Komediyaya parodiya və
ya "Azərbaycanfilm"in
"Axırıncı dayanacağı"
Ötən həftə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi ilə "Azərbaycanfilm"in birgə istehsalı olan "Axırıncı dayanacaq" filminin premyerası keçirilib. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifi İlqar Fəhmidir.
Film birmənalı qarşılanmayıb: bəyənən də var, bəyənməyən də, komediya janrında çəkilmiş filmdə gülən də var, tamaşaboyu dodağı heç qaçmayan da, filmi komediyaya parodiya sayan da var, qüsurlarına rəğmən "alababat" deyib qəbul etmək olar deyən də...
Kulis.az premyera ilə bağlı polemika keçirib və saytın yazarları filmlə bağlı ilk təəssüratlarını bölüşüblər.
Yazarların "Axırıncı dayanacaq"la fikirlərini təqdim edirik.
Qan Turalı:
- Azərbaycan kinematoqrafiyasının əsas problemi janrsızlıqdır. Dünyada kütləvi filmlər və müəllif filmləri bir-birindən qəti şəkildə də olmasa ayrılır. Bizdə isə normal kinoprokat sistemi olmadığı üçün kütləvi film haqda danışmaq mənasızdır. Müəllif filmləri üçün isə müəllif lazımdır.
Biz illərdir rejissorlarımızın həm kütləvi sənət ölçülərindən uzaq, həm də müəllif filmi adlandırmağa min şahid istəyən filmlərini görürük. Halbuki kinodan uzaq düşmüş tamaşaçını yenidən bəyaz pərdə qarşısına qaytarmaq üçün kütləvi filmlərə böyük ehtiyac var. Kino sənayesi məhz kütləvi filmlərin sayəsində inkişaf edir. Mediamız hər nə qədər görməməzliyə vursa belə, "Məhəllə" filmi son illərin ən çox baxılan filmidir və bu filmlə Azərbaycan xalqı ölkədə film istehsal prosesinin dayanmadığından xəbər tutdu.
"Axırıncı dayanacaq" filmi də Azərbaycan tamaşaçısını güldürməyə qadir filmdir. Filmin geniş aktyor heyəti öz işinin öhdəsindən pis gəlməyib. Xüsusilə də Arif Quliyevin oyunu çox yaxşı alınmışdı. Film bəzi xırda-para qüsurlara baxmayaraq orta statistik tamaşaçının zövqünü oxşayır.
Bizə bu cür filmlər çox lazımdır. Kinoşünaslarımızın maksimallığını isə onların peşələrinə olan həssaslığına bağlayıram. Hamıdan Tarantinoluq gözləməyə dəyməz. Bizə Kameron da lazımdır.
Aygün Aslanlı:
- Fikrət Əliyevin "Axırıncı dayanacaq" filmi yaxşı, kommersiya baxımından uğurlu tragikomediya ola bilərdi. Bu baxımdan onu zay edilmiş keyfiyyətli xammala bənzətdim. Maraqlı material vardı, o, dramaturji kontrastlar hansı ki, istifadə olunmamışdı, özlərini öldürürdülər. "Burdayam, məni gör" deyə. Məsələn, fiziki yaşlılıqla ruhun cavanlığının kontrastı. Maraqlı bir film alınardı, amma... musiqidən yersiz istifadə, yanlış montaj, yanlış operator işi, arada telesüjetlərdəki "privivkalar" kimi peyda olan "gəlin, sizi ağladım" cəhdləri hər şeyi məhv eləyib. Nəticə: məyusluq...
