Sərvər Əliyev: Səhnə də savaş meydanıdır...

 

"Mən istənilən vaxt yenidən döyüşməyə hazıram, yetər ki, torpaqlarımızı düşmən tapdağından azad edək". Bir vaxtlar döyüş yolu keçən, əvvəllər Dövlət Gənclər Teatrında, indisə Gənc Tamaşaçılar Teatrında bir aktyorrejissor kim tamaşaçıların ürəyini fəth edən Sərvər Əliyev belə deyir.

   Dünən 48 yaşı tamam olan aktyorun ad günü ərəfəsində onunla görüşüb söhbətləşdik.

   Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanda doğulub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dramkino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissorpedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb. 1993-cü ildə Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında aktyorluq fəaliyyətinə başlayıb və teatrın fəaliyyətinin son gününə qədər bu sənət ocağından ayrılmayıb. Burada bir sıra maraqlı və yaddaqalan obrazlar ifa edib. C. Məmmədquluzadənin "Qurbanəli bəy" əsərində Pristav, "Ölülər" əsərində Şeyx Əhməd, V.Şekspirin "Yay gecəsində yuxu" əsərində Oberon, "Hamlet" faciəsində Klavdi, "Makbet" faciəsində Makduf, "Tədbirə qarşı tədbir" komediyasında Lizandr, Əli Əmirlinin "Onun iki qabırğası" komediyasında Cavanşir, "Varlı qadın" komediyasında Pəhlivan, "Kişi və qadın" əsərində Cəmil bəy, Bəxtiyar Vahabzadənin "Atamın kitabı" əsərində İxtiyar, Kamal Abdullanın "Şah İsmayıl" əsərində Şah İsmayıl, Q.Qorinin "IV Kin" əsərində Solomon, "Herostratı unudun" əsərində Tissofern, Mikloş Xubainin "Neron oynayır" əsərində Palladabaşqa obrazlar ifa edib.

   Sərvər Əliyev aktyorluqla yanaşı rejissor kimi də fəaliyyət göstərir. Meydan teatrında Ş.Qurbanovun "Sənsiz", İrəvan Dram Teatrında Akif Həsənoğlunun "Tənha payız yarpağı", DGT-da Mitroviçin "Gecə soyğunçuları", Stefan Sveyqin "Yad qadının məktubları", Elçin Hüseynbəylinin "İmperator", Üzeyir bəy Hacıbəylinin "Ər və arvad", Əziz Nesinin "Bir az gəlirmisiniz" əsərlərinə quruluş verib. Aktyor hazırda Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirir. Burada H.Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Sədra, S.S.Axundovun "Qaraca qız" tamaşasında Piri baba, Hamsonun "Viktoriya" əsərində Mülkədar obrazlarını ifa edir. Ayrıca bir sıra tamaşalarda da ikinci rejissor kimi fəaliyyət göstərir.

   Sərvər Əliyev kinorejissorların da diqqətini çəkib. 2001-ci ildə "Salur Qazanın evi talandığı boy", 2003-də "Bir anın həqiqəti", 2007-ci ildə "Cavid ömrü", 2008-də "Böhtan", 2009-cu ildə "Cavad xan", 2012-də "Həyat varsa", "Məhkumlar", "Vəsiyyət", "Muradına çatan Günəş", "Tək olanda qorxma" filmlərinə çəkilib.

   - Səhnə fəaliyyətinizin əsas hissəsi mərhum Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Gənclər Teatrı ilə bağlıdır. Hüseynağa müəllim tələbkar, aktyoru sənətin dərin qatlarına aparan rejissor idi...

   - Hüseynağa Atakişiyevlə şəxsən tanış olmasam da, tələbəlik illərində haqqında çox eşitmişdim. O vaxtlar Hüseynağa müəllim Şəki teatrında çalışırdı və onun fəaliyyəti haqqında bütün müəllimlərim danışırdı. Çünki ustadımız Şəki teatrında çox görmüşdü. Müəllimim Nəsir Sadıqzadə mənə məsləhət gördü ki, mən Şəki teatrında fəaliyyətə başlayım. Ancaq tale elə gətirdi ki, o illər gərgin bir dövrə təsadüf etdi, hamı kimi mən də meydan hərəkatına qoşuldum, sonra cəbhə xəttinə yollandım. Erməni təcavüzkarlarının ölkəmizə olan xəyanətinə biganə qala bilməzdim. Müharibə başladığı zaman döyüşlərə qatıldım. Bir müddət sənət aləmindən uzaq qalmağa məcbur oldum. Əslində, bu məcburiyyət dünyamızdan gələn bir duyğuydu. Yəni vətən, torpaq bizimdirsə, o zaman hər birimiz onun uğrunda mübarizə aparmalıydıq.

