Gerçəkliyə
çevrilən neft əfsanəsi...
"Əsrin Müqaviləsi"ndən 20 il ötür: $120 milyard qazanmışıq,
daha $120 milyard qazana bilərik
Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 20 il ötür. 1994-cü il sentyabrın 20-də dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" (AÇG) yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilə bağlanıb.
"Əsrin müqaviləsi"ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları Anonim Ortaqlığı, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. 1994-cü il dekabrın 12-də isə Milli Məclis "Əsrin müqaviləsi"ni təsdiqləyib.
"Əsrin müqaviləsi" Azərbaycan üçün böyük əhəmiyyətə malik hadisələrdən biri kimi xarakterizə edilə bilər. Belə bir müqavilənin imzalanması ölkəmizin iqtisadi həyatında ciddi dönüş yaratdı.
1990-cı illərin əvvəli Azərbaycan, onun iqtisadiyyatı üçün çox çətin idi. Demək olar ki, sənayenin bütün sahələrində müəssisələr iş imkanlarını itirmişdi, neft sənayesi tənəzzül edirdi.
1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi və 1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmamışdı.
Neft hasilatı da
illər ötdükcə
azalırdı. 1980-ci ildə 14,65 milyon ton neft hasil edən Azərbaycanda hasilat
1994-cü ildə 9,5 milyon
tona düşmüşdü.
Ölkə iqtisadiyyatı idarəolunmaz
vəziyyətə düşmüşdü.
Azərbaycan iqtisadiyyatının ağır böhran keçirdiyi dövrdə
böyük neft müqaviləsinin bağlanılması
böyük hadisə
idi. "Əsrin
Müqaviləsi" Azərbaycanın
qapılarını bütün
dünyanın üzünə
açdı və sonrakı illərdə dünyanın 18 ölkəsinin
41 neft şirkəti ilə 32 saziş imzalandı...
1993-cü ilin yayında Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ilk növbədə alovlanmaqda
olan vətəndaş
savaşının qarşısını
almış, ölkədə
daxili siyasi sabitliyi bərqərar etmişdi. Bununla da müstəqil
Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsi üçün
zəmin və imkanlar yaradılmışdı.
Heydər Əliyev böyük
təcrübəsi və
xarici siyasətin prioritetlərini düzgün
müəyyənləşdirməklə
təhlükələri neytrallaşdırır,
regionda mənafeyi olan aparıcı dövlətlərin maraqlarını
mümkün qədər
tarazlaşdırmaqla təhdidləri
dəf edirdi.
Belə bir çətin dövrdə - Xəzərin
sərvətləri ətrafında
gedən böyük oyunlarda Azərbaycan öz mənafelərini qoruya bildi və
bu proseslərdə Azərbaycanın bütövlükdə
Xəzər regionunun aparıcı dövlətinə
çevrilməsi yolunda
qəti addımlar atıldı: ölkənin
müstəqil neft siyasəti gerçəkləşdirilərək
beynəlxalq arenada Azərbaycanın söz sahibi olmasına nail olundu. Neft Azərbaycanın ən qiymətli iqtisadi sərvəti kimi ölkənin sosial-iqtisadi baxımdan çiçəklənməsi demək idi. Uğurlu neft siyasəti isə "qara qızıl"ı Azərbaycanın həm də siyasi sərvətinə çevirirdi:
Azərbaycanın beynəlxalq
aləmdə mövqelərinin
möhkəmlənməsinə, siyasi dividendlər qazanmasına imkanlar açırdı.
1994-cü ilin
20 sentyabrında Xəzərin
neft yataqlarının
işlənməsi üzrə
xarici şirkətlərlə
"Əsrin müqaviləsi"nin
imzalaması qarşısında
müxtəlif, aşılması
inanılmaz, hətta fantastik görünən əngəllər (regiondakı
münaqişələr, Cənubi
Qafqaza nüfuz uğrunda ABŞ-Rusiya rəqabəti, Azərbaycan-Rusiya
və Azərbaycan-İran
münasibətlərində gərginlik, Moskvanın Rusiyadan yan keçəcək
enerji layihələrinə
dözümsüzlüyü, hələ də davam edən Xəzərin statusu problemi və s.) dursa da, ölkəmizin
uğurlarına qısqanclıqla
yanaşılsa da, hətta belə bir çətin şəraitdə ölkənin
perspektivləri çoxları
üçün qeyri-müəyyənlik
dumanına bürünsə
də, sonda Heydər Əliyev qalib gəldi - Azərbaycan üçün
mühüm önəmə
malik, geosiyasi və geoiqtisadi baxımdan inqilabi sayıla biləcək
"Əsrin müqaviləsi"nin
imzalanmasına nail oldu.
