Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
Hafiz Sadıq məqaləsinin sonunda yazırdı: "Hündür boylu, gözəl vücudlu, şıq geyinməyi sevən Zal Məmmədli 7 xarici dil bilirdi. Həyatda olduqca ədalətli, xoşxasiyyət, qonaqpərvər şəxs idi. Əqidəsində möhkəm və dönməz, işində intizamlı, dostluqda sədaqətli olan bu nəcib insan fikirlərində yığcam və konkret idi. Azərbaycanın xaricdə təhsil almış ilk inşaatçı-mühəndislərindən biri olan Zal Məşədi Cavad oğlu Məmmədli 1969-cu il yanvar ayında dünyasını dəyişdi. Bütün şüurlu həyatını xalqına xidmətdə keçirən Zal Məmmədlidən bizə yadigar üç övladı qalıb. Qızı Adilə xanım Az.Pİ-də baş müəllimdir, rus dilini tədris edir. Oğlu Rasim respublikamızın tanınmış inşaatçı -konstruktorlarındandır. Sonbeşiyi Rüstəm Məmmədli hal-hayırda Maddi Ehtiyatlar Nazirliyinin Hesablama Mərkəzinin müdiridir".
Rəhmətlik Hafiz Sadığın mətbuatda dərc olunmuş məqaləsindən bu il iyulun 15-də 20 il keçdi. Zal Məmədlinin övladlarının sorağına düşdüm. Sonbeşikdən başladım. Həmişə olduğu kimi, yenə də hazırda təqaüddə olan dövlət xadimi, yazıçı və jurnalist Saleh Tahirova müraciət etdim:
- Rüstəm Zal oğlu Məmmədlini tanıyırsınız?
- Tanıyırsınız nədir, Ali Attestasiya Komissiyasında bir yerdə işləmişik. İndi də oradadır.
Qızmar bir yay günündə, iyulun 16-da Respublika Ali Attestasiya Komissiyasının birinci mərtəbəsindəki asudə bir otaqda baş tutan söhbətimiz ürəyimcə oldu. Mən onu atası haqqında arxiv materialları ilə tanış etdim. Rüstəm Məmmədli isə valideynləri, özü, bacısı və qardaşı haqqında danışdı.
Qeyd etdiklərimi yığcam şəkildə oxuculara çatdırıram:
Rüstəm Zal oğlu Məmmədli 1940-cı il dekabrın 12-də Bakıda anadan olmuşdur. Babasının adını yaşadır. Atasının xeyir-duası ilə Moskvada Elmlər Akademiyasının aspiranturasını bitirərək dissertasiya müdafiə etmişdir. Bakıya qayıtdıqdan sonra respublika hesablama mərkəzində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində çalışmışdır. Kamil mütəxəssis 1980-ci ildən 1987-ci ilədək Kuba Respublikasında texniki kibertexnika sahəsində çalışmışdır. Azərbaycana qayıtdıqdan sonra yenə Maddi Ehtiyatlar Naziliyinin hesablama mərkəzinə başçılıq etmişdir. 2003-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri vəzifəsində işləyir.
Rüstəm müəllimin bacısı Adilə xanım M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmiş, ali məktəbdə rus dilindən dərs demişdir. Hazırda təqaüddədir. Qızı Nailə vaxtilə babasının təhsil aldığı Almaniyada - Hamburq şəhərində informasiya texnologiyası sahəsində mütəxəssis kimi çalışır. Maraqlıdır ki, Rüstəm əmisinin qızı Bilqeyis də xalası ilə bir yerdədir. Babası kimi alman dilini mükəmməl bilən nəvə Hamburq şəhərindlə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirdikdən sonra magistr pilləsini 2013-cü ildə başa vurmuşdur.
Saata baxdım. Fasiləyə dəqiqələr qalmışdı. Rüstəm müıəllim iş başında, mən də Bakıxanov qəsəbəsində olmalı idim. Vida vaxtı o mənə atasının foto-şəkillərini və bir də əl ilə vərəqə yazılmış şeir verdi. Mən qardaş kimi meyl saldığım ədəb-ərkanlı insana (mənim də sonbeşik qardaşımın adı Rüstəmdir - T.Q.) ərkyana dedim:
- Rüstəm bəy, sabah iyulun 17-si cümə axşamıdır. Xahiş edirəm, mümkünsə məni atanızın məzarını ziyarətə aparasınız.
- Baş üstə, ancaq xahiş edirəm ki, səhər-səhər gedək. Sabah deyilənə görə, Bakıda hava bir az da istiləşəcək.
- Neçədə
burda olum?
- Mümkünsə,on bir tamamda.
- Baş üstə, Rüstəm bəy. Sabaha qədər.
Evə qayıdıb yazı
masamın arxasına keçdim. Zal Məmmədlinin Almaniyada doxsan il
bundan əvvəl çəkilmiş fotolarını
bir-bir nəzərdən
keçirdim. Zal Məmmədlinin Almaniyada dəst-xəttilə yazılmış
və həmvətənlərə
paylanılmış şeir
isə Abbas Səhhətin məşhur
əsəri idi:
Könlümün sevgili məhbubi mənim
Vətənimdir,vətənimdir,vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim
nəşvü-nüma.
Vətənim verdi mənə
nanü-nəmək,
Vətəni,məncə unutmaq nə demək?!
Anadır hər kişiyə
öz vətəni.
Bəsləyib sinəsi üstündə
məni.
Südüdür
kim dolanıb
qanım olub,
O mənim sevgili cananım olub
Saxlaram gözlərim üstə
onu mən,
Ölərəm əldən əgər
getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən - əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə
vicdan olmaz.
Ertəsi günü, iyulun 17-də
Rüstəm Zal oğlu ilə birlikdə Yasamal qəbiristanlığına ziyarət
zamanı mənə elə gəldi ki, Abbas Səhhətin
bu həmişəyaşar
şeiri təkcə Cümhuriyyət tələbələri
andının poetik ifadəsi deyildir. İyirmi iki ildən bəri Şuşasız qalmış şuşalıların,
bütün Azərbaycan
xalqının intiqama
çağırışıdır.
(ardı
var)
Teyyub QURBAN
Ekspress.-2014.- 13-15
sentyabr.- S.15.