Hər bir uşağın ailəyə ehtiyacı var...

 

                                             Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

"Ana, bu bacı kimdi? Təzə bacıdı, o da bizimlə yaşayacaq?... Məni görərkən İlqarənin verdiyi ilk sualı bu oldu. Bacı və qardaşları ilə təəccüblü, eyni zamanda sevinc dolu baxışlarla evdəki tanımadıqları qonağı süzən İlqarə kiçik bir "kənd"də yaşayır. Bu "kənd"də İlqarə kimi çox uşaqlar var. Doğma ailə mühitində yaşayan bu uşaqlar əslində, bir-birlərinə yad insanlardır. Lakin bu "kənd"də doğmalaşıb, bir ailə olmağı bacarıblar. Bu "kənd" "SOS Uşaq Kəndi"dir...

   Əvvəlcə bildirək ki, "SOS Uşaq Kəndi", "SOS Kinderdorf İnternational" təşkilatının ölkəmizdəki nümayəndəliyidir. "SOS Kinderdorf İnternational" bütün dünyada valideyn himayəsindən, valideyn qayğısından məhrum olan uşaqları irqindən, milliyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri ilə təmin edən və onları müstəqil həyata hazırlayan bir təşkilatdır. Hazırda "SOS Kinderdorf İnternatioanl" təşkilatının nümayəndəlikləri dünyanın 132 ölkəsində 1680-dən çox SOS Layihəsi (Uşaq Kəndləri və digər əlaqəli layihələr: Baxçalar, Gənclik Evləri, Məktəblər, Tibb Mərkəzləri, Sosial Mərkəzlər və s.) üzrə fəaliyyət göstərir.

   Əsas məqsəd uşaqları ailə mühitində saxlamaqdır...

   Azərbaycanda bu təşkilatın nümayəndəliyi 1999-cu ildə yaradılıb, 2000-ci ildən fəaliyyət göstərir. Hazırda təşkilatın ölkəmiz üzrə Bakı və Gəncə filialları var. Bakı filialı Xətai rayonunda yerləşdiyindən rəsmi adı "SOS Uşaq Kəndləri" - Azərbaycan Assosiasiyasının Xətai filialı kimi tanınır. Filialın direktoru Rəqib Dadaşovun sözlərinə görə, "SOS Uşaq Kəndləri"nin əsas məqsədi uşaqları ailə mühitində saxlayıb, tərbiyə etməkdir. "Kənd"də 14 ailə evinin hər birində 1 tərbiyəçi ana və 4-7 uşaq var. Burada eyni zamanda "xalalar" da var ki, onların vəzifəsi isə "analara" kömək etmək, "ana" olmadığı vaxtlarda uşaqlara baxmaqdır. Çünki anaların həftədə 1 dəfə istirahət hüququ var və ana olmayan vaxtlarda xalalar anaları əvəzləyir: "Biz tərbiyəçi anaları seçəndə onların ailəli olmamalarına üstünlük veririk. Çünki belə olduqda, ana özünə övlad, uşaq isə özünə ana tapır. Anaları seçmək üçün ilk olaraq elan veririk. Seçim zamanı isə ananın savadından və digər keyfiyyətlərindən da çox onun analıq hissinə, psixoloji durumuna üstünlük veririk. Müraciət edən qadınları birbaşa "ana" heç vaxt təyin etmirik. Onları öncə treninqlərə göndəririk, praktiki olaraq "kənd"də yaşayırlar, bir neçə ay uşaqlara köməkçi kimi xidmət edirlər. Ondan sonra isə özünü doğruldan "anaları" işə götürürük. Anaların yaşı isə 25 yaşdan 45 yaşa qədər müəyyənləşib".

