktyorluq, rejissorluq yolundan danışdı. Eləcə də, Azərbaycan teatrının bu, günkü vəziyyəti barədə fikirlərini bölüşdü, onu narahat edən məsələləri dilə gətirdi.
-
Rövşən müəllim, necə oldu ki, rejissor oldunuz?
- Mən fəaliyyətə aktyor
kimi başlamışam. Çox qəribədi.
Hərə bir cür sənətə gəlir.
Özün də bilmirsən. Bir də ayılıb görürsən ki, sən
bu sənətə vurulmusan, onun içindəsən. Kimisi yaxşı tamaşaçıya, dəyərli
bir ziyalıya çevrilir. Əlaqəli
sahələrə gedir, işləyir. Lakin
mən istədim ki, bu sənətin içində qalım.
Sumqayıtda böyümüşəm. Bakıda doğulmuşam. O vaxt bütün mədəniyyət
evlərində, məktəblərdə dram dərnəkləri
var idi. Onlar bir-biri ilə
yarışırdılar. Mən belə dərnəklərdən
birinə getdim. Bir də ayıldım ki,
sənədlərimi İncəsənət İnstitutuna
vermişəm. Dram və kino aktyorluğu
fakültəsinə qəbul olundum. Ələmdar
Quluzadənin kursunda oxumalı oldum. Təbii
ki, Ələmdar Quluzadə ilkin əlifbada, ilkin addımlarda əlimdən
tutdu. İkinci kursdan sonra Ədil İsgəndərov
Tədris Teatrında "Xanlar" tamaşası
hazırlayırdı. Orda mən Muxtar bəyi
-ikinci əsas rolu oynadım. Və beləliklə, hər
gün Ədil İsgəndərovu evinə ötürəsi
oldum...
Mən aktyorluğa
gedəndə, artıq bilirdim ki, rejissor yetişməliyəm.
Amma ilkin pillə kimi mütləq aktyorluqdan
başlamalıydım. Çünki
bütün dəyərli, tanınmış rejissorlar
hamısı belə başlamışdılar. 1976-cı ildə bizim təyinatımızı
müxtəlif teatrlara verdilər. Mən təyinatımı
Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrına aldım. Bu teatr hələ fəaliyyətə
başlamamışdı. Teatrın
baş rejissoru Vaqif Abbasov idi. O, Moskva Teatr İnstitutunun
rejissorluq fakültəsini bitirib gəlmişdi. Yeni qüvvələri ora yığırdı.
Bu teatr fəaliyyətə başladı və az
bir müddətdə respublikada, respublikadan kənarda
tanındı. İlk açılışda- 1976-cı il iyun ayının 2-də mən artıq
tamaşada oynayırdım...
Üç tamaşa
idi. Sabit Rəhmanın "Nişanlı
qız" tamaşasında epizodik bir rol oynadım. Bir
kəlmə söz dedim orda. "Hacı Qara"da Xəlil
yüzbaşı, "Komsomol" poemasında
Hüseynağa Atakişiyevlə bərabər mən də Bəxtiyarı
oynadım...
Şəki Teatrı
böyük bir laboratoriya idi. Böyük
bir məktəb idi. Ordan çoxlu
tanınmış aktyorlar, sənət adamları
çıxıb. Mənim orda ən
böyük işim Şekspirin "Kral Lir"i oldu. Kral Liri 23 yaşında oynadım. Dünya teatr tarixində 23 yaşlı aktyor
heç vaxt Kral Liri oynamayıb.
Aktyorun ürəyi
oynanılmayan rolların qəbiristanlığıdı,
deyirlər. Yəni, mən Romeonu oynamaq
istiyərdimsə, indi bu yaşda artıq oynaya bilmərəm.
Zaman keçdi. O, artıq mənim
üçün ölüdü. Minlərlə
obrazlar var. Bunların hamısını oynamağa
ömür çatmaz. Amma kiminsə qismətinə nəsə
düşür...
- Bəs aktyorluğun dalınca niyə
düşmədiniz? Bir aktyor kimi
sözünüzü deyə bilməməkdən qorxdunuz?
