"Bədii qiraətçilik peşəmin kommersiya tərəfidir"

 

Azad Şükürov: Seçim qarşısında qalsam, o zaman teatrı seçərəm

 

Dosye: Azad Şükürov Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvü olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdindəki Azərbaycan xalq teatrına yazılıb. 1977-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Ali Məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında (1981-1984), sonra Tədris Teatrında (1984-1990), 1990-1992-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrında, 1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, hazırda dosentdir. Eyni zamanda, bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir.

   Məşhur qiraət ustası 2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. 2002-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

       Aktyor və bədii qiraət ustası kimi tanıdığımız əməkdar artist Azad Şükürov 25 ilə yaxındır ki, həm də pedaqoji fəaliyyətlə məşğul olur. Aktyorla elə dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində görüşüb söhbət etdik.

       - Sizin nəslədək teatra gələnlərdə sənət yanğısı, qaynar fəaliyyət, səhnədə zirvəyə ucalmaq uğrunda pozitiv rəqabət vardı. İndiki dövrdə nələr dəyişdi ki, bütün bunlar sanki sovruldu...

   - Dəyişən sadəcə münasibətdir, sənətə olan münasibət. Bir qədər əvvələ qayıdacağam. Orta məktəbin 3 və ya 4-cü sinfində oxuduğum zaman Ağdam teatrında tamaşaya baxmağa getmişdik. Xatırladım ki, əvvəllər orta məktəb şagirdlərinin teatra, kinoya getməsinə geniş şərait yaradılırdı. Ağdam Teatrında Ə.Haqverdiyevin "Dağılan tifaq" əsəri üzərində hazırlanmış tamaşaya baxdım. 3-cü, 4-cü sinif şagirdi sənətdən anlamaz, ancaq tamaşadakı qırmızı məxmərlər, işıqlar, musiqi, səhnədə gördüyüm aktyorların geyimləri məni özünə cəlb etdi. Uşaq marağı güclü olar, teatra tez-tez getməyə başladım, hətta qastrola gələn teatrların tamaşalarına da gedib baxırdım. Bu gedişlə orta məktəbi bitirəndə qərar qəbul etdim ki, aktyor olacağam. Ancaq öncə təhsil almağa qərar verdim, o dövrdə elə aktyorlar var idi ki, təhsil almadan çalışırdılar - o qədər çox istedadlı idilər ki, qaynar iş sistemindən vaxt tapıb təhsil ala bilmirdilər.

   - Elə ustad sənətkarlar var ki, əksəriyyətinin təhsili olmayıb...

   - Doğrudur, ancaq hazırda təhsil almaq şərtdir, çünki peşəkar olmaq tamam başqa keyfiyyətlər tələb edir. İlk il aktyorluğa imtahan verdim və kəsildim. Hamı deyir, "məni kəsdilər", ancaq mən deyirəm ki, kəsildim. Çünki sonralar başa düşdüm ki, mən hazır deyildim. Bir il Bakıda qaldım, tikintidə işlədim, Xalq Teatrına getdim və il ərzində sənətə tam bələd oldum və növbəti il İncəsənət Universitetinə qəbul olundum, Rza Təhmasibin kursunda təhsil aldım. Demək istədiyim odur ki, mərhələ ilə, çətinlikləri görməklə, həyatı öyrənərək gəlib bu yerlərə çıxdıq. Bu o deməkdir ki, sənətin qədrini bilənlər elə bu sənətdə can qoyanlardır.

 

   - Rza Təhmasib ayrıca aktyor məktəbidir. Sizin nəsil həm də məhz belə ustadların tələbələri olmaqla sənət qapılarını taybatay açmaq imkanı əldə edib...

   - Çox böyük sənətkar, böyük şəxsiyyət, böyük insan idi, onun geniş və çoxşaxəli yaradıcılığını bir kəlmə ilə ifadə etmək çox çətindir. Sadəcə onu deyim ki, Rza Təhmasib yaratdığı obrazlardan fərqli olaraq yumşaq təbiətli insan idi. Halbuki bütün ömrü boyu mənfi obrazlar yaratmışdı, ancaq tanıyanlar bilir ki, çox həlim xasiyyətli idi, qəlbi məhəbbət dolu, şeir dolu biri idi. Çox təəssüf ki, 3-cü kursda təhsil alarkən Rza Təhmasibi itirdik və xoşbəxtlikdən yenə də sənət dolu bir insanın tələbəsi olduq - xalq artisti Əliabbas Qədirov bizə dərs dedi. O vaxt çox gənc idi, Rza Təhmasibin assistenti idi. Sonralar aktyor-rejissor Ədalət Ziyadxanov, səhnə danışığı müəllimi Könül Axundova, Rəfiqə Həsənova rəqs müəllimimiz oldu və hər biri də sənətin biliciləri idi. Onlardan sənətin sirlərini öyrənərək və tələbə vaxtı tamaşalarda iştirak edərək estafeti təhvil aldıq və artıq bizim nəsil aktyor yetişdiririk, bildiklərimizi öyrədirik. Mən artıq təhsil aldığım zaman anladım ki, bu sənətə ömrümü həsr edəcəyəm. Çünki artıq sənəti anlayırdım, zövqüm formalaşırdı, poeziya anlayışım var idi və bütün bunlar mənim sənətdə istənilən nəticəni əldə edəcəyimə imkan yaradırdı. Təhsili bitirdiyim zaman təyinatla Lənkəran Teatrına getdim və 3-4 il orda çalışdım.