Ona görə inqilabi
ki, postsovet məkanında Rusiyanın
iştirakı olmadan və bu ölkədən
yan keçəcək
neft layihəsinin reallaşması inanılmaz,
əfsanəvi görünürdü.
Bu, faktiki olaraq
postsovet məkanının
geosiyasi mənzərəsini
kökündən dəyişmək
demək idi.
Məhz həmin günlərdə
və sonralar Heydər Əliyevin ortaya qoyduğu siyasi iradə ikiqat (həm iqtisadi, həm də siyasi) nəticələr verdi: bacarıqlı
"neft diplomatiyası",
karbohidrogen ehtiyatlarımızla
bağlı siyasət
müstəvisində atılan
addımlarla regionda Azərbaycanın maraqlarına
uyğun strateji dəyişikliklərin əsası
qoyuldu...
İlk neft müqaviləsi
1994-cü ildə imzalansa
da, bu müqavilədən
ilk gəlir 2001-ci ilə
təsadüf edir.
Həmin ildə neft satışından Azərbaycan dövləti
270,9 milyon dollar gəlir əldə etdi. Neft müqaviləsindən gələn gəlirlərdən
Azərbaycanın digər
sahələrinin faydalanması
da həmin ildən başlandı.
1999-cu ildə təsis edilən Azərbaycan Respublikası Dövlət
Neft Fondunda (ARDNF) toplanan vəsaitdən bütün iqtisadiyyat faydalandı. Bu məqsədlə 2003-cü ildən
etibarən fondda toplanan vəsaitdən dövlət büdcəsinə
transfertlər həyata
keçirildi. Dövlət
büdcəsinə transfertlərdə
böyük dönüş
isə 2008-ci ildən
baş verdi.
2008-ci ildə dövlət büdcəsinin
gəlirlərində Neft
Fondundan köçürmələrin
payı 35,3 faiz olub. 2009-cu
ildən büdcə gəlirlərində payı
40 faizi, 2010-cu ildən
50 faizi ötüb.
2013-cü ildə büdcə
gəlirlərinin 58,2 faizi, 2014-cü ildə də proqnoza əsasən büdcə gəlirlərinin 50 faizini
birbaşa köçürmələr
təşkil edəcək.
Ümumilikdə,
2013-cü ilin sonuna qədər dövlət büdcəsinə fonddan
64,23 milyard dollar vəsait köçürülüb.
Bu il daha
9,337 milyard manat (12 milyard dollar) transfert nəzərdə tutulub.
Dövlət büdcəsinə köçürülən vəsaitin
98 faizindən çoxunu
məhz AÇG müqaviləsi
çərçivəsində ARDNF-nin birbaşa və dolayı gəlirləri təşkil
edir. 2001-2013-cü illər
ərzində ARDNF 100,11
milyard dollar, 2014-cü ilin
birinci yarısında
əlavə olaraq 8,2 milyard dollar gəlir əldə edib.
Gəlirin böyük hissəsi
AÇG-dən daxil olub. 2000-2006-cı illər
ərzində mənfəət
neftinin satışı
ilə bağlı daxilolmaların həcmi 2,5667 milyard dollar təşkil edib. Bu vəsaitin demək
olar ki, 99 faizindən çoxu "Əsrin müqaviləsi"
çərçivəsində satılan neftin puludur. AÇG-dən
2007-ci ildə 1,9296 milyard
dollar, 2008-ci ildə 13,937 milyard
dollar, 2009-cu ildə 9,49 milyard
dollar, 2010-cu ildə 15,581 milyard
dollar, 2011-ci ildə 19,027 milyard
dollar, 2012-ci ildə 16,25 milyard
dollar, 2013-cü ildə 16,707 milyard dollar gəlir əldə edib.