   Müsahibim deyir ki, "kənd"də ümumi yeməkxana, camaşırxana olmadığından, uşaqların yeməklərinin bişirilməsi, paltarlarının yuyulması, evin təmizlənməsi "anaların" vəzifələri sayılır. Bundan əlavə, hər uşaq üçün aylıq büdcə ayrılır ki, bu vəsaitdən istifadə edərək ana uşaqlara günlük cib xərcliyi verməli, məktəb xərclərini ödəməli, paltar almalı və digər xərcləri ödəməlidir. Uşaqların aylıq büdcəsi isə yaşa görə dəyişir. Belə ki, məbləğ bir uşaq üçün 180 manatdan 210 manata qədər yüksəlir. Həmin məbləğ ananın adına açılmış hesaba köçürülür və hər ayın sonunda "ana" mühasibatlığa həmin vəsaitin hara xərclənməsi barədə hesabat verir. Hesabat verərkən isə kassa çeki və digər sənədlər tələb olunur ki, bu da vəsaitin şəffaf xərclənməsi üçün nəzərdə tutulub.

   R.Dadaşovun sözlərinə görə, burada uşaqların tərbiyəsi 3 mərhələdə həyata keçirilir. İlk mərhələ üzrə 15-16 yaşınadək uşaqlar "kənd"dəki ailədə qalırlar. Sonra isə 4 il müddətində "Gənclər evi"ndə yaşayırlar. Bura yataqxana tipli evlərdir və burada gənclərə məsləhətçilər nəzarət edirlər. "Gənclər evi" Nizami (qızlar üçün) və Sabunçu (oğlanlar üçün) rayonunda yerləşir.

   Bundan əlavə, "Gənclər evi"ndən çıxdıqdan sonra yaşayış yeri olmayan, işləməyən, maddi vəziyyəti zəif olan evsiz gənclərin kirayə pulu, yemək və ya təhsil xərcləri ödənilir ki, bu da onların yarımmüstəqil həyatları adlanır. Həmin məbləğ onların adına açılan hesaba köçürülür.

   Uşaqların seçiminə gəlincə, R.Dadaşov deyir ki, "kənd"ə valideynlərini itirmiş, valideyn qayğısından məhrum olan, valideynləri bilinməyən, hər iki valideyni valideynlik hüququndan məhrum olan uşaqlar, valideynləri xəstə olan uşaqlar, valideynləri həbs olunmuş uşaqlar Rayon İcra Hakimiyyətinin rəsmi məktubu əsasında qəbul edilir: "Biz burada uşaqların psixi vəziyyətinə və yoluxucu xəstəliklərin olub-olmamasına fikir veririk. Həmin uşaqları özümüzün poliklinikamızda müayinədən keçiririk. Həkim-psixoloqumuz onlarla söhbət edir. Daim həkim nəzarəti tələb olunan uşaqları isə "kənd"ə qəbul etmirik. Belə uşaqlar üçün xüsusi uşaq evləri var. Onlar orada həm müalicə olunur, həm də tərbiyə olunurlar".

   "Kənd"ə 3 yaşdan 10 yaşınadək, bəzi hallarda isə 2 yaşından da uşaqlar qəbul edilir. Lakin 10 yaşdan yuxarı uşaqlar isə çətin uyğunlaşdığından "kənd"ə qəbul edilmirlər.

   Müsahibimizin dediyinə görə, hazırda "Gənclər evi" də daxil olmaqla 103 uşaq və gənc var.

   R.Dadaşov sponsorlarının köməyini minnətdarlıqla qeyd edir. Bildirir ki, sponsorlar daha çox ərzaqla kömək edirlər. "Kənd"in öz büdcəsi bu tələbatı ödəyə bildiyi üçün arzu olunur ki, təşkilatlar öz köməklərini uşaqların təhsilinə və işinə yönəltsinlər: "Əsas problemimiz uşaqların tam müstəqil həyata qədəm qoyması ilə bağlıdır. Çox istərdik ki, onlar "kənd"i və "Gənclər evi"ni tərk edəndən sonra iş və yaşayış yeri ilə təmin olunsunlar. Bizə kömək edən bir təşkilat 5 yetirməmizi işə götürüb. Biz onlara görə artıq narahat deyilik. Amma buranı tərk edəndən sonra narahat ola biləcəyimiz yetirmələrimiz də çoxdur".

   "Uşaqlara o qədər  öyrəşmişik ki..."

