"Yaxşı ki, elə aktrisa olmuşam"
Səidə Quliyeva: "Mən ailəmi heç
nəyə qurban vermərəm"
"Mən inciyən aktrisa deyiləm, həmişə çalışıram ki, özümdən inciyim"
Müsahibim 36 ildir sənətdədir. Bu
illər ərzində tamaşaçılarını
saysız rollarla sevindirib.
Hər bir rolunu yaşaya-yaşaya yaradır. Xoşuna
gəlməyən rol olanda
da onu təbii yaratmağa çalışır. Deyir ki, "rol aktyorun
övladıdır, aktyor onu
istədiyi kimi yaratmalıdır". Həyatda
isə heç nədən şikayətlənmir.
"Tutaq ki, mən dedim kasıbçılıqdır, filan problemim var. Kim mənə kömək edəcək? Bütün problemləri də nəzərə alanda, fikirləşirəm ki, bəs mən bu problemləri həll etmək üçün nə edirəm? Əlbəttə, mənim etdiklərim problemləri həll etmək üçün azlıq edir. Mən övlad böyüdürəm, mən sənət sahibiyəm, mənim ailəm var. Və bunlar bəsimdir". Belə deyir Milli Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyeva.
- Səidə xanım, hazırda nə ilə məşğulsunuz?
- Hələ ki, teatrda təzə rolum yoxdur.
- Elə olurmu ki, sizə həvalə edilən roldan narazı qalıb imtina edəsiniz?
- Olur, əlbəttə, olur. Artıq 36 ildir ki, mən sənətdəyəm. Mən inciyən aktrisa deyiləm, həmişə çalışıram ki, özümdən inciyim. Nədənsə, mənim 35 illiyim qeyd olunmadı. Mən çox istərdim ki, qeyd olunsun. Çünki 35 il bir igidin ömrüdür. Qoy heç olmasa, sizin qəzetdə bu barədə yazılsın. Bu 35 ildə ürəyimcə olmayan rollar olub, amma oynamışam. Çünki hərdən elə hadisələr olur ki, sevmədiyin bir rolu sənə verirlər, onu elə əzizləyirsən ki, elə yadda saxlayırsan ki, bir də görürsən, artıq o rolu sevirsən. Amma görəndə ki, tamam ürəyimcə deyil, onda imtina edirəm.
- Sevmədiyiniz, məcburən oynadığınız rola özünüz əlavələr edirsiniz?
- Yox, mən elə aktrisa
deyiləm. Mənim üçün pis rol yoxdur. Sadəcə böyük-balaca olduğuna
diqqət yetirirəm.
Amma sevmədiyim, yəni rejissor keyfiyyətlərini
bəyənmədiyim rejissorların
tamaşasında oynayanda
özümü narahat
hiss edirəm. Və
bu narahatçılığı
həmin rejissor özü də hiss edir. Bununla belə, çalışıram
ki, rolu rejissorun istədiyi kimi ifa edim.
Bilirsiniz,
mən nəyi dəyişə bilərəm.
Ola bilər ki, obrazın psixolgiyasına təsir edim, ola bilər
ki, geyimini, danışığını dəyişdirim. Amma rola əlavə
sözlər artıra
bilmərəm. Bəzən aktyorlar
elə əlavələr
edirlər ki, çaşıb qalırsan.
- Nədənsə,
son illərin tamaşalarının
böyük əksəriyyətində
süni aktyor oyunu hiss olunur. Bu nəylə bağlıdır,
aktorlar oyunlarını
itiriblər, yoxsa başqa səbəb var?
- Mən 9 il aktyor
sinfinə dərs demişəm. Aktyorun haqqı yoxdur
ki, rolu süni oynasın. Əgər aktyor obraz yaradırsa,
onun daxilinə varmalıdır. Süni oynamağı
mən qəbul etmirəm, bu barədə heç eşitmək də istəmirəm. Deməli,
həmin adam
aktyor deiyl, onun yeri teatr
deyil. Elə aktyorun ömrü
çox qısa olur. Bizim sənət canlı
sənətdir. Mənə bir
jurnalist kimi, bir tamaşaçı kimi cavab verin,
tamaşçı rolu
süni yaradan aktyoru sevir, bəyənir, yoxsa, rolu təbii yaradan aktyoru?
