Qaçqın və məcburi
köçkünlərin hüquqi vəziyyəti
Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təşkili və gücləndirilməsi üçün 1992-2013-cü illər ərzində böyük miqyaslı işlərin görüldüyü məlumdur. İndiyədək dövlət büdcəsindən, neft fondundan və xarici humanitar təşkilatlar tərəfindən ayrılan vəsaitlər hesabına qaçqın və məcburi köçkünlərin sosial həyatında köklü dəyişikliklər olub.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə nəzərdə tutuluan tədbirlərin görülməsi məqsədilə ilk növbədə qaçqın və məcburi köçkünlərlə bağlı normativ hüquqi sənədlər qaydasına salınıb. Yalnız bundan sonra qayğıya ehtiyacı olan insanların sosial problemlərinin həlli üçün daha səmərəli, hüquq çərçivəsində və kompleks tədbirlər həyata keçirmək mümkün olub.
Bəs, indiyədək Azərbaycan dövləti qaçqın və köçkünlərlə bağlı hansı normativ hüquqi sənədləri qəbul edib? Qeyd edək ki, bu sənədlər o qədər çoxdur ki, onlar haqqında ətraflı bəhs etmək qeyri-mümkündür. Yalnız bir faktı bildirək ki, 1992-2012-ci illər ərzində məcburi köçkünlərin hüquqlarını müdafiə üçün 23 qanun, 44 prezident fərman və sərəncamları və Nazirlər Kabinetinin 195 qərar və sərəncamı qəbul olunub.
Normativ huquqi sənədlər sırasında ilk addım təbii ki, 1992-ci il sentyabrın 29-da qəbul edilən "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanundur. Bu qanun Azərbaycan Respublikası ərazisində qaçqınların və məcburi köçkünlərin statusunu və onu həyata keçirməyin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edirdi. Qanun 7 il qüvvədə olub və 1999-cu ilin mayın 21-də daha yenilənmiş eyni adlı qanunla əvəz olunub. 1999-cu ildən sonra qanuna bir neçə dəfə əlavə və dəyişiklik edilib. 1992-ci ildə qəbul edilən birinci qanun cəmi 12 maddədən ibarət olduğu halda ikinci qanunda maddələrin sayı 21-ə çatdırılıb.
Öncə də bildirdik ki, adıçəkilən qanun qaçqın və məcburi köçkünlərin statusu müəyyən edir. 1999-cu ildə qəbul olunan qanunda bununla bağlı qeyd edilir ki, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) isə Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
Qanuda bildirilir ki, başqa ölkədəki daimi yaşayış yerini yuxarıda sadalanan əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər.
"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qnunda qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu alan şəxsə müəyyən edilən qaydada bəzi təminatlar verilir. Həmin təminatlara görə qaçqın və ya məcburi köçkünlər iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılan yerlərdə, lakin ən çoxu üç ay müddətində haqq ödəmədən yaşaya bilər. Haqq ödəmədən müvəqqəti yaşayış yerinə gedə və əmlakını aparmaq hüququ var.
Müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirən şəxslərin lazımi pulsuz dərman və tibb yardımı almaq haqqı var. Uşaqların məktəbəqədər tərbiyə ocaqlarında, yeniyetmələrin və gənclərin müvafiq təhsil müəssisələrində təhsil almaq, yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq, dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq,tək pensiyaçıların və əmək qabiliyyəti olmayan əlillərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi hüququna sahibdirlər.
Qanun həmçinin müəyyənləşdirilən müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq, dəyən maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq, pozulan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək, əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ verir.
İlk qanunun qəbulundan sonra Azərbaycan dövləti 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu haqqında konvensiyasına da qoşuldu.
Bundan sonra 1995-ci ildə Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasi haqqında Əsasnamə qəbul edildi. Komissiya xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan Respublikasına daxil olan humanitar yardımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması, bölüşdürülməsi və bu sahədə zəruri olan digər işlərin təşkil edilməsi məqsədi ilə yaradıldı.
Bununla bağlı prezidentin imzaladığı sərəncamda deyilir ki, komissiya adambaşına düşən müvafiq humanitar yardım normalarının müəyyən edilməsi və həmin normaların təsdiq edilməsi barəsində Azərbaycan Nazirlər Kabinetinə təkliflər verir, həmin normalara müvafiq humanitar yardımın bölüşdürülməsinə nəzarəti təşkil edir. Eyni zamanda Azərbaycana humanitar və texniki yardımın gətirilməsi və həmin yardımın respublikanın ayrı-ayrı bölgələrinə təyinatı üzrə çatdırılması üçün nəqledilmə məsələlərinə dair müvafiq dövlət orqanlarına təkliflər verir və bu məsələlərin həllində iştirak edir. Komissiya həmçinin yerlərdə humanitar yardımın bölüşdürülməsi və təyinatı üzrə çatdırılması ilə bilavasitə məşğul olacaq dövlət orqanlarını (təşkilatlarını) müəyyən edir, bu sahədə onların fəaliyyətinə nəzarət edir.