- Bu, izah olunmaz bir şeydi. Rejissura teatrda, kinoda da liderdi. Hər
şeyi qursun, yaratsın, istiqamətverici, türklər
demişkən, yönəltmən olsun. Bu
məni özünə cəlb edirdi. Bu, bəlkə də
bir uşaqlıq həvəsiydi, ordan gəlirdi...
Əsgərlikdən
qayıdandan sonra Sumqayıt Dram Teatrında işləməyə
başladım. Mənim taleyimdə ən
maraqlısı odur ki, mən çox rejissorlarla işləmişəm.
Ədil İsgəndərov, Vaqif Abbasov, Cənnət Səlimova,
Mərahim Fərzəlibəyov, Oruc Qurbanov... Onlarla
birgə tamaşa da hazırladıq. Tamaşalarında
aktyor kimi də oynadım. Bunlar
hamısı bir təcrübə idi. Sonra
1984-cü ildə Moskvada SSRİ Mədəniyyət
Nazirliyinin nəzdində Ali Rejissorluq Kursuna qəbul olundum.
- Yeri gəlmişkən,
Sumqayıt Dram Teatrı yaddaşınızda necə
qalıb?
- Orda Hüseyn Cavidin "Afət"
tamaşası hazırlandı. Mən o
tamaşada ikinci rejissor idim. Həm də
Özdəmiri oynayırdım.
Rejissorluğa getməkdən
ötrü mütləq afişa lazım idi. Hazırladığım tamaşa lazım idi ki, təqdim
edəm. O tamaşa haqqında rəylər lazım idi. Mən burda Abdulla Şaiqin "Bir saatlıq xəlifə",
Əkrəm Əylislinin "Vəzifə"
tamaşalarını hazırladım. Professional
rejissor kimi bu mənim ilk işlərim idi. Moskvada mənim müəllimim SSRİ xalq artisti
Valentin Nikolayeviç Pluçek oldu. O, 35 il
idi Satira Teatrının baş rejissoru idi. Andrey Mironov, Mixail
Derjavin, Boris Kumaritov və başqa məşhur aktyorları
yetişdirən böyük bir sənətkardı.
- O rejissorluq kursunda nəsə
xüsusi bir şey öyrənə bildinizmi?
- Təbii, öyrənə bildim. Öyrənə bilməsəydim, bu işlə məşğul
olmazdım. Mən orda bir çox
tamaşalarda Satira Teatrında təcrübə keçirdim.
İkinci rejissor, rejissor assistenti oldum, gündəlik
olaraq imtahan verirdim. Həm nəzəri, həm
təcrübi tərəfdən hazırlaşırdım.
1987-ci ildə Sumqayıt Dram Teatrına rejissor
kimi qayıtdım. İlk
tamaşalarım Nazim Hikmətin "Bayramın birinci
günü", ardınca Mövlud Süleymanlının
"Dəyirman" tamaşası oldu. Bu
tamaşalar çılğın, etirazla dolu tamaşalar idi.
Müəllimlərimin öyrətdiyinə
görə, teatr həmişə cəmiyyətlə
müxalif mövqedə durmalıdı. Əgər
bu ziddiyyət yaranmasa, onun yaşamaq, mövcud olmaq imkanı
çox azdı. Bu tamaşalardan sonra mən
çox sıxışdırıldım. Vaqif Əlixanov Mədəniyyət Nazirliyində
şöbə müdiri idi. Onun köməyi
ilə mən burdan, demək olar ki, qaçırıldım.
Mingəçevir Dram Teatrının baş
rejissoru təyin olundum. Orda da dinc
durmadım. 1988-ci ildə Yusif Səmədoğlunun
"Qətl günü" əsərini hazırladım.
1989-cu ildə təsadüfən Mövlud
Süleymanlı balaca bir hekayəsini "Debüt"
studiyasına vermişdi. Onlar qəbul eləmişdi.
Mövlud mənə bələd idi. Dedi
ki, bəlkə özünü bir kinoda da sınayasan. "Hücum" filimi 1989-cu ildə çəkildi.
