Sosial ipotekaya 50 milyon
ayrılacaq
Qaçqın
və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
2015-ci il üçün hazırlanan dövlət büdcəsinin layihəsində güzəştli (sosial) ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 50 milyon manat vəsait nəzərdə tutulub. Bu məbləğ sosial ipoteka kreditləşməsinin tətbiq edildiyi son 8 ildə bir ildə ayrılan ən yüksək məbləğ olacaq.
2013-cü ilə qədər sosial ipotekanın maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən 20 milyon manat ayrılırdı. Ötən il bu məbləğ 2 dəfə artırılaraq 40 milyon manata çatdırıldı. 2014-cü ildə də sosial ipotekaya 40 milyon manat ayrıldı. 2015-ci ildən etibarən İpoteka Fonduna güzəştli kreditləri ayrılması üçün 25 faiz artıq vəsaitin ayrılması məqbul bilinib.
Ölkəmizdə sosial ipotekanın maliyyələşdirilməsi məqsədilə daha böyük vəsaitin ayrılması məsələsi dəfələrlə səsləndirilərək təklif kimi irəli sürülüb. Hər il sosial ipoteka ilə mənzil almaq istəyənlərə lazım olan vəsait daha böyükdür. Tələb edilən kredit ehtiyacının bir neçə il ərzində ödənilməsi üçün hər il dövlət büdcəsindən 100 milyon manat vəsaitin ayrılmasının vacib olmasına dair mütəxəsis fikirləri də var.
Xatırladaq ki,
Azərbaycanda 2006-cı ildən dövlət vəsaiti
hesabına ipoteka kreditlərinin verilməsinə
başlanılıb. Bu kreditlərdən bütün sosial qruplara aid olan
insanlar yararlana bilər. Lakin elə sosial qruplar var ki, onlar adi
ipoteka kreditləri ilə mənzil alması çətindir.
Eyni zamanda bəzi sosial qrupların maddi
imkanları normal olsa da onların dövlət və ölkə
qarşısında xidmətləri yüksək olduğundan
onlara da müəyyən güzətlərin tətbiqi
vacibdir.
Adi ipoteka kreditlərinin
bir qədər ağırlığını nəzərə
alaraq 2007-ci ildən Azərbaycan Prezidentinin Fərmanı ilə
ölkəmizdə güzəştli kateqoriya
üçün ipoteka kreditlərinin verilməsinə
başlanıldı.
Bu məsələlər Azərbaycan
Prezidentinin 2007-ci il 23 yanvar tarixli Fərmanı ilə təsdiq
edilən "Azə"rbaycan Respublikasında güzəştli
ipoteka kreditl"rinin verilməsi Qaydaları"nda öz əksini
tapıb.
2007-ci ildə qəbul
edilən qaydalarda qeyd olunur ki, güzəştli ipoteka kreditləri
gənc ailələrin və hərbi qulluqçuların
sosial vəziyyətinin yaxşılaşdırılması
üçün hazırlanıb və yaşayış sahəsinin
alınması məqsədilə verilən ipoteka kreditləri
üzrə güzəştlərin tətbiqini nəzərdə
tutur.
Güzəştli
ipoteka krediti 3 ildən 30 ilədək ayrılır. İpoteka kreditləri üzrə güzəştlərdən
yalnız gənc ailələr və hərbi qulluqçular
yararlana bilər. Amma bu güzəşt
bütün gənc ailələrə aid edilmir.
Yalnız şəhid ailəsinin üzvü (əri,
arvadı, övladları), Milli Qəhrəmanın
özü, yoldaşı, övladları, məcburi
köçkün və ya ona bərabər tutulan şəxs,
üç ildən az olmayan müddətdə dövlət
qulluqçusu işləyən şəxs, elmlər namizədi
və ya doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində
xüsusi xidmətləri olan şəxslər (fəxri bədən
tərbiyəsi və idman xadimi, ölkə miqyaslı
yarışların qalibi (1 yer)), beynəlxalq miqyaslı
yarışların mükafatçıları (I, II və
III yerlər) ala bilər.
Eyni zamanda 3 ildən az
olmayan müddətdə hərbi xidmətdə olan (müddətli
həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan
başqa), eləcə də ehtiyata və ya istefaya
buraxılan Azərbaycanın hərbi qulluqçuları sosial
ipotekadan istifadə etmək hüququna sahibdir.
Bir sıra hallarda
ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçulara ipoteka krediti üzrə güzəştlər
şamil olunmur.