- Əlbəttə,
təbii yaradan aktyoru. Səidə xanım, nə
qazanmısınız bu
36 ildə?
- Mən həmişə deyirəm ki, bu sənət mənə heç nə verməyib və mən də nə isə qazanmaq üçün gəlməmişəm bu sənətə. Sizə bir söz də deyim, bizim sənəti şişirdib nə isə qeyri-adi bir məfhuma çevirmək düzgün deyil. Mən aktyorluğu bir peşə kimi qiymətləndirirəm. Bu sənət mənə məşhurluq gətirib. Sənətimi sevmişəm, rollarımı sevdirmişəm, özüm sevilmişəm. Qazandıqlarım bu olub. İtirdiklərim isə... Yenə deyirəm, mən bu sənətə qazanc dalınca gəlməmişəm. Mənim gözəl müəllimlərim olub. Rza Təhmasib, Ədil İsgəndərov kimi sənətkarlardan dərs almışam.
- Yeri gəlmişkən, Ədil İsgəndərov sizi üç il bəyənməyib...
- Mən bunu hər yerdə demişəm. Bəli, Ədil İsgəndərov məni 4 -cü kursa qədər bəyənməyib. Çünki çox utancaq qız idim. 4-cü kursda oxuyanda durub fikirləşdim ki, bu gedişlə hara gedirəm və utancaqlığı qoydum bir kənara. Onda Ədil müəllim dedi ki, "Hə qadam, səndən gözəl aktrisa olacaq..." Təbii ki, mən onlardan nə isə götürmüşəm. Amma yəqin ki, Allah da mənə nə isə verib. Mən sevinirəm ki, məni tamaşaçılarım sevir, məni təbii aktrisa kimi qəbul edirlər. Mən başqa cür ola bilmərəm. Əgər tamaşaçı məni sevirsə, başa düşürsə, məni təbii aktyor kimi qəbul edirsə, bu da mənim qazancımdır. Bundan böyük nə qazanc ola bilər?
- Qeyd etdiniz ki, filmlərə də çəkilirsiniz. Teatrla kinonun ən başlıca fərqi nədədir?
- Yəqin ki, siz çətinlikləri nəzərdə tutursunuz. Bilirsiniz, ikisi də çətindir. Amma filmdə rolu başdan oynaya bilmirsən, rolun içinə girə bilmirsən. Çünki kino elədir ki, bir kadr əvvəldən çəkilir, bir kadr axırdan, sonda montaj edilib birləşdirilir. Amma teatrda elə deyil. Teatrda yaratdığın obrazın əvvəli və axırı var. Necə ki, insan dünyaya gəlir və dünyadan gedir. Obraz da elədir.
Sənətin çətinlikləri də var, sevincli anları da. Mən xoşbəxt aktrisayam, televiziyanın Qızıl Fondunda saysız tamaşalarım var. Düzdür, kişilər arasında Qızıl Fondda tamaşaları olanlar çoxdur. Aktrisalarda bu, nadir hallarda olur.
İstər kino, istər teatr -hər ikisi incəsənətin növləridir. Nə qədər çətin olsa da, əsəri sevirsənsə, rolu oynamaq asan olacaq.
- Seçim qarşısında qalsaydınız, sizin üçün hansı əziz olardı- ailə, ya sənət?
- Mən bu sualı sevmirəm. Əlbəttə, ailəmi
seçərdim. Mən ailəmi
heç nəyə qurban vermərəm. Mən ailəmi,
yoldaşımı, oğlumu,
evimi, eşiyimi nəyə qurban verə bilərəm?!
Əlbəttə, heç
nəyə! Mən oğlumu heç
kəsə tapşıra
bilmərəm. İnanın, elə gün olub ki, 15 dəqiqə
yatmışam. Çünki mənim üçün oğlumdan, yoldaşımdan
əziz heç nə yoxdur. Həyatda tam
xoşbəxt olan insan yoxdur.
- Səidə xanım, xalq artisti olmağınız evdə hiss olunur?
