Ən yaxın tarix

                                                                                   İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

       Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova SSRİ Ali Sovetinin sədri A.İ.Lukyanova göndərdiyi məktubunda yazırdı:

   "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindən SSRİ xalq deputatları Z.Balayan, B.Dadamyan, V.Qriqoryan, H.Poqosyan və V.Qabrielyan Dağlıq Qarabağda münaqişənin tezliklə aradan qaldırılmasına maraqlı olmadıqlarını açıqca göstərirlər. Onlar yüzminlərlə adamın əzab-əziyyətlərinə siyasi oyunda boş bir şey kimi baxırlar. Aydın hiss olunur ki, iki respublika arasında münasibətlərdə gərginliyi saxlamaq, muxtar vilayətdə vəziyyəti mürəkkəbləşdirmək, DQMV problemi deyilən problemi yeni diskussiyaların və müzakirələrin mövzusuna çevirmək məqsədi güdən qərəzli siyasət yeridilir. Öz toxunulmazlığından istifadə edən bu deputatlar vilayətin əhalisini vətəndaş itaətsizliyi və zorakılıq tədbirlərinə əl atmağa çağırır, Azərbaycan xalqı, respublikanın və ölkənin rəhbərliyi barəsində təhqirli sözlər işlədir, böhtan və uydurmalar yayır, Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə qanunsuz kampaniyası və fəaliyyəti dayandırılmış vilayət xalq deputatları Sovetinin sessiyalarının çağırışlarını təşkil edir, fövqəladə vəziyyət şəraitində hüquqa zidd başqa hərəkətlərə yol verirlər.

   Kütləvi informasiya vasitələrində, əhali qarşısında çıxışlarda məsuliyyətsiz və fitnəkar bəyanatlar, qeyri-qanuni tədbirlər tamam aydın şəkildə sübut edir ki, SSRİ xalq deputatları Z.Balayan, B.Dadamyan, V.Qriqoryan, H.Poqosyan və V.Qabrielyan inadla və ardıcıllıqla millətlərarası ədavəti qızışdırmaq, Azərbaycan SSR ərazisinin bütövlüyünü zorla pozmaq mövqeyində dayanırlar.

   Həmin deputatları geri çağırmaq haqqında respublikanın vətəndaşlarından SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə çoxlu ərizə göndərildiyini nəzərə alaraq təklif edirəm ki, göstərilən deputatların antikonstitusiya fəaliyyətinə qiymət verilməsi üçün SSRİ Ali Sovetinin komissiyasını yaratmaq məsələsini nəzərdən keçirəsiniz, çünki bu adamların vətəndaşların milli hüquq bərabərliyinə qəsd etmək, millətlərarası ədavəti qızışdırmaq və Azərbaycan SSR ərazisinin bütövlüyünü zorla pozmağa çağırmaq kimi hərəkətləri Azərbaycan SSR Cinayət Məcəlləsinin 63 və 67-ci maddələrinə görə onların məsuliyyətə cəlb olunmasını tələb edir.

   Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova".

   1990-cı ildə keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov "partizanka" adlandırdığı Elmira Qafarovanın rəsmi məktubunda deyilənlərə cavab tapdı - erməni deputatların Azərbaycan SSR Cinayət Məcəlləsinə əsasən cəzalandıracağının qarşısını kəsdi. Həmin ilin dekabr ayında SSRİ xalq deputatlarının IV qurultayındakı çıxışında İttifaq müqaviləsinin layihəsindən bəhs edərkən belə bir müddəa irəli sürdü ki, "müqavilə iştirakçısı olan respublikalar İttifaqa bilavasitə, yaxud digər respublikaların tərkibində daxil olurlar". Başqa sözlə, DQMV Ermənistanın SSR-in tərkibində də İttifaqa daxil olmuş hesab edilə bilər. Azərbaycanın Dağlıq Qarabağ ermənilərini məsuliyyətə cəlb etmək səlahiyyəti bu yol ilə aradan qaldırılırdı.

   Qurultayda Elmira Qafarovanın cəsarətli çıxışı bütün deputatları heyrətə saldı - sanki Kremlin nəhəng sarayında "partizan bombası" partladı və qəlpələrin ən irisi Qorbaçovun alnına dəydi.

   Azərbaycan parlamentinin sədrinin Moskvanın ən yüksək xitabət kürsüsündən dedikləri Qorbaçov və onun daşnak həmkarlarına aşkar ittiham idi:

   "Deputat yoldaşlar!

