Həm öyrədirəm, həm
də öyrənirəm...
Nəzakət Teymurova: "Muğam
əmək tələb
edir"
"Rübabə Muradovanın
Leylisi çox həzindir, ancaq şuxluq baxımdan Zeynəb Xanlarovanın Leylisi daima məni
valeh edib"
Dosye: Nəzakət Teymurova Ağdam rayonunda doğulub. Orta məktəbin 8-ci sinfini
bitirdikdən sonra Bakı Baza
Energetika Texnikumuna daxil olub. Ordan
müsabiqə yolu ilə Asəf
Zeynallı adına Musiqi məktəbinə
daxil olub və
1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub. 1995-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil olub,
xalq artisti professor Arif Babayevdən dərs
alıb. Həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli
və Məcnun"-da Leyli olub.
"Aşıq Qərib"də
Şahsənəm, "Gəlin
Qayası"nda Gülbahar,
"Natavan"da Xanəndə
qız, "Vaqif"də
Xanəndə qız,
"Koroğlu"da Xanəndə
qız rolları ilə çıxış
edib.
Muğam ifaçısı Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə
konsert proqramları ilə çıxış
edərək milli muğam sənətimizi ləyaqətlə təmsil
edib. Hazırda Opera və Balet
Teatrının solistidir,
Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir. 2000-ci ildə əməkdar
artist, 2005-ci ildə xalq
artisti fəxri adlarına layiq görülüb.
"İlk dəfə
səhnədə Leyli
obrazını canlandırdığım
zaman elə bildim ki, bütün
dünya mənimdir, sanki göylərdə uçurdum. Sonralar başa
düşdüm ki, Leylini yaratmaq üçün bir dəfə səhnəyə
çıxmaq yetərli
deyil".
Bu sözləri
sevimli xanəndəmiz,
xalq artisti Nəzakət Teymurova
"Ekspress"ə müsahibəsində
deyib.
- Qarabağlısansa, demək,
səsin var, amma qarabağlı əksər ailələr
qız övladlarının
səhnəyə çıxmasını
elə də asanlıqla qəbul etmirlər...
- Mənim üçün də asan olmadı. Lap kiçik yaşlarımdan
bütün musiqi tədbirlərində iştirak
edirdim, səsim bəyənilirdi və bu o demək idi ki, artıq
gələcək yolum
məlumdur. Ancaq ailəm
bu arzuma qarşı çıxırdı.
Qismətdən qaçmaq olmaz,
tale insanı ömrünə
yazılmış yolla
aparır. Əslində, səsimin olması təsadüfi deyildi, bacımın, anamın səsi var idi.
Qarabağ torpağının suyunu içən, çörəyini yeyənin
sanki səsi açılırdı. Mühit də
ifaçılıqda böyük
rol oynayır. Doğulduğum Ağdam torpağında az
qala hamı muğamla məşğul
olur və az qala hamının
yüksək səs tembri vardı. Belə bir mühitdə
ilk dəfə "Ana" mahnısı ilə səhnəyə çıxmağımı
bəlkə də çoxları "uşaq
həvəsi" kimi
qəbul edə bilərdi, ancaq mən məhz o səhnədə anladım
ki, musiqini çox sevirəm. Bu sənətin dalınca
kor-koranə getmədim,
bu sənətin ən yüksək təhsilini aldım, ən görkəmli insanların tələbəsi
oldum, ən görkəmli muğam ifaçılarının dərslərinə
qatılaraq onlardan öyrəndim. İlk dəfə
səhnədə Leyli
obrazını canlandırdığım
zaman elə bildim ki, bütün
dünya mənimdir, sanki göylərdə uçurdum. Sonralar başa
düşdüm ki, Leylini yaratmaq üçün bir dəfə səhnəyə
çıxmaq yetərli
deyil. Sənətin dərinliyinə varınca görürsən
ki, hər dəfə səhnədə
axtarışda olmaq, yenilik etmək lazımdır, həm ifa tərzində, həm plastikada, səhnə hərəkətlərində,
oxumaqda Opera səhnəsində
hər şey biri-birini tamamlamalıdır.
O vaxtdan illər keçir və hələ də mən öyrənirəm.
Hazırda muğam dərsləri
versəm belə, yenə də öyrənirəm, yəni
həm öyrədirəm,
həm də öyrənirəm.
- Sənətkar
kimi yetişmək təbii ki, asan iş deyil...
- Çox çətin, mürəkkəb bir yol keçmək lazımdır. Məhz belə bir yol qət etdiyin zaman hərtərəfli inkişaf edirsən və nəticədə də özünü ustadlarla bir səhnədə görürsən. Bir məqamı xüsusi qeyd etmək istərdim. Hər insanın həyatında mütləq bir yaxşı insan olur, ona mənəvi cəhətdən dayaq olur. Mənim həyatımda mənə dəstək olan insanlar çox olub və buna görə hər zaman Allahıma şükür edirəm. Hələ Bakı Baza Energetika Texnikumunda təhsil aldığım zaman Lidiya Rəsulova məni Asəf Zeynallı adına Musiqi məktəbinə istiqamətləndirdi və məhz bu mərhələ mənim həyatımda böyük rol oynadı və beləliklə də musiqi təhsilimi illərlə davam etdirdim.
