Azərbaycan sənayesinin inkişafının yeni mərhələsi

 

Ötən əsrin 70-ci illərində Azərbaycanda sənayeləşmə siyasətinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə sənaye sahəsi üzrə strateji xətt hazırlanaraq inkişaf etdirildi. Məhz həmin ərəfədə neft sənayesi yenidən quruldu ki, nəticədə də sənayeləşmənin digər bölmələrinin inkişafına imkan verən mühüm addımlar atıldı.

   Ulu öndərin başladığı sənayeləşmə siyasətini hazırda ölkə başçısı İlham Əliyev davam etdirir. Artıq müasir sənaye müəssisələri yaradılmaqdadır. Sənaye zonalarının və müvafiq infrastrukturların yaradılması istiqamətində də bir çox layihələr həyata keçirilir.

   Son 10 ildə sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub. Bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılmış, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənaye sahələri yaradılıb. 10 il ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, bərk məişət tullantılarının yandırılması, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi, Qəbələ piano, "M-Line", AZMDF, "EMBAWOOD" mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib.

   Hazırda ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır. Bundan başqa, ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb.

   "Əsrin müqaviləsi"

   Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu yüksəltdi

   Azərbaycan iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi" ölkənin dinamik inkişaf yolunu müəyyən etdi. Eyni zamanda bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin də parlaq təzahürüdür.

   Yeri gəlmişkən, "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni neft strategiyası və doktrinası irəli sürülərək 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 21 beynəlxalq saziş imzalanıb. Bu da o deməkdir ki, artıq neft-qazonunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına da zəmin yaradılıb.

   1994-cü ilin dekabrında "Əsrin müqaviləsi" Azərbaycan parlamentində təsdiq edildi. Azərbaycan prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. 1995-ci ildə layihəyə əsasən 100 milyona qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu. Xatırladaq ki, bu layihəyə indiyə kimi 2,5 milyard dollar sərmayə qoyulub. Müqavilənin ölkəyə qazandırdığı uğur nəticəsində Azərbaycan bir çox Qərb dövlətlərinin, ilk növbədə isə ABŞ-ın Azərbaycanda iqtisadi maraqlarını yaratmaqla onların diqqətini öz problemlərinə cəlb etməyi bacardı.

 

   Qeyd edək ki, "Əsrin müqaviləsi"nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi və beləliklə də ilkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.

   Azərbaycanda sənaye  inkişafının təməli

   Azərbaycanda həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılması oldu. Sənaye parkları iqtisadiyyatın sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verdi.

   Ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində 1995-2008-ci illərdə sənaye sahəsində əhəmiyyətli nəticələr əldə olundu. Son illərdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib. Bu da o deməkdir ki, əvvəllər əcnəbi ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunması idxaldan asılılığımızın aradan qalxmasına geniş imkan yaradıb. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan verdi. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrin sayı 3 dəfə artıb. Hazırda sənaye səhəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni yerləri açılıb. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.

   2014-cü il "Sənaye ili" kimi

   Azərbaycan prezidentinin sərəncamıyla 2014-cü il "Sənaye ili" elan olunub. Təbii ki, "Sənaye ili" çərçivəsində ölkəmizdə güclü sənayeləşmənin geniş vüsət alması və yeni sənaye sahələrinin istifadəyə verilməsi gözlənilir. Bu il Azərbaycanda "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. Artıq 21 ölkədən 100-dən artıq şirkət regionda ilk dəfə keçirilən bu sərgidə iştirak edəcəyini təsdiqləyib. Bundan başqa, yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. Qarşıdan gələn illər üçün perspektivli sahələr hesab olunan maşınqayırma sənayesi, xüsusilə də neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək.

   Qeyd edək ki, sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasıdır.

   Ekspert Pərviz Heydərovun sözlərinə görə, prezident İlham Əliyevin 2014-cü ili "Sənaye ili" elan etməsi əslində gözlənilən idi: "Artıq bir neçə müddətdir ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı prioritet sayılır. Bu da ondan irəli gəlir ki, ümumi daxili məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominantlığı ötən 10 illiyin ortalarında qalıb və zaman qeyri-neft sektorunun inkişafını diktə edir. Buna görə də hələ 3 il əvvəl dövlət başçıs bildirirdi ki, növbəti 10 il ərzində ÜDM ən az iki dəfə artmalıdır. Biz bunu qeyri-neft sektorunun inkişafı hesabına təmin etməliyik. Çünki neft sənayesində hazırkı istehsal bizi qane edir".

   Qeyd edək ki, "Sənaye ili"ndə sənaye siyasətinin əsasını həm də ölkədə mövcud olan sənaye müəssisələrinin dövrün tələblərinə uyğun olaraq müsirləşdirilməsi də gözlənilir. Bu siyasət həm də istehsalın və ixracın diversifikasiyasının sürətləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü innovativ əsaslı texnologiya və malların istehsalı deməkdir.

 

   Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerjiresurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir- biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi də hər zaman diqqət mərkəzindədir. Ötən il sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.

   Belə ki, 2013-cü il Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da yüksək nailiyyətlər əldə edildi. İk növbədə sənaye məhsullarının həcmi artdı ki, bu da ölkədə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrasının davam etdirilməsi və digər stimullaşdırıcı tədbirlərin məntiqi nəticəsidir. Eyni zamanda ölkə başçısı İlham Əliyevin son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin əyani təcəssümüdür.

   Yeri gəlmişkən, Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan ölkə başçısının tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək. Eyni zamanda yerlixarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək.

   Son olaraq qeyd edək ki, sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasıddır. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, milli məhsulun rəqabət qabiliyyətliliyinin, sənayedə investisiyainnovasiya fəallığının artırılmasından, qeyri-neft sektorunun daha sürətli inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarətdir.

   Neft sektorunun dinamik inkişafı isə qeyri-neft sahələrinin inkişafının daha da sürətləndirəcək. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcək.

   Bütün bunlarla yanaşı, qeyri-neft sektorunun inkişafı istiqamətində artıq bir çox tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdən restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsini, satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun olan sənaye müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsini, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq standartların tətbiqinə keçidin sürətləndiriməsini, azad rəqabət mühitinin inkişaf etdirilməsini, investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsini, ənənəvi milli sənətkarlıq sahələrinin inkişafını, elm tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsini qeyd etmək olar.

  

 Eyvaz Əliyev

 Ekspress.-2014.- 6-8 sentyabr.- S.18.