   Ölkənin prezidenti Mixail Sergeyeviç Qorbaçovun dünənki çıxışı barəsində öz fikrimi bildirmək istəyirəm. Respublikamız üçün ağrılı problem olan DQMV probleminə dair tövsiyələr məsələsində prezidentlə razı deyiləm.

   Biz gözləyirdik ki, regionda yaranmış vəziyyətə siyasi qiymət veriləcəkdir. Hamıya yaxşı məlumdur ki, biz üç ildən bəri vilayətdə qayda-qanunu, kiminsə təqsiri üzündən Azərbaycan SSR Konstitusiyasının qüvvəsini bərpa edə bilmirik. Ermənistan buna inadla müqavimət göstərərək daxili işlərimizə kobudcasına qarışır. Ermənistanın Ali Soveti vilayətdə siyasi və iqtisadi vəziyyət barədə müntəzəm olaraq sənədlər qəbul edir. İş o yerə çatmışdır ki, adi hüquqi normaların və sağlam düşüncənin ziddinə olaraq Azərbaycanın ərazisində Ermənistanın Ali Sovetinə gizli şəkildə qondarma seçkilər keçirilmişdir.

   Biz ümid edirik ki, Mixail Sergeyeviç bu barədə obyektiv fikir söyləyəcək və prezident hakimiyyətindən istifadə edərək qonşularımızı məsuliyyətə dəvət edəcək, siyasi fırıldaqçıların sadə adamların müqəddəratı ilə oynamasına həmişəlik son qoyacaqdır. Lakin bizə neçənci dəfədir belə bir perspektivsiz ideya təklif olunur ki, DQMV problemi SSRİ Ali Sovetinin sessiyasında müzakirə edilsin.

   Azərbaycan xalqı adından bir daha bildirirəm ki, DQMV problemi Azərbaycanın problemidir və onu yalnız Azərbaycan xalqı həll edəcəkdir.

   Bu gün biz hüquq-mühafizə orqanlarından tam ciddiyyətlə soruşmalıyıq: Ermənistanda quldur dəstələrini tərksilah etmək haqqında prezidentin fərmanı niyə yerinə yetirilməmişdir? Ermənistandan olan deputatlar İttifaq müqaviləsini müzakirə etmək istəmədiklərinə görə qurultayımızda iştirak etmirlər. DQMV probleminin guya həll olunmadığını bəhanə gətirirlər - bu da respublikamızın daxili işlərinə qarışmağın daha bir nümunəsi.

   1990-cı ilin yanvar ayında qoşunların Bakıya misli görünməmiş bir şəkildə yeridilməsi ilə əlaqədar faciəli hadisələr - dinc əhali arasında çoxlu qurbanlara səbəb olmuş həmin hadisələr bütün bu fitnəkarlıqların bilavasitə nəticəsidir.

   Respublikamız yeni İttifaq müqaviləsinin bağlanmasında bu şərtlə iştirak edəcəkdir ki, gələcək İttifaqda Azərbaycanın təklükəsizliyinə və ərazi bütövlüyünə təminat verilsin. İttifaqın başqa bir üzvü tərəfindən respublikamızın suveren hüquqlarının pozulmasına yol verilməsin. Azərbaycanın əhalisinə qarşı silahlı təcavüz, cinayətlər dərhal dayandırılmalı və gələcəkdə istisna edilməlidir".

   1990-cı il iyulun 19-da prezident Ayaz Mütəllibovun fərmanı ilə Azərbaycan Prezident Şurası yaradılmışdı. Şura yeddi nəfərdən ibarət idi: M.T.Abbasov, Q.A.Ağayev, M.N.Əsədov, H.Ə.Həsənov, V.Ə.Hüseynov, M.F.Məlikova, N.V.Nikitin.

   Elmira Qafarova Prezident Şurasının üzvlərinin hamısını yaxından tanıyırdı. Prezident Şurası iclaslarında Elmira Qafarova parlament rəhbəri kimi iştirak edir, müzakirə olunan məsələlərə dair mülahizələrini bildirir, təkliflərini verirdi. Onun bütün fəaliyyətinin başlıca mahiyyəti bundan ibarət idi ki, parlament də, hökumət də, prezident şurası da bir yumruq kimi birləşərək, ermənilərin və onların Moskva havadarlarının məkrli planlarını tarmar etsinlər. Lakin xanım sədrdən fərqli olaraq "kişilər" öz aralarında düşmənçilik toxumu səpməyə başladılar, hakimiyyət hərisliyi Vətən eşqini üstələdi. Pusquda duranlara da elə bu lazım idi...

