"Mən dəvəsi ölmüş ərəbəm, dözərəm..."
Qəndab Quliyeva: "Düşmənlərim
çox olanda, bir az da
fəallaşıram, cavanlaşıram"
Nadir sənətkarlar var ki, illərlə gözdən uzaq olsalar belə, könüllərdən iraq düşmürlər. Əksinə, tamaşaçı onları daha həsrətlə gözləyir. Təbii ki, bu özü-özlüyündə böyük xoşbəxtlikdir. Milyonların sevgisini qazanmaq, sevilmək və illərlə bu sevgini itirməmək... Bu fikirləri tanınmış xanəndə, respublikanın xalq artisti Qəndab Quliyevaya şamil etmək lap yerinə düşür.
Sənətkar "publika.az"a müsahibəsində uzun illər efirlərdən uzaq düşməsindən, ona qarşı olunan haqsızlıqlardan danışıb. Özü də adlarla...
- Qəndab xanım, bəzi istisnaları çıxmaq şərti ilə nə efirlərdə varsınız, nə müsahibə verirsiniz. Sizi efirə çağırmırlar, yoxsa dəvətləri qəbul etmirsiniz?
- Olunan dəvəti məmnuniyyətlə qəbul edirəm. Dəvət olunmadığım halda kiminsə qapısını döymək mənlik deyil. Efirlərə dəvət olunmuram. Bu yaxınlarda ANS-də "Evdəyik" verilişində qonaq oldum. Suallara cavab verdim, bir mahnı da oxudum.
- Həmin verilişdən sonra bir anlaşılmazlıq olmuşdu. Hətta bəziləri elə bilmişdilər ki, siz sənətdən uzaqlaşıb toxuculuqla məşğul olursunuz...
- Cavanlıq illərində Toxuculuq Kombinatında həm işləmişəm, həm də oxumuşam. Verilişdə təqaüddən söhbət düşdü. Soruşdular, nə qədər alırsan? Cavab verdim ki, 150 manat alıram. Ardınca dedilər ki, cənab prezident xalq artistlərinə ayda min manat pul verir, sizin bəsinizdir. Əvvəla, bunlar tam fərqli şeylərdir. Həmin min manat bizim əməyimizə verilən qiymətdir. 1973-cü ildən indiyə kimi işləmişəm, 150 manat pul verirlər. Bəlkə, heç prezident təqaüdü almayaydım, əl açıb dilənməliydim?
- Toylara gedirsiniz?
- Toylara gedirəm. Elə bu ayın 18-də Buzovnada toydayam. Özü də kişi toyudur. Şükür, birtəhər dolanırıq da. Olanımız budur...
- Qəndab xanım, necə oldu ki, birdən-birə sənətkarların böyük qismi səhnədən, sənətdən uzaq düşdü?
- Səsi işləməyən, səhhətində problem olan, qocalan, əldən düşən kənara çəkilə bilər. Allaha şükür, səsim də əladır, səhhətim də əladır, bu dəqiqə canlı da oxuya bilərəm. Çağırmırlar da, indi cavanlar gündəmdədir, nə deyək? Durub nəsə desəm, deyəcəklər ki, paxıllıq edir. Ona görə də biz öyrəşmişik, yaxşıya pis, pisə yaxşı deyək. Kənardan baxıb deyirəm ki, kim nə edir, etsin.
- Hazırda sənət yoldaşlarınızdan, tay-tuşlarınızdan kimlərlə əlaqələriniz var?
- Xalq artistləri Ağaxan Abdullayevlə, Ağasəlim Abdullayevlə, Möhlət Müslümovla tez-tez danışırıq. Dünən zəng edib Firuz Əliyevi təbrik etmişəm. Cənab prezident sağ olsun, Firuza ev vermişdi.
Səkinə
İsmayılovanı bayramlarda təbrik
edirəm. Bütün bayramlarda Arif Babayevi yada salıram,
təbrik edirəm.
Onlar etsələr də,
etməsələr də,
mən diqqət göstərirəm. Məsəl var,
deyir, böyüklüyümü
göstərirəm. Düzdür, özümü onlardan böyük hesab etməsəm də, hamısını sayıram.
