Beynəlxalq humanitar təşkilatların
Azərbaycanda fəaliyyəti
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb və bu göstəriciyə görə Azərbaycan yeganə ölkə sayıla bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bir neçə il əvvəl "Azərbaycanda 10 illik humanitar fəaliyyət: təsir, qazanılmış təcrübə, gələcək istiqamətlər" mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirib.
Ölkə başçısı eyni zamanda Azərbaycan əhalisinin bir milyonunun qaçqın və köçkünü olmasını çox böyük humanitar fəlakət hesab edərək, humanitar təşkilatların fəaliyyətinin öncül istiqaməti qaçqınlara və köçkünlərə göstərilən yardım olmasını da xüsusilə qeyd edib. Əslində Azərbaycan dövlətinin mövqeyi məhz belədir. Ulu öndər Heydər Əliyevin apardığı siyasətin nəticəsində Azərbaycanda həm iqtisadi sahədə, eyni zamanda sosial məsələlərin həllində böyük uğurlar əldə olunub.
Qeyd edək ki, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası 1995-ci ildə beynəlxalq humanitar yardımların əlaqələndirilməsi qərarına gəldi. Məhz bu səbəbdən ölkə başçısı 1995-ci ilin yanvarında sərəncam imzaladı və həmin sərəncama əsasən ölkəmizdə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradıldı. Xatırladaq ki, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiya öz fəaliyyətini qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin vaxtaşırı olaraq ətraflı təhlil edilməsi, beynəlxalq humanitar və inkişaf təşkilatları, donor ölkə və maliyyə qurumları ilə birlikdə araşdırılması, məsələnin həlli yollarının müəyyən edilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində qurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda fəaliyyətləri həmin komissiya tərəfindən əlaqələndirilən 48 beynəlxalq, 43 yerli humanitar və bu sahədəki inkişaf təşkilatlarının xətti ilə müxtəlif layihələr həyata keçirilir.
Yeri gəlmişkən, Beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlər üçün 12 çadır düşərgəsi, 16 fin tipli qəsəbə salınıb, 8000 sadə daş və çiy kərpicdən ev tikilib, 160 min nəfər qaçqın və məcburi köçkün gəlir əldəetmə və icmanın inkişafı proqramlarına cəlb olunub, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilən ərazilərində 700 şəxsi ev təmir və ya bərpa edilib, 600 ictimai bina təmir olunub, 470 məktəb və səhiyyə obyektləri üçün əlavə otaqlar tikilib və lazımi avadanlıqlarla, tədris ləvazimatları ilə təchiz olunub, icma inkişafı, kənd təsərrüfatı, təhsil, səhiyyə, mikro-kredit, gəlirəldəetmə, peşə təlimi, vətəndaş cəmiyyətinin inkişafı, infrastrukturun bərpası və s. layihələr həyata keçirib.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasındakı əməkdaşlığı, donorların dəstəyi ilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən layihələri yüksək dəyərləndirən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dəstək məqsədilə Azərbaycanda 80-ə yaxın beynəlxalq humanitar yardım təşkilatı fəaliyyət göstərirdisə, bu gün ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatlarının sayının 30-a enməsi normal haldır: "Çünki Azərbaycanın getdikcə artan iqtisadi imkanları artıq bu problemin də həllini öz üzərinə götürməyə imkan yaradıb. Vaxtilə humanitar yardıma ciddi ehtiyacı olan Azərbaycan dövləti bu gün özü donor ölkə kimi çıxış edir".
1 milyondan çox qaçqın və məcburi köçkünün sayının bu gün 1 milyon 200 min nəfərə çatdığından təəssüfləndiyini bildirən Ə.Həsənov bütün bunları dünyada hökm sürən ədalətsizliklə, beynəlxalq güclərin və nüfuzlu təşkilatların münaqişənin həllinə ikili standartlarla yanaşmasının nəticəsi kimi dəyərləndirib.
Bir qədər əvvələ qayıdaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sosial təminat və humanitar yardım şöbəsinin məlumatına əsasən qaçqın və məcburi köçkünlərə xaricdən ilk dəfə humanitar dəstək 1993-cü ildə edilib. Belə bir yardım Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) tərəfindən gəlib. Bu məqsədlə BMTQAK 1992-ci ilin dekabr ayında Azərbaycanda nümayəndəliyini açıb. Daimi nümayəndəliyin açılması məqsədilə Azərbaycan hökuməti BMT-yə müraciət edib və BMT Baş katibliyi müraciəti müsbət qarşılayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu minlərlə məcburi köçkünün kəskin ehtiyacına cavab olaraq BMTQAK təcili xilas əməliyyatına başladı. Bu müddət ərzində məcburi köçkünlərə, sığınacaq axtaran şəxslərə, qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə yardım, himayə və mümkün olan yerlərdə davamlı həll yollarını təqdim etməklə yanaşı, BMTQAK həmçinin Azərbaycan hökumətinə milli sığınacaq sisteminin yaradılmasına, vətəndaşlıq haqqında və vətəndaşsızlığın aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkminləşdirilməsinə yardım etdi. BMTQAK eyni zamanda QHT sektorunun inkişafını dəstəklədi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə məsələyə birgə yanaşmaları gücləndirdi.
