Dövlət dəstəyi olmasa, addım ata bilmərik...

 

Rejissor İlqar Nəcəf: "Buta" uğurumun simvoludur

 

Dosye: İlqar Nəcəf Bakıda anadan olub. Orta məktəbə Ermənistanın Ararat rayonunda gedib. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən evini tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997). 2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq "Avanti" layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. 2005-ci ildə "Butafilm" kinoşirkətini təsis edib. 2012-ci il aprelin 26-da "Buta" filminə görə "Humay" milli mükafatına layiq görülüb.

   Filmoqrafiya: "Kölgəsiz komalar "(2001), "Bir qoca var" (2002), "Sirat körpüsü" (2007), "Düyün" (2008), "Qanadlarıma sığal çək "(2008), "Teatral həyat "(2009), "Buta" (2011)

       "Kino sənayemizin durumu o qədər ürəkaçan deyil ki, kinoşirkətlər maddi baxımdan rahat nəfəs ala bilsinlər və dövlətin dəstəyi olmadan addım ata bilmərik". Bu sözləri müstəqil "Butafilm" kinoşirkətinin yaradıcısı, rejissor İlqar Nəcəf "Ekspress"in əməkdaşı ilə söhbətində bildirib.

   - Sovet dönəmindən fərqli olaraq müstəqil Azərbaycanda özəl kinoşirkət yaratmaq çətin olmasa da, kinomuzdakı durğunluq fonunda müstəqil kinoşirkətin nələrəsə nail olması elə də asan iş deyil...

   - Əslində haqlısınız, çünki ölkəmizdə kino sənayesinin durumu o qədər də ürəkaçan deyil ki, kinoşirkətlər maddi baxımdan rahat nəfəs ala, özlərini maddi cəhətdən gücləndirə bilsinlər, heç olmasa maliyyə dövriyyələri olsun və s. Bu məsələnin bir tərəfi, digər tərəfi isə ondan ibarətdir ki, biz "Butafilm" təsis etdiyimiz zaman heç düşünmədik ki, yüksək məbləğdə pullar qazanacağıq. Əksinə qarşımıza məqsəd qoymuşduq ki, filmlər çəkəcəyik, dünya ölkələri ilə müştərək işlər həyata keçirəcəyik, bir sözlə, Azərbaycan kinosunun inkişafında bizim də rolumuz olacaq. Artıq neçə illərdir, həmin məqsəd uğrunda irəliləyirik.

   - Dünyada bir neçə ölkə var ki, onlarda kinoya dövlət dəstəyi var. Bizdə də "Azərbaycanfilm"ə sifarişləri dövlət verir. "Butafilm" dövlətdən kömək umurmu?

   - Ümumiyyətlə, bütün müstəqil şirkətlər nə qədər güclü bir fəaliyyət formasına malik olsalar da, dövlətin dəstəyi olmadan heç bir şey edə bilməzlər. 2004-2005-ci illərdə "Butafilm" fəaliyyətə başladığı zaman Mədəniyyət və Turizm Nazirliyi ilə "Azərbaycanfilm" kinostudiyası arasında olan bağlantı bir qədər fərqli idi. Həmin illərdə nazirlik müstəqil kinoşirkətlərə pul ayırırdı və həmin kinoşirkətin fəaliyyəti üçün geniş şərait yaradırdı. Çox təəssüf ki, biz fəaliyyətə başladığımız zaman artıq vəziyyət dəyişmişdi. "Butafilm"in ən böyük işi "Buta" filmidir və onun da təqribən 20 faizi "Butafilm" kinoşirkətinə aiddir, qalan pay "Azərbaycanfilm"ə aiddir - yəni film birgə istehsaldır. Bir neçə qısametrajlı filmlərimiz olub ki, həmin filmlər birbaşa dövlətin dəstəyi ilə istehsal olunub. Film yaratmaq uzun bir prosesdir, bəzən aylarla, bəzən bir il çəkir və filmin ərsəyə gəlməsi üçün çalışan böyük bir yaradıcı qüvvə olur. Məhz həmin qüvvəni bu müddət ərzində maliyyə baxımından təmin etmək çox vacibdir. Bu baxımdan dövlətin dəstəyi olmadan addım ata bilmərik və önəmli olan odur ki, dövlətimiz kino sahəsinə hər zaman diqqətlə, qayğıyla yanaşır.

   - Xarici kinoşirkətlərlə əlaqələriniz varmı?

 

   - Bütün bunların hamısı prosesdən irəli gələn məsələlərdir. Gərək proses olsun ki, xarici şirkətlərlə də əlaqə qura biləsən. Bu, bir günə, bir aya, bir ilə olan işlər deyil. Yeri gəlmişkən, "Buta" bədii filmini çəkdiyimiz zaman filmdəki səs və qrafika işlərini İran və Rusiya şirkətləri həyata keçirdi. Artıq bu, həmin ölkələrin kinoşirkətləri ilə olan bir bağlantı idi ki, müştərək şəkildə həyata keçirildi. Hazırda Fransanın bir neçə kinoşirkəti ilə bağlantımız var və onlarla artıq qısametrajlı film də çəkmişik.

