Hüseyn Cavid bəhai olub?
Bəhai icmasının təmsilçisi:
"Azərbaycanda pis münasibətlə
rastlaşmırıq, hərdən təəccüblənənlər
olur"
"Bakıda bəhailiyin yayılmasında Mikayıl Müşfiqin babası Mirzə Əbdülqədirin çox rolu olub. Hüseyn Cavidin bəhai olması ilə bağlı fikirlər var. Rəfael Hüseynov "Vaxtdan uca" kitabında onun zindanda xanımıyla görüşərkən "Allahu əbha" deməsini yazır. Bu bizdə salamlaşma qaydasıdır".
Bu sözləri Azərbaycan Bəhai İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru Ramazan Əsgərli Kulis.az saytına müsahibəsində bildirib.
- Bəhailik Azərbaycanda nə zaman təşəkkül tapmağa başladı?
- Bəhai dininin Azərbaycanda təşəkkül tapması təxminən yarandığı dövrlə üst-üstə düşür. 1844-cü ildə Seyid Əli Məhəmməd özünü Bab elan edəndən sonra onun çoxlu tərəfdarları yarandı. Azərbaycanda da onun ardıcılları var idi.
- Təqiblər olurdumu? Yerli əhali bunu necə qəbul edirdi?
- Azərbaycanda təqiblər haqqında bizdə məlumat yoxdur. Ancaq epizodik şəkildə müəyyən hadisələr, əhvalatlar var. Hətta Bakıda bir nəfər məşhur bəhainin şəhid edilməsi faktı da var. Amma İrandakı kimi kütləvi təqiblər olmayıb.
Bəhai icması mütəşəkkil surətdə 1937-ci ildə repressiya zamanı təqib olunmuşdur. O zaman onlarla bəhai həbs olunmuş, Bakı Ruhani Məhfilinin bütün 9 üzvü həbs edilərək güllələnmişdir. Və bundan sonra bütün sovet dönəmində qadağan olunsa da, icma özünü qoruyub saxlamış, ancaq 90-cı illərdə açıq fəaliyyətini bərpa etmişdir.
- Bəhailik Azərbaycanın daha çox hansı bölgələrində yayılıb?
- Əlbəttə, Arazın bu tayında, İrana daha yaxın olan bölgələrdə yayılma daha tez baş verdi. Naxçıvanda, Ordubadda daha sonra isə Bakıda və Şamaxıda, Bərdədə, Göyçay, Lənkəran, İrəvan və sair ərazilərdə yayılıb. Bakıdan sonra ən böyük icma Balaxanıda və Gəncədə olub. Balaxanıda bəhailik geniş yayılıb, orada bəhailərin mərkəzləri, uşaq məktəbləri olub. Bəhailər hər zaman təlim-tərbiyə məsələsinə diqqət etmişlər. Xüsusilə qadınların oxuması hər zaman diqqət mərkəzində olub. Bu da insanlar arasında onlara rəğbət oyadıb.
- XX əsrin əvvəlində Azərbaycanın ictimai-sosial həyatında bəhailərin rolu nə qədər idi? Bildiyim qədəri ilə ilk qız məktəbinin açılmasında onların böyük köməyi olub...
- Bəhailiyə görə ümumi təhsil məcburidir. Digər övladlarına təhsil vermək imkanı olmayan ailə mütləq qızına təhsil verməlidir. Təhsil dedikdə biz təlim-tərbiyəni nəzərdə tuturuq. İmkanı olmayan ailələrə icma kömək edir. XX əsrin əvvəllərində bəhailik ziyalıların diqqətini bu xüsusiyyətlərinə görə çəkirdi. Onların ətrafında ziyalılar çox idi. Bəhailik ədəbi və sosial mühitdə tanınır, yayılırdı. Bəhailik haqqında müəyyən tənqidi fikirlər olsa da, bu dini tanıyırdılar.
- O dövrün məşhur simaları arasında bəhailər var idi? Musa Nağıyevin bəhai olduğunu deyirlər...