Şərif Ağayar:
- Gülməyim tutur açığı... Filmə görə yox... Elə nəsə gülməyim gəlir. "Axırıncı dayanacaq" filminin ssenari müəllifi dostum İlqar Fəhmidir axı... Təqdimatdan bir-iki gün öncə onu İTV-də verilişdə gördüm. Anarla Fikrət Qocanın yanında oturub susurdu sadəcə. O, susa-susa danışmağı, danışa-danışa susmağı bacarır... Film başlayan kimi həmin verilişlə "mətnlərarası əlaqə" gördüm. Axı rejissor Fikrət Əliyevlə birləşib "Axırıncı dayanacaq" adlandırdıqları bu ekran əsəri də qocalardan, qocalar evindən bəhs edir.
Ayrı-ayrı detallara varsaq, uzun bir yazı alınacaq. Qısaca onu qeyd edim ki, filmin əvvəli də, sonu da alınmamışdı. Ortalarda təxminən yarımsaatlıq babat material vardı. İstehza, işarələrlə oynamaq, romantikanın və klassik qəzəl yaradıcılığının ələ salınması... Detektivə ironiyaya isə (həm kitablara, həm filmlərə) İlqar xeyli yer ayırıb. Nədənsə mənə elə gəldi ki, o, Çingiz Abdullayevlə məsləhətləşib bu kadrlar üçün. Nə olar, nə olmaz! Bir də, Ç.Abdullayev belə mənalı-mənasız atmacalardan inciməyən yeganə AYB katibidir.
Mətbəxə yaxşı bələd olduğum üçün deyim: mühafizəkar nazirliyin və "Azərbaycanfilm"in şərtləri altında bundan daha yaxşı nəsə eləmək çox çətindir. Mümkün deyil demirəm... İlqar bu "çox çətin" baryerləri aşa bilməyib, heç, məncə, aşmağa cəhd də göstərməyib. Yaza-yaza heç nə deməmək yolunu seçib. Amma əlinə hər fürsət düşəndə köhnə düşüncəli rejissordan gizlin tamaşaçılara nəsə ötürməyə çalışıb. Elə filmin maraqlı olan hissələri də İlqar Fəhminin Fikrət Əliyevin "xəbəri olmadan" ötürdüyü mesajlardır. O, sanki ağıllı tamaşaçıdan üzr istəyir, bax gör hansı şəraitdə işləmişəm - deyir. Necə deyərlər, həm mühafizəkar yaşlıların, həm də yenilikçi gənclərin könlünü alır.
Neyləyək... Kasıbın olanından...
Filmdə ən çox bəyəndiyim detal "quş" işarəsi altında gizlənən pullardır...
Umuram, filmin özünü bu "kötü" işarə altına almayacaqlar.
Sevinc Çılğın:
- "Axırıncı aşırım"... Yox, bu "Axırıncı dayanacaq"dır - müasir Azərbaycan filminin axırıncı aşırımında çəkilmiş bir film... Adətən rejissorlar fəlsəfə üyüdüb-tökməyi sevirlər. Tamaşaçını dərin mənalarla yükləmək, guya düşündürmək naminə oyunbazlıqlar, hoqqabazlıqlar... Bu film çox sadədir, birrənglidir. Söhbət qocalar evində yaşanan həyatdan gedir, daha doğrusu, bu filmdə verilən mesaj odur ki, qocalar evində belə həyat öz axarıyla davam edir, son gəlməyənə qədər son yoxdur.
Komediyadır. Doğrudan da komediyadır. İlqar Fəhminin əla yumor hissi var. Ssenari müəllifidir İlqar. Əla maraqlı detallar var. Çox güldüm. Nəsə mənə elə gəlir ki, bizim aktyorlar komik rolları faciədən daha yaxşı oynayırlar. Ümumiyyətlə, sanki bizim insanımız belədir. Tragikomik vəziyyətlərdə belə, hətta ən kədərli anlarda da qıdıqlasan, gülərlər. Qocalar evi... Özü-özlüyündə hüznlü məkandır. Ancaq qocalar bir az da uşaq kimi olur deyə komik situasiyalar daha gözəçarpandır. Aktyorlar ilk kadrlarda süni təsir bağışlasa da, film boyunca sanki rolun içinə girə bilirlər və ya obrazı özününküləşdirə bilirlər. Ancaq altı cızılaraq ad çəkmək lazımdırsa, Fuad Poladov deyirəm! Filmin əsas sütunlarındandır!