   "Kənd"in pedaqoqu, təhsil layihəsi üzrə koordinatoru Almaz Məmmədova isə bizi ailələri gəzdirərək bələdçilik edir. Onun sözlərinə görə, hər həftə bir neçə ailəyə baş çəkib uşaqların təhsilləri ilə maraqlanır, qiymətlərinə fikir verir. Bələdçimizlə öncə Müşqinaz Tapdıqovanın ailə evinə üz tutduq. Müşginaz ana 15 ilə yaxın ailəli olduğunu, lakin övladı olmadığından həyat yoldaşından ayrıldığını deyir. "Eşidəndə ki, "kənd"ə tərbiyəçi ana tələb olunur, fikirləşdim ki, uşaqlarla işləmək mənim analıq arzumun qismən reallaşmasına kömək ola bilər. Bura götürülmədən öncə kurs keçdim, sonra tərbiyəçi ana kimi işə götürüldüm. Uşağım olmamasına rəğmən uşaqlarla işləmək mənim üçün çətin olmadı. Burada 2000-ci ildən işləyirəm. O zaman mənim 40 yaşım var idi. İndi isə 53 yaşım var..."

   Müsahibimiz deyir ki, ona həvalə edilən ilk uşaq qrupu 8 nəfərdən ibarət idi. Hazırkı qrupda isə 4 uşaq var. Müşginaz ana ana olmaq hissindən məhrum olsa da, bu "kənd"də o bu hissi yaşadığını dedi: "İlk dəfə mənə uşaq verəndə uşaqlardan biri - 4 yaşlı Elçin ayaqlarımdan yapışdı və mənə "ana" dedi... Gözlərim doldu və mən ilk dəfə idi ki, analıq hissini həmin anda yaşadım..."

   Müşginaz ananın uşaqlarının ən balacası 7, ən böyüyü isə 11 yaşındadır. Biz orada olanda Müşginaz ananın 4 uşağından yalnız biri - Aqşin orada idi. Digər uşaqlar isə məktəbdə olduğundan onları görə bilmədik. Aqşin isə məktəbdə ikinci növbədə oxuyur. Biz gələndən heç səsi eşidilməyən, başı dərslərinə qarışan Aqşinlə bir balaca söhbətləşdik. 9 yaşlı Aqşin 4-cü sinifdə oxuyur. 2011-ci ildən "kənd"də olan Aqşini bura anası gətirib: "Atam rəhmətə gedib. Anam işləyirdi, evdə tək qalırdım. Sonra bura gətirdi. Buradakı ailəmi çox istəyirəm".

   Bələdçimizlə növbəti ailəyə - 46 yaşlı Diləfruz Yüzbaşıyevanın ailəsinə gedirik. Diləfruz ananın himayəsində 6 uşaq var. Onlardan ən kiçiyinin 3 yaş yarım, ən böyüyünün isə 10 yaşı var. Diləfruz ana bir ildir ki, "kənd"də işləyir. Onun sözlərinə görə, nə qalmağa yerə, nə də pula ehtiyacı var. Sadəcə, uşaqları çox sevdiyindən və onun himayəsində olan 6 uşağa bağlandığından "kənd"dən ayrı yer barədə düşünmür. "Onlara o qədər öyrəşmişəm ki, bir gün olmasam, onlar üçün darıxıram. Yayda uşaqların hamısını özümlə birgə Balakən rayonuna aparmışdım. Uşaqlar o qədər sevinmişdilər. Atam da uşaqlara çox bağlanıb. "Kənd"ə gələndən sonra hər dəfə zəng edib uşaqlarla maraqlanır. Ailəcə hamımız bu uşaqları öz doğmalarımız hesab edirik".

   Diləfruz ananın oğlu Arifin 9 yaşı var. İmkansızlıq səbəbindən bu "kənd"də olduğunu deyir: "Anam işə gedirdi, bizə baxa bilmirdi. Sentyabrın 3-dən buradayam. Anam üçün hərdən darıxıram. Əgər yaxşı işi olsa, onunla getmək istəyərəm".