- O zamanın siyasi xadimləri arasında bəhai olması mümkün deyil. Çünki bəhailər siyasətə qarışmır. Musa Nağıyev, Əbdül Xaliq Yusifzadə bəhai olublar. Hüseyn Cavidin bəhai olması ilə bağlı fikirlər var. Rəfael Hüseynov "Vaxtdan uca" kitabında onun zindanda xanımıyla görüşərkən "Allahu əbha" deməsini yazır. Bu bizdə salamlaşma qaydasıdır.
Hüseyn Cavid həbs
olunanda hər kəs onun ailəsindən üz döndərsə
də, professor Ətaulla Qasımov adlı bəhai və digər
bəhailər onun ailəsini ziyarət ediblər, dayaq olublar.
Ətaulla Qasımov Ərtoğrul Cavidlə dostluq edib.
Bununla belə, məşhur adamların bəhai olması, yaxud olmaması bəhai dininin nə nüfuzuna, nə də həqiqiliyinə bir töhfə vermir. Çünki din cahanşümul bir fenomendir, Allahın İradəsidir, ona görə də məşhurların bəhai, yaxud başqa dinin nümayəndəsi olması göstərici deyil.
- Bakıda bəhailiyin yayılmasında Mikayıl Müşfiqin babası Mirzə Əbdülqədirin çox rolu olub.
- Bəli, onun çox rolu olub.
- Mikayıl
Müşfiqin bəhai olması ilə bağlı məlumat
varmı?
- Ən azından məndə
belə məlumat yoxdur.
- Bəhailikdə başqa dindən
olana qız vermək olarmı?
- Həzrət Bəhaullah
bəhailərə buyurur ki, bütün dinlərin
ardıcılları ilə son dərəcə məhəbbət
və mehribanlıqla ülfət edin. Bəhailikdə
nikah məsələsi insanların özünə
buraxılır. Amma eyni zamanda müəyyən
qaydalar da var. Bəhailər başqa dindən olanlarla,
başqa millətdən olanlarla ailə qura bilər. Lakin hər bir halda valideyn razılığı
lazımdır. Bu qanunun müxtəlif hikmətləri
var. Bu qanundur, bəhai kəbini mütləq kəsilməlidir
və bəhailər mütləq valideynlərinin
razılığını almalıdır.
- Mətbuatda, müəyyən ədəbiyyatlarda
bəhailik haqqında məlumat verilib. Məsələn, Cəlil
Cavanşirin "Dinlər, peyğəmbərlər, təriqətlər"
kitabında da bəhailik, onun yaranılışı
haqqında kifayət qədər məlumat var. Bizə bəhailiyin
məişəti haqqında bir az məlumat
verərdiz. Bəhailiyin İslamla, onun məişəti
arasında nə fərqlər var?
- Məişət dedikdə daha
çox sosial həyatdan söhbət gedir. Sosial
həyatın ən vacib hissəsi ibadətdir. Bəhai dinində müqəddəs yazıları
oxumaq, namaz, oruc vacibdir. Bəhailərin öz
namazları, öz orucları, öz təqvimləri var.
İldə 19 ay, ayda 19 gün var. Orucluq bir ay, 19 gün
çəkir. Novruz bəhailikdə yeni il,
orucluq bayramıdır. Bizdə hərə
öz millətinin adət-ənənəsi ilə
yaşayır.
- İndoneziyada
yaşayan bəhai də Novruz bayramını qeyd edir?
- Bəli. Bəhailikdə
bu bayramın adı elə Novruz bayramıdır.
Bütün bəhailər bunu yeni il kimi
qeyd edir. Ancaq yerli adətlərə uyğun
qeyd edirlər, yəni onlarda səməni, odun üzərindən
atılmaq olmur.
- Sizin də müqəddəs məkanlarınız
var. Məsələn, Hayfa şəhəri.
- Bəhailərin müqəddəs
şəxsləri ilə bağlı olan yerlər müqəddəs
sayılır. Şiraz, Bağdad, Əkka və
Hayfa şəhərləri müqəddəsdir. Hazırda Şiraz və Bağdada getmək
mümkün deyil. Amma Hayfa və Əkkaya
ziyarət edirik. Həmin şəhərləri
ziyarət etmək üçün qaydalar var. 5 ildən bir 9
günlük ziyarətə gedə bilərsən.
- İsrail hökumətinin
bəhailərə münasibəti necədir?
