Baş açmır özündən özü dünyanın...

    

     Mənim dünyam

 

   Zaman verdi öz hökmünü,

   Kəc dövranın düz hökmünü.

   Məni yaman çəkdi dara,

   "Mənim dünyam", mənim dünyam.

 

      Ümmanları yara-yara,

   Gəlib çatdı bir gör hara?

   Gəlib çatdı ilk bahara

   "Mənim dünyam", mənim dünyam.

   

   Məni bu dünya

   Bu nə möcüzədir, bu nə mənzərə,

   Bir yanda uca dağ, bir yanda dərə.

   Zirvəyə qaldırdı bəlkə min kərə,

   Zirvədən endirdi məni bu dünya.

   

   Gah məni incitdi, gah da "can" -dedi,

   Ellərin yolunda alış, yan, -dedi,

   Cəhd elə qalib çıx sınaqdan, -dedi,

   Atına mindirdi məni bu dünya.

 

       Dolaşdım bağında gülüstanında,

   Güldürdü, ağlatdı məni bir anda,

   Vətəni sevməkdir şöhrət də, şan da,

   Yandırdı, söndürdü məni bu dünya.

 

       Uzun yollarında yıxıldım, durdum,

   Dalıb xəyallara özümü yordum,

   Çox sirri aradım, çox sirri sordum,

 

   Anlatdı, qandırdı məni bu dünya.

 

       Gördüm həm varını, həm də yoxunu,

   Oddandır, buzdandır insanın donu,

   Çox sınadı Əli Vəkil oğlunu,

   Heyrətdən dondurdu məni bu dünya.

 

   1987, Pidsunda

 

   İlahi, bu dünya...

 

 İlahi, bu dünya necə sirlidir...

   Qəlbini oxşayır quşların səsi.

   Eşqinin yolunda olursan əsir,

   Yazılır adına sevgi nəğməsi.

 

       İlahi, bu dünya nə təzadlıdır...

   Alır ağuşuna ilk bahar səni.

   Qışı şaxtalıdır, yayı odludur,

   Qorxutmur nə boran, nə də qar səni.

 

       İlahi, bu dünya hikmətdi tamam,

   Doya bilməyirsən təranələrdən.

   Ürək sirli aləm, ürək yanar şam,

   Namərd tənəsindən sarsılır hərdən.

 

   

   İlahi, bu dünya sınaq meydanı...

   Uçursan arzunun qanadlarında.

   Güldürür, ağladır sevən insanı,

   Ömrü qısa olur ilk baharın da...

 

   

 

   İlahi, bu dünya necə dadlıdır...

   Ağlını başından alır "Vağzalı".

   İnsan gah piyada, gah qanadlıdır,

   Qalır yaddaşlarda, qalır "Vağzalı".

 

       İlahi, bu dünya fani dünyadı...

   Poz görüm, alnına yazılanları.

   Tarixə şöhrətdir birinin adı,

   Unuda bilmirik mərd insanları.

 

       İlahi, bu dünya necə qurulmuş...

   Bir yanda toy olur, bir yanda yas var.

   İnsan həm əbədi, həm köçəri quş,

   Qisməti qarlı qış, ətirli bahar!

 

   1990

 

   Dünya

 

   Doğulandan insan oğlu

 

   Çox düşübdür oda, dünya!

 

   Şöhrətpərəst arxalanar

 

   Vəzifəyə, ada, dünya!

 

   

 

   Mərd oğul üsyan qoparıb,

 

   Fərhad kimi dağlar yarıb,

 

   Beşcə arşın ağ aparıb,

 

   Axır köçüb o da, dünya!

 

   

 

   Toy olursa, yas nədi bəs?

 

   Ölüm varsa, hər şey əbəs,

 

   Bacarammaz sənnən heç kəs,

 

   Barı yetiş dada, dünya!

 

   

 

   Nələr çəkib başın sənin,

 

   Bilinməyir yaşın sənin,

 

   Adicə bir daşın sənin

 

   Qoy getməsin bada, dünya!

 

   Tiri grməz öz gözündə,

 

   Nöqsan gəzər el sözündə,

 

   Gəl, meydanı yer üzündə

 

   Heç vaxt vermə yada, dünya!

 

   

 

   Ömür qısa - hamı qonaq,

 

   Mənzil yaxın, mənzil uzaq,

 

   Adam var ki, verdin ancaq

 

   Min dörd, min bir qada, dünya!

 

   

 

   Əli Vəkil gəldi dilə,

 

   Borcu çoxdur doğma elə,

 

   İmtahan var öndə hələ,

 

   Gərək salsın yada, dünya!

 

   Dekabr 1990

 

   Dünyada

 

   Enişli, yoxuşlu yollardan keçdim,

 

   Həqiqi dostları sınadım, seçdim,

 

   Həyatda şərbət də, ağı da içdim,

 

   Bu dolu dünyada, bu boş dünyada.

 

   

 

   Özünə əyandı, nə gördüm, Allah?

