Həmişə bir şahzadə gözləmişəm...
Həmidə Ömərova:
"Əcnəbiyə vurulmağım mənə çox
ağrı yaşatdı"
"Mən
ana kimi xoşbəxtəm, həyat yoldaşı kimi bədbəxt.
Mən öz qəhrəmanlarımın taleyi ilə
yaşayıram". Bu kədərli sözlər sevimli
aktrisamız Həmidə Ömərovaya məxsusdur.
Kult.az saytının əməkdaşı
Əsəd Qaraqaplan aktrisanın müxtəlif müsahibələrindəki
özü barədəki fikirlərini məşhur
"İs(i)min halları" adlı layihəsində
toplayıb.
Adlıq
Mən
Bakıda müəllim ailəsində doğulmuşam. Atam Qazax
rayonundan, anam Bakıdandır. Atam fransız, anamsa
ingilis dilini tədris edirdi. Mən məktəbdə
bir oğlana vurulmuşdum. Bir gün evə gəlib,
dedim: "Nənə, ərə gedirəm".
Namaz qılan, yaşlı
qadınıydı, başladı məni danlamağa:
"Qızım, başına hava gəlib?" Mən də nənəmdən xahiş etdim ki, bu məsələni
anama deməsin. Anam çox zabitəli
qadınıydı. Ondan çox qorxurdum,
çəkinirdim. Səhər yuxudan
oyananda gördüm ki, evdəkilər
pıçıldaşıb gülüşürlər.
Mən həmişə bir
şahzadə gözləmişəm, gəlib ağ
atında məni aparsın. Çox xəyalpərvər,
romantik olmuşam.
Son zəng
günü mən bütün müəllimlərə ithaf
etdiyim şerimi oxudum. Müəlliməm
bizə baxıb, ağlayırdı.
Mən necə pivə sevməyə
başladım, onu danışım. Bir dəfə,
Pirallahı adasında çəkilişdə olanda yenə
havanın şıltaqlığı tutub, şəhərlə
əlaqəmiz kəsilib. Suyumuz da
qurtarıb, ancaq yeşiklərdə pivələr qalır.
Litvalı xalq artisti Eqle dedi, dəniz suyu içməyəcəyik
ki, gəl pivə içək. Bəlkə heç motorlu
qayıq gəlmədi...
O içdi, mən axşamacan
dözdüm. Axırda dedim bir qurtum da mənə ver. Birinci
iyrəndim, sonra yenə... elə öyrəndim... Mən ildə 3-4 filmə çəkilirdim. Vaxtımın çoxu çəkiliş
meydançalarında keçirdi. Ailə
barədə düşünməyə, sevgi münasibətlərinə
belə vaxt yox idi. Amma 1993-cü ildə
"Azərbaycanfilm" kinostudiyasını özəlləşdirdilər.
Aktyorların hamısı işsiz qaldı.
Hərdən fikirləşirəm, bəlkə
də Azərbaycanfilm Kinostudiyası bağlanmasaydı, indiyə
qədər də ailə qurmazdım.
O, mənə heç əhəmiyyət
vermirdi. Bəlkə də mənə əhəmiyyət
verməyən yeganə kişiydi deyə, mən də ona
fikri verməyə başladım və evləndik.
Mən 17
yaşımdan öldüyü günəcən atamı
görməmişəm. 86-cı il
idi. Teleqram gəldi... Kinostudiyadan maşın
verdilər, yaşı qədər - 59 qərənfil alıb
getdim qəbri üstünə. Heç kəndə
də baş çəkmədim. Onda hələ
qardaşımı, bacılarımı tanımırdım.
Mən ana kimi
xoşbəxtəm, həyat yoldaşı kimi bədbəxt.
Mən öz qəhrəmanlarımın taleyi
ilə yaşayıram.
Yiyəlik
Anamgilin dediyinə
görə, "Şaxta baba əhvalatı" olanda mənim
təxminən 3-4 yaşım varmış. Deməli, bağçada yolka şənliyidir.
Valideynlər də gəlib. Şaxta baba şənliyin sonunda uşaqlara hədiyyə
paylayır.
Növbə mənə
çatanda, mən hədiyyədən imtina etmişəm.
Hamı məəttəl qalıb ki, mən nə
üçün hədiyyə istəmirəm. Şaxta baba mənə deyib ki, hədiyyəni
götürüm, sonra nə desəm, Şaxta baba onu da yerinə
yetirəcək. Mən Şaxta babaya
demişəm ki, hədiyyəni götürürəm, amma
siz elə eləyin ki, atamla anam həmişə bir yerdə -
mənim yanımda olsunlar.
Mənim heç
yadımda çıxmaz, Moskvada dünya gənclərinin
qurultayı keçirilirdi. Biz də
getmişdik, Kremlin Qurultaylar sarayında açılış
oldu, foyeyə çıxanda uşaqlar
pıçıldadılar ki, "Heydər Əliyev, Heydər
Əliyev". Bir neçə nəfərlə
dayanmışdı. Pıçıltımızı
eşidib döndü, bizi basdı bağrına.