Filmdən dilə düşəcək
frazalar boldur.
Bir də filmin
musiqisini xüsusi vurğulayım. Ola bilər ki, ən sevimli bəstəkarımın işidir
deyə başqalarından
daha çox vurulam. Ancaq mənə elə
gəlir ki, Aygün Səmədzadə
qocalar evindəki İlqar Fəhminin gizlətdiyi kədəri musiqisi ilə ifadə etməyə çalışıb. Sanki
vəziyyətin kədərli
və komik balansını bölüşüblər.
Biri digərini tamamlayıb.
Ən çox da itin "cinayətkarı"
axtarış məqamlarındakı
fon musiqisi
fərqliydi.
Nəsə məndə belə bir hiss var ki,
bu filmin qüsurlarına göz yummaq lazımdır. Məsələn, bir var heç tük bitməyən keçəl
baş, bir də var seyrək
saçlı baş.
Deyə bildim?
Mirmehdi Ağaoğlu:
- Axır ki, kinoteatrda AzTV-yə baxa bildim. "Axırıncı
dayanacaq" filminin girişi həqiqətən
AzTV-də tez-tez verilən peyzac roliklərinə bənzəyir;
mavi dəniz, qayalara çırpılan
dalğalar, evlərin
damları və sair...
Məncə film elə qocalar
evindəki "rəqs"
səhnəsindən başlamalı
idi. Əlində
çamadanı qocalar
evinə gələn adamın filmin əvvəlində və sonunda göstərilməsi
sanki Aytmatovun "Gün var əsrə
bərabər" əsərini
xatırladırdı: "Burda qatarlar Şimaldan Cənuba, Cənubdan da Şimala hərəkət
edirdi".
Ümumilikdə filmdə Qocalar
evinin aurası, faciəsi göstərilməyib.
Məkanı dəyişsək, bilinməz ki, bura qocalar evidir,
ya yox. Hərçənd ssenaridə bu
detallar nəzərdə
tutulub. Misal üçün, hər gün qocalar evinin qapısında oturub Rusiyadan gəlməli olan oğlunu gözləyən qoca qarı və ya nəvələrinin və oğlunun yaşlı qadınla görüşə gəlməsi.
Lakin bunların rejissor həlli verilməyib.
Kamera o yaşantıları çatdıra
bilmir.
Fuad Poladovun oyunu
ənənəvi göründü
mənə. Heç cəlb
eləmədi. Əvəzində Arif Quliyev öz
köhnə rolu "Miriş"i bu dəfə çox yaxşı oynadı.
Qorxmaz Əlilizadənin də rolu qənaətbəxş
idi. Ümumilikdə aktyorlar pis oynamırdılar. Elə
bil Yeni il, Novruz
süjetinə baxırsan.
Uşaqlıqdan belə
Yeni il,
Novruz süjetləri ilə böyüməmişikmi?
Bu da olsun növbəti süjet...
Aliyə:
- "Axırıncı dayanacaq"
filminə adət olunduğu kimi yalnız bir rejissor işinin nəticəsi kimi yox, istehsalçının
məhsulu kimi yanaşmağı təklif
edirəm. Bu filmə kinoteatr, kinoprokat sistemini diriltmək istəyən bir qurumun komediya
kimi kassa janrına münasibətinin
nəticəsi kimi yanaşmağa cəhd edin.
Filmin hər kadrı
bizi ondan qopmağa məcbur edir: komediyanın cərəyan etməli olduğu qocalar evi - qavrayışımızın
kövrək, kədərli
assosiasiyalarını oyadır
- filmin adı da bu sentimenti
vurğulayır. Bu sentimenti aşmaq üçün çevik
süjet, əla aktyor oyunu, yüksək
temporitm, dinamik montaj həlli lazımdır. Amma elə aktyor oyunu bizi başqa
bir assosiasiya ilə toqquşdurur: teatrın, böyük səhnənin ifadə elementlərində "şişirtmə"
kimi şərti var.