   - Xarici kinoşirkətlərlə bağlantı quran bir rejissor kimi necə bilirsiniz, bizim milli dəyərlərə söykənən filmlərimiz dünya ölkələrində necə qəbul olunur?

   - SSRİ dövründə siyasi liderlərin kinoyla bağlı maraqlı fikirləri var idi. Həmin fikirlərdən biri belə idi: "Şərq insanları hadisələri obrazlı düşünməyi xoşlayır və bu baxımdan kino onlar üçün çox böyük təbliğat vasitəsidir". Doğrudan da, kino mədəniyyət nümunəsidir, bir millətin simasıdır. Bu baxımdan düşünürəm ki, "Buta" filmi milli dəyərlərə söykəndiyi üçün nümayiş olunduğu dünya ölkələrində böyük marağa səbəb olmuşdu. Xatırladım ki, film lentə aldığımız 2011-ci ildən indiyədək bir çox nüfuzlu festivalların mükafatına layiq görülüb, o cümlədən ötən il Asiya-Sakit Okean Kino Akademiyasının "Asia Pasific Screen Awards" mükafatını ("Ən yaxşı uşaq filmi" nominasiyası) qazanıb.

   - Filmdə xalçaçılıq sənətinin incəliklərini elə təqdim etmisiniz ki, bunun özü Azərbaycan xalçaçılıq sənəti haqqında geniş fikir yaradır...

   - Festivallarda da əcnəbilər məhz bu kimi suallar ünvanlayır və etiraf edirdilər ki, "Buta" Azərbaycan haqqında müsbət fikir yaradır. Xalçaçılıq Azərbaycan toxuculuq sənətində ən mühüm yerlərdən birini tutur, Azərbaycan qadınının yaradıcılığını göstərən ən böyük sənət nümunəsidir.

   - Film birmənalı qarşılanmadı. Şahmar Ələkbərov "Sahilsiz gecə" filminə ünvanlanan tənqidləri sakitliklə qarşılayaraq demişdi ki, "o sənət sənət deyil, mübahisələrə səbəb olmursa". Siz də tənqidləri sakitliklə qarşıladınız...

   - Film tamaşaçınındır, rejissor onu düşündürən əsərə həyat verir və sonr da bir tərəfə çəkilərək növbəti film haqqında düşünməyə başlayır. İstənilən film tənqid hədəfi ola bilər, bu təbii haldır, eyni zamanda film yüksək səviyyədə də qəbul oluna bilər. Əgər filmi bəyənirlərsə, bu mənim xoşuma gəlirsə, tənqid olununca niyə xoşuma gəlməsin, əksinə tənqiddən nəticə çıxarmaq lazımdır. "Buta" hələ ssenarisi yazıldığı gündən məni düşündürdü, filmə bütün varlığımla hakim kəsilərək onu araya-ərsəyə gətirdim. Çətinliklərimiz də oldu, ancaq yaradıcı qrupla sadəcə yaradıcı dünyamıza qapılaraq filmi yaratmağa çalışdıq.

   - Filmdə at yarışları, uşaqların oyun səhnələri, xalça toxuma, yüksəklikdən olan çəkilişlər, kənd həyatı maraqlı alınıb...

   - Filmi Şamaxının Zarat və Xeybər kəndlərində çəkmişik. Filmdə gördüyünüz səhnələrin hamısı canlıdır - istər at üzərində oynanılan çovqan oyunu, istər uşaqların oynadığı oyunlar hamısı canlıdır. Mən deyə bilmərəm ki, bu oyunlar Azərbaycana məxsusdur, ancaq bizdə belə oyunlar qədim zamanlardan mövcuddur. Əslində, filmin çəkildiyi kəndlərdə bu oyunlar oynanılmır, sadəcə ssenaridən irəli gəldiyi üçün və ən əsası qəhrəmanla oyun arasında bağlantı olduğu üçün filmdə oyun ab-havası yaratdıq və bu alındı. Atların kəndə gətirilməsi, oyun üçün istifadə olunan geyimlər və s. həmin səhnələrdə tamamlayıcı rolunu oynayır. Uşaqlar arasında olan xoruz döyüşünü şəxsən mən uşaq vaxtı oynamışam və bu səbəbdən filmdə uşaqlar arasında bu döyüşü yaratmaq o qədər də çətin olmadı. Filmdən sonra həmin kəndlərdə həmin oyunlar oynanılmağa başlamışdı.

   - "Buta" həm uşaq filmidir, həm də deyil...