Məhkəmənin hökmü ilə
və ya intizam qaydasında hərbi rütbədən məhrum
edilən, törədilən cinayətə görə hərbi
vəzifələri tutma hüququndan məhrum edilən,
müəyyən müddətə azadlıqdan məhrum edilən,
hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi
xidmətə yararsız sayılan və s. hallara uyğun gələn
hərbi qulluqçular sosial ipoteka ala bilməz.
İpoteka kreditləri
üzrə güzəştlərdən istifadə etmək
hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən
yalnız bir dəfə istifadə edə bilər.
İpoteka krediti alan
hər bir ailə sadalanan katiqoriyaya aid olduğunu sübut edən
sənədlərə sahib olmalıdır. Güzəştli
ipoteka krediti almaq istəyən şəxs müvəkkil
kredit təşkilatına müraciət edir və müəyyən
olunmuş ümumi qaydada ilkin qiymətləndirmədən
keçir.
Bu zaman müvəkkil
kredit təşkilatına kredit götürmək istəyən
tərəf güzəştli kateqoriyaya aid olmasını təsdiq
edən sənədləri təqdim etməlidir.
Sosial ipoteka layihəsinin
əsas məqsədi ondan ibarətdir ki, mənzili olmayan,
ancaq eyni zamanda bazar şərtləri ilə mənzil almaq
imkanına sahib olmayan insanlara güzəştli şərtlərlə
kredit verib mənzil problemini həll etməkdir.
Sosial ipoteka layihəsinin
tətbiq edildiyi son 8 ilin təcrübəsi göstərir ki,
belə bir sosial layihənin mövcudluğu azgəlirli
insanlar üçün çox böyük əhəmiyyət
daşıyır. 2007-ci ildən
2014-cü ilin iyulun 1-nə kimi 3216 ədəd sosial ipoteka
verilib. Bu məqsədlə dövlət
büdcəsindən 116 milyon manat vəsait ayrılıb.
Sosial ipoteka kreditləri
adından göründüyü kimi sosial xarakterli
olduğundan o güzəştli şərtlərlə
verilir.
Bu kreditlərdə əsas
güzəşt borclanma dərəcəsi ilə
bağlıdır. Sosial ipoteka krediti
maksimum illik 4 faizlə verilir. Azərbaycanda
heç bir istiqamət üzrə belə aşağı
kreditlər nəzərdə tutulmayıb. İpoteka krediti istehlak krediti sayılır. İstehlak kreditləri üzrə hazırda orta
illik faiz dərəcəsi 17 faizdən yüksəkdir. Sosial ipoteka krediti üzrə dərəcə bundan
bir neçə dəfə aşağıdır.
Dövlət kreditlərin belə
aşağı faizlə verilməsini təmin etmək məqsədilə
dövlət büdcəsindən İpoteka Fonduna hər il vəsait ayırır. İpoteka
Fondu sonra bu vəsaitləri banklar arasında bölərək
müəyyən katiqoriyaya aid insanlara verilməsini təmin
edir. Dövlət aşağı faiz dərəcəsinin
təmin edilməsi məqsədilə İpoteka Fonduna kreditləri
banklara paylayan zaman cəmi 1 faizlə verilməsini tələb
edir. Banklar digər xərclərini əlavə
etməklə maksimum 4 faizlə kreditləri ayırır.
Dövlət büdcəsindən
İpoteka Fonduna ayrılan vəsait yalnız sosial ipoteka
kreditlərinin maliyyələşdirilməsi
üçün istifadə edilə bilər.
Qeyd etdik ki, sosial ipoteka kreditlərini
maliyyələşdirmək üçün 2013-cü ilə
qədər büdcədən hər il 20
milyon manat, sonrkı iki ildə 40 milyon manat ayrılıb. Son illərdə dövlət büdcəsindən
daha çox vəsitin ayrılması sosial ipoteka krediti
alanların sayının daha çox artmasına imkan verib.
Yalnız 2013-cü ildə və 2014-cü ilin
birinci yarısında 1756 ədəd sosial ipoteka müqaviləsi
bağlanılıb. Son ilyarımda bağlanan sosial
ipoteka müqavilələrinin sayı indiyə qədər
bağlanan bütün müqavilələrin sayının 54,6 faizini təşkil edir.
Deməli, büdcədən
ayrılan vəsatin məbləğinin artırılması
mənzilə ehtiyacı olan sosial qrupun problemlərinin həllinə
kömək edərdi.