   Azərbaycanda hakimiyyət çəkişməsinin qaynar qazanının altına 1990-92-ci illərdə od qalanırdı. Həmin dövrdə Dövlət Plan Komitəsinin sədri, baş nazirin müavini və bir müddət baş nazir olmuş Rəhim Hüseynov "hakimiyyətin yuxarı eşelonunda çəkişmələri" belə xatırlayır (bax: Bəhram İbrahimov və Zərbalı Mirzə. "İşıqlı insan". Bakı, "Nurlan" nəşriyyatı, 2002-ci il):

   "Dövlət Plan Komitəsi sədri həmişə baş nazirin müavini olub. Mən respublikanın bütün iqtisadiyyatını "Qosplan"ın ətrafında birləşdirdim. Dövlət Plan Komitəsi olmuşdu respublikanın iqtisadiyyat mərkəzi. Baş nazir vəzifəsinə getməmişdən 4-5 ay qabaq razılaşdırılmış qərarla Dövlət Plan Komitəsinin sədri baş nazirin birinci müavini statusu almışdı.

   Baş nazirin birinci müavini idim. A.Mütəllibov 1992-ci ilin əvvəllərində respublika prezidenti seçildi və az keçməmiş Xocalı faciəsi baş verdi. Mart ayında hay-küy salıb, Xocalı faciəsini Mütəllibovun boynuna qoymağa çalışdılar. Bu hadisələri yoxlayıb araşdırmaq üçün xüsusi komissiya da yaratdılar. Deyim ki, Xocalı faciəsi ərəfəsində o vaxtı AXC ilə əlbir hərəkət edən Həsən Həsənovun böyük rolu olmuşdu. Çünki o vaxt Mütəllibovla Həsənov yola getmirdi. Bu da Azərbaycan üçün həmin illərin bir bədbəxtçiliyi idi. Baş nazirlə prezidentin yola getməməyi çox böyük - arzuolunmaz fəsadlara gətirib çıxara bilərdi...

   ... Bir dəfə Ali Sovetin iclasında oturmuşduq, Həsən Həsənovun təklifi oxunur. Mən də baş nazirin müavini kimi ordayam (biz deputat olmasaq da, həmişə iclaslara dəvət alırdıq). Struktur dəyişikliyini nəzərdə tutan təklifdə deyilirdi ki, Plan Komitəsinin sədri bundan sonra daha baş nazirin müavini olmasın. Həsənov bu təklifi ona görə vermişdi ki, Plan Komitəsinin sədri kimi heç bir qanunsuz işə qol qoymurdum. Və çox məqamlarda bunların əl-qolunu bağlayırdım. Hə, Həsənov bu təklifi gündəliyə salmışdı, ancaq özü iclasda iştirak etmirdi. Guya ki, bundan xəbəri yoxdur. Mütəllibov da yox idi. Nə isə, 30-32 nəfər deputat çıxış elədi, hamısı mənim mövqeyimi müdafiə etdilər və fikirlərini əsaslandırdılar. Onda hələ mənə baş nazirin birinci müavini postu yaradıldı və Səməd Sadıqov iqtisadiyyat məsələləri üzrə birinci müavin gedirdi. Bunu da ona görə yaratmışdılar ki, Dövlət Plan Komitəsinin səlahiyyətləri azaldılsın. Bütün bunlar da mənə sataşmaq məqsədilə edilirdi".

   Həsən Həsənov həmin gün axşam Bakıya qayıdır, Ali Sovetin iclasından xəbəri yox, gəlir Nazirlər Kabinetinə, bütün müavinləri çağırır yanına, təkcə Hüseynovdan başqa, yəni artıq o, müavin deyil. Firuz Mustafayev, Zülfi Hacıyev, Artur Rəsizadə, Matvey Radayev - hamısı yığışırlar. Həsənov soruşur ki, nə var, nə yox?...

   Artur Rəsizadə qayıdıb-deyir:

   - Həsən Əzizoviç, bilirsən bu gün Ali Sovetdə nə hay-küy oldu?

   - Nə hay-küy?

   - Təklif olunanda ki, Dövlət Plan Komitəsinin sədri baş nazirin müavini olmasın, bir hay-küy qopdu ki, prezident hanı, baş nazir hanı... Nə isə, təklif keçmədi...

 

  əvvəli və ardı var

 

Teyyub QURBAN

Ekspress.-2013.- 18-21 yanvar.- S.15.