"Özümü ana obrazında görmək istəyirəm"

 

Almaz Mustafayeva: Uşaqlarım məni görəndə deyirdilər ki, "Azərbaycanın əməkdar dovşanı gəlir"

 

1964-cü il. "Sehrli xalat" filminin çəkilişləri gedirdi. Filmin müəllifləri orta məktəblərdə rollara uyğun gələn uşaqların axtarışına çıxmışdılar.

   Bakının 29 saylı orta məktəbində 7-ci sinfində oxuyan Almaz Mustafayeva Əfsər Cavanşirovun xorunda solist idi, xalq rəqslərini də böyük həvəslə öyrənirdi. "Azərbaycanfilm"in əməkdaşları 29 saylı məktəbə də gəlib çıxırlar. Eyni sinifdə oxuyan Almaz Mustafayeva Səidə roluna və Petya roluna çəkilən Kolya Loginov film üçün seçilir.

   Və həmin rol və ilk həyəcan Almaz Mustafayevin həyatında böyük rol oynayır. Almaz xanım həmin filmin çəkilişlərini belə xatırlayır"":Sehrli xalat" filminin çəkilişləri əsasən İçərişəhər və Maştağada aparılıb. Filmin gələcəklə bağlı olan hissəsi Minskdə çəkilib. Hamıya maraqlı olan kosmos səhnəsi isə kinostudiyanın içərisində yaradılıb. "Sehrli xalat"a seçiləndə danışığım və diksiyam Əlisəttar Atakişiyevin o qədər xoşuna gəldi ki, məni köhnə kinostudiyaya apardı. Hazırda o kinostudiyanın yerində Bakı Univermağı yerləşir. Bu binadan bir az aralı köhnə Sirkin binası yerləşirdi. Məni dublyaj redaksiyasına gətirərək ordakılara dedi: "Baxın sizin üçün necə bir tapıntı gətirmişəm. Bundan sonra uşaq rollarını o dublyaj edəcək". O vaxtdan dublyajda çalışdım, demək olar ki, uşaq rollarının əksəriyyətini mən səsləndirdim".

   Beləliklə də, müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayevadır.

       - Bəzən ilk rol aktyorun sənət taleyini müəyyənləşdirir...

   - Doğrudan da, ilk roldan, ilk uğurdan çox şey asılıdır. Kinodakı ilk rolum məlumdur. Teatrdasa ilk rolum Qeybulla Rəsulovun pyesi əsasında hazırlanan "Əlvida, Hindistan" tamaşasında Ramo rolu olub. Məndən əvvəl bu rolu Əminə Yusifqızı çox yüksək səviyyədə oynamışdı. Ancaq mən teatra yeni gələndə artıq Əminə xanım Milli Dram Teatrında fəaliyyətə başlamışdı və buna görə də həmin tamaşa unudulmuş, kənarda qalmışdı. Rol mənə həvalə olunduqdan sonra tamaşa üzərində yenidən hazırlıq başlandı. Mən sənətkarlarımız - rəhmətlik Solmaz xanıma, Firəngiz xanıma minnətdaram ki, onlar mənimlə çox işlədilər. Onların diqqəti, qayğısı sayəsində mənim oynadığım Ramo rolu çox uğurlu alındı. O dövrdə teatrda mənim ampluamda uşaq rollarını oynayan aktrisa yox idi. Bu da mənə daha geniş imkanlar yaratdı və o vaxtdan teatrda baş qəhrəmanları mən oynamağa başladım.

   - 45 ildir ki, səhnədəsiniz, maşallah, həmişə gənc və gözəlsiniz...

   - Belə qalmağımın elə də bir sirri yoxdur. Düşünürəm ki, insan ruhən gənc olursa, bu istər-istəməz onun görünüşünə də sirayət edir. Ümumiyyətlə, belə gənc qalmaq bizim teatrın aktyorlarına xasdır. Çünki uşaq tamaşaları, rəqslər, musiqi, əyləncə və s. bütün bunların hamısını yaşayan, əlbəttə ki, gənc görünüşə malik olacaq.

   - Hər dövrün öz sənət nümunələri və dövrə uyğun tamaşaçı tələbatı olur. Ola bilsin ki, 45 il əvvəl tamaşaçı üçün maraqlı olan əsər indi heç maraq doğurmasın...

