"Nə elədimsə, təkbaşına elədim..."

 

 Gülüstan Əliyeva: "Kaş heç evlənməyəydik, kaş məni boşayaydı, amma yaşayaydı..."

 

Əməkdar artist Gülüstan Əliyeva uzun illərdir Azərbaycan səhnəsində muğamlarımızı yorulmadan ifa edir. Həmçinin, Azərbaycan muğamını xaricdə təbliğ edir. Bütün bunlarla yanaşı, bir müəllim kimi də muğamın sirlərini gənc xanəndələrə yorulmadan, canla-başla öyrədir.

   O, həm də səhnəmizin Leylisidi. Bu günə qədər Leyli rolunda 150 dəfədən çox səhnəyə çıxıb...

   Tanınmış xanəndə bu yaxınlarda mahnılardan və muğamlardan ibarət albom da buraxmaq fikrindədir...

   Bizimlə söhbətində də xanəndə həm sənətindəki yeniliklərdən danışdı, həm də həyat və sənətlə bağlı düşüncələrini bölüşdü.

       - Gülüstan xanım, söhbətə musiqiyə gəlişinizdən başlayaq...

   - Uşaqlıqdan musiqi ilə məşğul olmuşam. İkinci-üçüncü sinifdə oxuyanda, atam məni və bacılarımı Yevlax rayonunda musiqi məktəbinə aparırdı. Musiqi ilə məşğul ola-ola, artıq valideynlərim də hiss eləmişdi ki, mənim səsim var. 1981-ci ildə Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi oldum. Onda bizim Ulu Öndərin sərəncamına əsasən bölgələrdəki istedadlı uşaqlar yığılaraq Bakıya gətirilirdi. Orda onlara təhsil verilirdi. Mən də həmin uşaqlardan idim, həmin bu müsabiqəyə qatıldım. Və müsabiqənin qalibi oldum. Uç turun üçündən də əla qiymət aldım. Görkəmli sənətkarlarımız Niyazi başda olmaqla, İslam Rzayev, Sara Qədimova, Arif Babayev, Şövkət Ələkbərova, Canəli Əkbərov jürinin üzvləri idilər. Həmin müsabiqənin hər üçündən 5 qiymət alaraq Bülbül adına Musiqi Məktəbinə qəbul olundum. Burda ilk sənət müəllimim İslam Rzayev oldu. 1985-ci ildə oranı bitirdim. Elə həmin ildə Konservatoriyada ilk olaraq solo oxuma kafedrasının nəzdində muğam fakültəsi açıldı. Mən həmin fakültənin ilk və yeganə tələbəsi oldum. Müəllimim də professor Arif Babayev idi.

   - Sonra ailə qurdunuz...

   - Tələbəlik illərində tanış olmuşduq. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyurdu. Mən isə Konservatoriyada. O, bitirdi getdi. Amma mənim təhsilim hələ davam edirdi. Yenə də əlaqələrimiz davam edirdi. O tez-tez Bakıya gəlirdi, görüşürdük. Mən Konservatoriyanı 1990-cı ildə bitirdim. Elə həmin il də oktyabr ayında ailə həyatı qurduq. 1991-ci ildə isə yoldaşım şəhid oldu.

   - Onun ölüm xəbərini necə eşitdiniz?

   - O vaxt Cəbrayıl rayonunun ətrafında qızğın döyüşlər gedirdi. 1990-1991-ci illərdə sərhəddə -yüksək postlarda polislər dayanırdılar. 30-50 nəfərlik alay yaranmışdı. Hələ bizim qoşunlarımız formalaşmamışdı. Ermənilər tərəfdən isə Polyaniçkonun rəhbərliyi ilə ermənilər daxil olmaqla rus qoşunları. Mənim həyat yoldaşım da bir bölmə rəisi olaraq həmin o alayların rəhbəri idi. Hər səhər gedirdi, postu təhvil götürürdü, polisləri dəyişirdi. Gün ərzində orda olurdu. Döyüşlər gecə gedirdi. Günlərlə evə gəlmirdi. Elə hey eşidirdik, bu gün xəstəxanaya 3-5 nəfər gətirdilər... Səksəkə içində yaşayırdıq... Gecədən sən demə bunları izləyirmişlər. Hadrutun prokurorunun oğlu da ermənilər tərəfdən çox fəal iştirak edirdi. Onlar kəşfiyyat qrupu ilə yola mina qoyublar. Və həyat yoldaşım, sahə müvəkkilləri, cinayət-axtarışın əməkdaşları və sürücüsü ilə bərabər həmin o yolu keçərkən minaya düşüblər...