 

   Ah çəkib köksümü ötürdüm, Allah,

 

   Bir gün də Göyçəni itirdim, Allah,

 

   Üzür ürəyimi təlaş dünyada.

 

   

 

   Yalandan özünü öyən birdimi?

 

   Qatığa qaradır deyən birdimi?

 

   Kasıbın payını yeyən birdimi?

 

   Bu təzə dünyada, nimdaş dünyada.

 

   

 

   Hamar deyil bu həyatın yolları,

 

   Aşmalıyıq yamacları, yalları,

 

   Qucsun səni bu Vətənin qolları,

 

   Dərədən keç, uca dağ aş dünyada.

 

   

 

   Mərdlər qurban getdi bu məkan üçün,

 

   Yoxdur cavab verən nahaq qan üçün,

 

   Kimlərsə yaşayır şöhrət, şan üçün

 

   Qatilə, cəllada sirdaş dünyada.

 

   

 

   Anamız Vətəndir, Vətən də ana,

 

   Övladlıq etdikmi, deyin biz ona?

 

   Yox, yox, atıb gedəmmərik heç yana,

 

   El oğlu, hər dərdə tablaş dünyada.

 

   

 

   Tez apardı Tapdıq Muxtar oğlunu,

 

   Yurdun fəxri, elin bahar oğlunu,

 

   Unutmayır doğma diyar oğlunu,

 

   O, qoydu daş üstə bir daş dünyada.

 

   

 

   Sənə üz tuturam, ay Qorqud Dədə.

 

   Bizim idi axı Göyçə bir vədə,

 

   Kaş Əli Vəkilin beş-on bəndi də

 

   Yaşasın gülərüz, dərddaş dünyada.

 

   15 avqust 2003

 

   Kişi ömrü

 

   (poema)

 

   Azərbaycan xalqının qeyrətli oğlu, Göyçə mahalının fəxri övladı, əfsanəvi qəhrəman Mixaylonun sadiq dostu və silahdaşı, şücaətli insan İbrahim Hüseyn oğlu Bayramovun əziz xatirəsinə

 

   

 

   Allahın adıyla görülən hər iş,

 

   Avand olmuş, daim üzü ağ etmiş.

 

   İgidlik dastanı başlayıram mən,

 

   Ulu Tanrım, özün yapış əlimdən.

 

   Proloq

 

   Ha dolub, boşalıb, bilinmir yaşı,

 

   Qanla suvarılıb torpağı, daşı,

 

   Nələr çəkməyibdir bəlalı başı,

 

   Adəm övladını yordu bu dünya.

 

   

 

   Elə gərdişində, fırlanmağında,

 

   Min məna sevincli, qəmli çağında

 

   Həyat var Günəşlə nurlanmağında

 

   Hərdən buzdu, hərdən qordu bu dünya.

 

   

 

   Güclü zəlzələsi, fırtınası var,

 

   Orda toy şənliyi, burda yası var,

 

   Yamyaşıl geyimli, ağ libası var,

 

   Bir ildə dörd fəsil gördü bu dünya.

 

   

 

   Yola salıb neçə xanı, xaqanı,

 

   Taxtı-tac sahibi Süleyman hanı?

 

   Nə aparıb fatehləri, sultanı?

 

   Kimlərdən haqq-hesab sordu bu dünya?

 

   Erməni üz aldı, odlandı torpaq,

 

   Al qana boyandı doğma Qarabağ,

 

   Yada qaldı orda isti od-ocaq,

 

   Töhfə verdi bizə dərdi bu dünya.

 

   

 

   Xəyanətə dünya deyil günahkar,

 

   İnsan oğlu, özünü bil günahkar,

 

   Mixaylo tək, İbrahim tək cəsur var,

 

   Binadan möcüzə, sirdi bu dünya.

 

   

 

   Deyin, Mehdi hanı, İbrahim hanı?

 

   Ürəkdən sevdilər Azərbaycanı,

 

   Qoy yazılsın cəsurların dastanı,

 

   Aqilə, müdrikə yardı bu dünya.

 

   

 

   Başlayıram bu gün "Kişi ömrü"nü,

 

   Zəhmət ilə başa vurum hər günü,

 

   Kaş ki, fələk ağ eləsin üzümü,

 

   Müqəddəs ocaqdı - pirdi bu dünya.

 

   

 

   Əli Vəkil, qalacaqmı de, izin?

 

   Dildən-dilə düşəcəkmi bir sözün?

 

   Yaxşını, yamanı seçəndi gözün,

 

   Demə ki, başıma dardı bu dünya.

 

   "Fərizə-İlham dastanı"ndan

 

   Oyun açdın başımıza,

 

   Fani dünya, fani dünya.

 

   Sən su qatdın aşımıza,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Meydan verdin xəyanətə,

 

   Baş kəsənə, kəmfürsətə,

 

   Zülm elədin bir millətə,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Harda qaldı Qarabağım,

 

   Darda qaldı Qarabağım,

 

   Torda qaldı Qarabağım,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Bakımızda qan tökdülər,

 

   Qanı nahaqdan tökdülər,

 

   Sinəmizə dağ çəkdilər,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Qırğın saldı qaniçənlər,

 

   Qisas aldı qaniçənlər,

 

   Nələr gördü yurdum, nələr,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Başdan aşdı səhvlərimiz,

 

   Düzəltmədik səhvləri biz,

 

   Kədərimiz oldu dəniz,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Sökülür Şuşa qalası,

 

   Çoxmu yad əldə qalası?