- Xeyr, çünki mən elə bir ailənin
gəliniyəm ki, orada sənətə böyük qiymət verilir. Mənim yoldaşım Tofiq
Quliyevin qardaşı
oğludur. Rəhmətik qayınanam Elmira Quliyeva Bakı Musiqi Akademiyasının aparıcı
vokal müəllimi olub. Bu gün
Opera və Balet Teatrının aparıcı
solistlərinin 90 faizi
onun tələbələridir.
Vaxtilə qayınatam ona
oxumağa icazə vermədiyi üçün
yalnız müəllimliklə
məşğul olub.
Əməkdar İncəsənət Xadimi idi.
- Bəs onda nə üçün
Eldar Quliyev sizi filmlərinə çəkməyib?
- Mənim
Eldar müəllimlə
bir qohum kimi münasibətlərimiz
çox əladır.
Amma bilmirəm nə üçün o məni
çəkməyib. Əslində bizim aramızda sırf qohum münasibətləri üstün
olub, düşünürəm
ki, yaradıcılıqda
qohumbazlıq olmamalıdır.
Bu gün mənim
oğlum, baxmayaraq ki, atası da, mən də
onun bu seçiminə
qarşıyıq, amma
operator olmaq istəyir.
Hərdə söz düşəndə
məndən soruşur
ki, mən film çəksəm, çəkilərsənmi?
Deyirəm ki, "çəkilmərəm",
görürəm ki, xətrinə dəyir bu zarafat. Amma əslində ən böyük arzumdur, oğlum elə bir rejissor olsun
ki, böyük həvəslə onun filmində çəkilim.
Əgər mən sizinlə
oturub rahat söhbət edə bilirəmsə, deməli,
xoşbəxtəm. Bir də
mən bunu heç kəsə deməmişəm, kənar
adamlardan haqqımda qəribə sözlər
eşitmədiymə görə
özümü xoşbəxt
hiss edirəm. Çünki mən bu vaxta
kimi vulqar rollar oynamamışam, tamaşaçıda özümə
qarşı ikrah hissi yaratmamışam.
Buna görə də heç kəs mənə başqa cür baxa bilməz.
- Səidə xanım, yəqin diqqət etmisiniz ki, tamaşaların əksəriyyətində əsas
qəhrəmanlar kişi obrazlarıdır.
Hətta,
qadın müəlliflərin
əsərlərində də
baş qəhrəman
kişilərdir. Sizcə, bu
nəylə bağlıdır?
Bir aktrisa kimi bu
sizdə qısqanclıq
yaratmır ki?
- Bilirsinizmi, qadın psixologiyasını
hər kəs dərindən öyrənə
bilmir. Amma Elçinin əsərlərində
çox vaxt baş qəhrəman qadınlar olur. Elçin müəllim qadın psixologiyasını yaxşı
bilir. Bir də Əli
Əmirli.
- Elə anlarınız olurmu ki, fikirləşəsiniz,
"kaş aktrisa olmayaydım"...
- Olur elə anlar. Hərdən
fikirləşirəm ki,
kaş həkim və ya başqa
sənət sahibi olaydım. Amma həmin hisslər
ötəri olur.
Hərdən elə olur ki, küsürsən insanlardan. Belə anlarda sevinirəm,
düşünürəm, yaxşı ki, elə aktrisa olmuşam. Bilirsiniz, həyat təzadlarla
doludur.
İstəmirəm ki, oxucular
biz aktrisalar, sənət
adamları haqqında
düşünsünlər ki, "onlar bizdən fərqlənir".
Mən də sizin kimi
insanam. Bilirsiniz niyə mənə
bir qədər başqa baxırlar? Çünki mən səhnədə
insan obrazları yaradıram.
- Əksər
aktyorlar deyirlər ki, "mənim şah əsərim var, onu yaratmalıyam".
Sizin necə, arzusunda olduğunuz rol var?
- Yox, mən elə düşünmürəm. Həddindən artıq gözəl rollar oynmışam, obrazlar yaratmışam.
Hamısı da tamaşaçılar
tərəfindən sevilib.
Amma şah əsər yaratmaq fikrim olmayıb. 36 ildir sənətdəyəm,
bu barədə düşünməmişəm. Nə bilim, bəlkə də olacaq...
İLTİFAT
Ekspress.-2014.- 25-27
yanvar.- S.20.