"Mən döyüşmək istəyirəm"
Rövşən Almuradlı: "Teatra
xaricdən rejissor dəvət olunmasına ehtiyac görmürəm"
Rövşən Almuradlı Azərbaycanın tanınmış, sanballı rejissorlarındandı. Bu sadə, təvazökar, professional insan Azərbaycan teatrının, kinosunun, kino sənətinin inkişafı üçün əlindən gələni edib, bu gün də edir. Özünün dediyi kimi, rejissorluqla döyüşüb söz deməyi bacarır. Ona gec-gec tamaşalar versələr də, səhnəyə çılğın etirazlar üzərində qurulan tamaşalar qoya bilib. Tamaşaçıların zalda ayaq üstə alqış nidaları ilə onun rejissoru olduğu tamaşaya əl çalmalarını ən böyük xoşbəxtlik sayır...
Rejissorla böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində görüşüb söhbətləşdik. Rövşən müəllim bizə bu günə kimi keçdiyi aktyorluq, rejissorluq yolundan danışdı. Eləcə də, Azərbaycan teatrının bu günkü vəziyyəti barədə fikirlərini bölüşdü, onu narahat edən məsələləri dilə gətirdi.
- Hazırda hansı əsəri tamaşaya qoymaq istərdiniz?
- Ara dövrdə mən Bələdiyyə Teatrında üç tamaşa hazırladım: "Bəylik dərsi", "Qaravəlli" və "Mürafiə vəkilləri".
Qoymaq istədiyim çox tamaşalar var. Məsələn, mən Hüseyn Cavidin "İblis"ini hazırlamaq istəyirdim. O şeyləri ki danışacaqdım, onları "İblis"də demək imkanım var idi. Bu hadisələr artıq oldu. Amma davam da edir. Bu əsər 1914-cü ildə baş verən hadisələrin içindədi. Osmanlı İmperiyası dağılır. Nə qədər imperialist dövlətlər hücum edir... Hətta İstanbulun alınması söhbəti də var orda. Çanaqqala döyüşü və s. İblisin də ətrafı Türkə qarşı böyük bir təcavüzə başlayıb. O da gəlib özünü göstərir... Mən ona bir az gecikmişəm artıq...
- Nəyə görə o fikirdəsiniz ki, sizə tamaşa verməyəcəklər?
- Bunu onlardan soruşmaq lazımdı. Bu, teatrın direktorunun da günahı deyil. Yəqin ki, bu məsələ yaxın vaxtlarda həll olunacaq. Nazirimiz Əbülfəs Qarayevlə görüşdüm. Konstruktiv söhbətimiz oldu. Mən belə hesab edirəm ki, bu məsələ düzələcək. Əsas Azərbaycan teatrının düzəlməsidi...
- Səhhətinizlə də bağlı problemləriniz var, deyəsən...
- Səhhətim inci normaldı. İnsandı da... Bir gün yaranıb, bir gün də öləcək. Yaş da özünü göstərir. Ürəyim də infarkt idi. O da keçdi getdi. Həkim nəzarətindəyəm. Teatr bu gün döyüşməlidi. Əgər döyüşmürsə, söz demirsə, tamaşaçı ilə çiyin-çiyinə durmursa, o teatrın yaşaması mümkün deyil.
Dəniz tısbağaları sahildə
milyonlarla yumurta qoyur. O yumurtaların yarısı qumun
içində xarab olur.
Qalan yarım milyonun
yarısını tülkü və digər
heyvanlar yeyirlər. Yumurtadan
balalar təzə-təzə
çıxanda isə qağayılar hücum
edir ora. Dənizə
1 milyondan ancaq 10 mini çatır. Onun 9 minini də çata-çatda
iri balıqlar yeyirlər. Dəniz
tısbağaları böyük olurlar. Onlar üç yüz il yaşayırlar. Onların böyüməsindən
ötrü on il vaxt lazımdı. Bundan sonra onlara toxunmaq mümkün olmur. Bir milyondan 10-15-i qalır, ya qalmır. Bax, rejissura belədi. Ələnə-ələnə gəlib gedir.
Və bütün ömrü yaşayır,
sonda da deyir ki, mən
rejissor deyiləm!
- Xaricdən ölkəmizə rejissorlar
dəvət olunur. Ehtiyac varmı onlara?
