"Biz sistemi dəyişmişik"
Prezident İlham Əliyev: "Biz boru kəmərləri şəbəkəsi
vasitəsilə Xəzər,
Qara və Aralıq dənizlərini
birləşdirdik"
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusundakı qəbulda iştirak edib.
Tədbiri Dünya İqtisadi Forumunun qurucusu və
icraçı sədri Klaus Şvab açıb. Tədbirin Cənubi Qafqaz və Mərkəzi Asiyaya
həsr olunduğunu deyən Şvab qeyd edib ki, Azərbaycan prezidentinin Davos forumunda iştirakı sayəsində regiona maraq artır: "Bugünkü görüşümüz
zamanı sizin baxışlarınız və
siyasətinizlə bağlı ətraflı məlumat
aldım. Açıqlamaq istərdim ki, bir ay bundan
əvvəl Azərbaycanda olmuşam və
hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində
çalışırıq. Bunlar
artıq sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən
Sizinlə görüşüb əlavə
məlumatlar təqdim edəcəyik. Yekun
təqdimat bu ilin sonunda və ya gələn
ilin əvvəlində baş
tutacaq. Müxtəlif ssenarilər nəzərdən
keçirilir. Təbii ki,
biz əminik, ən müsbət ssenari reallaşacaq"
(AzərTAc).
Prezident
İlham Əliyev isə
çıxışı zamanı Cənubi Qafqaz
regionunun hazırda dünyanın diqqətini
cəlb etdiyini qeyd edib: "Bu səhər təşkil
edilmiş paneldə regional
əməkdaşlıq mövzusu
müzakirə olundu. Bundan
əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilib. Həqiqətən,
regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq
üçün böyük
potensial var. Azərbaycan
öz növbəsində əməkdaşlığın
gücləndirilməsi, Cənubi Qafqaz və
Mərkəzi Asiyanın inteqrasiyası üçün
vacib rol oynayır. Deyə
bilərəm ki, ölkələrimizi bir araya gətirmək
istiqamətində ilk təşəbbüsü
Azərbaycan göstərib. Bu da enerji siyasətimizin
başlanğıcı ilə bağlıdır".
İlham Əliyev bildirib ki, bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Dövlət başçısı qeyd edib ki, Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini Azərbaycanın infrastrukturu vasitəsilə nəql edir: "Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan "XXI əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir. Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni "İpək Yolu"dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir. Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olub. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir".
Siyasi və iqtisadi transformasiya, sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasətin uğurlu olduğunu deyən İlham Əliyev qeyd edib ki, bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur: "Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür. Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcək.
Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib. Bir daha sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram".
Qeyd edək ki, Prezident İlham Əliyev həmin gün səhər Davosda "Avrasiya - yeni sərhədlər" mövzusunda keçirilmiş sessiyada da iştirak edib. Sessiyanın əsas məqsədinin regionla bağlı yeni məlumatlar əldə etməkdən ibarət olduğunu diqqətə çatdıran aparıcı tədbirə qatılanların əksəriyyətinin ötən ilin aprel ayında Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini bildirib və Cənubi Qafqazı maraq doğuran region adlandırıb. Sessiyada çıxış edən prezident İlham Əliyev regional əməkdaşlığın gücləndirilməsi üçün Azərbaycanın böyük işlər gördüyünü qeyd edib: "Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar".
Dövlət başçısı bütün iştirakçı dövlətlərin layihədən faydalandığını bildirərək, onların yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə etdiklərini qeyd edib: "Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edib. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq".
Prezident İlham Əliyev Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın artdığını qeyd edib: "Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir".
Prezident İlham Əliyev hazırda Azərbaycan üçün əsas prioritetin nəhəng enerji layihələrinin icrası olduğunu qeyd edib: "Mən ötən ay icrasına başladığımız "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Layihəyə əsasən iki qaz boru kəməri inşa ediləcək - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcək. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq".
Dövlət başçısının sözlərinə görə, bununla da Azərbaycan regional əməkdaşlıq baxımından qarşıda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni, 5 il ərzində başa çatdırılmasıdır: "Cənubi Qafqazın iki ölkəsi - Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir".
Prezident daha bir vacib layihənin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsi olduğunu bildirib: "Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni "İpək yolu" hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcək. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu demək. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı var.
Dövlət başçısı, beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola biləcəyini qeyd edərək çıxışını yekunlaşdırıb.
A.Xəlil
Ekspress.-2014.- 25-27
yanvar.- S.3.