   Səhər tezdən durub getdi. 11 radələri olardı, əmisi nəvəsi gəldi ki, bəs Zahid xəsarət alıb, xəstəxanaya gətiriblər. Hamımız ora axışdıq. Çox ağır yanıqlar almışdı. Ayın 14-ü düşmüşdü minaya, 17-si isə dünyasını dəyişdi...

 

   Onda oğlum Rüfətin qırxı bir həftə olardı ki, çıxmışdı. Mən də bütün işimi, karyeramı ailə ilə əvəz eləmişdim. Bilirsiniz, insanın bütün düşüncələri, arzusu, xəyalları, istəyi, gələcək həyatı, dünyası dağılır. Ən başlıcası, sənin yarın olan bir insan həlak olub, şəhid olub. Sevdiyin, yolunu gözlədiyin, gələcək həyatınızda bərabər qurduğunuz planlar, bir şəxsiyyət kimi o insanın həyatı puç olur, sona yetir. Bütün dünyan dağılır. Həmişə deyirəm ki, kaş məni boşayaydı, kaş ayrılardıq, heç evlənməyəydik, biz heç bərabər olmayaydıq. Amma o yaşayaydı, sağ olaydı. O, bir insan kimi böyük bir şəxsiyyət idi. Böyük vətənpərvər idi. Torpağa, Vətənə bağlı adam, çox savadlı insan idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Bir neçə dil bilirdi. Cəmiyyətə gərəkli bir insan, kadr kimi dəyərli şəxsiyyət idi. Onu o cür itirdiyimə görə çox heyfsilənirəm. Övladım atasız olduğuna görə heyfsilənirəm. Mən bu gün bir qadın da olsam, nə qədər çətin, keşməkeşli, ağır da olsa, həyatımı qurdum, sənətimlə bərabər yaşadım. Övladımı böyütdüm. Onun iyini övladımdam aldım. Oğlumu cəmiyyətə yararlı bir insan elədim. Bütün bunların hamısını təkbaşına elədim. Amma hamısı onsuz oldu...

   - Tək çox çətin oldu?

   - Oğlumu anamla, bacılarımla bir yerdə böyütdüm. Dərdlərimi azaltmağa çalışdım. O, böyüdükcə təskinliyimi ondan aldım. Əlbəttə ki, o bilirdi ki, atası şəhid olub. O bilirdi ki, mən onu tək böyüdürəm. Heç uşaq olanda da oğlum mənə bir kəlmə sual vermədi ki, "ana, atam hanı?" Uşaqlar böyüklərdən daha çox hər şeyi bilir, anlayır. Həmişə böyüklər elə bilir ki, uşaqlar heç nə bilmir, amma elə deyil...

   - Gülüstan Əliyeva şou-biznesin qalmaqalsız üzvüdür, deyirlər...

   - Mən şou-biznes adamı deyiləm. Daha ciddi sahə ilə məşğul olan adamam. Mən muğamla məşğul olan insanam. Mən Opera Teatrının solistiyəm. Mən Milli Konservatoriyanın baş müəllimiyəm. Hər insanın xarakteri onun kim olduğunu müəyyənləşdirir. Həmişə sözdən, söhbətdən, qalmaqaldan qaçmışam. Bizim cəmiyyətdə bəzi mental xarakterlər var ki, başqaları üçün yaşayırıq biz. Özümüz üçün çox az yaşayırıq. Həmişə düşünürük ki, "cəmiyyət bizə nə deyər? Cəmiyyətdə mənim öz yerim, sözüm, olmalıdı. Cəmiyyətdə mənim adım necə olmalıdı?" Bütün bunları həmişə düşünürük. Ona görə də həmişə bu şeylərdən çəkinmişəm. Özümü gözləmişəm.