Kim sayır-saymır, özü bilər, Allahı bilər.
- Bildiyimə görə, Mədəniyyət
və İncəsənət
Universitetində işləyirdiniz.
Hazırda pedaqoji fəaliyyətlə
məşğul olursunuzmu?
- Mədəniyyət
və İncəsənət
Universitetində dərs
deyirdim. Bu ildən rektor Fərəh Əliyeva bildirdi ki, dərs saatı,
tələbələr azdır,
bu il
az uşaq qəbul olunub. Mənim də bir tələbəm var idi, o da
bu il
məzun oldu. Dərs saatı adı ilə çox adam
kənarlaşdırıldı, bəzilərinin də məvacibləri azaldıldı.
- Yəqin, işinizi itirməyiniz maddi durumunuza təsirsiz ötüşməz...
- Biz sənətkarıq
da. Ağacın da dibinə
su tökməyəndə,
gündən-günə zəifləyir,
quruyur. Sənətkar da sənətdən
ayrı düşəndə,
pis olur. Əlibaba müəllimin 85 yaşı
var, yenə sənətdədir. Buna çox sevinirəm.
Amma həyatda çox mübariz qadınam.
Düşmənlərim çox
olanda, bir az da fəallaşıram, daha da cavanlaşıram. Düşmənimin qarşısında əyilmək istəmirəm.
- İndi
gənc ifaçıların
qalmaqalları yaşlı
sənətkarlar tərəfindən
qınanılır. Doğrudanmı sizin gənclik illərinizdə hər şey əla idi, hamı bir-biri ilə rahat yola gedirdi?
- Vallah, bizim dövrümüzdə
bundan da pis idi...
- Məsələn,
nələr baş verirdi?
- Biz yazıq cavanların yaxasından tutmuşuq, buraxmırıq.
Lap dünyasını dəyişənlərdən götürək.
Guya Sara Qədimovayla Şövkət
Ələkbərova, Tükəzban
İsmayılova bir-biri
ilə rəfiqə olublar? Hamısı bir-biri ilə
intriqa aparıblar.
Belə şeylər olub, var, olacaq da.
- Amma həmin söz-söhbətlər,
umu-küsülər bu
qədər ictimailəşmirdi...
- Sadəcə,
elə şeyləri efirdə göstərmirdilər.
Bir də, həmin intriqalar daha abırlı olurdu. Öz aralarında küsülü
də qalırdılar,
barışırdılar da.
Amma efirə çıxıb
şou göstərmirdilər.
- Yəqin ki, sizin də
yola getmədiyiniz həmkarlarınız olub...
- Əlbəttə,
olub. Tamaşalarda bir-birimizlə anlaşılmazlıqlarımız,
intriqalarımız olub.
- Konkret kimlərlə?
- Canəli Əkbərov, Arif Babayev, Mənsum İbrahimov, Mələkxanım
Əyyubova ilə intriqalarımız olub. İndi olur da, ana
ilə balanın da sözü çəp gəlir.
Amma hər şey öz aramızda olub, efirə çıxarmamışıq. Mən heç kimlə küsülü qala bilmirəm. Nə olursa da, tez barışmağa çalışıram. Küsülü qalmağı da heç kimə məsləhət bilmirəm.
İnsanın qəlbində kin oldusa, daxildən özünü yeyir.
Ailədə də anlaşılmazlıqlar
olur. Gərək ucuzluğa getməyəsən.
Hər şeyin yaxşı tərəfini görmək
lazımdır. Mənim qəlbim
təmizdir, ruhum, ürəyim cavandır.
Ona görə həmişə
deyirlər ki, çox cavan görünürsən, yaş
vermək olmur.
- Neçə
yaşınız var ki?
- 64 yaşım
var, amma heç kim
öz yaşımı
vermir...
- Gənc ifaçıları dinləyirsinizmi?
- Hamısına
qulaq asıram. Heç birini fərqləndirmirəm.
Deyir, hər gülün öz ətri var. Əgər o, yaxşı
oxumasa, oxuya bilməsə, onu efirə niyə çıxarırlar?
- Son illər bir neçə muğam müsabiqəsi keçirilib. Amma heç birində
münsiflər heyətində
təmsil olunmamısınız.