Bu şərti nəinki
kamera qarşısında,
hətta gündəlik
həyatda da tərgidə bilməyən
Gənc Tamaşaçılar
Teatrının aktyorları
temporitmi salır. Məsələ yalnız
peşəkarlıqda deyil,
Ağaxan Salmanov, Tofiq Hüseynov, Vahid Əliyev, Yasin Qarayev səhnədə
yaxşı pyes, yaxşı quruluş olmaması üzündən
məhv olub gedən bir aktyor nəslini təmsil edir. Yəni, azmış kimi məsələyə bir də teatrın problemləri qoşulur.
Filmi komediya olmağa qoymayan bu qədər
düşüncələr varkən, onun müəllifləri də
tərəddüd içindədir:
film gah psixoloji drama meyllənir (qocaların faciəsi tar-kamanla yad olunur) ,
gah melodramaya qapılır (Zemfira Sadıqova ilə Tariyel Qasımovun qəhrəmanlarının filmə
isti-soyuğu olmayan sevgi xətti), gah da oynaq
komediya olmaq iddiasını xatırlayır.
Montajın, aktyor oyununun
janra, temporitmə vurduğu zərbələr
bəstəkarın etdiyinin
yanında çox kiçikdir. O bütöv
bir film yox, sadəcə kadrlar üzərində işləyib
və bu qarmaqarışıq janr bölgüsünü musiqisi
ilə məhz o təyin edib.
Personajlar 50-ci illərin karikaturalarına
oxşayır. O personajlara
baxdıqca, kədərlənirik.
Qoca olduqları üçün
yox, köhnə olduqları üçün.
Şair Rasim Qaracanın misralarını
kədərlə onlara
həsr edirəm: siz qocalmadınız, siz köhnəldiniz...
Sonda onları komediya
çəkməyə qoymayan
bu qədər dərdlə əlləşən
bütün kino və teatr zəhmətkeşlərindən
üzr istəyirəm.
Mən sadəcə baxdım, amma siz nələr çəkdiniz...
Ağa Cəfərli:
- Siz Allah, indi bu komediya
idi? Bəs bu necə komediyadır ki, mənim bircə dəfə də dodağım qaçmadı.
Və mənə çatmadı
ki, filmə baxan aktyorlar nəyə gülürdülər.
Məncə bu komediya yox e, Allah bilir nə idi...
Filmi görəndən sonra
"sizin işdəki
zarafatlarınıza şükür"
deyən Aliyə məncə tamamilə haqlıdır.
Obyektivlik naminə onu
da qeyd etməyi
vacib hesab edirəm ki, filmdə uğurlu detallar vardı. Məsələn, Qocalar Evinin
qarşısında gözləyən
qadın pis tapıntı deyildi.
O qadının üzündə
insan əzabının
son həddini gördüm.
Və yaxud "cinayət"in üstünü açmaq
istəyənlərin kitabxanadan
Çingiz Abdullayevin kitablarını gətirməsi...
Yalan olmasın, 25-30 kitab vardı. Və təbii ki,
bu detalda Çingiz müəllimin
həddən artıq
çox kitab yazmasına ironiya vardı. Axırda da məlum oldu ki, Çingiz
müəllimin kitabları
heç "cinayət"i
açmağa da yaramır.
Və yaxud şairin
hinduşkaya qəzəl
deməsi babat səhnə idi.
Ancaq detallar elə
detal olaraq qaldı. Detallardan avtobus düzəltmək,
onu sonuncu dayanacağa yola salmaq mümkün olmadı...
Ekspress.-2014.- 21 oktyabr.- S.15.