Həmin dövrdə belə bir komissiyanın yaradılmasına zərurət var idi. Çünki müstəqilliyin ilk illərində Azərbaycanın dövlət büdcəsinin maliyyə imkanları məhdud idi və dövlət qaçqın və məcburi köçkünlərin problemlərinin həllini təkbaşına həyata keçirə bilməzdi. Komissiyanın aktiv fəaliyyət göstərdiyi illərdə xarici ölkələrdən Azərbaycana xeyli humanitar yardım edilib.
Lakin humanitar yardımlar yetərli deyildi və dövlət öz daxili imkanlarından istifadə edərək problemlərin həlli istiqamətində gücünü səfərbər etməli oldu.
Bu baxımdan 1998-ci ildə qəbul edilən "Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramının xüsusi əhəmiyyəti var.
Proqram Qaçqınların və məcburi köçkünlərin möcvud olan vəziyyətinin nəzərə alaraq onların təhsil, səhiyyə, işə cəlbolunma, mənzil-məişət, müavinət və digər problemlərinin həllinin yaxşılaşdırmaq, sosial müdafiəsini ardıcıl olaraq təmin etmək və bu sahənin idarə olunmasının təkmilləşdirmək məqsədi ilə qəbul olundu. Məhz bu proqramda qaçqinlarin və məcburi köçkünlərin hüquqlarının tənzimlənməsi məsələsi daha ciddi qaldırıldı və yuxarıda barəsində bəhs edilən 1992-ci ildə qəbul edilən "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Qanunu qaçqınların statusuna aid 1951-ci il Konvensiyasının, 1967-ci il Protokolunun və digər beynəlxalq hüquqi normativ aktların tələblərinə uyğun şəkildə yenidən işlənib hazırlandı.
Proqramda bundan başqa digər bir sıra mühüm məsələlər də öz əksini tapdı. Burada qeyd edildi ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar fərman, sərəncam və digər normativ aktlar hazırlanaraq qəbul edilməlidir.
Proqramda xüsusilə vurğulandı ki, qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsi müvəqqəti dayandırılmalıdır. Məcburi köçkünlərin 1992-1994"cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılmalıdır. Bu sahəyə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi tapşırıldı.
Dövlət ali və orta ixtisas məktəblərinin ödənişli şöbələrində oxuyan "qaçqın" və "məcburi köçkün" statusu almış şəxslərin 1998-1999"cu dərs ilindən başlayaraq həmin statuslara xitam verilənədək ödəniş haqqını verməkdən azad olunması, belə tələbələrə xüsusi təqaüdün təsis edilməsi məsələsinə baxılması, özəl ali məktəblərdə və digər təhsil ocaqlarında bu qəbildən olan şəxslər üçün konkret güzəştlərin müəyyənləşdirilməsi tapşırıldı.
Qəbul edilən digər mühüm normativ hüquqi sənədlər sırasında 1999-cu ilin mayın 21-də təsdiqlənən "Məcburi köçkünlərə bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunu, Nazirlər Kabinetinin 6 dekabr 1999-cu ildə təsdiqlədiyi "Məcburi köçkünlərə birdəfəlik və mütəmadi pul yardımı, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası"nı, yenə həmin ildə Nazirlər Kabinetinin qərarı ilə qəbul edilən "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması Qaydası"nı, "Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası"nı göstərmək olar.
2004-cü ilin uyulun 1-də Azərbaycan prezidentinin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq etməsi haqqında sərəncamı isə bu qrup insanların yaşayış şəraitinin xeyli dərəcədə yaxşılaşmasına kömək etdi. Bütün çadır şəhərcikləri ləğv edildi və burada məskunlaşan insanlar yeni salınan qəsəbələrə köçürüldü. Eyni zamanda ayrı-ayrı təşkilatların müxtəlif təyinatlı obyektlərində yerləşən ailələr yeni tikilən binalardakı mənzillərlə təmin edildi.
Mənzil təminatının yaxşılaşdırılması tədbirləri hələ də davam etdirilməkdədir.
Beləliklə, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yaradılan normativ hüquqi baza onların yaşayış, iş və digər sosial tələblərinin yaxşılaşmasına xidmət etdi.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 11-13 yanvar.-
S.12.