Cavidanə poeziya
Təsadüfi idimi, yoxsa dahilərə xas fəhm idimi ki, adını Azərbaycan ədəbiyyatına, bütünlükdə ictimai-bədii fikir, eləcə də teatr tarixinə əbədi həkk etdirən Hüseyn Abdulla oğlu Rasizadə özünə "mövcud", "əbədi" anlamları verən "Cavid" təxəllüsü götürmüşdü. Zira onun dahiyanə poeziyası cavidanə, yəni, əbədidir...
Hüseyn Cavid və yaradıcılığı yalnız ədəbiyyat hadisəsi deyildi, o, dahiyanə əsərləri ilə digər nəhəng ədiblərimiz kimi bütünlükdə milli-ideoloji düşüncəyə nüfuz etməyi bacarırdı. Maraqlıdır, Azərbaycan ədəbiyyatında yüzlərlə təxəllüs var, amma onlardan ada çevrilənləri xeyli azdır: valideynlərin öz uşaqlarına Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Zakir, Sabir, Vurğun, Şəhriyar, eləcə də Cavid təxəllüslərini ad kimi qoyması xalqın öz böyük yazarlarına sevgisinin bir izharıdır...
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid 1915-ci ildən Naxçıvanda, daha sonralar Tiflisdə, Gəncədə və Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuş, dil-ədəbiyyat fənnini tədris etmişdi. Müxtəlif səbəblər üzündən tez-tez Bakını müvəqqəti tərk edən şair 1917-ci ildə yenidən paytaxta qayıtmış, haqsız yerə və xaincəsinə "vətən xaini" damğası ilə həbs olunana qədər burada yaşamışdı.
1937. Stalin repressiyalarının ərşə
qalxdığı il. Bolşeviklərin
cəza maşını Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və mənəviyyatına ağır yaralar vurdu. Bilərəkdən canları-qanları ilə Vətənə
və millətə bağlı olan
ziyalılarımızı qurban seçdilər.
Repressiyaların tüğyan etdiyi ildə Əhməd Cavad, Bəkir
Çobanzadə, Mikayıl Müşfiq, Böyükağa
Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli,
Hənəfi Zeynallı, Xalid Səid Xocayev evlərindən
çıxarılıb ya gedər-gəlməzə göndərildilər,
ya da Kreml "Troyka"sının əmri, yerli canişinlərin
qulbeçəliyi ilə qətlə yetirildilər.
Hüseyn əfəndini
"xəyanətdə" suçlamaq dünyanın ən
böyük cəfəngiyyatı idi. Əslində,
onun sovet rejiminə qarşı heç bir siyasi-ictimai fəaliyyəti
olmamışdı, əgər əsərləri,
"İblisə uymuş bəşəriyyət"
ittihamı sosializm realizminə və ya sovet "gerçəklikləri"nə
uyuşmurdusa, bu, xəyanət deyildi, Kremlə yox, haqqa və
gerçək bədii sözə tapınan şairin cəsarəti
idi.
"Vətən
xaini" ittihamı gerçəkdən də absurddur.
Hansı vətən, Birinci Cümhuriyyətimizi boğan Qırmızı imperiya idimi vətən?
Təbii ki, Cavid Vətənin
aşiqi idi, lakin bu Vətən - Sovetlər İttifaqı
deyildi, doğma Azərbaycanımız idi. Baxmayaraq ki, sevdiyi Vətəndən
çox-çox uzaqlarda bu fani həyata vida etdi.
Amma ruhən Vətəni xəyalında
belə tərk etmədi:
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda
şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək
hər diyarə səs salıram,
Düşərmi
bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr
edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm
olub vüsali-vətən...
Gərəkdi əzm ilə,
hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır
iqbalü həm zəvali-vətən...
Hüseyn Cavid yaradıcılığı geniş
və əhatəlidir - ədalət, vicdan, millət, dil, ana,
vətən, sülh, dünyaya sevgi üzərində qurulub.
