Kor olanacan çəkərəm...
Pəri Miniatür: "Əgər
bir rəssam adamın başını kvadrat çəkəndə
rahatlayırsa, qoy çəksin"
"Bizim insanlar rəsmdən, kinodan,
teatrdan, kitabdan zövq ala bilmir. Uşaqlarını da özləri
kimi böyüdürlər"
"Şərqi çox sevirəm. Avropanı,
avanqardizmi anlamıram. Mənə
çatmır. Kimsə deyə bilər
ki, geridə qalmışam. Qoy desin. Onları
anlamıram. Ayı kuklalarını una
batırıb qara fona dağıdırlar, filə
fırça verirlər xortumuyla nəsə çəkir, rəngləri
fona çırpırlar ki, bu sənət əsəridir".
Bu sözləri rəssam
Pəri Miniatür "Kulis.az"ın əməkdaşı
yazıçı Şərif Ağayarla söhbətində
deyib. Müsahibəni təqdim edirik.
-
Rəssamlıq təhsilin var?
- Hə. Ancaq məşğul
olduğum miniatür sənəti ilə bağlı təhsilim
yoxdur. Mənim məşğul olduğum
Xudu Məmmədov sənətidir.
Xalçalarımızdan gəlir... Bunu elmi tərəfdən
öyrəndim bir neçə il. Amma məşğələlər
yarımçıq qaldığına görə, o sistemi
axıracan öyrənə bilmədim. Buna
görə sonralar çox işlədim nələrisə mənimsəmək
üçün. Bu sənətin elmi
adı kristaloqrafiyadır. Başlanğıcını
bizim milli xalçalardan götürür. Bu elə bir incə sənətdir ki, baxdıqca daha
başqa şeylər görürsən. Alt
yapısı olan sənətdir. Simmetriya
üzərində qurulub. Orda görünən
fiqurların, blokların, rənglərin, o qədər incəliklərin
heç biri təsadüfi deyil. Boş-boşuna bəzəmirlər
o rəsmləri...
- Bizdə miniatür ənənəsi
güclü olub...
- Hə, güclü olub. Ancaq rəsmlər
və əl yazıları çox az gəlib
çıxıb zamanımıza. Məlumatlar
da elə çox deyil. Bununla belə, miniatürün ən
vacib sirri tarixə məlumdur: kim can
qoyubsa, o qazanıb! İşıq ucunu tapa bilib!
- İntibah
dövründə çox güclü miniatür rəssamları
olub.
- Bəli. Ən
güclüsü də Təbriz məktəbidir. Amma əlimizdə elə də ciddi əsərləri
yoxdur.
- Onlar nəyə çəkirdilər
ki? Bəlkə zamanla zay olub gedib bu rəsmlər?
- Yox, İngiltərədə,
ABŞ-da, Rusiyada, Türkiyədə nümunələr var.
Bizim özümüzdə yoxdur.
- Sizin yolunuz hansıdır?
- Mən klassik yolu
götürmüşəm. Amma təbii ki,
özümdən də nəsə qoymağa
çalışıram. Sizə deyim, bu,
çox çətindir. Tükənməz
əmək və enerji, ən başlıcası böyük
eşq istəyir. İndiki işlərim əslində
klassika deyil, moderndir. Mən bugünü də
işləyə bilirəm. Təbii ki, əsas sistemi
saxlamaq şərti ilə...
- Səncə doğrudanmı
günəş şərqdən çıxır?
- Şərqi
çox sevirəm. Avropanı, avanqardizmi
anlamıram. Mənə çatmır.
Kimsə deyə bilər ki, geridə
qalmışam. Qoy desin. Onları
anlamıram. Ayı kuklalarını una
batırıb qara fona dağıdırlar, filə
fırça verirlər xortumuyla nəsə çəkir, rəngləri
fona çırpırlar ki, bu sənət əsəridir.
Sənət əsəridir demirəm, sadəcə
mən qəbul eləmirəm. Məncə,
sənətə əmək və sevgi verməlisən.
- Orxan Pamukun "Mənim adım
qırmızı" romanını oxumusan?
- Hə.
- Sən atı harasından çəkməyə
başlayırsan?
- Burnundan...
- Mən də uşaqlıqda həmişə
atı burnundan çəkmişəm. Əl
yaddaşımda indi də qalıb bu vərdiş. Amma ortaçağ ənənələrinə
görə miniatürçü rəssam - nəqqaş
atı dırnağından çəkməlidir.