   - Bir çox teatrların səhnəsində rol almısınız, Lənkəran Dövlət Teatrı, Tədris Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Bələdiyyə Teatrında çalışmaq Sizə nə verirdi: özünü sənətdə tapmaq, yoxsa sadəcə hər teatrda söz demək imkanı qazanmaq?

   - Zənnimcə, normal yaradıcı insan bütün ömrü boyunca özünü axtarır. Əgər ona elə gəlirsə ki, özünü artıq tapıb, əslində bu da axtarış deməkdir. Əvvəllər çərçivə var idi və o çərçivədən çıxmaq o qədər də asan deyildi, ümumiyyətləsə, mümkün deyildi, ancaq hazırda çərçivə yoxdur. Bu baxımdan mənim bir çox teatrlarda çalışmağım aktyor kimi yetişməyimdə, peşəkar olmağımda, tələbkarlığımda böyük rol oynadı və hətta çox ciddi sənətlə məhz Bələdiyyə Teatrında məşğul olmuşam. Hazırda Azərbaycan Televiziyasının Fondunda mənim iştirakımla olan dəyərli sənət nümunələri lentə alınıb saxlanılır və mən fəxri ada da məhz bəhs etdiyim teatrda çalşdığım zaman layiq görülmüşəm.

   - Deyəsən, daimi iş yeriniz elə İncəsənət Universitetidir?

   - Bu sənət ocağında artıq 25 ilə yaxındır çalışıram və həmişə o fikirdə olmuşam ki, sənətdən dərs deyən insan daima sənətlə məşğul olmalıdır.

   - Aktyor, bədii qiraət ustası, müəllim... hər üçü sənətə xidmət edən sahələrdir. Hansında özünüzü daha gözəl ifadə edə bilirsiniz?

   - Hər üçü ilə məşğul oluram və üçündə də, dediyiniz kimi, sənətlə məşğul oluram. Əgər seçim qarşısında qalsam, o zaman teatrı seçərdim. Çox şükür ki, indiyə kimi seçim qarşısında qalmamışam. İstər İncəsənət Universitetinin rəhbərliyi, istər çalışdığım teatrların rəhbərlikləri mənim üçün şərait yaradıblar ki, həm pedaqoji fəaliyyətimlə məşğul olum, həm də yaradıcılıqla. Bədii qiraət ustası kimi çalışmağım isə zaman-zaman teatrdan uzaq düşdüyüm məqamlarda yaradıcı boşluqları doldurmaq üçün istifadə etdiyim bir sahədir. Eyni zamanda, bədii qiraətçilik mənim peşəmin kommersiya tərəfidir, yəni maddi tərəfdən məni gücləndirən bir sahədir. Yeri gəlmişkən, bədii qiraət dedikdə, sadəcə şeir deməyi nəzərdə tutmuram, eyni zamanda, o, monoloqlarla çıxış etmək, hekayələr söyləməkdir. Sənəti ucuzlaşdırmamaq şərtilə bədii qiraətlə daim məşğul oluram. Əslində hər aktyor bədii qiraətlə məşğul ola bilməz. Çünki bədii qiraət yaradıcı güclə yanaşı böyük vaxt, zəhmət tələb edir.

   - Bir vaxtlar kinorejissor Tofiq Tağızadəni İncəsənət Universitetinə dəvət etmişdilər, lakin qəbul etməmişdi. O, daim bu fikirdə olub ki, yaxşı rejissor olmaq hələ o demək deyil ki, yaxşı da müəllim ola bilər və ya əksinə, yaxşı müəllimlik yaxşı kinorejissor olmaq anlamına gəlmir...