Onun əsərləri Allaha və
yaratdığına - bəşərə ülvi sevgidən
yoğrulub. Şairin əbədi mövzularda tarixi və
müasir planda qələmə aldığı "Ana",
"Maral", "Şeyx Sənan", "Afət",
"Uçurum", "İblis", "Topal Teymur",
"Peyğəmbər", "Səyavuş", "Xəyyam"
kimi əsərləri yalnız Azərbaycan ədəbiyyatının
deyil, dünya ədəbiyyatının və romantizmin
şedevrləridir. Son 100 ildə ədəbiyyatımızda
çox əsərlər önə çıxsa da,
zamanın sınağından çıxa bilməyərək
arxivlərin bir küncünə atılıb. Amma Hüseyn Cavidin əsərləri yaşayır
və öz aktuallığını itirmir.
Cavid drumaturgiyası
yüksək poetikası, bədii-estetik dəyəri
baxımından da cəzbedicidir. "Şeyx Sənan",
"İblis", "Xəyyam" və s. dramları fəlsəfəsi,
kəskin süjetləri, obrazları, xarakter
toqquşmaları, sərt konfliktləri və
mövzunun bədii həlli baxımından Şekspir faciələrindən
geri qalmır.
Çox zaman müasirləri
şairə osmanlı türkcəsindən,
ərəb-fars sözlərindən istifadə etdiyinə
görə irad tuturdular. Lakin Cavidin
poetikasında ritm, qafiyə, mübaliğə, təşbeh,
təzad və xitablar, dildən fantastik yararlanma texnologiyası
çox-çox ünlü şairin yetə bilməyəcəyi
ucalıqdadır. XX əsrdə az-az
yazarlarımız Cavid qədər dilimizin lüğət tərkibindən
bu qədər geniş istifadə edə bilməsi ilə
öyünə bilər.
Cavidin bədii dili
yeri gəldikdə dahiyanə sadədir. Onun ən poetik
dramı olan "Xəyyam"da saray qızlarının
Sevdaya çağırışı nəğmə kimi səslənir:
Sevda, gedəlim, Sevda,
Durmaq yaramaz burda.
Gəl, gəl, ulu xaqanın
Qalmış
gözü yollarda.
Yoxdur bir eşin əsla
Ən şanlı saraylarda,
Bir yosma gövərçinsən,
Ardınca uçar
dünya.
Məhəmməd
peyğəmbər obrazını da dramaturgiyamızda ilk dəfə
Hüseyn Cavid qələmə alıb. "Peyğəmbər"
mənzum dramını 1922-ci ildə yazan dramaturq əsəri
həmin il və 1923-cü ildə "Mədəni
- maarif" jurnalının müxtəlif saylarında
çap etdirib. Dörd pərdədən ibarət
olan pyesdə Məhəmməd peyğəmbərin həyatının
müxtəlif tarixi dövrləri verilib.
Ötən əsrin 30-cu illərində
Mehdi Hüseyn Cavid yaradıcılığı haqqında
yazırdı: "Cavidin romantizmi çox zaman canlı həyatdan
uzaqlaşmağa meyl göstərən sənətkarın
romantizmi olmuşdur, lakin bu heç də Cavidin fantaziya aləminə
qapılmış olduğunu iddia etmək deyil".
Əslində,
romantizmin reallıqdan uzaq olması yanlış təsəvvürdür.
Məsələn, Viktor Hüqo romantizmində həyatın
daha sərt üzü ilə ("Səfillər")
rastlaşmaq mümkündür, nəinki realist Onere de
Balzakın Parisin kübar həyatından bəhs edən
romanlarında. Romantizm romantika deyil, Cavid
üslubunda pafosa da rast gəlmək mümkün deyil. Şairin yaşadığı zəmanə bəşəriyyətin
indiyədək görmədiyi qanların
töküldüyü (Birinci dünya müharibəsi),
inqilabların olduğu, Allahın inkar edildiyi, dünyanın
hara getdiyinin bəlli olmadığı bir dövr idi. Cavid reallıq fonunda onu düşündürən
bəşəri, milli və adi insani problemlərə
işıq tutmağa, fırtınalardan
çıxış yolu tapmağa
çalışırdı. Bu, başqa məsələdir
ki, Cavid dövrünə sığmırdı. Əslində, o, zamana sığmırdı. Cavid "zamandankənar" - yəni bütün
zamanların şairidir.
