Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

 Teyyub Qurban Zal Məmmədlinin qəbri üstündə

 

       Cümhuriyyətin maarif naziri Nurməmməd Şahsuvarovun Hüseyn Nağıyevə verdiyi şəhadətnamə

 

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

       Ən uzunömürlü

   Cumhuriyyət tələbəsi

   Gəncə klassik kişi gimnaziyasının məzunu olan Cümhuriyyət tələbələrinin taleləri çox kədərlidir. Bir çoxları Vətəndən uzaqlarda, digərləri repressiya qurbanı kimi sürgündə dünyalarını dəyişiblər.

   Ötən saylarımızda Zal Məşədi Cavad oğlu Məmmədli və ailəsi barədə əldə etdiklərimizi oxucularla bölüşdük. Azərbaycanın xaricdə təhsil almış ilk inşaatçı-mühəndislərindən biri olan Zal Məmmədli 1969-cu ilin yanvarında öz Vətənində dünyaya göz yumub.

   Araşdırmalarımız göstərir ki, Cümhuriyyət tələbələrinin ən uzunömürlüsü də Gəncə klassik kişi gimnaziyasının yetirməsidir. Barəsindəki arxiv materialları ilə Azərbaycan Respublikası Dövlət Arxivində və Milli Təhlükəzlik Nazirliyinin Arxivində tanış olmaq mümkündür.

   1896-cı il dekabrın 20-də Gəncə şəhərində doğulmuş Ağasıbəyov Yusif Süleyman bəy oğlu 1919-cu il noyabrın 5-də Azərbaycan Cümhuriyyəti Xalq Maarif Nazirliyinə ərizə ilə müraciət etmişdi. Xahişi bundan ibarət idi ki, onu İçveçrənin Cenevrə şəhərinə Elektrotexnika İnstutuna ali təhsil almağa göndərsinlər. Ancaq onu Almaniyanın Drezden Texniki Universitetinə oxumağa göndərirlər.

   Arxivdə Yusif Ağasıbəyovun kamal attestatının surəti saxlanılır. Burada deyilir:

   "Verilir Yelisavetpol şəhər sakini, dini mənsubiyyətinə görə müsəlman, 1896-cı il dekabrın 20-də doğulmuş Ağasıbəyov Yusif bəy Süleyman bəy oğluna ondan ötəri ki, 1906-cı il dekabrın 14-də Yelisavetpol kişi gimnaziyasına daxil olmuş, 1917-ci ildə əla davranışla və aşağıda göstərilən qiymətlərlə gimnaziyanın tam səkkizillik kursunu bitirmişdir:

       1. İlahiyyat - 5 (beş)

   2. Rus dili - 4 (dörd)

   3. Fəlsəfi anlayış - 4 (dörd)

   4. Latın dili - 4 (dörd)

 

   5. Riyaziyyat - 4 (dörd)

   6. Riyazi coğrafiya - 4 (dörd)

   7. Fizika - 4 (dörd)

   8. Tarix - 4 (dörd)

   9. Qanunşünaslıq - 4(dörd)

   10.Coğrafiya - 4 (dörd)

   11.Fransız dili - 4 (dörd)

   12. Alman dili - 4 (dörd)".

       1926-cı ildə Almaniyada təhsilini başa vuran Yusif bəy Drezden şəhərində müxtəlif işlərdə çalışır, tələbəlik illərindən sevdiyi Marqarita xanımla ailə qurur.

   1928-ci ildə iyirmi bir yaşlı ana sevimli həyat yoldaşına oğlan uşağı bəxş edir. Qürbət ölkədə Cümhuriyyət tələbəsi övladına Aslan adı qoymuşdu.

   1931-ci ildə qırx iki yaşlı ata iyirmi dörd yaşlı arvadı üç yaşında oğlu ilə Azərbaycana qayıdır. Drezden Universitetini bitirmiş mütəxəssisi elə ata-baba yurdunda işlə təmin etmişdilər - Yağ-piy kombinatının baş mexaniki vəzifəsinə.

   Fəqət asudə həyat uzun sürmür...

   1937-ci il aprel ayının 7-də Kreml divarları arasında tərtib edilmiş qərarla Azərbaycan Respublikası Milli Təhlükəzlik Nazirliyinin Arxivində tanış oluruq:

   "SSRİ YEYİNTİ SƏNAYESİ

   XALQ KOMİSSARLIĞI ÜZRƏ ƏMR N 623

   7 aprel 1937-ci il, Moskva şəhəri

   Kirovabad Yağ-piy kombinatının işi barədə

   Kombinatın yad ünsürlərlə zibillənməsinə yol verdiyinə, bolşevikcəsinə özünütənqidi sayıqlığı təmin etmədiyinə görə kombinatın baş mexaniki Ağasıbəyov Yusif Süleyman oğlu vəzifəsindən kənar edilsin barəsindəki yoxlama materialları istintaq orqanlarına göndərilsin.