- Hə, xaricdən rejissor çağırırlar. Amma mənim anlamıma görə, ehtiyac yoxdu. Teatr bütün incəsənətin növlərindən fərqli olaraq zaman və məkan çərçivəsindədi. Teatr nə dünəndi, nə sabahdı. O, bu gündü. Hətta eyni tamaşanı həmin aktyorlar dünən də oynayırlar. Amma başqa bir əhval-ruhiyyədə. Cəmiyyətdə, ola bilsin, elə bir dəyişiklik olub ki, ağla gəlməyən bir cümlə bomba kimi partlasın o tamaşada. Sabah da deyil teatr. Çünki canlıdı, gözünün qabağında bu gün oynanılır. Teatr kəpənək ömrü yaşayır. Bu günü yaşadığına görə bu millətin dərdi ilə çiyin-çiyinə yaşamağı bacarmalıdı. Xaricdən gələn rejissor gəlib burda ancaq öz məharətini, texniki imkanlarını göstərə bilər. Təsəvvür edin ki, mən burda Molyerdən nəsə hazırlayıram. Fransız əsərini, fransız həyatını, əxlaqını, problemlərini açmaq istəyirəm. Orda gedən hadisələrin bu gün Azərbaycanda gedən hadisələrlə paralelliyi varsa, bu lap maraqlıdı. Mən bunu fransızlar üçün hazırladım. Aparıb orda oynasam, fransızlar qəbul etməyəcək. Çünki mən nə qədər yaxşı hazırlasam da, fransızlar üçün hazırlanan tamaşalardan yaxşı hazırlaya bilməyəcəyəm. Teatr ədəbi əsərin daşıyıcısı deyil. Onun təbliğatı ilə məşğul olan məkan, təşkilat deyil. Teatr ədəbi əsərdən istifadə edib bu gün döyüşən, söz deyən, yeni yaradıcı istiqamətlər gətirən bir məkandı. Ona görə mən hesab edirəm ki, xaricdən çağırılan rejissoru ancaq incəsənət institutları, aktyor kurslarına dəvət edərək müəyyən iş prosesini öyrənmək olar...
- Bir az da aktyorlarla iş yöntəminizdən danışardınız...
- Aktyorla iş prosesi elə mühüm bir işdi ki, sadəcə, "mən bunu görürəm" demək bəsit bir şeydi. Teatr sevgi üzərində qurulur. Kin və küdurət üzərində heç vaxt teatr yarada bilməzsən. Nətəhər ola bilər ki, sənin rənglərin iyindən zəhlən gedə və rəngkarlıqla məşğul olasan? Səsdən zəhlən gedə, bəstəkar olasan? Rejissuranın böyük kriteriyaları var. Bilməlisən ki, nəyə və hansı kriteriyalara görə aktyora rol bölgüsündə üstünlük verirsən...
- Bəs bu gün Azərbaycanda serial çəkilişinə necə baxırsınız?
- Bütün seriallarda hamı
"CİP"-lərdə gəzir, villalarda yaşayır. Bir-birinə
pul atır... O bunun var-dövlətini ələ keçirmək
istəyir, bu onun qızını almaq istəyir... Qabaq hind filimləri göstərirdilər
ki, hamısı gözəl yaşıyır,
gözəl qızları
var. Sonra Hindistana gedib görürdün ki, hamısı qara pıspısadı.
Və millətin çoxu zibilliyin içində yaşayır. Seriallar, sadəcə,
baş allatmaq kimi bir şeydi.
Mən çox istərdim ki, seriallara pul ayrılmasın. Qoy o külli miqdarda pul bədii çoxseriyalı televiziya
filmlərinə ayrılsın.
Azərbaycanda nə qədər
romanlar, povestlər
var. Qoy onlar ekranlaşdırılsın. Onun zəminində tədricən
serialları yaza biləcək yazarlar ortalığa çıxacaq.
Çəkə biləcək rejissorlar
püxtələşəcək. Və o sahə inkişaf eləyəcək. Amma birdən
pul buraxdım, bu düzələcək
-mən buna inanmıram. Bu, bu günümüzə və bu günün
profesionallarına aid olan
bir gülməcədi.
- Azərbaycanda
ilk müstəqil teatrı
da siz açmısınız...
- Azərbaycanda
ilk müstəqil İstiqlal
Teatrını mən
açmışam. 1990-cı
ilin oktyabrında.
O teatr o vaxt Səttar xan adına Mədəniyyət
Sarayında yerləşirdi,
Teatr Xadimləri İttifaqının nəzdində
açıldı. Cəmi
bir il
yaşadı və bağladılar. Mövlud Süleymanlının "Zirzəmi" əsərini
hazırladım. Bu, o dövrün bir panoramı idi. Bomba kimi partladı...
- Artıq 60 yaşı arxada qoymusunuz. Düşünmüsünüzmü ki, bu günə qədər nəyi edə bilmisiniz, nəyi yox?
- Özüm üçün təsəllidi
ki, heç olmasa, ürəyim istəyən tamaşaları
hazırladım. "Yük", "Cavad xan" filmlərini çəkdim. "Çavad xan" filmi mənim taleyimə yazıldı.
