EMİN: "Övladlarıma lazımi qədər vaxt ayıra bilmirəm"

 

                                                                                             "Onları layiqli insanlar əhatə edir, bu baxımdan övladlarım şanslıdır"

 

Bəstəkar-müğənni, biznesmen Emin Ağalarov "Nargis" dərgisinə müsahibə verib. Sənətçi dekabrın 21-də Bakıda verdiyi növbəti konsert proqramından sonra yeni ildə ilk dəfə ailə həyatı və yaradıcılığından bəhs edib.

   Emin ötən günlərdə ilk dəfə rus dilində təqdim etdiyi albomunun satış üzrə Rusiyada ikinci yeri tutduğunu bildirib. Onu Beyons qabaqlayıb.

   Həyatında hər şeyin yolunda getdiyini qeyd edən Emin sadəcə, övladlarına çox vaxt ayıra bilməməsindən şikayətlənib: "Həyatımda istər biznesdə, istər musiqidə hər şey yaxşıdır. Tək mənfi cəhət övladlarıma lazımi qədər vaxt ayıra bilməməyimdir. Mən Moskvada oluram, onlar isə ya Bakıda, ya da Londonda olurlar. Hərdən onları yanıma gətirirəm, ya da özüm gedirəm, amma bu, çox azdır. Övladlarımın tərbiyəsi mənim üçün çətin deyil. Əsas olan onları düzgün yönəltməkdir. Həm də onların gözlərinin qarşısında yaxşı nümunələr çoxdur. Onları layiqli insanlar əhatə edir, bu baxımdan övladlarım şanslıdır".

   Rusiyada fəaliyyət göstərən atası, adamı Araz Ağalarovla dost münasibətində olduğunu deyən müğənni münasibətlərindən və uşaqlıq dövründən bəhs edib: "Düşünürəm, ikimizin də üzünə şans gülüb, biz atamla çox ağıllı və fərqli münasibət qurmuşuq. Uşaq vaxtlarında atamı az görmüşəm. O, Moskvada yaşayırdı, mən isə anam və bacımla Amerikada yaşayırdıq. Birlikdə çox vaxt keçirə bilmədiyimizə baxmayaraq, hər zaman aramızda qarşılıqlı hörmət olub. Erkən yaşlarımdan bizneslə məşğul olmuşam. Sonra o məni biznesinin bir hissəsi ilə əlaqələndirdi. İndi biz yaxın dostuq, amma mənim vəzifəm ikimizdən hansının ata, hansımızın oğul olduğunu unutmamaqdır".

   Emin "nə vaxt Azərbaycan dilində mahnı oxyacaqsınız" sualına maraqlı cavab verib: "Əmin olsaydım ki, bunu yaxşı bacaracağam, məmnuniyyətlə sınaqdan keçirərdim. Hələ ki, özümdən əmin deyiləm. Özümdə əminlik hiss etdikdə mütləq oxuyacağam.

   Digər tərəfdən, mənim 34 yaşım var, bu üçün vaxt lazımdır. O isə məndə yoxdur. Mən pis aktyoram, heç vaxt kliplərdə və səhnədə oynaya bilmirəm. Bu bir tərəfdən yaxşıdır: heç nə düşünməməliyəm. Maskamı dəyişməli olmuram. Əgər əhvalım pisdirsə, demək, konsertdə minor notlar səsləndirəcəyəm".

   Müğənni gündəlik həyat tərzinin çox ritmik keçdiyini bildirib: "Gün ərzində mən çox işlər görürəm. Misal üçün, ötən gün tikintiyə baş çəkmişəm, sonra ifa məşqləri ilə məşğul olmuşam, daha sonra uşaqlarıma vaxt ayırmışam, oradan əynimi dəyişib konsertə yollanmışam. Vaxt tapıb gecə hətta dostlarımla görüşdüm".

 

Ekspress.-2013.- 11-13 yanvar.- S.20