   - Doğrudan da, hər dövrün öz tələbatı var və bunu biz sənət adamları daha tez hiss edib, şahidi oluruq. "Sehrli xalat" filmi çəkiləndə, təbii ki, biz bilmirdik ki, 2000-ci illərdə nələr baş verəcək. Ancaq Əlisəttar Atrakişiyev sanki illəri qabaqlamışdı. Teatrda da o dövrdə dövrün nəbzini tutan tamaşalar var idi, misal üçün, komsomola, pionerə aid və s. Ancaq elə tamaşalar da var idi ki, onlar hər dövrün nəbzini tutur. Məsələn, mənim repertuarımda "Qaraca qız" var idi. Teatrın tarixində ikinci Qaraca qız idim, ilk dəfə bu rolu Susanna Məcidova oynamışdı. Bu rol ifamda bəyənilirdi, hamı deyirdi ki, "sanki bu rolu sənə baxıb yazıblar". Sonralar "Qaraca qız"a bir neçə dəfə də müraciət olundu, hətta axırıncı quruluşda mən qaraçılardan birini oynayıram. Demək istədiyim odur ki, həmişə fərqli və aktual əsərlərdə çıxış etmişəm. Başqa aktual əsərlərdən biri İsgəndər Coşğunun "Ana laylası" idi. Bu tamaşada Bahar adlı müğənni bir qızı oynayırdım. Onu hər gün saraya çağıraraq yeni bir mahnı oxumasını tələb edirdilər. Bu tamaşaya Ramiz Mirişli orijinal bir musiqi yazmışdı. Tamaşa iki dəfə fərqli quruluşlarda hazırlanmışdı, mən iki quruluşda da Baharı oynamışdım. Ola bilsin illər keçəcək, bu tamaşa yenə də fərqli quruluşda hazırlanacaq və mən yenə uyğun olan bir rolu oynayacağam. Demək istədiyim odur ki, elə əsərlər var ki, həmişə aktualdır, həmişə maraq yaradır. Ümumiyyətlə, hazırda sürət əsrini yaşayırıq, internet dövrüdür. Bu baxımdan elə əsərlər tamaşaya hazırlanmalıdır ki, uşaqların marağını oxşasın. Uşaqların internetdəki oyunlarda tapmadığı hissləri tamaşalar vasitəsilə oyatmaq lazımdır. Bir haşiyə çıxmaq istərdim. Nəvələrim teatrda mənim iştirakımla göstərilən "Qırmızı papaq" tamaşasına baxmağa gəlmişdilər. Artıq bu tamaşada nənə oynayıram. Elə ki, səhnələrin birində qurd nənəni yeyir, kiçik nəvəm ağlamağa başlayıb ki, "qurd nənəmi yedi", bu zaman böyük nəvəm onu sakitləşdirərək "niyə ağlayırsan, bu tamaşadır, oynayanlar da aktyorlar" deyib. Böyük nəvəmin 5 yaşı var, bu da o deməkdir ki, artıq onu nə aldatmaq, nə də ağlatmaq olur. Ola bilsin ki, tamaşa yaş etibarilə ona uyğun nağıl üzərində qurulub, ancaq dövrün uşaqları informasiyanın gücündən çox tez böyüyürlər, tez inkişaf ediblər.

   - İnformasiya texnologiyaları, sürət əsri teatrların fəaliyyətinə nə dərəcədə mane olur, ümumiyyətlə, teatr dövrün nəbzini tutmağı bacarırmı?

   - Dövr inkişaf edirsə, o zaman teatr da bu inkişafı yaşayır. Gənc Tamaşaçılar Teatrı dövrün nəbzini tutmağı bacarır. Zənnimcə, elə əsərlər var ki, uşaq-tamaşaçıların ruhunu oxşayır, deməli, dövrün nəbzini tutmağı bacarırıq. Doğrudur, teatrımız müasir üslubdadır, müasir avadanlıqlarla təchiz olunub, ancaq düşünürəm ki, digər ölkələrin teatrları ilə müqayisədə hələ bir qədər axsama var. Ancaq inanıram ki, bu da müvəqqətidir. Zaman gələcək teatrlarımız hər mənada dünya teatrları ilə rəqabət aparacaq, onlarla ayaqlaşacaq. Bildiyiniz ki, prezidentin sərəncamı ilə teatrlar üçün böyük bir proqram həyata keçirilməkdədir. Hazırda az qala bütün teatrlarımız yüksək səviyyədə təmirdən çıxıb. İndi yalnız yaxşı əsərlərə ehtiyacımız var ki, səhnədəki "axsama" aradan birdəfəlik qaldırılsın. Mən həmişə uşaq tamaşalarında iştirak etmişəm, buna görə də arzu edirəm ki, gələcək nəsil də maraqlı uşaq tamaşalarına baxa bilsinlər. Çox təəssüf ki, yazarlarımız indi uşaq əsərləri yazmır. Bilmirəm, bu, maliyyə ilə əlaqədardı, yoxsa teatrı yaxşı bilmirlər. Rejissorların da üzərinə ağır yük düşür. Məsələn, Nicat Kazımovun adını çəkmək istərdim, o çalışır ki, dəyişik bir yozumlarla səhnədə maraqlı bir ab-hava yaratsın. Abdulla Şaiqin "Gəlincik" əsəri var, biz vaxtilə o əsərdə oynamışıq. Nicat Kazımov həmin əsəri fərqli yozumda səhnələşdirib, maraqlı alınıb, baxılır. Bəlkə də elə belə işləmək lazımdır. Nə olur-olsun teatrda dövrün nəbzini tutmağı bacaran əsərin olması vacibdir, ikincisi, rejissor yozumu dövrün nəbzini tutmalıdır və nəhayət, aktyorun üzərinə böyük məsuliyyət düşür. Aktyor tamaşada elə maraqlı ifa nümayiş etdirməlidir ki, səhnələşdirilən əsəri diqqətdə saxlaya bilsin.