Sosial kreditlərlə
bağlı başqa bir güzəşt kreditin verilmə
müddətidir. Kreditlər maksimum 30 il
müddətinə verilə bilər. Müddətin
maksimum həddinin böyük olması aylıq borcun məbləğinin
aşağı olmasına imkan verir. Bu da gəliri az olan sosial qruplar üçün önəmli
məsələdir. Müqayisə
üçün bildirək ki, adi ipoteka kreditləri maksimum 25
ilə ayrılır.
Sosial ipoteka kreditlərində
başqa bir güzəşt ilkin ödənişlə
bağlıdır. Kredit götürən
mənzilin dəyərinin ən azı 15 faizini öncədən
ödəməlidir. Adi ipoteka kreditlərində
bu 20 faizdir. Azgəlirli insanların
yığım imkanlarının məhdudluğunu nəzərə
alaraq dövlət ilkin ödənişi bir qədər
azaldıb.
Kredit şərtlərinin
yüngülləşdirilməsi sosial ipoteka götürənlərin
aylıq ödənişlərini xeyli dərəcədə
azaldır. Bunu bir müqayisədən də
görmək olar. Sosial ipotekada 40 min manat dəyəri
olan mənzili 25 il müddətinə almaq
üçün ayda 210 manat ödəmə qabiliyyəti
kifayət edir. Adi ipotekada isə 40 min manat dəyərində
olan mənzil üçün 310 manat ödəmə qabiliyyəti
lazımdır. Əgər sosial ipoteka 30 il
müddətinə verilərsə ayda 190 manat da kifayətdir.
Deməli 3 nəfərdən ibarət bir azgəlirli
ailənin ayda 650 manat gəliri olarsa həmin ailə mənzil
ala bilər. Adi ipoteka krediti götürə
bilmək üçünsə ailənin gəlirinin 800 manata
yaxın olması vacibdir.
2013-cü ildən
başlayaraq sosial ipoteka üçün ayrılan vəsaitlərin
artırılması müsbət haldır. Sosial ipoteka ilə bağlı müzakirə edilən
əsas məsələlərdən biri bu kreditlərdən
istifadə edənlərin dairəsinin genişləndirilməsidir.
İqtisadçıların, bir çox millət
vəkilinin, hətta hökumət nümayəndələrinin
fikri ondan ibarətdir ki, sosial ipotekadan azgəlirli katiqoriyaya
aid bütün insanlar faydalanmalıdır. O cümlədən
əlillər, güzəştli katiqoriyaya aid olan digər
insanlar, subay gənclər, ilk dəfə elmi dərəcə
almış elm adamları və digər sosial qruplar sosial
ipoteka götürə bilməlidir. Mövcud
qaydalara əsasən əlill ailələr ipoteka krediti ala
bilmir. Dövlət hər il
müharibə əlillərini mənzillər pulsuz təmin
edir. Lakin ölkəmizdə 520 min əlil var və
onların çoxsu ümumi əlillərdir. Onların hamısını mənzillə təmin
etmək qeyri-mümkündür. Buna
görə də sosial ipoteka krediti almaq hüququ olanların
siyahısına əlillərin də salınması vacibdir.
Həm də unutmayaq ki, ölkəmizdə əlillərin
önəmli hissəsi gənclərdir. Yalnız
uşaqlar arasında əlil olanların sayı 62 mindən
çoxdur. Bu cür alilələrin mənzil
şəraitinin yaxşılaşdırılması
üçün sosial ipotekanın genişləndirilməsi
önəmli məsələlərdəndir.
Söhbət azgəlirli
insanlardan getdiyindən bu cür sosial katiqoriyaya aid insanlar
üçün mənzillər ayrıca
satılmalıdır. Daha yığcam desək,
sosial ipoteka ilə bazardan mənzil alınmamalıdır.
Sosial ipoteka ilə satılan mənzillər
dövlətsifarişi ilə tikdirməlidir. Həmin mənzillərin dəyərini isə bazar
yox, tikinti xərcləri, vergi nəzərə alınaraq
müəyyənləşdirilməlidir. Mütəxəsislərin
fikrincə, hazırda dəyəri 60-80 min manat olan 3 otaqlı
birtipli mənzilləri dövlət sifarişi ilə 25-30 min
manata tikib sosial ipoteka krediti ilə satmaq olar. Bu
halda həm sosial ipoteka götürənlər üçün
kredit ucuz başa gələr, həm də kreditlərin həcminin
artırılması bazarda bahalaşmaya təkan verməz.
Vasif
CƏFƏROV
Ekspress.-2014.- 21
oktyabr.- S.9.