- O şəhərlərdə xidmət
edən bəhailər İsrail dövlətinin qanunları ilə
yaşayırlar. İsrail hökuməti bilir
ki, bəhailər hər ölkənin qanunlarına uyğun
yaşayır.
- İranda yaşayan
bəhailərə İsrailə ziyarətə getmək
üçün xüsusi icazə var?
- Getmirlər. Onların
belə imkanları yoxdur.
- Azərbaycanda yaşayan bəhailər
bəhai olduğunu sərbəst şəkildə ifadə edə
bilirmi?
- Azərbaycan kifayət qədər
tolerant ölkədir. Pis münasibətlə
rastlaşmırıq. Hərdən təəccüblənənlər
olur.
- Bəhailərin hansı atributları
var?
- Müxtəlif yerlərdə bəhailəri
ifadə edən 9 guşəli ulduza rast gəlmək olar. Bir də "Ya bahal əbha" yazısının
ərəbcəsinin kalliqrafiyasının həkk olunduğu
medalyonlar, nişanlar olur.
- Sizin üzükdə də o ifadə
var.
- Bəli, üzüyümdə də
var. Bu İsmi-əzəmdir. Bu Ən
Böyük Ad deməkdir və izahatı vardır.
- Bəhailərin
Beynəlxalq Mərkəzinin fəaliyyəti nədən ibarətdir?
- Geniş mövzudur. Ancaq ordan başlayaq ki, bəhai dinində konkret rəhbər
yoxdur. Bizdə kollegial idarəetmə
mövcuddur. Bizim inzibati sistem seçki
yoluyla təşkil olunur. Ən çox səs
toplamış doqquz nəfər icmanı idarə edir.
Ölkələrdə icmaya nümayəndələr bir il, beynəlxalq səviyyədə isə
beş illik seçilir.
- Hansı fəaliyyətləri
göstərirsiniz?
- Bəhai icması insanlara xidmət
etməyi məqsəd götürür. Bəhaullah
buyurur ki, "İnsanlığa xidmət ruhunda
görülmüş işlər ibadətdir". Biz bacardığımız xidməti edirik. Təlim-tərbiyə işləri ilə çox məşğul
oluruq. Uşaqların və yeniyetmələrin
mənəvi-intellektual inkişafı üçün
davamlı xidmət edirik. Resurslarımız
çərçivəsində bunu davam edirik. Bəhai icması BMT-də təmsil olunur. Təkliflərlə çıxış edirik.
Bütün bunların hamısının
kökündə faktorlar var. Mənəvi sivilizasiya çox
geridə qalıb. Biz bu boşluğu
doldurmağa çalışırıq.
- Belə çıxır ki, bəhailər
modern düşüncəyə malikdir.
- Bəhaullah buyurur ki, hər
işdə insanlar orta həddi gözləməlidir. Allah birdir, din birdir, insanlıq birdir. Hər kəs öz həqiqətini müstəqil
axtarmalıdır. Elm və din harmoniyada
olmalıdır. Dinsiz elm ifrat materializmə
gətirir. Elm və din bir-birini əvəz
etməyən bilik sistemləridir. Bəzən
elm özü elmi nailyyətləri insanlığa tətbiq
etməkdə çətinlik çəkir. Din və
elm birlikdə insan həyatının
yaxşılaşmasına və keyfiyyətinə xidmət
etməlidir.
- Darvinizmlə dini necə
harmoniyalaşdırırsınız?
- Darvin haqqında kifayət qədər
oxumuşam. Heç yanda rast gəlməmişəm o desin ki,
insan meymundan əmələ gəlib. Bioloji təkamül
faktdır və indi də gedir.
- Amma islam inkar
edir.
- İslamdakı
fikirləri araşdırmamışam. Bəhailiyə
görə təkamül olub, amma insan əvvəldən elə
insan kimi yaradılıb.
- Belə halda siz insanın təkamülünü
neandertal insan tipini, homosapiensi inkar edirsiniz. Burda
uzlaşma yoxdur.
- Materiyanın ən yüksək
forması insan beynidir. Bu təkamüllə belə
həddə çatıb. Bu imkan verib ki,
insan ruhu bu yolla özünü ortaya çıxarsın.