   - Bəs şou-biznesdəki qalmaqallara necə baxırsınız?

   - Sənət qurtaran yerdə bu şeylər başlayır. Sənətlə məşğul olan insanlar heç vaxt bu şeylərə rəvac verməməlidi. O şeylərə heç vaxtı da qalmır. Kimin arasında söz-söhbət olmur ki? Mən teatrda 18-ildən çoxdur ki, çalışıram. Bizim teatrımızda sənət dostlarımızın arasında da söz-söhbətlər, konkurensiyalar, sağlam rəqabət olur. Hər yerdə qalmaqal var. Amma sən bunu şişirdib cəmiyyətdə özün üçün bununla hansısa ad qazanmaq, karyera qurmaq istəyirsənsə, bu, başqa bir tərəfdi, başqa bir cəhətdi. Həmişə lap şouda, lap səhnədə olsun, sözünü sənətinlə deməlisən, işinlə göstərməlisən ki, sən bu incəsənət aləmində kimsən?

   - Teatrda çox Məcnunlar olub. Bu Məcnunların hansı sizin ürəyinizcədi?

   - Mən xaraktercə müşahidəçi adamam. Hər zaman ətrafda baş verənləri müşahidə eləməyi sevirəm. Bu, yəqin ki, mənim xasiyyətimdi. Əlbəttə, teatrımızda Məcnunlar var. Gənclərimizdən əvvəl də məcnunlar var idi. Biri var ki, Məcnun rolunu oynayasan, biri də var Məcnunun özünü. Bunlar başqa-başqa məfhumlardı. Hər bir insanın, hər bir obraza yanaşmaq xüsusiyyəti, forması var. Mənim tərəf müqabillərim içərisində daha çox könlümə yatan, daha çox Məcnunluq obrazını gördüyüm şəxs Mənsum İbrahimov olub. İllər ötdükcə insan yaratdığı obrazların xarakterini həmişə təhlil eləməlidi. Məcnun, əslində, kimdi? Leyli, əslində, kimdi? Məcnun dəli bir oğlan deyil. Məcnun Füzulinin qələmində çox fəlsəfi bir obrazdı. Məcnun hər şeyi ilahi ilə bağlayan, hər şeyi ilahiləşdirən, fəlsəfi baxımdan yanaşan bir insandı, obrazdı. Məcnunun bu tərəflərini düşünmək, təhlil eləmək lazımdı... Mənsumda illərlə onunla tərəf müqabili olduqca, bu xüsusiyyətləri görmüşəm, hiss etmişəm. Mənsum səhnədə Məcnunlaşır, yox olur. Görüş səhnəsində Leyli ilə Məcnun əl-ələ tutuşduğu bir məqamdan mən onu hiss etmişəm, görmüşəm. Səhnədə aktyor özünü, o baryerləri sındırmalıdı. Obrazın plastikasını oynamalıdı. Mənim üçün Mənsum dedikdə, birinci ağlıma Məcnun gəlir...

   Bu günə qədər yüz əlli dəfədən artıq Leyli kimi səhnəyə çıxmışam. Hər dəfə Leylini başqa cür yaşamışam, hiss etmişəm. Başqa cür kəşf etmişəm. Təbii ki, o həyəcan, hisslər hər dəfə səhnəyə çıxanda var. Amma hər səhnəyə çıxanda, eyni əhval-ruhiyyədə olmursan... Hər dəfə tamaşaqabağı Leylini məşq etdiyin zaman onu başqa cür düşünürsən. Sözləri sözbəsöz başqa cür kəşf edirsən. Həmişə mənim üçün "Leyli və Məcnun"da dəyişməyən nədi? Son pərdədə qəhər boğur məni. Bunsuz ötüşə bilmirəm. Hər dəfə məni ağlamaq tutur. Budu məndə Leyli obrazında dəyişməyən. Amma hər dəfə Leyli başqa cür olur...

