Oxudum, düşündüm...

                                                                                                                                    Yeni kitab

 

"Xoşbəxtlik ehtimalı"nın bədii dəyərini ayrı-ayrı misralarda, şeirlərdə axtarın; ehtimalın reallığa yaxınlaşacağı ümidi ilə. Ehtimal varsa, ümid var. Əli Şirin Şükürlünün şerlər kitabını o ümidin işığında oxuyun...

   "Hərənin öz doğma ağrısı" olsa da dərdi əzizləməyənlər o dərdi (özü ilə doğulan dərdi!) özü ilə axirətə aparır ("Çay qırağında"). Balıqları qarmaqdan ayıran bədii "mən" (şair - Əli Şirin) balığın son kəlməsinin ağrı-acısını duyduğundan balığın ağrı-acısı əllərini göynədir. Poetik deyim düşündürücüdür. Şeirin sosial çaları da varonu sezmək, hiss eləmək duyum məsələsidir.

   Təbiətə müraciət təbiidir. Ancaq təbii olanı təbii duyumla hiss eləmək, onu şeirə gətirmək hər şairə qismət olmur, yəni hər şair poetik təfəkkürü bu yükü çəkə bilmir. Bu anlamda təbiətdən yazılan hər şerin poetik yükü olmur.

   "Getməyə yol tapammayıb özündən keçən" ("özümü qura bilmədim", "yanında can verən vaxtın kədərini" ("Hər gün") ağrılarına məlhəm eləyən Əli Şirin Şükürlü buna nail ola bilib:

       yağışı sevdim

   yaşadığım yerlərdə

   küləyin gətirdiyi çirkin yağışı

    qadın saçları tək

   üzümdə-gözümdə

    gəzdiyi zaman...

       Şeirdə bənzətmələr yenidir, özünəməxsusdur, həm də inandırıcıdır. Bu isə, ən əvvəl, səmimiyyətin təzahürüdür. Yəni, Əli Şirin Şükürlü səmimi şairdir. Səmimi şair olaraq payızı çərçivəyə salınmış canlı bir rəsm kimi təqdim edir (duyduğunu yazır). Oxucu buna inanır. İnandığı üçün də düşüncələri tarıma çəkilir: bu boy-biçimdə payız görməmişdim - düşünür...

   Ürəyin sinədə canlı bir insan kimi çırpındığını ilkin olaraq şair Əli Şirin Şükürlüdən eşidirik:

      Bu gecə ürəyim sinəmdə

   canlı bir insan kimi

   çırpınır ümidsiz-ümidsiz,

   çırpınır.

   bir ömür tabutda uyuyub

   oyanan kimi.

       Və yaşanılmış bu anların məhrəmliyinə heyrətlənirik; bu elə ovqatdır ki, onu hamı yaşayıb, yaşayır. Təəccüblənirsən: məni tanımaya-tanımaya mənim yaşadığım hissləri necə duyub Əli Şirin" - şairdi axı.

   "Göz yaşı gözündə üzən (!-H.İ.) gözələ xatırlatmadımı, gileydimi, hər nədirsə, poetik yükə mətərislənən şeir düşündürücüdür; dənizdə ləpələrin üzdüyünü görmüşük, göz yaşının gözdə üzdüyünü nədən duymamışıq"

   Gözün dolması idiomatik ifadədir, ilkin anlamı doluxsunmaqdı, ağlamaq, göz yaşı tökmək ərəfəsidi. Əli Şirin Şükürlü bu ifadəni şeirə uğurla gətirib:

       Bir gün desələr ki,

      gözlərin dolub,

   sıxsam gözlərimi

   sevgi töküləcək

   yaş əvəzinə

       Şeirin sonluğu (gözdən yaş əvəzinə sevgi tökülməsi) şeirin poetik ülgüsü, poetik barometridir, şübhəsiz. Məhz bu, şeiri oxuyanın doğmasına çevirir; şeir oxumaqla beləcə doğmalaşır. Doğmalaşdırdığı üçün oxucu şairin bədii "mən" i kimi tənhalaşır, düşüncələrinin əsiri olur (bu, çox şirin əsirlikdi!):

     Dayanıb

   otağın pəncərəsindən

   seyr edərkən səssizliyi

   xoşbəxtlik barədə düşündüm

   sevindim.

   uzaqda dənizdə sevişən

   göy üzünə

   acıdım

   tapdadığım qarışqa taleyinə...

       Göy üzünün soyuqluğunu hiss eləyən ("Yanımda"), şəkillərin üstündə xəyanət sözünü oxuyan ("Yenə də darıxıram"), yıxılan qocaya əl uzatmayanları qınayan ("ilk dəfə"), bayırda yağan yağışla güldanda solan çiçəkləri müqayisəyə çəkən şair

       yolların tükənməsini istəməzdim

       gecənin qaranlığında,

   bir də bağlı qapılar arxasında

   tək qalmağı ("Uzanan yollar")

       - deyir və "adamı adam kimi yaşamağa qoymayanlardan" ("Gecə yarı") gileylənir. Kimə" Tanrıyamı" Bəndəyəmi" - oxucusuna gileylənir. Əli Şirin Şükürlünün dərddaşı, sirdaşı oxuculardı. Mən də onların sırasındayam"

   Ümumiyyətlə, şair Əli Şirin Şükürlünün poetik təfəkkürdən misra-misra süzülən şeirlərinin şəhd-şəkərini dadmaq oxucusuna könül xoşluğu verir. Xoş o oxucunun halına ki, şeirlərin bədii yükünü görür, duyur, yaşayır. Həm də xoş o oxucunun halına ki, şair Əli Şirin Şükürlünün şeirlərinin vasitəçiliyi ilə onun özü ilə kəlmələşir (el arasında buna dərdləşmə də deyirlər).

   Mən o oxuculardan biriyəm.

 

  

Həmzəli İlyas

Ekspress.-2013.- 18-21 yanvar.- S.21.