BMTQAK 39 600-dan çox insana (9400 ailəyə) sığınacaq şəraiti verdi və ya bu şəraiti yaxşılaşdırdı. 1995 və 2001-ci illər arasında BMTQAK özünün icra edici partnyor təşkilatları vasitəsilə 11 800 insanı yerləşdirmək üçün 2 800-dən çox evin tikilməsini monitorinq edib. Bundan başqa, 1996 və 1999-cu illər arasında BMTQAK Fwzuli, Ağdam, Tərtər və Ağcabədi rayonlarında müharibədə dağılan lakin gedilməsi mümkün olan ərazilərdə evlərinə qayıdan 12200-ə qədər məcburi köçkün (2900 ailə) üçün şəxsi evlərin bərpasına yardım göstərib.
Bir qədər də məcburi köçkünlərə birbaşa humanitar ərzaq yardımının verilməsi dayandırıldıqdan sonra qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı ölkəmizdə beynəlxalq humanitar təşkilatların fəaliyyətinin hansı səviyyədə olmasına nəzər salaq. Qeyd edək ki, donor ölkələr, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən 1992-2011-ci illərdə qaçqın, məcburu köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə təxminən 937 milyon dollar həcmində vəsait sərf edilib. Hazırda fəaliyyəti Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 47 beynəlxalq, 41 yerli humanitar təşkilat qaçqınların və məcburu köçkünlərin, o cümlədən aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirirlər. Son vaxtlar dövlət tərəfindən sosial inkişaf layihələrinin həyata keçirilməsinə diqqət daha da artırılmış və bu sahədə görülən işlərin həcmi əsaslı şəkildə çoxalıb.
Hələ 2011-ci ildə respublikanın şəhər və rayonlarına təhkim edilmiş 78 nazirlik, komitə, şirkət, konsern, səhmdar cəmiyyəti və digər mərkəzi təşkilatlar bayramlar ərəfəsində məcburi köçkünlərlə görüşlər keçirmiş və onlara 4 milyon manat məbləğində müxtəlif ərzaq yardımları göstərilib. Ənənəvi şəkildə təşkil olunmuş bu görüşlərdə məcburi köckünlərin qayğıları diqqət mərkəzində olmuş, ortaya çıxan problemlərin həlli istiqamətində dövlət orqanları tərəfindən tədbirlər görülüb. Onu da qeyd edək ki, humanitar yardımdan sosial inkişaf və reabilitasiya strategiyasına keçid qaçqın və məcburi köçkünlərin həyatında yeni mərhələnin əsasını qoydu. Bu dövrdə qaçqın və məjburi köçkünlər üçün yeni iş yerlərinin və gəlir gətirən sahələrin yaradılması istiqamətində QHT-lər xeyli uğurlar əldə etdilər.
QHT-lər tərəfindən uğurla həyata keçirilən layihələrdən biri də məcburi köçkünlərin pullu xidmət sahələrinin yaradılması və kiçik sahibkarlıq fəaliyyətilə məşğul olmalarına yardım etməkdən ibarət idi. Belə ki, məcburi köçkünlər xüsusi peşə hazırlıq kurslarında bərbər, dərzi, bənna, dülgər və digər peşələrə yiyələnməklə pullu xidmət sahələri açmağa müvəffəq oldular. Məcburi köçkünlərin sosial dayanaqlığının təmin olunmasında BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığı, Mərhəmət Korpusu, Danimarka və Norveç qaçqınlar şuralarının maliyyə dəstəyilə Həyat humanitar təşkilatı və Ümid humanitar Sosial dayaq mərkəzi xüsusi fəallıq göstəriblər.
Məcburi köçkünlərin, xüsusilə uşaq və yeniyetmələrin psixoloji reabilitasiyası sahəsində də QHT-lərin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Keçən müddət ərzində Buta humanitar uşaq fondu, Azərbaycan Uşaqlar Birliyi, Təbib Tələbələr Asossasiyası, Təkamül İctimai Asossasiyası, Avropanın Gənc Azərbaycanlı Dostları və digər təşkilatlar tərəfindən minlərlə uşaqların psixoloci reabilitasiyası üçün çoxlu sayda layihə həyata keçirilmiş, bu məqsədlə müxtəlif yerlərdə uşaq yay məktəbləri və düşərgələri təşkil edilib.
Qeyd edək ki, bu günə kimi beynəlxalq humanitar təşkilatların və xarici ölkə səfirliklərinin yardımı ilə 132 ictimai bina təmir olunaraq, bütün kommunal təchizatı ilə 190-dan çox ev tikilib məcburi köçkünlərin istifadəsinə verilib. Ən önəmlisi isə QHT-lərin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prossesinə yaxından cəlb olunmasıdır. ANAMA və BMTİP-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu Naxçıvan da daxil olmaqla 16 rayonda 1164 icma arasında minaların mənfi təsirinin araşdırılması proqramını həyata keçirmiş, onların 648-də mina aşkarlanıb qeydə alınmış və Fondun "İcma mina aksiyası komandası" 5 milyon kv metr ərazini minalardan təmizlənib. Ərazilərin minalardan təmizlənməsi proqramında yaxından iştirak edən digər bir QHT, "Dayaq" Azərbaycan təşkilatı 8 milyon kvadrat metrdən çox ərazini minalardan təmizləyib dövlətə təhvil verib və həmin ərazilərdə təmir-bərpa işləri həyata keçirildikdən sonra məcburi köçkünlərin istifadəsinə verilib.
Rəşid RƏŞAD
Ekspress.-2014.- 25-27 oktyabr.- S.10.