   - Doğrudur. Film tam olaraq bir ailə filmidir, yəni, uşaqdan böyüyə hamı baxa bilər. Eyni zamanda, film uşaq filmidir və əsas qəhrəmanları uşaqlardır. Sovet vaxtında baş qəhrəmanlar uşaq olanda lentin həcmini standartdan çox ayırırdılar. Mənə elə gəlir bizdə alındı. Yeri gəlmişkən, uşaqları son anda təsdiq etdik, bu çox riskli idi. Hətta cəsarətlə deyə bilərəm ki, "Buta" filminə çəkdiyimiz uşaqlar ilk təcrübəni necə uğurlu formada əldə etdilərsə, artıq onlar başqa layihələrə də dəvət alıblar.

   - Filmdə əsas qəhrəmanın həyatı diqqətdə dayansa da, geniş şəkildə açılmır, sadəcə qəhrəmanın həyatının bir hissəsini göstərməklə hadisələri öz axarına buraxır...

   - Əslində hadisələri öz axarınca buraxmaqla daha çox fikir ifadə etmiş olduq. Yəni, tamaşaçı baş verən hadisənin birbaşa iştirakçısına çevrilir. Onu da qeyd edim ki, artıq film rus, ingilis dillərinə tərcümə olunub. Film rusdilli və ingilisdilli ölkələrdə nümayiş olunacaq.

   HAŞİYƏ: Filmin operatoru Georgi Beridzenin xatirələrindən: Biz gün çıxandan batana qədər işləyirdik. Filmin recissoru İlqar Nəcəf çox danışmağı sevməyən, gənc olmasına baxmayaraq, zəngin həyat təcrübəli, vətənini sevən bir insandır. Daim əlində silahı - ssenarisi ilə görərdin onu. Onun qəhrəmanlara məhəbbəti bizə də sirayət etmişdi. Və biz heç nəyə baxmayaraq dağlara ağır qayaları daşıyırdıq, aktyor uşaqlar payızın soyuğunda soyuq suda çimirdilər. Şərait çox çətin idi, amma İlqarın sevgisi bizi birləşdirdi.

   - Hiss olunur ki, filmin çəkilişində yaradıcı qüvvə düşündürücü sənət nümunəsi yaratmağa çalışıb...

   - Başqa cür mümkün deyildi.

   - Filmdəki xalça toxuyan qadın qeyri-peşəkar olsa da, öz sənətiylə filmə rəng qatır. Qeyri-peşəkarı filmdə əsas rollardan birinə çəkmək özü böyük cəsarətdir...

   - Xalçaçı qadını ilk gördüyüm anda qərar verdim ki, filmdə həqiqi sənəti göstərməklə uğurun yarısını qazanmaq mümkündü. Bəlkə də hər hansı bir aktrisanı filmə çəkərək uğur əldə etmək olardı, ancaq xalçaçılıq sənəti bir qədər kölgədə qala bilərdi.

   - Hiss olunur ki, xalçaçlılıq sənətinə böyük marağınız var...

   - Ən azı onu deyim ki, evdə xalça kolleksiyam var. Yəni, bu sənətə o qədər marağım var ki, artıq kolleksiya belə toplayıram.

   - Filmdə Rafiq Əzimovun ifası sadəcə yollardan keçir...

   - Yollar bir insan ömrünü göstərir. Qəhrəmanımız bir zaman hadisələrin baş verdiyi kənddə yaşayıb, at üzərində oyunlarda qalib gəlib və sevdiyi qızın toxuduğu xalça onun qalibiyyəti uğuruna atın ayaqları altına sərilib. Ancaq zaman, qismət qəhrəmanı başqa istiqamətə yönəldir. Belə ki, sevdiyinə qovuşmayan dəyirmançı doğma kəndindən uzaqlaaşır və bir də yaşlı zamanında geri dönür- artıq onun gəlişi doğma torpaqda gözlərini əbədi yumaraq əbəddiyyətə qovuşmaqdır.

   - Filmin "Buta" adlandırılması bir təsadüfdürmü?

   - Zənnimcə təsadüfdür. Günlərin birində buta haqqında maraqlı məlumat oxudum və başladım araşdırmağa. Şərqdə butanın mənalarını, toxuculuqdakı mənasını və digər məqamları özüm üçün müəyyən etdim. Kiçik bir naxışın içində bir həyat anlamının olduğunu öyrəndim. Buta alov, toxum, su damcısı, yeni həyata başlanğıcdır. Eyni zamanda, Şərq aləminin bir naxışıdır. Bəzən deyirlər ki, filan ad və ya layihə həyatımın uğur göstəricisi oldu. Bu baxımdan mən "Buta" uğurumun simvolu hesab edirəm və filmdə əməyi olan hər kəsə minnətdaram.

 

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 13-15 sentyabr.- S.21.