   - Oğlunuzun toyunun gizli keçirlməsi də səs-küyə səbəb oldu...

   - Media işçiləri o sarıdan məndən gileylidirlər. Heç biri məndən inciməsin. Ailə bir ocaqdı. Hər şeydən qoruduğun, hər sözdən, kəlmədən, münasibətdən kənarda sənin rahatlıq tapdığın bir ocağındı, bucağındı. Həmişə istəyirsən ki, sənin ailən hər şeydən kənarda münbit, gözəl, saf bir ocaq olsun. Mən çox xoşbəxt valideynlərdənəm ki, bunu qoruyub saxlaya bilmişəm. Toya qədər çox həyəcan, çox stress keçirdim. İnanın, mən bilmədim ki, o toy necə başladı, necə qurtardı. Mən reklamı öz işimlə, sənətimlə sevirəm. Ailəmi, ora gələn qonaqları reklam eləyib özümə ad qazanmaq istəmirəm. Bu şeyləri sevmirəm. Bu şeylər mənim xarakterimə yaddı. Media işçiləri məndən inciməsinlər, mən onları çox sevirəm. Onlar sənət həyatımda mənə hər zaman dayaq olmuş insanlardırlar. Amma bu şəxsi məsələlərdə həmişə qaçmışam. Oğlum da belə şeyləri sevmir. Mənə həmişə deyirdi ki, "bax, televiziya, media olmasın ha". Əlbəttə ki, yenə də az da olsa, media işçiləri var idi. Toydan şəkillər, müəyyən yazılar, fraqmentlər də vermişdilər...

   Oğlum İqtisad Universitetini bitirib. İndi nəvə gözləyirəm...

   - Bir müəllim kimi, tələbələrinizlə necə işləyirsiniz?

   - Mən artıq 12 ildi Milli Konservatoriyada müəllim işləyirəm. Öyrənmək istəyən tələbələr də var, öyrənməkdən qaçıb başqa müəllimdə sığınacaq axtarmaq istəyənər də. Ancaq müəyyən bir vaxtdan sonra başa düşür ki, mənim elə öz müəllimim daha yaxşı imiş. Müəllimlərin heç bir fərqi yoxdu. Sadəcə, canına cəfa basıb öyrənməlisən. Əlbəttə ki, istedadlı tələbələr çoxdu. Hazırlayırıq, çalışırıq. Babək, Tacəddin, Ayşən çalışırlar, gələcəkləri üçün bir zəmin yaradırlar. Muğamın sirlərini onlara öyrətməyə hər zaman hazırıq. Sinifdə başqa müəllimlərin tələbələri də gəlib oturur. Tələbələrin maraq dünyaları çox genişdi. Gəlib otururlar, maraqlandıqları sualları verirlər.

   - Bugünün tələbələrinin axsayan yeri nədi?

   - Tələbələrin axsayan yeri qəzəlləri əzbərləməkdi. Bu, onlar üçün çox böyük bir problemdi. Çox böyük bir dərddi. Biz müəllimlər bundan həmişə əziyyət çəkirik. Onlara deyirik ki, bu qəzəlləri əzbərləyin, bu sizin özünüz üçün lazımdı. Gözünüzün biri dəftərdə, biri müəllimdə qalır. Əlbəttə ki, onda sizin fikriniz də yayınır. Onda beş öyrənəcəkdinizsə, üç öyrənirsiniz.

 

   (davamı növbəti sayımızda)

 

   Namiq MƏMMƏDLİ

  Ekspress.-2014.- 25-27 oktyabr.- S.21.