   Yuxarıda adıçəkilən İlqarənin isə 10 yaşı var. Bura gələndə 6 yaşında idi. Anası və atası həbsxanada olduğundan nənəsi onu və daha sonra həbsxanada doğulan digər bacısı balaca Leylanı da bura gətirir. İndi Leylanın 3 yaşı var. Söhbət əsnasında onu da öyrəndik ki, uşaqların anası həbsxanadan çıxıb, lakin ona uşaqların geri verilməsi indiki halda mümkün deyil.

   9 yaşlı Pənah da qardaşı ilə birgə Diləfruz ananın ailəsində qalır. Digər uşaqlardan cəldliyi və hazırcavablığı ilə seçilirdi. Qardaşı Kənanın isə 7 yaşı var. Ataları rəhmətə gedən qardaşların anaları yoluxucu xəstəlikdən əziyyət çəkdiyinə görə uşaqlar burada böyüyürlər. Analarının yoluxucu xəstə olmasına görə uşaqlara anaları ilə yaxın təmasına icazə verilmir. Pənah bura təzə gələndə 7 yaşında idi. Həmin vaxtlar anası üçün darıxdığını deyən Pənah indi onun üçün darıxmadığını və hazırkı ailəsindən məmnun qaldığını bildirir.

   Ümumiyyətlə, onu qeyd edim ki, getdiyimiz ailələrdə həqiqi ailə mühiti hiss olunurdu. Uşaqlar tərbiyəçi analara "ana" deyərək müraciət edirlər. Hər ev isə öz səliqəsi, təmizliyi ilə seçilirdi. Hər ev qonaq otağından, 3-4 uşaq otağından və ananın ayrıca otağından, vanna otağı və mətbəxtdən ibarət idi. Bu evlərdə uşaqların dincəlməsi, dərsləri ilə məşğul olması üçün hər cür şərait vardı.

   Bioloji analar bizə  problemlər yaradırlar...

   Orada olduğumuz vaxt ərzində "kənd"in psixoloqu Əsli Zeynalabdinovanın da vaxtından bir neçə dəqiqə ala bildik. Psixoloq burada uşaqlar və analarla fərdi konsultasiyaların, inkişafetdirici tədbirlərin, oyun terapiyalarının və digər yarışların keçirdiyini deyir. Uşaqlarla tez-tez söhbətlər etdiyini deyən psixoloq bildirir ki, uşaqların daha çox problemi məktəbdə baş verən incikliklərlə bağlı olur: "Misal üçün, hansısa uşaq dərsə getmək istəmir. Onunla söhbət edərkən biz əsas problemi aşkar edib məktəbə getmək istəməməsinin səbəbini öyrənirik. Məlum olur ki, ya müəllim uşağın üstünə acıqlanıb, ya da yoldaşları ilə bağlı incikliklər yaşanıb. Biz o problemin aradan qaldırılmasında uşaqlarla söhbət edərək yoluna qoyuruq".

   "Kənd"dəki ailələrlə bağlı problemlərə gəlincə, psixoloq əvvəllər belə problemlərin olduğunu deyir. "Ananın aldığı paltar uşağın xoşuna gəlmirdi və belə problemlər yaşanırdı. İndi isə belə problemlər olmur. Daha çox bioloji valideynlər problemlər yaradırlar. Belə ki, uşağı bura gətirəndən sonra tez-tez gəlib uşağı görmək istəyirlər. İcazə isə ayda bir dəfədir. Bu da nəticədə uşağın ailəyə uyğunlaşmasında problemlər yaradır".

   "Kənd"lə bağlı işimi yekunlaşdırıb getməyə hazırlaşırdım. "Kənd"in həyətində məktəbə gedən Diləfruz ananın uşaqları ilə rastlaşdım. Məni görən kimi uşaqlar bir-bir boynuma sarılaraq, görüşüb sağollaşdılar. Çox qəribə hiss idi. 1 saat öncə yad olan bu uşaqlar necə də doğmalaşmışdılar. Anladım ki, bu kəndin əsas özəlliyi burada yad insan anlayışının olmamasında idi...

 

 

   AYTƏN

 Ekspress.-2014.- 18-21 yanvar.- S.11.