   SSRİ yeyinti səənayesi xalq komissarı

   A.MİKOYAN".

   1939-cu il iyul ayının 23-də Kirovabad şəhərində Karl Marks küçəsi, 14 ünvanlı mənzilində həbsə alınmış Yusif bəy Ağasıbəyovun istintaq materiallarında bir cümlə təkrar olunur: "Əksinqilabi milli qiyamçı təşkilatın üzvü".

   Həmin il iyun ayının 26-dan başlanan 1940-cı il oktyabrın 27-dək davam etmiş 62241 N-li cinayət işi üzrə yazılanları nəzərdən keçirirəm. Bütün sorğu-suallar quramadan ibarətdir. Kirovabad Yağ-piy kombinatının keçmiş baş mexaniki bunda təqsirləndirilir ki, atası bəy olmuşdur, 1919-cu ildə Müsavat hökuməti tərəfindən Almaniyaya ali təhsil almağa göndərilmişdir 1931-ci ilədək orada qalmışdır.

 

   Dindirilmə protokollarında arvadı barədə sorğu-suallar özünə yer almışdır. 1939-cu il iyulun 13-də növbəti dindirilmədə Yusif bəy Ağasıbəyov bir daha təkrar etmişdir: "Mənim arvadım 1931-ci ildə Almaniyadan SSRİ- gələrkən Sovet vətəndaşlığını qəbul etmişdi. Özüm isə həqiqətən Müsavat hökumətinin hesabına bir neçə ay, sonra isə SSRİ-nin hesabına Almaniyada təhsil almışam".

   1937-ci ilin repressiya qurbanı olmuş Cümhuriyyət tələbəsi Ağasıbəyov Yusif bəy Süleyman bəy oğlu 1956-cı ildə bəraət alıb. Yusif bəy ömrünün sonunadək Gəncədə yaşamış 1989-cu ildə 93 yaşında vəfat etmişdir.

   ***

   Gəncə klassik kişi gimnaziyasını bitirənlər arasında xarici ölkələrə ali təhsil almağa göndərilən daha iki nəfər var. Gəncədə olarkən onların tale sorağına düşsək , səylərimiz nəğticəsiz qaldı. Odur ki.arxiv sənədləri ilə kifayətlənməli olduq.

   Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 19 sentyabr qərarına əsasən, Almaniyaya ali təhsil almağa göndərilmiş Nağıyev Hüseyn Hacı Musa oğlu 1897-ci ildə Gəncə şəhərində anadan olub. Atası Musa, anası Xanım Mirzə Ağaməmməd qızıdır. Cümhuriyyət tələbəsinin arxivdə saxlanılan kamal attestatının surətindən məlum olur ki, Hüseyn Nağıyev 1908-ci il sentyabrın 1-də Gəncə klassik kişi gimnaziyasına daxil olmuş 1917-ci il may ayının 1-də nümunəvi davranış aşağıdakı attestat qiymətləri ilə gimnaziyanın tam səkkizillik kursunu bitirmişdir:

       1. İlahiyyat - 5 (beş)

   2. Rus dili - 4 (dörd)

   3. Fəlsəfi anlayış - 4 (dörd)

   4. Latın dili - 4 (dörd)

   5. Riyaziyyat - 4 (dörd)

   6. Riyazi coğrafiya - 4 (dörd)

   7. Fizika - 4 (dörd)

   8. Tarix - 4 (dörd)

   9. Qanunşünaslıq - 4 (dörd)

   10.Coğrafiya - 4 (dörd)

   11.Fransız dili - 4 (dörd)

   12.Alman dili - 4 (dörd)

       Hüseyn Nağıyevin Azərbaycan Cümhuriyyəti Xalq Maarif nazirinə ünvanladığı məktubdan aydın olur ki, gimnaziyanı bitirdikdən sonra iki il Kiyev Politexnik İnstitutunda təhsil alıb.

    ***

   1892-ci il iyunun 21-də Gəncə şəhərində doğulmuş Bosnalızadə Məmmədrəşid Mustafa oğlunun Azərbaycan hüdudlarından Avropaya uzanan yolu qardaş Türkiyədən başlanmışdı.

   Gəncə klassik kişi gimnaziyasının yetirməsi üç il İstanbul Universitetinin hüquq şöbəsində oxuyur. Daha sonra Məmmədrəşid Bosnalızadə Azərbaycan Parlamentinin qərarı əsasında Paris Universitetinə göndərilmişdi.

 

   

 

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

           (ardı var)

  

Teyyub QURBAN

Ekspress.-2014.- 20-22 sentyabr.- S.15.