Mir Cəfər haqqında yeni kitab

 

Bu günlərdə "Şəms" nəşriyyatında "M.S.Bağırov İ.Stalinin vəfatından sonrakı dövrdə Kreml ixtilafları burulğanında" (Azərbaycan və rus dillərində) adlı kitab çapdan çıxıb. Kitabın müəllifi Mir Cəfər Bağırovun siyasi bioqrafı Fazil Həsənbala oğlu Məmmədovdur.

   81 yaşlı Fazil Məmmədov Azərbaycanda ictimai-siyasi ədəbiyyatın bioqrafiyası sahəsində xaricdə dissertasiya müdafiə edən və elmi ad alan ilk və hələlik son mütəxəssisdir.

   696 səhifəlik kitab 21 il (1932-1953) Azərbaycana rəhbərlik etmiş M.C.Bağırovun Stalin və Beriyanın ölümündən sonra Xruşşov-Malenkov cütlüyünün qurduğu tələ ilə vəzifəsindən çıxırılması və həbs edilməsi dövrünü (iyul 1953 - aprel 1956) əhatə edir. Müəllif bildirir ki, kitab hazırlanarkən çoxlu sayda arxiv materaillarından, rəsmi sənədlərdən, baş verən hadisələrin canlı şahidləri olan adamların xatirə yazılarından, o dövrün müxtəlif dövrü mətbatında dərc olunmuş yazılardan və başqa mənbələrdə istifadə olunub.

   Kitabda yazıçı-tədqiqatçı Teyyub Qurbanovun müxtəlif KİV-də, o cümlədən "Ekspress" qəzetində getmiş yazılarına, ilk dəfə Mir Cəfərlə bağlı arxivlərdən işıq üzünə çıxardığı önəmli faktlara geniş yer verilib. Bu faktlardan bəzilərini təqdim edirik:

   "Bəraət aldıqdan sonra günahsız tutulanların ailəsinin qeydinə qalmaq yüksək mənsəb sahibindən elə bir qeyri-adi cəsarət tələb etmir.

   M.C.Bağırov isə ən çətin məqamlarda repressiya qurbanlarının ailə üzvlərinin qayğısını çəkmiş, onların ali təhsil alması üçün şərait yaratmışdı... Zülfüqar Əhmədzadə "Azərnəşr"də Seyid Hüseynlə eyni vaxtda işləmişdi. Hər ikisi (sonralar onların hər ikisi repressiyaya məruz qalaraq "xalq düşməni" elan edilmişdilər- red.) şöbə müdiri vəzifəsində çalışıb. Bu da maraqlıdır ki, Z.Əhmədzadənin qızı Tahirə xanım kimi, Seyid Hüseynin qızı Qumral da Mir Cəfər Bağırovun vaxtında ali təhsil almışdır..."

   "Böyük Vətən Müharibəsinin ilk mərhələlərində bir sıra cəbhələrdə nizami orduda döyüşən azərbaycanlı əsgərlərin heysiyyətinə, milli mənliyinə toxunulması hallarına yol verilmişdi. Belə hallara dözməyən məğrur azərbaycanlı əsgərlər Zaqafqaziya Hərbi Şurasının üzvü general-leytenant M.C.Bağırova müraciət edərək onu yaranmış xoşagəlməz vəziyyətlə tanış etmişdilər.

   M.C. Bağırov azərbaycanlı döyüşçülərin şikayətlərinə və tələblərinə dərhal reaksiya verərək Sovet Ordusu tərkibində milli diviziyalar yaradılması haqqında Ali Baş Komandan qarşısında məsələ qaldırmış və çox qısa bir müddətdə buna nail olmuşdur.

   Böyük Vətən Müharibəsinin qanlı cəbhələrində, odlu-alovlu döyüş meydanlarında şücaət və əsl qəhrəmanlıq nümunələri nümayiş etdirərək canavar yuvası Berlinə kimi gedib çatan 416-cı Taqanroq diviziyası məhz bu deyilənlərlə əlaqədar olaraq yaradılmışdır..."

   Bir siyasi bioqraf kimi Fazil Məmmədov topladığı materiallarla bu kitabda M.C.Bağırovun ictimai-siyasi bioqrafiyasının demək olar ki, bütün önəmli məqamlarına işıq tuta bilmişdir.

   Kitabdakı mövzular üç hissədə, 55 bölmədə və yarımbölmədə ("Lenin və Bağırov", "Stalin və Bağırov", "StalinÜzeyir Hacıbəyov", "Stalin və Rəsulzadə", "Böyük milli təəssübkeş", "Xəyanətkar Xruşşov-Malenkov-Suslov qrupunun satqınlığı" və s. ) cəmləşdirilib.

 

Ekspress.-2014.- 18-20 oktyabr.- S.15.