Böyük şair
bəraət aldıqdan sonra ötən əsrin 60-cı illərdən
cavidşünaslıq tədricən də olsa inkişaf etməyə
başladı. Baxmayaraq ki, sovet ideologiyası
üçün Cavid yaradıcılığı yad idi,
"idealist şairi" materialist təfəkkürün həzm
etməsi çətin bir iş idi. Bununla belə, Məmməd
Cəfər Cəfərov, Yaşar Qarayev, Səlahəddin Xəlilov,
Əjdər İsmayılov kimi alimlər və tədqiqatçılar
Cavid poeziyası və dramaturgiyası haqqındakı
yazıları ilə cavidşünaslığı zənginləşdirə
bildilər.
M.Cəfərov Hüseyn Cavid
haqqında yazırdı: "Hüseyn Cavidin
yaradıcılıq yolu çox ziddiyyətli və mürəkkəbdir.
1920-ci ilə qədər H.Cavid yazdığı əsərlərdə
zəmanəsindən şikayətçi, inkarçı,
başqa həyat arzusu ilə yaşayan, lakin qurtuluş
üçün heç bir işıq ucu görə bilməyən,
küskün, narazı, narahat bir şairin fəryadları,
mövcud ictimai münasibətlərə, ruhani və cismani əsarətə
qarşı üsyanları, əsəbi etirazı ifadə
olunub. Bu dövrdə yazdığı əsərlərin
çoxunda o, varlıqla çox az hesablaşan və sənətdə
əsasən ideal həqiqət axtarıcılığı
yolunu tutan romantik-idealist bir sənətkardır".
Mir Cəlal və
Firudin Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı"
kitabından tarixilik əsas götürülərək Cavid
poeziyasının müxtəlif qatlı ideya-bədii
axtarışlarında humanizm xətti önə
çıxarılır.
Professor Əli
Sultanlı "Hüseyn Cavidin faciələri" əsərində
"İblis"ə daha geniş yer ayırır.
"İblis"in "Birinci dünya müharibəsinin qan
püskürən odları içində"
yazıldığını bildirən müəllifə
görə, bu, faciə dramaturqun qan tökən imperializmə
olan nifrət və qəzəbinin məhsulu olsa da, Cavid hadisələrə
romantizm prizmasından yanaşıb: "Doğrudur,
"İblis"dəki hadisələr Türkiyədə cərəyan
edir, ancaq H.Cavid arzu etdiyi hadisələri alır, arzu etdiyi
romantik obrazları verir, müharibənin dəhşətli səhnələrini
insanın qorxunc təbiətində mücərrədləşdirərək
romantik yolla həll edir".
Ümumiyyətlə,
bədii əhvalat və ya hadisə hətta tarixi olsa belə,
"arzuedilən", uydurulan və
quraşdırılandır. Bədii
yaradıcılıq, reallığın bədii inikası
mübaliğə sənətidir. Əsas
odur ki, "İblis" faciəsi ədalətsiz müharibələrə,
nifaq salanlara, savaş səbəbkarlarına nifrət hissləri
oyadır. O kəslər ki, insanlığını qənimidirlər
- İblisdirlər:
Hər qülbədə, kaşanədə,
viranədə İblis!
Həp
Kəbədə, bütxanədə, meyxanədə
İblis!
Hər kəs bəni dinlər, fəqət
eylər yenə nifrət,
Hər kəs bana
aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü
miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib
qıvrılacaqsın,
Daim ayaq altında
sönüb məhv olacaqsın.
