Qaçqın və məcburi köçkünlərin problemləri: Azərbaycan problemi öz gücünə həll edir

 

                          Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

1988-ci ildə ölkəmizə olan hərbi təcavüz nəticəsində Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Minlərlə soydaşımız daimi yaşayış yerlərindən məhrum olaraq köçkün düşdü və ölkə ərazisinin 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldılar.

   Eyni zamanda sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərdən çox soydaşımız təhlükəsizlik baxımından öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldı. Məhz bunun nəticəsində Azərbaycan iqtisadiyyatına mənəvi-psixoloji zərbə ilə bərabər təqribən 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəyib.

   Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün gücünü səfərbər edərək iqtisadi cəhətdən yenə də gücləndi. Doğrudur, ayrı-ayrılıqda heç kimin bütün problemlərini həll etmək mümkün deyil. Ancaq ən azından bunun üçün göstərilən səylər yetərlidir ki, gələcəyə ümidlə baxasan. Dövlətimizin, hökumətimizin qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərə mümkün maksimum köməkliklər edilməsi üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq, eyni zamanda yerli qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr yaradılaraq bir çox işlər görülür.

   Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub. Belə ki, onun dediyinə görə, son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edib. Ümimiyyətlə götürdükdə isə son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunub. Hansı ki, ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Ə.Həsənov qeyd edib ki, 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Onun sözlərinə görə, bu göstərici 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur.

   Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən işlər Ə.Həsənovun keçirdiyi görüşlərdə də əsas müzakirə mövzusu olur. Məsələn, "Qaçqınkom"un sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempellə görüşündə Ermənistanın hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti və onların sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açıb. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi və səbəbləri, Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində problemin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

   Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti hazırda bu təbəqədən olan vətəndaşlarının bütün problemlərinin həllini öz üzərinə götürübbu işin öhdəsindən lazımınca gəlir. Ancaq bunlara baxmayaraq, ölkədə beynəlxalq humanitaryerli qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini davam etdirməsinə də zərurət var.

   Komitə sədrinin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə isə Ə.Həsənov vurğulayıb ki, Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib qərar və qətnamələrdə dəfələrlə pislənilib: "Həmçinin işğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilib. Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalır. Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa "Böyük qayıdış" proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar. Prezident İlham Əliyev artıq ölkəmizin 2020-ci ilədək strateji istiqamətlərini müəyyənləşdirib. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, Azərbaycanda insan hüquqlarının qorunmasının beynəlxalq standartlara çatdırılması, korrupsiyaya qarşı mübarizənin maksimum gücləndirilməsi və digər məsələlər nəzərdə tutulur".

   Azərbaycanda əhalinin hər 10 nəfərdən birinin qaçqın və məcburi köçkün olduğuna diqqət çəkən Ə.Həsənovun bildirdiyinə görə, bu münaqişə təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir.

   Qeyd edək ki, ötən illər ərzində Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9 ədəd beşmərtəbəli yaşayış binası Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün salınmış yeni məhəllə istifadəyə verilib. Eyni zamanda Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 560 ailəlik 10 ədəd beşmərtəbəli yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilib. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçün ailəsi üçün yeni qəsəbə salınıb. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülüb. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin tikintisi başa çatdırılıb, Göygöl rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evi tikilib. Beləliklə, 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi (onlardan 3682 ailə 18410 nəfər Dövlət Proqramı və Əlavələrin icrasına uyğun olaraq, 871 ailə 4355 nəfər məcburi köçkün isə dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində dövlət mülkiyyətinə alınmış və yaşayış üçün zəruri şərtlərə cavab verən mənzillərə) köçürülüb.

   Xatırladaq ki, ötən illər ərzində 25 min 221 ailəyə 1 milyon 474 min kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilib.

   Milli Məclisin deputatı İmamverdi İsmayılovun fikrincə, qaçqın və məcburi köçkünlərin problemlərini Azərbaycan dövləti öz gücünə həll edir: "Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur".

   Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin, ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində görüşlərindən birini Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdiorada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu fikir tezliklə həyatda öz təsdiqini tapdı. Bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı sistematik, davamlı işlər görülür. Bildiyiniz kimi, bir neçə ildir ki, çadır şəhərcikləri ləğv ediliborada məskunlaşmış qaçqın və məcburi köçkünlərin yaşaması üçün yeni qəsəbələr salınıb. Qeyd edim ki, möhtərəm prezidentimizin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul edilib. Ümumiyyətlə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən xeyli sayda Fərman və Sərəncam imzalanıb. Bu sənədlərin icrası məcburi köçkünlərin sosial rifahının yüksəlməsində mühüm rol oynayır. Yəni dövlətimiz hər zaman bu məsələyə xüsusi diqqət yetirir".

   Doğrudan da görülən işlər göz qabağındadır, ancaq bununla belə görüləcək işlər də çoxdur.

 

Rəşid RƏŞAD

Ekspress.-2014.- 10 yanvar.- S.9.