Məcburi köçkünlərə verilən imtiyazlar

                            

                                    Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan dövlətinin atdığı ən vacib addımlardan biri güzəşt sisteminin tətbiqidir. Doğma yurd-yuvalarından didərgin düşən insanların maddi təminatının yaxşılaşdırılması, gündəlik xərclərinin azaldılması məqsədilə dövlət bir sıra güzəştlər tətbiq edib. 1993-cü ildən tətbiqinə başlanılan güzəştlərin böyük əksəriyyəti hələ də qüvvədədir.

   Xatırladaq ki, güzəştlər ilk dəfə 1992-ci ilin sentyabrın 29-da prezident tərəfindən təsdiq edilən "Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında" Qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilərək həyata keçirilb. Məhz bu qanunun tələblərinə əsasən 1993-cü ildə məcburi köçkünlər yemək xərci üçün verilən aylıq müavinətdən ("çörəkpulu") istifadə etməyə başladılar. Hazırda "çörəkpulu"nun adambaşına düşən məbləği 18,5 manatdır. Ötən müddətdə "çörəkpulu" 100 dəfədən çox artırılıb.

   Qanunun digər bir tələbinə əsasən məcburi köçkünlər kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisis.) və telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azad edildilər.

   Yalnız 2001-ci ilin sonunda "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" prezident fərmanına uyğun olaraq məcburi köçkünlərə güzəştin əvəzinə müavinət verilməsi qərarlaşdırıldı. Hər il dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsinə əvvəldən müəyyənləşdirilən normaya uyğun olaraq xidmət təşkilarına ödənilməsi üçün vəsait köçürülür.

   Mövcud limitə görə, məcburi köçkünlər adambaşına ay ərzində 150 kVt/saat elektrik enercisindən, qış aylarında 45 kub metr, yay aylarında 25 kub metr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququna sahibdirlər.

   Respublikanın təbii qazla təmin olunmayan şəhər və rayonlarının ərazilərində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə payız-qış mövsümündə (oktyabr - fevral ayları) hər bir ailəyə 30 litr miqdarında neft yanacaq da verilir.

   Məcburi köçkünlər həmçinin şəhərdaxili nəqliyyatdan istifadə zamanı gedişhaqqından azad edildilər. Yalnız 2001-ci ildə güzəştlərin müavinətlərlə əvəz edilməsi ilə əlaqədar olaraq bu imkandan məhrum oldular.

   Bununla bərabər su, kanalizasiya və rabitə xidmətlərində güzəştlər var.

   Qanunun tələbindən irəli gələrək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olunmaqla, respublikanın digər ərazilərində müvəqqəti məskunlaşan məcburi köçkünə aylıq ərzaq yardımı göstərildi. Bu cür yardımdan 146 min məcburi köçkünün istifadə etdiyi bildirilir.

   Məcburi köçkünlərə edilən güzəştlər arasında vergi və əməkhaqqı ödənişi ilə bağlı güzəştlər də mövcuddur. 1993-cü ildən qüvvədə olan təcrübəyə görə "qaçqın" və ya "məcburi köçkün" statusu almış şəxslər 1993-1995-ci illərdə müəssisələrdə, idarələrdə və təşkilatlarda qazanclar üzrə vergi ödəməkdən azad edilirdildilər. Vergi güzəştləri 2000-ci ilə qədər qüvvədə qaldı.

   1994-cü ildən Nazirlər Kabinetinin qərarı ilə yerini itirən məcburi köçkünonlara bərabər tutulanların əmək haqqı gəlirləri uzadıldı. Belə ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışan, özlərindən asılı olmayan səbəblərə görə yerlərindən məhrum olan və işlə təmin olunmayan məcburi köçkünlərə işləmədiyi halda orta aylıq əmək haqqı verilməyə başlanıldı. Bu təcrübə hələ tətbiq edilir.

   Məcburi köçkünlərə verilən imtiyazların davam etdirilməsində, hətta onun bir qədər də genişləndirilməsində 1999-cu ilin may ayında qəbul edilən "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun böyük əhəmiyyəti var. İlk dəfə olaraq bir qanunda məcburi köçkünlərə hansı güzəştlərin verilə biləcəyi konkret şəkildə təsbit edildi.

   Qanunda deyilir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir:

   - müvəqqəti yaşayış sahəsi ilə tə""min edilməsi;

   - məşğulluğun tə""min edilməsi;

   - sosial təminat;

   - tibbi təminat;

   - təhsil hüququnun təmin edilməsi;

   - nəqliyyat və mənzil-kommunal güzəştləri;

   - vergi güzəştləri.

   Məcburi köçkünlərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə Azərbaycan Əmək Məcəlləsinə uyğun olaraq müavinət stacından asılı olmayaraq əmək haqları tam həcmində ödənilir. Qanuna əsasən məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tibb müəssisələri tərəfindən göstərilir. Məcburi köçkünlərə dərman preparatları almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə müavinət verilir. Qanunun tələbindən irəli gələrək məcburi köçkünlrə bəzi xətələliklər, tibbi müayinələr, müalicə üçün dərman güzəştləri nəzərdə tutulur.