Yanındakı adamlara fəxrlə dedi ki, "Bunlar mənimkilərdi,
azərbaycanlılardı". Biz də
cavan uşaq idik, o rəhmətlik elə fəxrlə dedi ki,
özümüz də başladıq fəxr eləməyə
ki, azərbaycanlıyıq...
Mənim şəklimi
80-ci illərin ortalarında kinoteatrlarda asmışdılar.
Gənclərdən bircə mənim şəklim
var idi. Bir dəfə "Dostluq"
kinoteatrına getdim ki, şəklim yoxdu. Maraqlandım,
dedilər camaat şəkli oğurlayır.
Anam mənəvi cəhətdən
çox güclü qadın olub. Amma niyəsə
mən onun gənc, gözəl, güclü vaxtlarını
yox, son illərini, zəif vaxtlarını xatırlayıb
yanıram. O vaxtlarını ki, o mənim balam idi. Evdə hara gedirdim, uşaq kimi dalımca gəzirdi.
Mənim ərim məcbur elədi ki, sənətini
atacaqsan. Gör onu nə qədər
sevmişəm ki, atdım. Kinonu da,
"Retro"nu da atdım. Amma bir il.
Bir il dözdüm, sonra dözmədim.
Neçə illərdir
mənim ürəyimdə boşluqdur. Və
mən bununla çoxdan barışmışam.
Mənim kimi ailələr
çoxdur. Mən artıq ona, sadəcə,
oğlumun atası kimi hörmət edirəm.
Yönlük
Mənə ilk məhəbbətimdən
qalan yalnız əlaçılıq oldu. O dövrdə
dəb idi, qızlar həkim, oğlanlar hüquqşünas
olmaq istəyirdi. Anamın da arzusu idi ki, mən
həkim olum.
Onun istəyi mənim
üçün qanun idi. Ona görə
biologiyanın üstünə düşmüşdüm,
çox oxuyurdum. Qızıl medal alanlar tək
fəndən imtahan verirdi. Mən də
qızıl medala arxayın olub, tək biologiyadan
hazırlaşırdım. Elə oldu ki,
qızıl medal verməsinlər deyə, mənə cəbrdən
dörd verdilər. Və mən fikrimi dəyişib,
aktrisa oldum. Tələbə vaxtı
rejissorluqda oxuyan bir əcnəbi oğlana vuruldum. Bu məhəbbət mənə böyük
ağrı yaşatdı.
Ömrünün son
altı ilini mən anama ana olmuşam. "Amneziya"
idi, elə bilirdi anasıyam, mənə "ana" deyirdi.
Mən də ona "qızım" deyirdim.
Təsirlik
Mən balaca olanda
atam rayonda işləyirdi. Anam isə mühitə alışa bilmədiyindən məni də
götürüb Bakıya dönmüşdü.
Anam məni kənara
çağırıb, dedi ki, bax, sən əgər əlaçı
olsan, pinti olmasan, ağ önlüklə gedib, qara
önlüklə geri qayıtmasan, ağ "bantik"lərini
"çernil" etməsən, özünü
yaxşı aparsan, məktəbi qurtaranda o oğlana ərə
gedərsən. Mən də, "yox, yox, məktəbi
qurtaranda yox, mama, bir az tez gedərəm". O da
"yaxşı" deyib, razılaşdı.
Mənə ləzzət
edirdi ki, xoşlandığım oğlan məni tuta bilmirdi.
Dayım oğlanlarının arasında
böyümüşdüm deyə, oğlan kimiydim. Birinci sinifdə oxuyanda doqquzuncu siniflərin
qarşısında Lermontovdan, Puşkindən əzbərdən
uzun-uzun şerlər deyərdim. Onlar da məni
alqışlayardılar.
Ailə qurmağa
çətinlik çəkirdim. Çox
populyar idim, görürdüm məni daha çox karyerama
görə istəyirlər. Deyirdim,
kaş məni Qazağa ezamiyyətə göndərərdilər.
Gizlicə atamı axtarıb tapardım.
Yerlik
Məndə,
ümumiyyətlə, çılğın sevgi heç vaxt
olmayıb. Uğur qazanmaqdan, komplimentdən
başgicəllənmə hər yaşda olsa da, düzü,
bu məndə gənclikdə olub. İnstitutda
idim, çəkildim və başladım tanınmağa.
Bu isə dəhşətli prosesdi. Biri var deyirlər bu filan filmdəki qızdı.
Bir də var biri deyir odur? O biri deyir yox, o
deyil. Və başlayırlar...
Bizim millət gözünün
qabağında səni ayağından tutmuş
başınacan üzünə qarşı müzakirə
edir. O vaxtdan məndə qara gözlük kompleksi
yarandı, indiyəcən istifadə edirəm.
Çıxışlıq
Məndən bunları
soruşanda... Hansı millətdə görünüb
yaxınlaşıb küçədə aktrisaya desinlər,
"Aaa, heyf sizdən... Cavanlıqda elə
gözəl idiniz, nə günə qalmısınız!"