   - Sizin əsasən alleqorik obrazlar oynamısınız. Yəqin ki, daha fərqli obrazlar da gözləmisiniz?

   - Əsasən dovşan obrazlarını oynamışam. Hətta uşaqlarım balaca yaşlarında olduğu zaman məni görən kimi deyirdilər ki, "Azərbaycanın əməkdar dovşanı gəlir". Doğrudur elə tamaşalar var ki, ana, nənə rolları da oynayıram, hətta ciddi əsərlərdə çox gözəl obrazlar oynamışam. Nicat Kazımov Marat Haqverdiyevin "Ah qadınlar, qadınlar" əsərini səhnələşdirdiyi zaman mənə kicikhəcmli bir qadın obrazı verdi. Tamaşanın rəssamı da oğlum idi. Nicat öncə tərəddüd etmiş ki, rolu mənə versin, verməsin, hətta oğlumla da məsləhətləşib, o da "sən təklifini et, özü qərar versin" deyib. Rol mənə təklif olundu, oxuduğum zaman anladım ki, bu komediyadır, qəbul etdim, rol üzərində çox işlədik və nəhayət, istənilən nəticəni əldə etdik. Əslində, bundan əvvəl də İlham Namiq Kamalın Miniatür Teatrında komediya oynamışdım, ancaq öz teatrımızda ilk dəfə idi ki, belə səpkili qadın obrazı oynayırdım. Tamaşa maraqlı alındı, oynadığım rol da maraqla qarşılandı.

   - Tamaşaçı sizin ifanızı yüksək qiymətləndirir, özünüz ifanızı necə qiymətləndirirsiniz?

   - Doğrusu, mən özümə qarşı çox tələbkaram, yəqin ki, bu səbəbdən də daima ifamdan narazı qalıram. Çox az hallarda ifam məni qane edir, ancaq yenə də mənə elə gəlir ki, daha fərqli oynaya bilərdim. Yəqin ki, bu, elə dediyiniz kimi, özünə qarşı olan tələbkarlıqdan irəli gəlir. Ancaq istərdim ki, mənim bütün aktyor potensialımı üzə çıxarmağı bacaran bir rejissorla fərqli bir tamaşa üzərində çalışım. Doğrudur, mənim üçün, tutaq ki, cizgi filmi qəhrəmanlarını səsləndirmək daha rahatdır, amma bir ana, qadın obrazında özümü görmək istəyirəm, hətta yaşımdan da böyük olan bir qadını oynamaq istərdim. Hiss edirəm ki, yaxşı bir rejissor, yaxşı bir əsər olsa, bu yükün altından çıxa bilərəm.

   - Sənətə kinodan gəlsəniz də, sonralar kino aləmindən uzaq düşdünüz...

   - "Sehrli xalat" filmindən sonra "Şir evdən getdi", "Aktrisanın təbəssümü" və s. filmlərə çəkildim, son işlərimdən biri də "Üç bacı" serialıdır. Yəni, zamanla kinoya dəvət alıram, doğrudur, epizodik rollara çəkilirəm, ancaq önəmli olan odur ki, hər zaman rejissorların diqqətində dayanıram, mənə uyğun rollar olur. Daha önəmlisi isə odur ki, Azərbaycanda serial çəkilişinə start verilib.

   - Sizcə serialların daha baxımlı olması baxımından digər ölkələrlə rəqabət apara bilərik?

   -        Bilirsinizmi, dünənə qədər ölkəmizdə serial çəkilmirdi, hətta serialları necə çəkmək lazımdır ki, özünə tamaşaçı toplasın fikri narahatlıq doğururdu. Ancaq bu gün durum dəyişib, seriallar çəkilir və bu, davamlı şəkildədir, inanıram ki, tədricən seriallarımız inkişaf edəcək. Bildiyiniz kimi bir vaxtlar Braziliya serialları dünyaya səs salmışdı, hazırda Türkiyə serialları az qala dünya tamaşaçılarının əksəriyyətinin diqqətində dayanır. Mən Türkiyənin istehsal etdiyi serialları yüksək qiymətləndirirəm. İnanıram ki, vaxt gələcək biz də ən azından onların səviyyəsində olan seriallar çəkə biləcəyik. Gənc rejissorlarımız yetişir, onlar böyük səylə rejissurada söz demək istəyirlər, ümumiyyətlə götürdükdə isə Azərbaycan türkləri istedadlı, qabiliyyətli olurlar. Biz talantlı, güclü bir xalqın nümayəndəsiyik və heç bir zaman da heç kimdən geri qalmamışıq. Azərbaycan incəsənəti daima öz inkişaf dövrünü yaşayıb və getdikcə daha da böyük uğurlar qazanacağımıza inanıram.

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 25-27 oktyabr.- S.14.