- Vərdişdən
asılıdır, məncə...
- O əsərdə atın şəkli
danışır. Deyir, mən həyatda belə
deyiləm. Ayaqlarım, başım belə nazik, bədənim
belə böyük deyil... Rəssamlardan gileylənir...
- Miniatürdə təxəyyül
işləyir. Onlar ata baxıb çəkmir.
Ayaqların nazik çəkilməsi rəsmə
estetika verir. Məncə səbəb budur.
Amma konkret cavabım yoxdur bu barədə.
- Sən də atlarla çox
işləmisən. Hətta atlarla simmetriya
yaratdığın əsərini də görmüşəm.
- Hə, bax, Xudu Məmmədov məktəbi
budur. Bir element, o biri ilə yan-yana gələndə,
aradakı boşluq üçüncü elementə
çevrilir. Bir də elementlərin kənarları
var. Yəni burada bir üstəgəl bir iki eləmir. Ən azı üç eləyir. Bəzən
dörd və ya beş. Baxır rəssamın
gücünə...
- Sən iki birlə üç ala
bilirsən?
- Özümü böyük rəssam
saymıram. Amma çoxlu işləyəndə
nələrsə çıxır ortaya. Əsas
odur xaltura etməyəsən. Məsələn, məndə
var məscidin minarəsi səcdəyə gedən adamdı,
sonra minbərlər dua edən qadınlardı,
öpüşən quşlardı... Axtarsan bu
rəsmlərdə çox şey taparsan. Birləşən elementlər yenisini yaradır, tamaşaçı
onu görüb özü üçün kəşf edir,
üzə çıxarır. Bu, qəribə
duyğudur.
- Gəl yenə Pamukun əsərinə
qayıdaq. Şərqdə gələnək o
qədər güclü olub ki, bəlli bir yaşdan sonra
miniatür çəkən rəssamın, onlar nəqqaş
deyir hamısına, gözləri tutulmalıdır. Əgər tutulmursa, demək lazımi səviyyəyə
qalxma bilməyib. Hətta özünü təsdiq etmək
üçün gözlərinə mil çəkib kor edən
nəqqaşlar olub...
- Sevgidir dəəə... Sevgi yoxdursa heç nə eləmək olmaz. Məsələn, Qız qalasına, Möminə
xatun türbəsinə baxan bir nəqqaş, İranda da nəqqaş
deyirlər, fərqli şeylər görə bilir.
Möminə xatunda kristaloqrafik naxışlar vardı:
biri-birinə keçən və davamlı... Rənglər,
simmetriyalar elə gözəldi ki... Mən belə
abidələrə baxanda düşünürəm ki, əgər
eşq-sevgi olmasa, heç bir pul, var-dövlət həvəsinə,
heç bir hökmdar əmrinə görə belə heyrətamiz
incəlikləri yaratmaq mümkün deyil. Orta əsrlərdə elə rəsmlər var ki,
kişilərin saqqalındakı tükləri bir-bir çəkiblər.
Lupa ilə baxanda ağacların
yarpağındakı damarları görmək olur. Bəzi incə xətləri çəkmək
üçün iki aylıq pişik balasının əmgək
tüklərindən fırça düzəldənlər
olub. Bu, sevginin göstəricisidir. Elə bir sevgi ki, gözünün
işığını da qurban edirsən.
- Miniatürün o damarlarına
getdiyin yerdə qəflətən Mikayıl Abdullayevin "Fəhlələr"
əsərinə baxsan, nə hisslər keçirərsən?
- O da onun hissidir dəəə...
Əgər bir rəssam adamın
başını kvadrat çəkəndə rahatlayırsa,
qoy çəksin. Rahatam fərqliliklərə
qarşı. İndi dünya o qədər
qaranlıq və soyuqdu ki, insanın işıq və isti duya
biləcəyi ən adi məqamlara da böyük
sayğı ilə yanaşmaq gərəkdir. Yaradıcı adamın içində az-çox
işıq var. Kim necə istəyir, necə bacarır bu
işığı saçsın. Əslində
hər kəsin içində işıq var. Sadəcə
içinə enib o işığı kəşf etməlisən.
İnsan həmin işığı tapsa, heç vaxt adam öldürməz, qan tökməz, kiminsə
evini dağıtmaz...