   - O dövrdə vətənpərvərlik hissləri daha güclü idi, yoxsa yenicə qazanılan müstəqilliyin doğurduğu ab-havanın təsiri ilə belə bir görüntü vardı?

   - Təbii ki, müstəqilliyin də təsiri çox güclü idi. Ancaqolur-olsun, bu bir danılmaz faktdır ki, 90-cı illərdə vətənpərvərlik hissləri olduqca güclü idi, hətta heç müqayisəyə belə gəlməz. Bunun səbəbini belə izah edərdim: birdən-birə beyinlər açıldı, həqiqət üzə çıxdı, yalanlar üzərində qurulan bir həyatın sonu olduğunu anladıq.

   - Əslində buna doğru uzun bir yol qət olunmuşdu...

   - Təbii ki, yoxsa 70 illik sovetlər birliyini asanlıqla parçalamaq olmazdı. Vətənpərvərlik duyğusunun ən önəmli cəhəti odur ki, hamı qürur hissi ilə ayağa qalxaraq mübarizə meydanında savaşırdı. Arzu edirəm ki, vətənpərvər hisslər bir an olsun xalqımı, millətimi tərk etməsin. Vətən uğrunda mübarizə aparır, savaşırsansa və bu duyğudan qürur hissi keçirirsənsə, məhz o zaman Vətən olur. Doğrudur, bir neçə il öncəyə qədər bu duyğular sanki arxa plana keçmişdi, məsələn, müxtəlif yollarla övladlarını əsgərlikdən saxlatdıran insanlar vardı. Çox şükür ki, buna da tez bir zamanda son verildi... Mən istənilən vaxt yenidən döyüşməyə hazıram, yetər ki, torpaqlarımızı düşmən tapdağından azad edək.

   - Savaşdaş qayıdaq səhnəyə. Əslində, səhnə bir savaş meydanıdır....

   - Əlbəttə ki, bu savaş meydanında əsl sənət nümayiş etdirmək özü sənətə dərindən sahib olmaq, sənəti qazanmaq deməkdir. Hüseynağa müəllimlə çalışmaq sənəti dərindən öyrənmək demək idi. Onun üslubunda olan maraqlı məqamlardan biri tamaşaya qoyduğu əsərin qəhrəmanlarını oynayan aktyorları əsərin yazıldığı dövrü öyrənməyi tələb etməsi idi. Belə bir tələbkarlıq qarşısında sənəti dərindən öyrənməmək mümkün olan deyildi.

   - Dövlət Gənclər Teatrı maddi baxımdan çox çətinliklərlə üz-üzə qalırdı, şəraiti olmayan məkana yerləşdirilmişdi, bununla belə, onun səhnəsində yaddaqan sənət əsərləri tamaşaya qoyulurdu ki, bunda da Hüseynağa müəllimin zəhməti danılmazdır...

   - Həddindən artıq çəttinliklərimiz olurdu, ancaq çətinliyin öhdəsindən gələ bilirdik, çünki bizi sadəcə sənət maraqlandırırdı.

   - Bilirəm ki, Siz müxtəlif səpkili obrazlar yaratmısınız. Ancaq hər aktyorun daha çox bağlandığı bir obrazı olur. Oynadığınız rollardan daha çox sizi düşündürən hansı olub?

   - Bütün rollarımı peşəkarlıqla yaratmışam, ancaq yaradıcılığımda dərin iz salan rolum "Hamlet" tamaşasındakı Klavdiya obrazı olub. Möhtəşəm bir tamaşa idi, kəndirlərin üzərində rolu oynayırdıq, hətta səhnə quruluşu baxımdan çox güclü bir tamaşa idi. Yaradıcılığımda rəngarəng rollar çox olub. Ümumiyyətlə götürdükdəsə, Hüseynağa müəllimin quruluşları, seçdiyi əsərlər möhtəşəm olduğu qədər güclü olurdu. 80-ə yaxın rol oynadım, hətta əksər tamaşalarda ikinci rejissor olaraq çalışdım.

   - Aktyor o zaman rejissorluq etmək fikrinə düşür ki, çalışdığı rejissor onu tam olaraq qane etmir. Ancaq siz Hüseynağa Atakişiyev məktəbini keçmiş bir aktyorsunuz. Onunsa quruluşlarında hər hansı bir əyər-əskik tapmaq mümkün deyildi. Sizi rejissorluqda cəlb edirdi?