Çox müvəffəqiyyətli oldu. Kiyev Beynəlxalq Gənc Kinematoqrafçılar
Festivalında dəyərləndirildi. 1990-cı il hadisələri olanda, artıq Mingəçevirdə
qalmaq mümkün deyildi. Ailə burda, mən orda... Və
müxtəlif səbəblər... Həm də məndə
hadisələrin içində olmaq istəyi var idi...
Yanvarın 20-də mən
Sumqayıtdan Bakıya piyada getdim. Çiynimdə lent
apardım operatorlara. Başımın
üstündən güllələr uça-uça o lentləri
operatorlara çatdırdım. Onlar da 4 gün
yatmayıb çəkdilər...
Sonra elə oldu ki,
bir müddət işsiz qaldım. Qarışıq
zaman idi. 1992-ci ildə sənədlərimi
Telestudiyaya verdim. Məmməd
İsmayıl sədr idi. Məni
"Telefilm"ə qəbul etdilər. Sənədli
filmlər çəkdim. 14-ə qədər
sənədli filmim var. 4 film-tamaşa, 4 bədii televiziya
filmi, 2 film-dastan çəkdim. 1993-cü
ildə "Bəri bax" studiyasında rəhmətlik
Şahmar Ələkbərov "Yük" filmini çəkməliydi.
Ssenarinin ilk variantını yazmışdı.
O, rəhmətə getdi, filmi mən çəkəsi oldum.
Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev... Lirik-fəlsəfi bir filmdi. Bu
filim 1996-cı ildə Berlin Festivalında oldu. 11
kinofestival bizi dəvət etdi...
Şekspirin
"Kleopatra"sını, Cəlil Məmmədquluzadənin
"Anamın kitabı"nı
hazırladım. "Şəkilçi və şəkilçi",
"Yaz yuxusunun işığı", "Qayalarda qalan səs",
"Koroğlu", "Abbas və Gülgəz"
film-dastanlarını çəkdim. 2005-ci ildə
Elçin Şıxlıdan mənə belə bir təklif gəldi
ki, İsmayıl Şıxlının bir əsəri
tapılıb. Öz hekayələri əsasında
səhnələşdirib. Nazirlik qəbul
edib. Bunu mənim
hazırlamağımı istədi. İsmayıl
Şıxlı Azərbaycan ədəbiyyatının
görkəmli yazarlarından biri, dəyərli söz sahiblərindəndi.
Mənim dostum Aydın Hilaloğlunun dediyi kimi,
şəxsiyyəti, yaradıcılığı və əxlaqı
üst-üstə düşən, hətta fiziki gücü
üst-üstə düşən az-az
yazıçılardandı. Mən onun
haqqında bir sənədli film işlədim -
"Şıx ocağının işığı".
Elçin bəy bilirdi ki, mən İsmayıl
Şıxlı yaradıcılığına yaxşı bələdəm
və duyuram. Mən onun vurğunuyam... "Ölən
dünyam" romanı, mən belə hesab edirəm ki, Azərbaycan
milliliyində üç roman adı çəkmək
mümkünsə, biri bu romanın adı çəkilməlidi.
Bu, qeyri-adi, böyük, gözəl bir
romandı. Həm dil, həm hadisələr,
həm reallıq, həm də obrazların bitkinliyinə
görə. "Dəli kür"də əgər
bir Cahandar ağa varsa, burda beşi var. Ömər koxası,
Güllü arvadı, Kəlbi dayısı var. Bunlar
hamısı elə Cahandar ağalardı.
Mən Akademik Milli
Teatrda İsmayıl Şıxlının "Ölüləri
qəbiristanlıqda basdırın" əsəri əsasında
o tamaşanı hazırladım.
2005-ci ildə Akademik
Milli Dram Teatrına qayıtdım. Altı
ildən sonra -2011-ci ildə ikinci tamaşanı aldım.
Mənim taleyim elə gətirib ki, heç bir tamaşanı
mənə tez-tez vermirlər....
- "Mənə səhnə
verin, tamaşa qoymaq istəyirəm" ifadəniz də,
görünür, burdan qaynaqlanıb...