Bu yolla intellekt ortaya çıxıb.
- Babilik və bəhailik
anlayışlarının fərqi nədir?
- Həzrəti Bab həm
Bəhaullahın müjdəçisidir, həm də peyğəmbərdir.
O, kitab və qanunlar gətirib. 1863-cü ildə
Bəhaullah Bağdadda özünü elan edib ki, mən həzrəti
Babın vəd etdiyi kəsəm. Onda Babilər
Bəhaullahı qəbul etdilər. Artıq
babilik yoxdur. Bab ardıcıllarına deyib
ki, məndən sonra gələn zühuru qəbul edəcəksiniz.
Bəhaullahın özünü elanından sonra çox az adam babi olaraq qaldı, əksəriyyəti Bəhaullahın
ardınca getdi.
- Şiəlikdən
doğan bəhailik 12 imamı, peyğəmbərləri qəbul
edirmi?
- Peyğəmbərlər birdir. Onlar zamanında gəlib və bəşəriyyətə
yön veriblər. Həzrəti Bəhaullah
o peyğəmbərlərin sırasındadır. Həzrəti Bəhaullah bəşəriyyətin
bugünkü problemlərinin həlli üçün gəlib.
İmamları Həzrəti Məhəmmədin
varisləri kimi qəbul edirik.
- Amma etiqadınız yoxdur.
- Ehtiram da var, etiqad da var. Amma bəhailiyin
öz qanunları var. Bəhai kitablarına istinad etdiyimiz kimi
İncilə, Qurana da istinad edirik.
- Bütün peyğəmbərləri
qəbul edirsinizsə, deməli Bəhaullahdan sonra
özünü peyğəmbər elan edənləri də qəbul
eləməlisiz. Mərdəkanda
özünü peyğəmbər elan edən Ələsgər
Musayevə münasibət necədir?
- Həzrət Bəhaullahın
kitabında yazılıb ki, Bəhaullahın zühurundan ən
azı min il keçməmiş kimsə
özünü zühur elan edirsə, deməli, o
yalançıdır.
- Deməli min il
gözləməliyik?
- Ən azı min il
gözləməliyik.
- 1863-cü ildən sonra
dünyanın müxtəlif yerlərində özünü
peyğəmbər elan edənləri və onların dinlərini
qəbul etmirsiniz?
- Əlbəttə,
qəbul etmirik.
- Yaxın Şərqdə gedən
proseslərə bəhailərin münasibəti necədir? İŞİD, Suriya, Fələstin məsələsinə
münasibətiniz necədir?
- Bəhailər siyasi proseslərə
münasibət bildirmir.
- Bu coğrafiyada insanlıq
dramı yaşanır...
- Biz insanları Həzrət Bəhaullahın
təlimlərinə dəvət edirik.
- Dünyada məhşur insanlar
arasında bəhailər varmı?
- Amerikada məhşur bəhailər
var. Onlar arasında alimlər, Oskar, Qrimmi mükafatı alanlar
var. Məşhur bəhailərin çoxu Amerikada və
Avropadadır.
- Qadın haqlarına bu qədər
geniş yer verən dində boşanmaya münasibət necədir?
- Bunlar bəhai qanunlarında
yazılır. Bəhai dinində boşanma bəyənilmir.
Amma qadağan da deyil. Boşanmaq
istəyən Şuraya müraciət edir. Şura bir il vaxt verir. Bir il ərzində
həyat yoldaşları ayrı yaşayırlar. Amma onların birləşməsi üçün cəhd
olunur. Bir il sonra bu alınmasa,
boşanırlar.
- Bəhailikdə homoseksualizmə
münasibət necədir?
- Homoseksualizm bəhailər arasında qəbul olunmur. İstənilən əxlaqsızlıq bəhai dinində qadağandır. Bu sahədə kifayət qədər tibbi amillər ola bilər, amma hər halda təbiətin əksinədir və burada həm tibbi kömək lazım ola bilər, həm də fərdin özü səy qoyub bu qüsura qalib gəlməlidir. Digər tərəfdən bu qüsur ruha da yükdür.
Ekspress.-2014.- 29
oktyabr.- S.15.