- İcazə ver, yenə
Pamuka qayıdaq. Nəqqaşlar nə zaman
qətlə yetirilir? Venesiya rəssamlarının təsiri
ilə portret çəkməyə başlayanda... Bu,
bağışlanmaz günah, böyük xəyanət, nəqqaşlıq
sənəti üçün qarşısıalınmaz faciə
kimi qiymətləndirilir...
- Cəmi-ət-təvarixin
külliyyatlarının əksərində insanların, hətta
heyvanların və quşların rəsminin baş hissəsini
pozublar. Bu, dinimizdə Allahın işinə
qarışmaq, onunla rəqabətə girib insan yaratmağa cəhd
etmək kimi yozulur. Amma mən özüm
portretləri sevirəm.
- Məncə, çəkmisiniz də...
- Bəli, çəkmişəm.
- Bəs bu Miniatür təxəllüsü
nədir? Bir az iddialı deyil ki?
-
İddialıdır. Çünki məndən
daha gözəl rəssamlar var. Onların biri də mənim
müəllimimdir. Amma son vaxtlar mənə
qadağa qoyub ki, adını çəkməyim.
- Niyə?
- Deyir, istəmirəm. O, daha dərindir.
Dərviş kimi bir adamdır.
- Pünhanlıq məsələsi?
- Bilmirəm. Bəlkə də onu
incidiblər... Dəqiq bilmirəm. Deyir, böyük bir şey deyil ki, miniatür
çəkirəm də. Onun hədəfləri
başqadır. Daha dərinlərə
gedir. O, dahidir. Qarşısında diz
çöküləsi adamdır.
- Yəqin, o da kor olmaq istəyir...
- (Gülür) O adam
miniatür elminin sirr qapısıdır. Ancaq
heç kimi emalatxanasına buraxmır. Sadəcə
haqqında bir kitab çıxıb - bu qədər.
- Bəs necə yaşayır?
- Akademiyada dərs deyir.
- Bəs sən? Sifarişlərin
olur?
- Olur arada...
- Sevdiyin bir rəsmi satanda nə
hisslər keçirirsən?
- Məcburam. Amma rəsmlər mənə
iş prosesində maraqlıdır. Sonrası
maraqsızdır.
- Bəs müəlliflik?
- Sadəcə rəsmlərimin
üstündə adım var...
- Adam var özünü gizləyir,
sən adını yazırsan...
- Fərqimizə baxın dəəə...
(gülür) Mən dahi
deyiləm axı.
- Əsərlərinizi əsasən
kim alır.
- Xaricilər. Bizim
insanlar rəsmdən, kinodan, teatrdan, kitabdan zövq ala bilmir.
Uşaqlarını da özləri kimi
böyüdürlər.
- Xalça toxuya bilirsən?
- Yox.
- Nə əcəb.
- Xalça toxumaq texniki baxımdan
çox çətin gəlib mənə. Heç
öyrənməyə cəhd etməmişəm.
- Dinə münasibətin necədir?
- Dindar da deyiləm, ateist də.
Amma az qala dindarlar qədər
inandığım bir şey var. Ətrafımda o qədər
dindar görürəm ki, hər gün namaz qılır, amma
əməlinə fikir vermir. Namaz qılmaqla
borcunu bitmiş sayır. Məncə dindar
olmaq, Allahı sevmək - vicdanlı olmaqdır, insanları
sevməkdir.
- Miniatür dini
dünyagörüşü və təsəvvüflə
çox bağlıdır.
- Hə, elədir.
- Sizin Füzuli ilə bağlı
da əsəriniz var.
- Hə, çox sevirəm
Füzulini.
- Onun qəzəllərinin strukturu
da miniatürə bənzəyir. Bir üstəgəl bir bərabərdi
üç prinsipi...
- Bəli. Əslində
sevgiyə söykənən bütün sənətlər
eyni mənbədəndir.
- Gələcək işlərin...
- İşləmək...
İşləmək... Bəzən beynimdə
şimşək kimi çaxır nəsə, amma
yaxalayıb çəkə bilmirəm. Amma
çoxlu işləyəndə tutmaq olur o məqamı.
- Həqiqətən sevirsən...
Həm də çox...
- Çox!
- Kor olanacan gedə bilərsən?
- Gedərəm (gülür).
- Sənə uğurlar! Sağ ol
ki, dəvətimizi qəbul etdin.
- Sən də sağ ol. Dəvətə
görə...
Şərif
Ağayar
Ekspress.-2014.- 27-29 sentyabr.- S.14.