Bu məsələdə də sizə qarşı diqqətsizlik
var, yoxsa münsiflik kimi ağır məsuliyyətin
altına girmək istəməmisiniz?
- Əlbəttə,
mənə qarşı
diqqətsizlik var. O müsabiqələrin
münsiflər heyətini
ölkənin rəhbərliyi
seçmir ki?! Kimin kiminlə arası yaxşıdırsa, onu da münsif edirlər. Münsiflər heyətini də
dostluqla, qohumluqla, yerlibazlıqla seçirlər.
Onlar artıq öz yerlərini tutublar. Canəli Əkbərov çox istədi ki, münsiflər heyətində
təmsil olunsun, onu da yaxın
buraxmadılar. Mən də
istərdim ki, orada olum, həm
gənc xanəndələrə
məsləhətlərimi verim, həm də ayda 1500-2000 manat pul qazanım.
Oradakı jürilərə 1500-2000 manat pul verirlər.
Kim gəlirindən qalmaq istəyər ki? Dəvət etmirlər, etməsinlər
də... Mən dəvəsi ölmüş
ərəbəm, dözərəm.
- Sizcə, münsiflər düzgün
qiymət verir, yoxsa kimlərisə haqsız olaraq sıxışdırırlar?
- Əlbəttə,
sıxışdırırlar. Hərə öz tələbəsinə
yaxşı qiymət
verir. Siz jurnalistsiniz və
bunları məndən
də yaxşı bilirsiniz. Sadəcə, mənim dilimdən
eşitmək istəyirsiniz.
- Hər halda, siz sənətkarsınız
və fikirləriniz önəmlidir.
- Mən heç kimdən qorxmuram, çəkinmirəm
və sözümü
də deyirəm. Bəli, hamı öz tələbəsinə qiymət
verir. Qıraqdan gələn bədbəxt
də qıraqda qalır.
- Sizin tələbələrdən həmin
müsabiqələrdə iştirak
edənlər olub?
- (Gülür)
Mənim tələbəmi
heç ora yaxın qoymayıblar.
Bir tələbəm var, adı Valehdir. O oxuyanda, Yaqub Məmmədov yada düşür. Universitetdə tələbəm idi. Fərəh xanım sağ olsun, məni işdən çıxartmaqla
böyük iş gördü, Qarabağı
geri qaytardı... İstəyirdim ki, heç olmasa, o uşağı axıradək
mən yetişdirim...
Kim pislik
edirsə, özünə
edir. İnsan gərək yaxşılıq
eləsin ki, qarşısına yaxşılıq
çıxsın, Allaha
xoş getsin. Allaha naxoş
gedən iş görən insan Allah qarşısında cavab verəcək.
- Unudulmaqdan qorxursunuz?
- Hərdən
Yaqub Məmmədovun,
Hacıbaba Hüseynovun,
Hacı Mailin, Əlibaba Məmmədovun
yubileylərində oxuduqlarımı
efirə verirlər. Hər yerdən mənə zənglər gəlir.
Halbuki, 15-20 ilin lent yazılarıdır. Mən elə
Qəndabam, Qəndab kimi gəlmişəm, Qəndab kimi də gedəcəyəm.
Bu yaxınlarda bir nəfər məni toya çağırdı. Soruşdum ki,
kimlər olacaq. Dedi ki, filankəslər.
Dedim, istəyirsən
virtuoz, ən öndə gedən oxuyanınız gəlsin bura, mikrofonsuz oxuyaq.
- Kimlər idi?
- Adlarını demək istəmirəm. Onsuz da, başım bəlalıdır. Baxın, sözümü necə səhv başa düşüblər. Guya mən toxucu işləyirəm. Bir gün sizi də götürüb aparacağam vaxtilə işlədiyim toxuculuq kombinatına... O vaxt gəldim həm Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdim, həm də pul qazandım. Toxuculuğa cavan qızlar lazımdır. Mən müəlliməm, kim savadlanmaq istəyirsə, gəlsin yanıma. Məni xalq çox istəyir, kim nə deyir-desin...
Ekspress.-2014.- 17 oktyabr.- S.23.