Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

   İrəvanın Cümhuriyyət tələbələri

 

   Azərbaycanın qədim şəhəri İrəvan vaxtilə Qafqazda elm və mədəniyyət mərkəzlərindən biri idi. Uzun illər Qərbi Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, respublika parlamentinin vitse-spikeri olmuş Talıb Musayev (sabiq millət vəkili Maksim Musayevin atası - T.Q.) 2008-ci ildə Bakıda "Nurlar" nəşriyyatında "Ermənilər və faciələrimiz" adlı kitab nəşr etdirmişdi.

   Müəllif kitabında (səh. 240-241) yazır: "İndi Ermənistan adlanan respublikada olan yer, məhəllə, kənd adlarının hamısının azərbaycanlılara məxsus olmasını süubut edən yüzlərlə inkaredilməz faktlarla yanaşı, burada öz dövrünə uyğun ziyalılar, alimlər də az olmamışdır. Məsələn, İrəvan şəhərinin Tərəbaşı məhəlləsində böyük mülkləri olan Topçubaşovlar hələ XIX əsrin əvvəllərində Sank-Peterburq şəhərində elm ocaqlarında işləmişlər.

   Məşhur akademik Mustafa bəy Ağabəy oğlu Topçubaşov həmin nəslin davamçısı idi. O, 1895-ci il avqust ayının 5-də İrəvan yaxınlığındakı Göygümbət kəndində anadan olmuşdu. Göygümbət kəndi Topçubaşovların malikanəsi idi. Mustafa bəy 1915-ci ildə İrəvan gimnaziyasını əla qiymətlərlə bitirərək Kiyev Tibb Universitetinə qəbul olmuş, 1919-cu ildə ali təhsilini başa vuraraq həkim diplomu almışdı".

   Maraqlıdır ki, bir il sonra - 1920-ci ildə Topçubaşovlar nəslindən olan 19 yaşlı gənc - Rəşidbəy Əlimərdanbəy oğlu Topçubaşov xaricdə təhsil almaq üçün Azərbaycan Xalq Cümhuriyətinin maarif nazirinə müraciət etmişdi. Bununla bağlı Rəşidbəy Topçubaşovun arxivdə saxlanılan sənədlərinə diqqət yetirək.

   1918-ci il aprel ayının 24-də Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin dəftərxanası tərəfindən təsdiqlənib möhür vurulmuş attestatın surətində oxuyuruq:

   "Verilir Bakı Real Məktəbinin məzunu, 1901-ci il oktyabrın 26-da anadan olmuş, müsəlman, məmur oğlu Rəşidbəy Əlimərdanbəy oğlu Topçubaşova ondan ötəri ki, həqiqətən 1917- ci il sentyabrın 1-dən 1918-ci il aprelin 18-dək Bakı Real Məktəbinin əlavə sinfində təhsil almış, əla davranış və aşağıda gstərilən qiymətlərlə məktəbi bitirmişdir:

   İlahiyyat - əla (5)

   Rus dili - yaxşı (4)

   Alman dili - yaxşı (4)

   Fransız dili - əla (5)

   Riyaziyyat - kafi (3)

   Cəbr - kafi (3)

   Triqometriya - kafi (3)

   Həndəsə - kafi (3)

   Tarix - əla (5)

 

   Təbiiyyat - yaxşı (4)

   Fizika - yaxşı (4)

   Riyazi coğrafiya - yaxşı (4)

   Rəsmxət - yaxşı (4)

   Qanunşünaslıq - yaxşı (4)"

       Arxiv sənədləri arasında bir məktub nəzərimizi cəlb etdi. Məktubu Cümhuriyyət tələbəsinin anası Pəri xanım Topçubaşova yazmışdır.

   Tanış olun:

 

       "AZƏRBAYCAN RESPUBLİKASININ

   XALQ MAARİFİ NAZİRİ ƏLAHƏZRƏT CƏNABLARINA

   Birinci Bakı Real Gimnaziyasının tam kursunu bitirmiş Rəşidbəy Topçubaşovun anası Pəri xanım Topçubaşovadan

       Sizdən xahiş edirəm ki, Bakı Real Gimnaziyasının tam kursunu bitirmiş oğlum Rəşidbəyi hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edəsiniz. Zira o, hazırda Parisdədir pansiona daxil olmuşdur. Oğlum arzu edir ki, tarix-filoloji yaxud texniki ixtisas üzrə ali təhsil alsın.

   Müraciətimə aşağıdakı sənədləri əlavə edirəm:

   1) Doğum haqqında şəhadətnamə

   2) Attestat

   3) Real gimnaziyanın əlavə kursunu bitirməsi haqqında sənəd.

   İmza: Pəri xanım Topçubaşova".

   Pəri xanım Topçubaşovanın Parisdən Bakıya göndərdiyi şəhadətnamənin əslində göstərilir ki, Rəşidbəy 1901-ci il oktyabr ayının 26-da doğulmuşdur. Atası Əlimərdanbəy Ələkbərbəy oğlu Topçubaşov, anası Pəri xanım Həsənbəy qızıdır.

   1919-cu ildə oğul da, ana da arzusuna çatmışdır. Rəşidbəy Topçubaşov Paris Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

   Cümhuriyyəti tələbəsinin məşhur andına sadiq qalan Rəşidbəy Topçubaşov maddi ehtiyac içində olmasına rəğmən, 1922-ci ildə sovet rejiminin ona kəsdiyi təqaüddən imtina etmişdi.

   Azərbaycan Parlamentinin sədri Əlimərdanbəy Topçubaşovun oğlu, əyilməz türk oğlu Rəşid bəy 1925-ci ildə 25 yaşında axirət dünyasına qovuşmuşdur.

   Ata ana həyatdan vaxtsız köçmüş övladı çox da tək qoymamışlar. 1934-cü ildə Əlimərdan bəy, 1947-ci ildəsə Pəri xanım dünyalarını dəyişmiş, Parisdə Sen-Deni qəbiristanlığında dəfn edilmişlər...

   ***

   Arxiv materialları ilə tanışlıq sübut edir ki, Qərbi Azərbaycandan olan Cümhuriyyət tələbələri orta təhsillərini ata-baba torpağında almışlar. İrəvanın Cümhuriyyət tələbələrindən dörd nəfəri İrəvan kişi gimnaziyasının yetirməsidir:

 

   - Əhməd Məşədi Cabbar oğlu,

   - Əsildarbəy Abbasəlibəy oğlu,

   - Tağı Kərbalayi Əsgər oğlu

   - Adilbəy Abbasəlibəy oğlu.

   Onların hər birinin həyatı Qərbi Azərbaycan ziyalılarının tale kitabının səhifələridir.

 

   (ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2014.- 27-29 sentyabr.- S.15.