Təbii ki,
reallıqla barışmayan Cavid pisliklərdən xali
dünya arzusunda idi. Müxtəlif ədəbi cərəyanların
təmsilçiləri olmalarından asılı olmayaraq
Cavidin digər həmmüasirləri
- Mirzə Cəlil, Cəfər Cabbarlı, Məhəmməd
Hadi, Əhməd Cavad, Mikayıl Müşfiq, Abbas Səhhət,
Abdulla Şaiq də eyni amal və məfkurənin
daşıyıcıları deyilmidilər? Bütün
böyük ədiblərimiz öz əsərlərində
milləti güclü olmağa, haqqın şərə qalib
gəlməsinə, insanları qardaşlığa səsləmirdilərmi?
Cavid böyük
humanist idi, onun üçün insan bolşevik
ideologiyasının təqdim etdiyi kimi "mexanizm və ya vintcik"
deyil, hər şeyə qadir olandır. Bütünlükdə
onun yaradıcılığında insana məhəbbət
qırımızı xətt kimi keçir.
Şair dünyaya
Tanrı-İnsan-İblis konsepsiyası prizmasından
baxırdı və dünyanı sevginin qurtaracağı
qayeyi-amalı idi inanırdı. "Peyğəmbər"də
baş qəhrəmanının dediyi kimi:
Mən
məhəbbət əsiriyəm hər an,
Hər zaman özlərəm bir
öylə cahan
Ki, bütün
kainata eşq olsun.
Könül
uçduqca etila bulsun.
Rəqs edib, orda möhtəşəm
bir hiss,
Yasa batsın da,
ağlasın iblis.
Qəmdən əsla görünməsin
də əsər,
Saçsın al qönçələr
şəfəqli səhər,
Orda üz qoymasın işgəncə,
kədər,
Oxşasın ruhu pənbə
röyalar.
Mənə gülsün də həp
o nazlı xəyal,
Ah o, yalnız o, qayeyi-amal...
Hüseyn əfəndi
məddahlıq nədi bilməzdi, hansısa partiyanı və
rəhbəri də mədh etməzdi. Cavid
poeziyasında daşa-divara, hansısa tikinti və tarlaya həsr
edilmiş şeirə də rast gəlməzsən.
Cavid lirikası sevgiyə və yaşamaq uğrunda mübarizəyə
çağırırdı:
Yaşamaq istərsən
çalış, çabala,
Rəd olub gurla, bərq olub parla!
"Mən məhəbbət əsiriyəm
hər an" deyən böyük humanisti
"əbləhü miskin"lər həbs edib Sibirə
sürgün etdilər. O uzaq yerlərdə, dünyanın o
başında, dəhşətli şaxtalarda
azadlığı əlindən alınmış şair nələr
çəkdi, necə yaşadı?
Əslində yaşamadı,
dözülməyəcək müsibətlər çəkdi...
Əsarətdə pənbə röyalar ruhunu artıq
oxşaya bilmədi... Və çox dözmədi...
Qarlı bir qış gecəsində,
1941-ci il dekabrın 5-də Sibirdə,
İrkutsk yaxınlığındakı həbs düşərgəsində
dünyaya gözlərini əbədi yumdu...
Uzun illər sonra ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
şairin Sibirin don vurmuş torpaqları altından
çıxarılan nəşi ruhən
ayrılmadığı Vətənə gətirildi. O
gün tarixi gün idi və bunda təsəlli tapdıq ki,
Cavidimiz öz Vətənində uyuyur:
Xoş ol kəsə ona həmdəm
olub vüsali-vətən...
Ulduzə
QARAQIZI
Yazı "Kaspi" qəzetinin keçirdiyi
"Hüseyn Cavid irsinin tədqiqi ilə
bağlı" müsabiqəyə təqdim edilir
Ekspress.-2014.- 25-27 oktyabr.- S.11.