   Adıçəkilən qanun məcburi köçkünlərə vergi güzəştləri də verirdi. Bundan başqa qanun şəxsiyyət vəsiqəsinin verilməsinə görə, habelə 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulan dövlət rüsumu və vergiləri ödəməkdən azad edirdi. Lakin bu güzəştlər də sonradan dayandırıldı.

   Vergidən tamamilə azad edilmə dayandırılsa da hazırda müəyyən şərtlərlə vergi güzəştləri tətbiq edilir. Belə ki, 2013-cü ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə görə məcburi köçkün və qaçqınların muzdlu işlə əlaqədar gəlirləri üzrə vergidən azadolmalar müəyyən olundu. Məcburi köçkünlərin maddisosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1 yanvar 2013-cü il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergidən azad olunan məbləğlər artırıldı. Yeniliyə əsasən muzdlu işdən aylıq gəlirinin vergi tutulmayan məbləği 100 manatdan 200 manata artırıldı.

   Nazirlər Kabinetinin 2000-ci ildə verdiyi qərarla kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi qaydaları və şərtləri müəyyənləşdirildi. 2002-ci ilə qədər qüvvədə olan bu qaydalardan 1000 nəfərdən çox məcburi köçkün yararlana bilib.

   1998-ci ilə prezidentin sərəncamı ilə məcburi köçkünlərin məskunlaşması leqallaşdırıldı. Həmin sərəncama əsasən məcburi köçkünlər 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırıldı.

   Məcburi köçkünlərə verilən digər imtiyazlar sırasında onların mənzillə təmin edilməsi də var. Bu statusu daşıyan insanlar indiyədək 50 mindən çox mənzil alıb. 2014-cü ildə daha 20 min ailənin mənzillə təmin edilməsi nəzərdə tutulub. Məcburi köçkünlərin mənzillə təmin edilməsi prosesi 2004-cü ildə qəbul olunan "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"dan sonra xeyli dərəcədə yaxşılaşdırılıb.

   Məcburi köçkünlər ödənişsiz təhsil hüququna da sahibdirlər. 2003-cü ildə prezidentin sərəncamına əsasən dövlət aliorta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Məcburi köçkünlər bu imkandan bir dəfə istifadə etmək hüququna sahibdirdlər.

   2004-cü ildə Azərbaycan prezidenti tərəfindən imzalanan digər sərəncamda özəl müəssisələrin, aliorta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olundu ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.

   Məcburi köçkünlərin işlə təminatında da müəyyən güzəştlər var. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilir. Bu kvotadan məcburi köçkünlər də istifadə edə bilər. Bununla bağlı mövcud olan qaydalara əsasən məcburi köçkün sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs olduğundan o müəssisə və təşkilatlarda kvota imkan verdiyi sayda yerlərilə təmin edilməlidir.

   Nəhayət, məcburi köçkünlər sosial ipoteka almaq hüququna da malikdirlər. Qaydalara əsasən dövlət vəsaiti hesabına adi və güzəştli ipoteka kreditləri verilir. Güzəştli ipoteka kreditində illik faiz dərəcəsi 4, adi ipoteka kreditində 8 faizdir. Adı ipoteka kreditindən hər bir Azərbaycan vətəndaşı, o cümlədən aylıq gəliri yüz minlərlə manat həcmində olan şəxs də istifadə edə bilər. Lakin güzəştli ipoteka kreditindən yalnız müəyyən sosial qrupların istifadə etmək hüququ var. Məcburi köçkünlər güzəştli katiqoriyaya aid olan sosial qruplar olduğundan onlar da güzəştli kreditlərdən istifadə edirlər.

   Qeyd edək ki, son 20 ildə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlərlə müsbət nəticələr verib. Hazırda çoxlu sayda məcburi köçkün ailəsi var ki, onların sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşıb. Bununla əlaqədar olaraq son 20 ildə dövlət müəyyən güzəştləri ya dayandırıb, ya da limitləşdirib. Hazırda mövcud olan əsas təkliflərdən biri ondan ibarətdir ki, məcburi köçkünlərə verilən yardımlar ünvanlı olmalıdır. Maddi vəziyyəti xeyli yaxşılaşan məcburi köçkünlər yardımlardan məhrum edilməli, əvəzində daha çox köməyə ehtiyacı olan məcburi köçkünlərə daha böyük maddi yardım edilməlidir. Əgər yardımlarda ünvanlılıq təmin edilərsə maddi vəziyyəti ağır olan məcburi köçkünlərin sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmaq olar.

   Yeri gəlmişkən, 2011-ci ildən mövcud olan qaydalara əsasən valideynlərindən biri məcburi köçkün olmayan, dövlət qulluğunda çalışan, hərbi sistemdə qulluq edən məcburi köçkünlərə "çörəkpulu"nun verilməsi dayandırılıb. Həmçinin, işğal olunmuş bölgələrdən Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün olaraq "çörəkpulu" ala bilməzlər.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 17 yanvar.- S.9.