- Musiqi təhsili almadan ifaçı kimi yetişə bilərdinizmi?
- İstənilən sahənin peşəkarı olmaq üçün təhsil alaraq həmin sahəni tam mənimsəmək əsas şərtdir. Xüsusilə muğam ifaçılığının bütün dərinliklərinə bələd olmaq üçün mütləq təhsil almaqla onun bütün sirlərinə hakim olmalısan. Əks halda yarımçıqlıq özünü büruzə verəcək. Yəni, bünövrə əsasdır, təhsil bünövrə deməkdir. Xanəndə üçün bünövrə əsasdır. Hələ Asəf Zeynallıda Nəriman müəllimdən dərs alarkən, eyni zamanda digər sənərkarların da dərslərində iştirak edirdim, hətta konservatoriyada təhsil almadığım zamanlarda Arif Babayevin dərslərinə də qatılırdım. Hacıbaba Hüseynovun, Ağaxan Abdullayevin, Canəli Əkbərovun və başqalarının dərslərində daim iştirak edirdim. Bütün bunlar ona görə idi ki, mən muğam ifaçılığında yarımçıq qalmaq istəmirdim. Hazırda öz tələbələrimə də məsləhət görürəm ki, digər sənətkarların da dərslərində iştirak etsinlər, daha artıq məlumatlı olmağın heç kimə ziyanı olmaz. Bilirsinizmi, yeniyetmə, gənc yaşlarında həyatı tam olaraq anlamadığımız üçün bir qədər səhlənkarlıq edirik. Məhz həmin yaşda istiqamət verən, başa salan lazımdır ki, düz yolu seçə bilək. Təcrübə o vaxt qazanılır ki, yaş üstə yaş gəlir, tələbə həyatı, iş həyatı, ilk layihə və davamlı gördüyün işlərdə qazandığın uğurlar və beləliklə də bir vaxt baxırsan ki, peşəkarsan...
- Opera səhnəsində rol almaq o qədər asan məsələ deyil, amma Siz yaşıdlarınızdan seçilməyi bacardınız...
- Operada çalışmaq mənim arzum, məqsədim idi. Bildiyiniz kimi təhsili bitirdikdən sonra təyinatla göndərişlər olur və mənə sual veriləndə ki, harda çalışmaq istəyirsən, arzumu dedim və beləliklə də təyinatla Opera və Balet Teatrına göndərildim. İlk dəfə Leyli obrazında səhnəyə çıxdım, o günü heç bir vaxt unutmaram.
- Özünüzdən əvvəl həmkarlarınızdan kimin Leylisini daha çox bəyənirdiniz və səhnədə daha çox kimə bənzəmək istəmisiniz?
- Doğrusu elə bir yaşı dövründə idim ki, kimin ifası mənim üçün daha maraqlıdır, ona o qədər də diqqət yetirmirdim. Mənim üçün önəmli olan o idi ki, nəhayət, arzuma çatmışam, səhnədəyəm. Səhnə təcrübəm olmasa da, tez tanındım, tamaşaçılar tərəfindən tez qəbul olundum, ancaq illər sonra anladım ki, əslində Leyli obrazı necə məsuliyyətli bir roldur. Bu əsərdə nə deyilməsi, qəhrəmanların yaşadıqları dövrə olan münasibət, musiqinin gücü ilə operada o dövrü canlandıran məqamlar və s. hamısı mənə illər sonra aydın oldu.
- Az qala 20 ilə yaxındır ki, Leyli olaraq səhnəyə çıxırsınız, amma zaman öz sözünü deyir...
- Bu mütləqdir. Yaş təcrübə deməkdir, təcrübə illərin sınağıdır, illərin hesabatıdır. Həyata olan dünənki baxış bu gün daha fərqlidir, eləcə də əsərlərə olan münasibət. Əgər 20 il öncə Leyli obrazı mənim üçün sadəcə sevən bir gənci anladırdısa, 20 il sonra həmin dövrün bir faciəsini, bəlasını açıb göstərir. İstər əsər, istər musiqi hamısı vəhdət təşkil edir. Yəni bir əsəri dərk edərək oxumaq, canlandırmaq tamam fərqlidir. Doğrudur, "Leyli və Məcnun"dan sonra bir çox operalarda əsas obrazları canlandırdım - "Aşıq Qərib" də Şahsənəm, "Gəlin qayası"nda Gülbahar və s. Ancaq ilk addım atdığım obraz daima mənə əziz olaraq qalır. Bu duyğunu sözlə ifadə etmək çox çətindir, ancaq ilk addım heç bir vaxt unudulmur. Qaldı kimin Leylisini daha çox bəyənmişəm sualına, mənim üçün Rübabə Muradovanın Leylisi çox həzindir, çox bəyənmişəm, ancaq şuxluq baxımdan Zeynəb Xanlarovanın Leylisi daima məni valeh edib.