- Onu əvvəllər deyirdim. İndi heç nə istəmirəm. Azərbaycan teatrı reanimasiyadadı. Yeganə bir sərəncamla onu düzəltmək
mümkündü. Bu sərəncam nədən ibarətdir:
Azərbaycan teatrında rejissorun səlahiyyətini
özünə qaytarın. Rejissorun səlahiyyəti
yoxdu. Baş həkimin xəstəxanada səlahiyyəti
yoxdu. Məşqçinin kiminsə pul
qoyub aldığı və direktoru olduğu bir futbol
komandasında səlahiyyəti yoxdu. Bax, buna oxşar bir
şeydi...
- "Peşəkar
rjissorlar var, amma çox deyil" -bu fikrinizdə də
qalırsınız?
- Rejissorlar, ümumiyyətlə,
heç vaxt çox olmur. Bu, təklərin sənətidi.
Mənim müəllimim deyirdi ki,
"Rövşən, gedəcəksən teatra işləməyə,
əlli yaşından sonra biləcəksən ki, rejissura nədi".
Mən də gülürdüm ki, 33
yaşım var, necə yəni mən heç nə bilmirəm?
Mən gör nələr eləyəcəyəm... Sonra başa düşdüm ki, müəllimim
doğru deyirmiş. Rejissura uzun illərin
təcrübəsi, elmi kökü, elmi bazanı yarada-yarada gəlir.
Son 10-15 ildə isə nəsə yarada bilirsə,
bilir. Az-az dahilər olur ki, Allahın bir vergisidir ki,
vaxtında nəsə eləyə bilir...
- Bəs "rejissor səhv edə
bilər, amma günah işlətməyə haqqı
yoxdur" ifadənizi necə başa düşək?
- Rejissor səhv eləyə bilər.
Tutaq ki, rol bölgüsü- bu, ən vacib məsələlərdən
biridi. Və yaxud da ki, cəmiyyətdə
bir mövqeyində səhv eləyə bilər. Günahı ondadı ki, bilir ki, bu səhvi bir
gündə edir. Mənim babamın bir sözü var:
"Əclaf o adam deyil ki, əclaflıq
edir. Əclaf o admdı ki, bilir ki, bu əclaflıqdı,
gedir onu eləyir". Bax günah o deməkdi.
- Teatrın tənəzzülünün
sizi çox narahat etdiyini vurğulayırsınız...
- Bütün sahələrdə
olduğu kimi, enmənin bir qalxmağı var. Bizdən min qat
daha böyük şəxsiyyətlər, sənətçilər
gələcək. Bu millət minilliklərlə kimləri
yaradıb... Biz sadəcə olaraq
gücümüz nəyə çatırsa, onu edərik.
Sovetlər dövründə Azərbaycan
teatrının ölümünü istəyirdilər. Bu, Sovet ideologiyası idi. Amma
ümumi bir qazanın içində olduğumuz
üçün rus-eməni-gürcü üçün
başqa, bizə başqa cür edə bilmirdilər. Amma müəyyən qədər edirdilər. Onların xaricə çıxışı olurdu,
bizim yox. Tofiq Kazımovdan sonra
rejissorların Azərbaycan teatrına rəhbərliyi
götürüldü. Azərbaycan
teatrında rejissorun səlahiyyəti olmadı. Rejissor repertuar siyasəti
formalaşdırmalıdı. Truppanı o
formalaşdırmalıdı. Yaradıcı
istiqaməti o təyin eləməlidi. Əgər bu
iş rejissorun əlindən alınırsa, onda hansı
rejissorlar meydana gəlirlər? Əl dovşanları! Yem verib çağıran kimi qulaqların şəkləyə-şəkləyə,
quyruğunu bulaya-bulaya gəlir durur qabaqda. Direktor getsin, təsərrüfat işi ilə məşğul
olsun. Tamaşalara biletin satışı,
reklamı ilə məşğul olsun. Onun tamaşa
hazırlığı ilə nə işi var?!.
(davamı növbəti sayımızda)
Namiq
MƏMMƏDLİ
Ekspress.-2014.- 17 oktyabr.- S.15.