 

   - Tofiq Tağızadə böyük sənətkar idi və nə danışdığını da çox yaxşı bilirdi. Onun bu fikri çox doğrudur. Müəllimlik hər sənət adamının məşğul olacağı bir peşə deyil. Çox tanınmış aktyorlarımız olub ki, onların hər birinin sənətinə səcdə edirik, ancaq onlar universitetə müəllim kimi gəldikləri ilə getməkləri bir olub. Yəni, pedaqoji fəaliyyətlə məşğul olmaq, tələbə yetişdirmək çox çətindir. Çox şükür ki, mən müəllim kimi qəbul olundum, bu sahədə bacardım. Kifayət qədər tanınmış tələbəm var və onların hər biri ilə fəxr edirəm. Onların əksəriyyəti artıq fəxri adlara da layiq görülüb. Sayca çox olduğu üçün ad çəkmirəm, sadəcə deyim ki, teatrlarımızın hər birində tələbələrim çalışır və onların fəaliyyətini bir müəllim kimi böyük maraqla izləyirəm.

   - Deməli, yeni nəsil yetişir...

   - Yeni nəsil mütləq yetişəcək, hətta mütləq yetişməlidir. Çünki bu sənət çətin yollardan keçərək belə bir məqama gəlib çatıb. Hər dövr öz aktyorunu yetişdirir. Bir zamanlar bizim kursun uşaqlarından - 20-25 nəfərin içindən 4-6 aktyor yetişmişdi. Ümid edirəm ki, hazırda da hər kursdan 4-5 ümidvericisi olsa, bu sənət elə məhz onların sayəsində gələcək nəslə təhvil veriləcək.

   - Azad Şükürov müəllimlərindən nə öyrənib və tələbələrinə nə öyrədir?

   - Mən daim o fikirdə olmuşam ki, ən güclü müəllim belə tələbəsinə istedad vermir. İstedadı verən Yaradandır, müəlim sadəcə tələbəyə başa salır ki, ora getmə divardı, bu tərəfə getmə pəncərədir, irəli get, ora qapıdır. Müəllim bir vasitəçidir, tələbəyə yol göstərəndir. Tələbə var asan yolu seçir və asan yolda sənəti daha da asanlaşdırır ki, nəticədə də sənət inkişaf yolundan çıxır və sadəcə maddiyyata xidmət edir. Tələbə var ki, özünə çətin və düz yolu seçir, nə olur-olsun qazanır, sənətin inkişafında ən önəmli rolu oynayır. Rza Təhmasib həmişə deyərdi ki, yeni qəbul olunan tələbə hərəsi özlüyündə bir pöhrədir. Yaxşı müəllim odur ki, hansı pöhrəyə hansı kübrənin verildiyini və nə zaman suvarmasını bilməlidir. Rza Təhmasib mənə belə öyrətdi və mən də eynilə davam edirəm.

   - Kinoda sizə elə də meydan verilmir...

neçə film var ki, onlarda baş rollarda çəkilmişəm. Onlardan biri 2008-ci ildə çəkilən "Prokuror" filmidir və uzun müddətdir ki, heç bir yerdə göstərilmir. Daha sonra sonra "Cavid ömrü", "Yalan" və s. filmlər var ki, hər birində kiçik də olsa, maraqlı rollar oynamışam. Ancaq nə olur-olsun kino meydanı mənim üçün hələ tam açılmayıb.

   - Bildiyimə görə, Hüseyn Seyidzadənin "Qayınana" filmində əsas rollardan birinə dəvət olunsanız da, sonradan həmin rol başqa aktyora verilib...

   - Hüseyn Seyidzadə ilə Əliabbas Qədirov vasitəsilə tanış olmuşdum və məni sınaq çəkilişlərinə məhz dərsdən aparmışdılar. Hüseyn müəllim mənə demişdi ki, "Səni yaxşı bir rola çəkəcəyəm, çünki gözüm səni tutub". "Qayınana" filmində əsas rollardan birinin sınağına dəvət olundum. Ancaq görünür qismət deyilmiş, Hüseyn Seyidzadə filmi heç axıra çatdıra bilmədi, dünyasını dəyişdi və həmin rol da başqa bir aktyora qismət oldu. Yəni, kinoda belə uğursuzluqlar çox olur. Hətta bildiyiniz kimi, "Qatır Məmməd" filmini də Seyidzadə çəkirmiş, Əliabbas Qədirov da Qatır Məmməd rolunda oynayacaqdı, ancaq sonradan film onlardan alındı. Ümumiyyətlə, kino dünyasında bu kimi hadisələr çox olur.

   - Hər uğursuzluğu da bir sınaq saymaq olar...

   - Şəxsən mən də hər hansı bir çətin məqamla üzləşdiyim zaman düşünürəm ki, bu, Allahın mənə göndərdiyi növbəti sınaqdır. Bəlkə sınaqlar olmazsa, o zaman həyatı dərindən dərk edə biməz və ən önəmlisi öz sənətinin peşəkarı ola bilməzsən.

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 27-29 sentyabr.- S.21.