Adam istəyir gedib özünü
öldürsün.
Kinostudiya
bağlandı və biz 13 nəfər aktyor İrana, filmə
çəkilməyə dəvət aldıq. Orda otaqları təmizləmək üçün
bizə bir qadın vermişdilər. Dəqiq
yadımda qalmayıb, ya adı İran idi, biz onu Tehran
çağırırdıq, ya da Tehran idi, biz İran
çağırırdıq. Otaqda
üç nəfər aktrisa qalırdıq. Bir dəfə
bu İran-Tehran yatağımızı
yığışdıra-yığışdıra məndən
yaşımı soruşdu, dedim 33. Dedi "neçə
uşağın var?" Dedim "ərə getməmişəm".
Gözləri bərəlmiş, şappıltıyla
üzümə dedi ki, "bəs sən nə vaxt uşaq
doğacaqsan? Mənim 32 yaşım var, dörd
uşaq anasıyam".
Bir il analıq
məzuniyyətindəydim deyə, "Retro" verilişini
aparmadım. Sonra ərim işlə
bağlı xaricə getmişdi. O vaxt bir dəfə
"Retro" verilişinə çıxdım. O da
qayıdandan sonra xəbər tutdu. Dedi, "sən məndən
icazəsiz bunu etməklə bizim xoşbəxtliyimizə son
qoydun".
Anamın ruhu hələ də məndən
əl çəkmir...
Tənhalıq
Bir nəfər var idi, adını
çəkməyəcəm, iş yoldaşlarımdan biri
idi. Həmişə mənimlə
zarafatlaşırdı. Düz beş
il idi nə vaxt məni görsə, aramızda belə dialoq
olurdu:
- Elçilərimi nə vaxt
göndərim?
- Sabah yox, birisigün.
- Onda kartof qızart, bizimkilər gələcək...
Həmişə belə
zarafatlar eləyirdik. İrandan qərarlı gəlmişəm,
dəhlizdə onu gördüm, yenə soruşdu:
- Elçiləri nə vaxt
göndərim?
- Sabah!
- Onda kartof qızart...
- Mən zarafat eləmirəm ha!
-Necə zarafat eləmirsən, biz beş ildir səninlə belə
zarafatlaşırıq...
- İndi isə
zarafat eləmirəm. Göndərirsən, göndər!
Göndərməyənin!
Qıpqırmızı
qızardı, dedi, bax, göndərərəm ha! Dedim bax də...
Atası rəhmətə
getmişdi, anası ağır xəstə idi. Xalası ilə xalası qızı gəldilər.
Əvvəlcədən də anama İran əhvalatını
danışmışam. Anam rəhmətlik bizə kim gələrdi başlayardı ki,
qızımın əlindən bir iş gəlmir,
aktrisadır, səhərdən axşamacan çəkilişdə
olur... Amma bu dəfə susdu, məni pisləmədi...
Anam həmişə
mənə deyirdi ərə getmə. Mən
getdim nə oldu ki, sən də gedəsən nə olacaq?
Anam məni o ruhda
böyütmüşdü ki, özün üçün
yaşa, ailə həyatı həmişə qura bilərsən.
Sən yaradıcı adamsan. Anam özü bədbəxt olmuşdu deyə istəmirdi
mən də bədbəxt olum, qorxurdu. Ümumiyyətlə,
nikaha münasibəti pis idi...
Onun da anasını əməliyyat
elədilər, gördülər xərçəng metastaz
verib, bağladılar. Dedim anana baş çəkmək
istəyirəm. Getdik. İlk dəfədir
evlərinə gəlmişəm, anası ilə tanış olacam. Evin tək
oğludur, getdi çay gətirməyə. Qaldıq
ikimiz... Və onda mənə bir söz dedi... Bilmirəm onu
demək düzgündür, ya yox... Nə gizlədim,
deyəcəyəm. Qoy başqa qadınlar
da nəticə çıxartsınlar. Öz
oğlanlarını bədbəxt eləməsinlər.
Anası dedi: "İndiki
qızlar otururlar, otururlar, yaşları keçəndə kim gəldi gedirlər".
Bu sözü oğlana demədim,
amma ondan uzaqlaşdım... Dedim, sən gizlədirsən, amma
anan məni istəmir. Heç nə demədi...
Elə onu dedi ki, anam xəstədir
və xəstəliyi haqda heç nə bilmir... Bu məsələ
bitdi... Sonra elə oldu ki, məndən bir yaş böyük
oğlanla tanış oldum, qısa
müddətə sevdim və ailə qurdum. Ana olmağa
hazırlaşdırdım, son aylarım idi, yenə dəhlizdə
onunla rastlaşdım...
Bir dəfə yaxınlaşdı
ki, sənə sözüm var: "Anam rəhmətə gedəndə
məni yanına çağırıb dedi ki, "Gedib Həmidədən
üzr istəyərsən. Mən çox
heyfsilənirəm ki, sənə mane oldum"".
O oğlan indiyəcən ailə
qurmayıb...
Ekspress.-2014.- 22
oktyabr.- S.15.