Sənaye yeni inkişaf mərhələsində
Azərbaycanın gələcək iqtisadi
inkişafı sənaye
inkişafı ilə
bağlı olacaq
Güclü iqtisadiyyatı inkişaf etmiş sənayesiz təsəvvür etmək olmaz. Davamlı inkişaf, əhalinin məşğulluğunun artırılması, ölkənin ixrac qabiliyyətinin yüksək səviyyədə saxlanılması, elmin inkişaf etdirilməsi, idxaldan asılılığın azaldılması və s. məqsədlər baxımından sənayenin inkişaf etdirilməsi vacibdir.
İnkişaf etmiş sənaye kənd təsərrüfatı istehsalının artırılmasına əsas yaradır, ərzaq təhlükəsizliyini təmin edir, iqtisadiyyatın müxtəlif sahələrinin rəqabət qabiliyyətinin artırılmasına, xarici bazarlardan asılılığın azaldılmasına kömək edir.
Sadalanan mühüm cəhətlər Azərbaycanda da sənayenin inkişaf etdirilməsi zərurətini yaradır. Buna görə də son illərdə sənayedə tərəqqinin əldə edilməsinə, mədən sənayesi ilə bərabər qeyri-neft sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır.
Əgər müstəqilliyin ilk illərində "Əsrin müqaviləsi" ilə başlayaraq sənayenin neft sektorunda böyük inkişaf baş verdisə, son illərdə daxili investisiyaların artması hesabına sənayenin digər hissəsində də böyük inkişaf meyilləri görünür. Artıq tam əminliklə söyləmək olar ki, Azərbaycan sənayesi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ gələcəkdə iqtisadiyyatın qeyri-neft sahələrinin davamlı, rəqabət qabiliyyəti güclü şəkildə inkişafı üçün əsas yaradacaq.
Davamlı inkişaf sənaye
inkişafından asılıdır
Sənaye inkişafının yeni mərhələsindən böyük gözləntilər var. Bununla bağlı Prezident İlham Əliyevin daha maraqlı fikirləri mövcuddur. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı ölkə başçısı bildirdi ki, əsas məqsəd Azərbaycanın neft amilindən asılılığını maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə də Azərbaycanın inkişafını təmin etməkdir. Prezident qeyd edib ki, Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Ölkə başçısı söyləyib ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyaları ölkə iqtisadiyyatı üçün strateci əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb edilməlidir.
Sənayenin yeni inkişaf mərhələlərindən böyük gözləntilərin olduğunu iqtisadçı alim Əli Əlirzayev də bildirir. Ə.Əlirzayev hesab edir ki, Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət büdcəsinin gəlirlərinin artırılması üçün sənaye sahəsinin tərəqqisinə daha çox diqqət artırılmalıdır. Onun firkincə, iqtisadiyyatın sahələri arasında sənaye sahəsi öz tutumuna görə prioritet istiqamətdir və sənayenin qeyri-neft sektoru yüksək səviyyədə inkişaf etdirilərsə, gələcəkdə də neft sektorunun hasilatı azaldıqda büdcənin doldurulmasında heç bir problem yaranmayacaq.
İqtisadçı alimin şərhinə görə, sənayenin inkişafı üçün ilk növbədə yerli xammala asaslanan sahələrə diqqəti artırmaq lazımdır. Ə.Əlirzayev yüngül sənayenin, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sənaye sahələrinin, gündəlik istehlak mallarının istehsalı ilə bağlı sahələrin inkişaf etdirilməsinin vacib olduğu qənaətindədir.
Ə.Əlirzayev tam əmindir ki, güclü sənaye potensialı yaradılmadan nə kənd təsərrüfatı, nə turizm, nə də digər sektorların inkişafı uğurlu nəticələr verməyəcək.
Qeyri-neft sənayesi
ümidləri artırır
Öncə də vurğuladıq ki, müstəqil Azərbaycanda sənaye ikinci böyük inkişaf mərhələsini yaşayır. İlk mərhələ neft amili ilə bağlıdır və əsasən 1994-2011-ci illəri əhatə edir. Bu dövrdə sənayedə yaradılan əlavə dəyərin (ümumi daxili məhsul istehsalı) dəfələrlə artaraq 28 milyard manatı ötüb. 2011-ci ildən sənayedə nominal ifadədə ÜDM istehsalı azalsa da bu sektorun özündə qeyri-neft sənayesinin rolu artır. Bu ilin 9 ayının nəticələrinə əsasən sənayenin neft sektorunda geriləmə olduğu halda qeyri-neft sahəsində 3 faizdən artıq böyümə var.
Sənayenin ikinci mərhələsi emal sektorunun inkişaf göstəricilərinin artması ilə bağlıdır. Emal sektoruna qoyulan investisiyaların artması sənayenin qeyri-neft bölməsinin davamlı artımını təmin edir. Emal sektoruna 2009-cu ildə 352 milyon manat investisiya qoyulduğu halda, ötən il qoyulan investisiyaların həcmi 900 milyon manata çatıb.
Yalnız 2013-cü il ərzində Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilib, 90-dan artıq sənaye müəssisəsinin tikintisi isə davam etdirilir və növbəti illərdə istifadəyə veriləcəkdir.
Sənaye inkişafına dövlət dəstəyi
Növbəti mərhələdə sənayenin inkişafının əsas istiqamətlərindən biri də bu sahədə dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndirilir.
Sumqayıtda Kimya Sənayesi Parkının, Yüksək Texnologiyalar Parkının və Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılan ilk addımlardır.