   - Səbəb çox sadə idi. Tələbəlik illərindən rejissorların yanında olurdum, rejissor işlərini yaxından izləyirdim. Bütün bunlar məni rejissorluğa həvəsləndirirdi. Hətta elə olurdu ki, bəzi səhnələrin məşqlərini mən hazırlayırdım. Rejissor baxdığı zaman bəyənirdi beləliklə rejissorluğa gedən yol tamamilə mənim üçün açılırdı. Həmin ərəfədə İrəvan Teatrında bir tamaşa hazırlamalı oldum. Həmin tamaşanı Hüseynağa müəllimə göstərdim, o, çox bəyəndi sanki həmin tamaşa ilə mənə rejissorluq fəaliyyəti üçün xeyir-dua verdi. Sonralar Dövlət Gənclər Teatrında mənə şərait yaratdı ki, tamaşalar hazırlayım.

   - Bildiyimə görə, Hüseynağa Atakişiyevin hazırladığı son tamaşanı siz tamamlamısınız...

   - Hüseynağa müəllim "Qara qutu" tamaşasını hazırlayırdı. Onu xüsusilə qeyd edim ki, Hüseynağa Atakişiyevin yaradıcılığında elə bir məqam yox idi ki, hazırladığı pyesi bitirmədən tamaşanın musiqisini hazırlasın. Tamaşanın birinci hissəsini qurdu, musiqisini hazırladı. Mən bunun səbəbini soruşduğum zaman zarafatyana "hələ finalı tapmamışam" dedi. Günlərin bir günündə elə səhnədə özünü pis etdi, xəstəxanaya götürdük... Ölüm aman vermədi bir neçə gün sonra dünyasını dəyişdi. Belə bir məqamda kollektiv məcbur etdi ki, tamaşanın davamını mən hazırlayım. Ancaq mən etiraz edirdim, çünki əsəri tam olaraq başa düşmürdüm Hüseynağa müəllimin tamaşaya olan yanaşma tərzi fərqli idi. Nəhayət, kollektivə tabe oldum onlarla məşq prosesində Hüseynağa müəllimin nələri görmək istədiyini, nəyi, necə etməsiylə maraqlandım. Daha sonra isə Hüseynağa müəllimin şəklinə baxaraq sanki onunla danışıb ondan yardım istədim. İnanın səmimiyyətimə, ustadım sanki mənə güc verdi, az bir məqamda tamaşanı hazırladıq Hüseynağa müəllimin xatirəsinə həsr edərək tamaşaçılara təqdim etdik...

   - Bu fikirlə razısınızmı ki, Hüseynağa müəllimdən sonra Dövlət Gənclər Teatrının kollektivi parçalandı...

   - Mən parçalandı deməzdim, sadəcə bir qədər özümüzü itirdik, çünki təkcə bizə deyil, ümumilikdə Azərbaycan incəsənətinə ağır itki üz vermişdi. Az bir zamanda Rəhman Əlizadəni Dövlət Gənclər Teatrına rejissor təyin etdilər. Doğrudur, sonralar o da dünyasını dəyişdi, ancaq Rəhman Əlizadənin fəaliyyəti dövründə bir çox tamaşalar hazırlandı ki, onların da əksəriyyətinin quruluşçu rejissoru mən oldum.

   - Bütün gücünüzü səfərbər edib Dövlət Gənclər Teatrını yaşatmağa çalışsanız da, teatr bağlanmaq təhlükəsindən qaça bilmədi...

   - Bilirsinizmi, bəlkə etiraz edərək teatrın fəaaliyyətinin dayandırılmasına mane ola bilərdik. Ancaq illər sonra öz-özümə etiraf edirəm ki, yaxşı ki, mane olmadıq. Çünki o ağır şəraitdə işləmək mümkün olmazdı. Sonuncu yerləşdiyimiz yer "Dostluq" kinoteatrı idi. Orda üzləşdiyimiz çətinlikləri sözlə ifadə etmək mümkün deyil. Sonradan bizi Gənc Tamaşaçılar Teatrına birləşdirdilər. Hazırda bütün kollektivimizlə bu teatrda fəaliyyət göstəririk. Bizim üçün bütün şərait yaradılıb. Aktyor üçün başqa lazımdır ki? Şərait var, diqqət, qayğı var, indi meydan sənindir, aktyorluq sənətinin zirvə olduğunu səhnədə sübut elə...

 

Xədicə QİYAS

Ekspress.-2014.- 23 yanvar.- S.15.