Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Zal Məmmədli (soldan ikinci) tələbə yoldaşları ilə Almaniyada

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur. "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Zal Məmmədli dərs dediyi tələbələri ilə

   Almaniya Kommunist partiyası sıralarında geniş fəaliyyət göstərən Zal Məmmədlinin gizli partiya ləğəbi "Adolf Berke" idi. Tarixi sənədlərdən aydın olur ki, Zal Məmmədlinin Almaniya Kommunist Partiyası sıralarındakı fəaliyyəti Moskvaya və Bakıya bəlli idi.

   Almaniyada təhsilini başa vuran Zal Məmmədli 1928-ci ildə Moskvaya gəlir. "Komintern"in (Kommunist İnternasionalı) icra komitəsinin təqdimatı əsasında onu 1926-cı ildən partiya stajı saxlanılmaqla Almaniya Kommunist Partiyası sıralarından ÜİK(b)P sıralarına keçirirMoskvada qalıb ixtisası üzrə işləməyi təklif edirlər.

   Cümhuriyyət tələbəsi minnətdarlığını bildirir, ancaq xahiş edir ki, onu ixtisası üzrə işləməyə Azərbaycana göndərsinlər. Belə də olur.

   Moskva-Bakı-Şuşa-Gəncə-Bakı marşrutu səkkizillik həsrətə son qoyur. Almaniyanın Drezden şəhərindəki Ali Texniki Məktəbi inşaatçı-mühəndis ixtisası üzrə əla qiymətlərlə bitirmiş mütəxəssis Azərbaycan Politexnik İnstitunun inşaat fakültəsində pedaqoji fəaliyyətə başlayır. Onun dərs verdiyi Mikayıl Hüseynov, Sultan Dadaşov, Xanabadlı, Gəncinski və s. kimi tələbələr sonralar inşaat-memarlıq sahəsində adlı-sanlı şəxsiyyətlərə çevrilirlər.

   1932-ci ilin dekabrında Zal Məmmədlini Azərbaycan hökumətinin başçısı Mir Cəfər Bağırovun qəbuluna dəvət edirlər. Söhbətdən sonra Zal Məmmədli Azərbaycan Kommunal Təsərrüfatı Komissarlığının Tikinti İdarəsinin rəisi təyin olunur. Bir il sonra - 1933-cü il dekabrın 20-də yenə Zal Məmmədlini yuxarıya, bu dəfə təzəcə birinci katib vəzifəsinə başlamış Mir Cəfər Bağırovun yanına dəvət edirlər. O, Azərbaycan Dövlət Plan Komitəsinin Tikinti Bölməsinin müdiri vəzifəsinə təsdiq olunur.

   Yeni il ərəfəsində Zal Məmmədlinin ailəsinə Bakının mərkəzində mənzil verilir. Almaniyada təhsil alan tələbələrin bir çoxundan fərqli olaraq əcnəbi xanımla ailə qurmayan otuz beş yaşlı xalis subay Zal əhd-peyman bağladığı Bilqeys xanımı anası Güllü xanım Kərbalayi Rüstəm qızının xeyir-duası ilə təzə mənzilə gəlin gətirir. Bir ildən sonra Bilqeyis xanım Cəmilbəy qızı Məmmədli ocağa bir qız uşağı bəxş edir. Adını Adilə çağırırlar. 1935-ci il oktyabrın 1-də ikiyaşlı Adiləyə qardaş doğulur. Zal balaca pəhləvanın qulağına "sənin adlın Rasim" deyə pıçıldayır. Bu dəfə Zalın ən yaxın tələbə dostları ilk dəfə təzə mənzilə mübarəkbadlığa gəlirlər...

   Fəqət şad-xürrəm çağlar uzun sürmədi. 1937-ci il iyulun 30-da Kreml divarları arasında hazırlanan operativ əmr tarixdə görünməmiş repressiyanın başlanğıcı oldu. Azərbaycan Cümhuriyyəti tərəfindən xarici ölkələrə ali təhsil almağa göndərilmiş gənclər "əksinqilabi təşkilatın üzvü kimi" istintaqa cəlb olundular (Belələrinin qondarma istintaq materialları Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır - T.Q.).

 

   Bəs Almaniyalda ali təhsil almış Zal Məmmədlinin aqibəti necə oldu?

   Hafiz Sadıq 1994-cü ildə "İnşaatçı" qəzetində çap etdirdiyi məqaləsində bu barədə belə yazır: "Zal Məmmədli Azərbaycan K(b) P MK-nın ştatdankənar mühazirəçisi kimi tez-tez yerlərdə, idarə və təşkilatların kollektivləri qarşısında çıxış edirdi. Gözəl natiqlik qabiliyyətinə malik idi. 1937-ci ildə Mərkəzi Komitənin mühazirəçilər qrupunun üzvü Partiya institutunun kollektivi qarşısında çıxış edirdi. İnstitutun direktoru professor Novodvorski, eləcə partiya dövlət xadimi Həmid Sultanov da salonda idilər. Mühazirəçi çıxışının bir yerində deyir: "Bolşeviklərin Kommunist Partiyası proletariatın qabaqcıl dəstəsindən bütün sovet xalqının öncül dəstəsinə çevrilmişdir".