2001-2013-cü illərdə "Əsrin müqaviləsi"
çərçivəsində neft satışından gəlir 95,5 milyard dollar olub.
2014-cü ilin birinci yarısında mənfəət neftinin və qazın satışından fond 6,3554
milyard manat (təxminən 8,1 milyard
dollar) qazanıb. Bunun 97-98 faizi
AÇG layihəsi üzrə
gəlirlərdir. Bu da
təxminən 7,8-7,9 milyard dollar vəsaitdir. Beləliklə, 2001-ci ildən
2014-cü ilin birinci yarısına qədər
AÇG müqaviləsi üzrə
fonda daxil olan xalis gəlir
103,4 milyard dollardan çoxdur. Neft Fondunun ümumi gəlirləri isə 108 milyard dolları ötür.
Qeyd edək ki, əlavə olan 5 milyard dollarlıq vəsaitin bir hissəsi də AÇG-nin hesabına əldə edilən vəsaitlərə aiddir.
Fondda toplanan gəlirlərin bir hissəsi başqa neft və qaz müqavilələrindən
daxil olsa da, digər hissəsi vəsaitlərin
idarəedilməsindən əldə
edilib. İdarəedilən vəsait isə
AÇG-nin hesabına
əldə edilən vəsaitdir.
"Əsrin
müqaviləsi" Azərbaycanın
xarici ticarətinin yüksəlməsində də
böyük rola sahibdir. 2003-cü ildə
ölkəmizin ixracı
2,6 milyard dollar olduğu halda 2013-cü ilin yekununda 24 milyard dollara çatıb. Ötən
müddətdə ixracda
9,23 dəfə artım baş verib. Artımın bu qədər
böyük olmasının
yeganə səbəbi
xam neft, neft məhsulları və təbii qazın satışının
artmasıdır. 2013-cü
ildə Azərbaycanın
ixracının 93 faizini
neft və qaz sektoru təmin
edib.
Azərbaycanın AÇG-dən əldə
etdiyi gəlir sadalananlarla da kifayətlənmir. Ölkəmizin "Əsrin müqaviləsi"ndən
digər gəliri də olub.
Neft Araşdırmaları Mərkəzinin
sədri İlham Şaban bildirir ki, "Əsrin müqaviləsi"ndə pay sahibi
olan Azərbaycan Dövlət Neft Şirkətinin də qazancı var. Bundan əlavə, xarici neft şirkətləri
1995-ci ildən başlayaraq
həm dövlət büdcəsinə, həm
də Dövlət Sosial Müdafiə Fonduna vergi və
sosial sığorta haqları ödəyib. Bundan əlavə, müxtəlif
sosial layihələr həyata keçirilir
(Modern.az).
Şaban söyləyir ki, Azərbaycanın digər
qazancları da olur: "Bunu heç yerdə açıqlamayıblar. "Əsrin müqaviləsi"ndən
dövlət büdcəsinə
15 milyarda yaxın bu və ya
digər səpkidə
vergilər daxil olub. Dövlət Neft Fonduna gələn vəsaitlə
cəmləsək, Azərbaycan
tərəfi bu müqavilədən 120 milyarddan
artıq gəlir əldə edib. Təbii ki, bu vəsaitlərin
bir hissəsi xərclənib. Bu gün Dövlət Neft Fondunda 37 milyarddan bir qədər artıq vəsait qalıb. Deməli, gəlirin 60 faizdən bir qədər artığı xərclənib".
Qeyd edək ki,
2024-cü ilin dekabrında
müqavilənin hüquqi
müddəti başa
çatır. İ.Şabanın
sözlərinə görə,
bundan sonra ixrac olunan neftin
orta qiyməti 80 dollar
olacaqsa, onda ölkəmizin qazancı təqribən 100 milyard dollara çatacaq. Əgər neftin orta ixrac
qiyməti 100 dollar olarsa,
Azərbaycanın gəliri
təqribən 120 milyard
səviyyəsində olacaq.
Onu da əlavə
edək ki, indiyədək AÇG yataqlar
blokundan 345 milyon ton neft və 100 milyard kubmetr qaz hasil edilib.
Vasif Cəfərov
Ekspress.-2014.- 20-22
sentyabr.- S.11.