Bu filmdə ən
böyük qəbahət
olan tarixi yalan olmadı. Nyu Yorka dəvət aldıq. Ora filmin ssenari
müəllifi Sabir Rüstəmxanlı, mən,
bir də tədbirin təşkilatçılarından
Gəray Əlibəyli
getdik. ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub
Mədəniyyət Mərkəzində
"Cavad xan" filminin nümayişi keçirildi. Tədbiri giriş
sözü ilə Nyu York-Azərbaycan Assosiasiyasının sədri
Ercan Erdələnli açdı. "Cavad
xan" filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının
ABŞ-da fəaliyyət
göstərən diplomatik
nümayəndələri, Azərbaycanın BMT-dəki
nümayəndəliyinin əməkdaşları,
türk dövlətləri
səfirliklərinin təmsilçiləri
və Nyu York şəhərində yaşayıb
çalışan həmyerlilərimiz
də vardı... Bu bir təsəllidi
ki, bəlkə də nə isə eləmişəm.
Hər halda heç kəs özünün bu həyatdan tez getməsini istəmir, bu zaman kəsiyində də nəsə eləmək istəyir.
- Özünüzü
xoşbəxt hiss edirsinizmi?
- Əgər
böyük mənada
desək, yox. Elə bil ki, başqa
bir zamanda yaşamaq istərdim.
Başqa
məkanda yox, başqa bir millətin övladı olmaq istəməzdim.
Elə bu millətin övladı olmaq istərdim. Bu məkanda. Amma başqa zəmanədə.
Bilmirəm gələcəkdə,
yoxsa keçmişdə
istərdim... Bu gün
sıxdı məni...
Amma məsələn, "Cavad
xan"ın premyerası
mənim üçün
böyük xoşbəxtlikdi.
"Yaşlı xanım"ın ilk tamaşası
olanda, zaldakı tamaşaçıların bağıraraq
ayaq üstə əl çalması mənim üçün xoşbəxtlikdi. Ondan sonrakı
günlər isə ancaq döyüşdü.
Bütün ömrün
boyu döyüşürsən...
- Bu sənəti
seçməyinizə görə
peşman deyilsiniz ki?
- Necə olur-olsun, mən yenə rejissor olmaq istərdim. Mən rejissorluqla döyüşüb
söz deyə bilirəm. Əgər mən yazmağı
bacarsaydım, heç
vaxt rejissorluqla məğul olmazdım.
Əgər rəssamlığa meylim olsaydı, lap orda döyüşərdim.
Mən döyüşmək istəyirəm.
Burda da döyüşmək mənə rahatdı.
- Tanınmış
rejissorsunuz. Heç fəxri ad almaq
barədə düşünmüsünüzmü?
- Əvvəllər
fikirləşirdim. Az-az adamlar
olur ki, həm yaradıcılıqda
nəsə eləsin,
həm pul qazansın, kapital yığsın, həm karyerasını qursun.
Bu üçünü birdən əldə eləmək çox çətindi. Bir çoxu
da ikisini əldə eləyə bilib. Mən ancaq yaradıcılıqla
məşğul olmuşam.
Pis-yaxşı... Bu yaxınlarda
dedim ki, Azərbaycan şairləri
içərisində çox
böyük bir şair var. Çox heyif ki, ona
xalq şairi
adını verməyiblər. Azərbaycan Yazıçılar
Birliyi, yaradıcı təşkilatlar
müraciət eləsəydi ki, həmin
şairə xalq şairi
adı verilsin, bu, çox yaxşı olardı. Mən bunu çox istərdim. Həmin
şair Nizami Gəncəvidi...
Qiyməti də, dəyəri də, hər şeyi zaman verir... Adını çəkmək istəmirəm. Əyalətdə teatrda işləyib, xalq artistidi. Siz onu tanımırsınız. Əgər bu dəyər dəyər kimi verilsəydi... Elə sənətçilər var idi ki, ad almamışdılar, biz onlara baxanda, utanırdıq deyək ki, bizə ad verilsin. Sonra mənim üçün bunun dəyəri itdi...
- İndi hansı arzularla yaşayırsınız?
-
Övladlarımı böyütmüşəm. Nəvələrim
var. Hələ ki, xəstəlikdən
sonra nəzarətdəyəm. Yavaş-yavaş düzələcək... Mən
heç vaxt geri çəkilmirəm. Geri
çəkiləndə, bir şey yadıma düşür.
Qoç kəllə vurmaq
üçün geri
çəkilir. Hələ deyəcək sözüm
var.
İndiyədək hazırladığım nə bir filmi, nə bir tamaşanı sifarişlə hazırlamamışam. Öz istəyimlə eləmişəm. Duyduğum, bildiyim və söz deyə biləcəyim bir materialı götürmüşəm. Mən pula işləməmişəm.
Namiq MƏMMƏDLİ
Ekspress.-2014.- 18-20 oktyabr.- S.20.