Daha bir sənaye parkı Sumqayıt Kimya Sənaye Parkı olacaq. Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, gələcəkdə ölkəmizin bir çox şəhərində sənaye parklarının yaradılması planlaşdırılır.
Tikilməkdə olan bu iri sənaye kompleksləri Azərbaycanın ixracyönlü sənaye potensialının artırılmasına öz töhfəsini verəcək. Bu baxımdan yaxın və uzun müddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə d ə parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub.
Dövlət dəstəyinin digər təzahür formaları sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən güzəştli maliyyə resurslarına çıxışın, maarifləndirmənin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması olacaq. Bu tədbirlərin ölkədə qeyri-neft sənayesinin inkişafına töhfəsini verəcəyi yəqindir.
İqtisadçı Vüqar Bayramov da hesab edir ki, sənayenin inkişaf etdirilməsi üçün dövlət dəstəyinə böyük ehtiyac var. Onun fikrincə, dövlətin dəstəyinin səmərəli olması üçün bu dəstəyin necə və hansı şəkildə həyata keçirilməsindən çox şey asılıdır.
O qeyd edir ki, ümumi qaydada sənaye sahəsinə dövlət dəstəyinin göstərilməsi praktikası yoxdur. İnkişaf etmiş Avropa ölkələrinin, ABŞ-ın, eyni zamanda inkişaf etməkdə olan ölkələrin təcrübəsini nəzərə alan Bayramov bildirdi ki, sənayedə dövlət dəstəyinin artırılması məqsədilə birmənalı şəkildə müqayisəli üstünlüyə malik olan sektorların müəyyən edilməsinə və həmin sahələrin dəstəklənməsinə ehtiyac var.
O, müqayisəli üstünlük dedikdə ixrac qabiliyyəti olan sektorlar nəzərdə tutur. İqtisadçı söylədi ki, dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir.
V.Bayramov bu baxımdan ən yaxşı xarici praktikadan birinin Çin Xalq Respublikası olduğu qənaətindədir: "Çində sənayenin müqayisəli üstünlüyə malik olan sektorlarının dəstəklənməsi üçün xüsusi ixrac subsidiyaları tətbiq edilir. İxrac subsidiyalarının mahiyyəti ondan ibarətdir ki, əvvəla, dövlət ixrac qabiliyyəti olan sektorları müəyyənləşdirir, həmin sektorların dəstəklənməsini həyata keçirir. Bu təcrübə differensial vergilər şəklində tətbiq edilə bilir. Müqayisəli üstünlüyə malik olan sektorlar daha aşağı vergiyə cəlb edilir. Aşağı vergi dərəcələri imkan verir ki, həmin sektorlara aid məhsulların maya dəyəri aşağı olsun və ixrac qabiliyyəti yüksək olsun.
Vergi güzəştlərindən sonra ikinci mərhələdə isə ixrac subsidiyaları tətbiq edilir. Hər bir müəssisə və ya şirkət ixrac etdiyi məhsulun həcminə görə dövlətdən subsidiya alır".
V.Bayramov deyir ki, inkişaf etməkdə olan ölkələrdə ixracın 10 faizi həcmində subsidiya müəyyənləşdirilib. Bəzilərində bu, 7 və ya 12 faiz həddindədir: "Subsidiyanı ala bilmək üçün müəssisə müəyyən həcmdən artıq ixrac həyata keçirməlidir. Bu güzəştlər və stimullaşdırma tədbirləri ona gətirib çıxarır ki, müəssisələr daha çox ixracda maraqlı olur".
Bayramov hesab edir ki, Azərbaycanda da eyni təcrübənin tətbiqinə ehtiyac var. Bunun üçün müqayisəli üstünlüyə malik olan sahələrin müəyyənləşdirilməsi lazımdır. Onun fikrincə, yüngül, yeyinti, kimya sənaye sahələrinə prioritet sahələr kimi yanaşmaq olar.
İqtisadçının qənaətincə, bu sahələrə güzəştin tətbiqi yaxşı olardı: "Həmin sektorlara mövcud texnoparklar və klasterlər vasitəsilə vergi tətbiq etmək mümkündür, daha sonra həmin sektorlardan məhsul ixrac edən şirklətlər üçün ixrac subsidiyaların tətbiqinə ehtiyac var. Bu da birmənalı olaraq imkan verəcək ki, şirklətlər sərmaya qoyan zaman daha çox ixracyönümlü istehsal potensialının yaradılmasına çalışacaqlar. Bu da nəticədə Azərbaycanda sənayesinin ixrac qabiliyyətinin artırılmasına və qeyri-neft sektorunun inkişafına təkan verəcək".
Beləliklə, sənayenin yeni inkişaf mərhələsindən gözləntilər böyükdür.
Azərbaycanda yaxın gələcəkdə yerli xammala əsaslanan metallurgiya sənaye sahəsinin, neft-kimya və kimya sənayesi sənayesinin, maşınqayırma sənayesinin, tikinti materialları istehsalı sahələrinin, yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalının, yüngül sənayenin inkişafına xüsusi önəm veriləcək.
Qeyd olunanlarla yanaşı, yeni sahələr kimi kosmik və müdafiə sənayelərinin inkişafına, alternativ enerci istehsalının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Görüləcək işlər, müasir, innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü sənayenin formalaşmasını təmin edəcək.
Vasif CƏFƏROV
Ekspress.-2014.-
25-27 oktyabr.- S.18.