- Rübabə Muradovanın Təbriz nisgili daim onun Leylisində öz əksini tapırdı, odur ki, səhnədə Leylini çox həzin, duyğulu yaradırdı. Zeynəb Xanlarova isə "Dünyanın xoşbəxti mənəm" dediyi üçün onda da şux ritm özünü büruzə verirdi...
- Doğrudan da, ifaçıların əksəriyyəti çox vaxt həyatda yaşadıqları hissləri ifalarında göstərirlər. Əslində o dərinliyi, o sevgini hər ifaçı tamaşaçıya çatdıra bilmir. Yaşamalısan, görməlisən ki, sonra dərk edə biləsən...
- Nəzakət
Teymurovanın da Leylisi
həzindir, duyğuludur, kədərlidir.
Torpaq nisgili sizin də ifanıza öz
təsirini göstərir...
- Təsir etməməsi mümkün deyil. Təbii ki, mənim də yaşadıqlarım ifama təsir edir. Ümumiyyətlə, ifaçı ifa etdiyi əsəri tam mənimsəyərək, yaşayaraq oxumalıdır, biganə, laqeyd ifaçıları qəbul edə bilmirəm. Ancaq yaxşı ifadan zövq alıram. Elə ola bilər ki, həmkarlarımdan birinin ifası məni çox valeh edər, onun ifasında hər hansı bir muğamı daha yüksək qiymətləndirərəm və yaxud əksinə də ola bilər.
- 10 ildir pedaqoji fəlaiyyətlə də məşğul olursunuz. Səhnə fəaliyyəti, qastrol səfərləri və tələbələrə muğamı anlatmaq... bütün bunların öhdəsindən necə gəlirsiniz?
- Hər birində söhbət muğamdan gedir. İfa edərək də anlatmaq olur, anladaraq da ifa
etmək olur, önəmli olan dərs dediyim tələbələr arasında
ümidverici tələbənin
olmasıdır, canıyla-qanıyla
muğama bağlı
olan tələbəyə
muğamı anlatmaq, muğamın dərinliklərini
öyrətmək o qədər
də çətin olmur. Elə tələbələr var ki, bu
sənətə sadəcə
maddiyyata görə gəlir, belə tələbəyə nə
öyrətsən, xeyri
yoxdur. Rəhmətlik Nəriman müəllim
tələbələrinə çəkilişlərə getməyə
icazə vermirdi, deyirdi ki, indi
sizin öyrənən
vaxtınızdır. Tələbəlik həyatı öyrənmək,
bilgi sahibi olmaq dövrüdür, seçdiyin ixtisasa tam bələd olduqdan sonra ruzi də
gələcək, bərəkət
də. Əziyyətə qatlaşmalısan ki, sonra bəhrəsini
görəsən. Bir haşiyə
çıxmaq istərdim.
Tələbə yoldaşlarımın əksəriyyətilə saatlarla
oturub muğamda bir boğaz öyrənirdik, dəfələrlə
təkrar edirdik, ancaq elə tələbə yoldaşlarımız
da var idi
ki, güclü səsləri olmasına baxmayaraq maddiyyat dalınca qaçırdılar.
Nəticədə biz - əziyyətə qatlaşanlar, gecəmizi-gündüzümüzə
qatıb öyrənənlər
özümüzə bu
sahə üzrə yer tuta bildik,
ancaq digərləri yəqin ki, yenə də pul dalınca qaçırlar. Heyf o səslərdən.
Muğam
çətin janrdır,
əmək tələb
edir, öyrəndikcə
öyrənəcəksən, yoxsa heç bir şeyə nail olmaq olmaz. Bizim də çətinliklərimiz
olub, tələbə
olduğumuz dövr ölkəmizin ən çətin dövrü
idi. Yenicə müstəqillik qazandığımız illərlə
hazırkı illər
arasında çox böyük fərq var. Ancaq bütün bunlara baxmayaraq biz maddiyyat dalınca qaçmadan muğamın
dərinliklərini öyrəndik.
Mətləbdən uzaqlaşmadan
qeyd edim ki, tələbələrim
içində az da olsa,
ümidvericiləri çoxdur.
Yəni hər 10 tələbədən 1-2 tələbə
ümidverici olsa, o zaman inanaram ki, muğamı gələcək nəsil
də ən az bizim
qədər yaşada
biləcək.
Xədicə QİYAS
Ekspress.-2014.- 13-15
sentyabr.- S.19.