   Bu sözlərdən sonra dinləyicilər arasında qalmaqal düşür. İnstitutin direktoru professor Novodvorski ayağa qalxıb deyir: "Yoldaş Məmmədli, siz danışırsınız, Kommunist Partiyası proletariatın, fəhlə kəndlilərin partiyasıdırsa, bəs ziyalılar hansı partiyada təmsil olunurlar?"

   Direktorun sözlərinə yığıncaqdakılar yerbəyerdən qoşularaq həmrəylik ifadə edirlər: "Məmmədli maskalanmış kommunistdir. Ona partiya sıralarında yer yoxdur. Qoy qarşımızda yazılı izahat versin".

   Zal Məmmədli dediklərini yazılı şəkildə yazaraq yığıncaq iştirakçılarına təqdim edir. Zalı yaxşı tanıyan Həmid Sultanov üzünü ona tuturaq ah çəkir: "Sən etdin, Zal?"

   Partiya sıralarından çıxarılması təklifinə zaldakıların hamısı kimi Həmid Sultanov da səs verir.

   Partiya üzvü Zal Məşədi Cavad oğlunun partiya sıralarından çıxarılması barədə Partiya İnstitutunun ilk partiya təşkilatının qərarı təsdiq olunmaq üçün rayon partiya komitəsinə nəhayət, Azərbaycan K(b)P MK Bürosuna təqdim edilir. Məsul işçilər birinci katibə deyirlər ki, biz canavar cildinə girmiş bir xalq düşmənini ifşa etmişik. Mir Cəfər Bağırov onlara istehza ilə baxaraq cavabında deyir: "Sizin içərinizdə bir ağıllı tapılmadı ki, Zal Məmmədlinin söylədiklərini başa düşsün!?"

   Beləliklə. 1937-ci ildə böyük Üzeyiri Kremlin repressiya caynağından qurtaran Mir Cəfər Bağırov Cümhuriyyət tələbəsini xilas edir.

   Yeri gəlmişkən. Zal Məmmədli haqqındakı yazını çapa hazırlayarkən, 2014-cü il avqustun 4-də Azərbaycan Televiziyasında Mirzə İbrahimovun həyat yaradıcılığından bəhs edən verilişin təkrarı nümayiş etdirilirdi. Verilişdə 1937-ci ilə aid bir neçə arxiv sənədi ötəri göstərildikdən sonra uydurulmuş səhnə canlandırılır. Budur, respublika fəalları Mərkəzi Komitədə böyük bir yığıncaqdadırlar. Mir Cəfər Bağırov xitabət kürsüsündən bəyan edir:

   - Üzeyir Hacıbəyov xalq düşmənidir! Səməd Vurğun xalq düşmənidir!

   Heç kəs yerindən qımıldanmır.Bu an Mirzə İbrahimov ayağa qalxır, üzünü M.C.Bağırova tutur:

   - Yoldaş Bağırov, mən sizinlə razı deyiləm! Üzeyir bəy xalq düşməni olsaydı, "Koroğlu" operasını yaza bilərdimi? Səməd Vurğun xalq düşməni olsaydı, "Vaqif" pyesini yarada bilərdimi?

   M.C.Bağırov cavabında "sən özün xalq düşmənisən", -deyir.

   Tədqiqatçılar yaxşı bilirlər ki, arxivdə belə bir "dialoq" yoxdur Mir Cəfəri belə qondarmalar uydurmalarla belə alçatmaq ən azı məsuliyyətsizlikdir...

   Hafiz Sadıq məqaləsinin sonunda yazır: "Hündürboylu, gözəl vücudlu, şıq geyinməyi sevən Zal Məmmədli 7 xarici dil bilirdi. Həyatda olduqca ədalətli, xoşxasiyyət, qonaqpərvər şəxs idi. Əqidəsində möhkəm dönməz, işində intizamlı, dostluqda sədaqətli olan bu nəcib insan fikirlərində yığcam konkret idi. Azərbaycanın xaricdə təhsil almış ilk inşaatçı-mühəndislərindən biri olan Zal Məşədi Cavad oğlu Məmmədli 1969-cu il yanvar ayında dünyasını dəyişdi. Bütün şüurlu həyatını xalqına xidmətdə keçirən Zal Məmmədlidən bizə yadigar üç övladı qalıb. Qızı Adilə xanım Az.Pİ-də baş müəllimdir, rus dilini tədris edir. Oğlu Rasim respublikamızın tanınmış inşaatçı -konstruktorlarındandır. Sonbeşiyi Rüstəm Məmmədli hal-hazırda Maddi Ehtiyatlar Nazirliyinin Hesablama Mərkəzinin müdiridir".

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

    (ardı var)

 

Teyyub Qurban

Ekspress.-2014.- 6 - 8 sentyabr.- S.15.