 

   Açmır dağların lalası,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Daim pərişandı halım,

 

   Tarı-mar olub Xocalım,

 

   Qisasını gərək alım,

 

   Fani dünya, fani dünya.

 

   

 

   Xəyanət gördüm nə qədər,

 

   Qurbanlar verdim nə qədər,

 

   Torpağı itirdik hədər,

 

   Fani dünya, fani dünya.

 

   Fərizə-İlham dastanı,

 

   Dildə dolaşsın hər yanı,

 

   Onlar kimi sevən hanı?

 

   Fani dünya, fani dünya.

 

   

 

   Ucaldılar xalq gözündə,

 

   Möcüzədi yer üzündə,

 

   Mat qalmısan sən özün də,

 

   Fani dünya, fani dünya.

 

   

 

   "Leyli və Məcnun" da yalan,

 

   Əfsanədi yadda qalan,

 

   Bu dastandı gerçək olan,

 

   Fani dünya, fani dünya.

 

   

 

   "Əsli və Kərəm" nə demək?

 

   "Fərizə-İlham"dı gerçək,

 

   Nəsillər qiymət verəcək,

 

   Fani dünya, fani dünya.

 

   ***

 

   Bəlkə də yüz kərə dolub, boşalıb,

 

   Uzundur söhbəti, sözü dünyanın.

 

   Məsum bir insandan qisas da alıb,

 

   Görün necə bozdu üzü dünyanın?

 

   

 

   Səni ağladan da, güldürən də o,

 

   Gözünün yaşını sildirən də o,

 

   Hələ kam almamış öldürən də o,

 

   Baş açmır özündən özü dünyanın.

 

   

 

   Uca zirvələrə qonan da bizik,

 

   Məhəbbət odunda yanan da bizik,

 

   Qışın şaxtasında donan da bizik,

 

   Xoş gəlir adama yazı dünyanın.

 

   

 

   Qəfil zərbəsindən ağlayan olub,

 

   Püskürən, kükrəyən, çağlayan olub,

 

   Şəhidlər yasını saxlayan olub,

 

   Sönməyib ürəkdə közü dünyanın.

 

   

 

   Çayları, gölləri, dənizləri var,

 

   Dərin dərələri, gen düzləri var.

 

   Qaranlıq gecəsi, gündüzləri var,

 

   Bükülməz heç zaman dizi dünyanın.

 

   

 

   Kim isə tərifli söz dedi, getdi,

 

   "Beşgünlük qonağıq biz" -dedi, getdi,

 

   Aqillər cahanı gəz, dedi, getdi,

 

   Qonşudu əyrisi, düzü dünyanın.

 

   

 

   Daşqını, təbii fəlakətləri,

 

   Bircə anda viran qoyur kəndləri,

 

   Çoxdur oyunları, çoxdur fəndləri,

 

   Bu pələng dünyanın, quzu dünyanın.

 

   

 

   Tonqallar qalanır, ocaq çatılır,

 

   Bir günahsız bəzən oda atılır,

 

   Görürsən ki, bir qiymətə satılır

 

   İpəyi dünyanın, bezi dünyanın.

 

   

 

   Köləsi, qulları, xaqanları var,

 

   Zamanın kədərli, xoş anları var,

 

   Aqili, arifi, nadanları var,

 

   Tarixdi cığırı, izi dünyanın.

 

   

 

   Vüsal şirin, yadda qalır, bal dadır,

 

   Kimi öndə gedir, kimi daldadır.

 

   Keçəl Həmzə Koroğlunu aldadır,

 

   Mövcuddur keçəli, dazı dünyanın.

 

   

 

   Ümman olur arzuları insanın,

 

   Unudulmur sadiq yarı insanın,

 

   Uzun ola ömrü barı insanın,

 

   Azdır haqlayanı yüzü, dünyanın.

 

   

 

   Yazıb-yaradanlar, yorğunlar gedib,

 

   Könüldən Vətənə vurğunlar gedib,

 

   Böyük Nizamilər, Vurğunlar gedib,

 

   Bəs haçan doyacaq gözü dünyanın?

 

   

 

   Günəş öz nurunu saçacaq yenə,

 

   Qartal zirvələrdə uçacaq yenə,

 

   Gül açıb ətrini saçacaq yenə

 

   Çəməni dünyanın, düzü dünyanın.

 

   

 

   Əli Vəkil, yaxşı yaşa illəri,

 

   Ziynət elə ömrə, yaşa illəri,

 

   Zəhmət ilə yetir başa illəri,

 

   Ötür bəmdə, zildə sazı dünyanın.

 

       Əli VƏKİL

       Ekspress.-2014.- 25-27 oktyabr.- S.20.