"Qatil"ə
baxsaydı, qatil olacaqdı...
Münəvvər Əliyeva: "Yalanın üstü
açılanda ailəmizdə böyük bir həngamə
qopdu"
Əməkdar artist Münəvvər Əliyeva 20 ilə yaxındır ki, Akademik Milli Dram Teatrında çalışır. Bu illər ərzində aktrisa Azdramanın səhnəsində biri-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb.
Onlardan "Köhnə ev", "Afət", "Ölüləri qəbiristanlıqda basdırın", "Kaş, araba aşmayaydı!", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Teleskop", "Kabuslar" tamaşalarındakı rollarını xatırlamaq kifayət edər. Amma onun ötən mövsüm oynadığı "Qatil" tamaşası həqiqətən də bir teatr hadisəsi idi.
- Münəvvər
xanım, tamaşaçılar siz oynadığınız
rollardan yaxşı tanıyırlar. Lakin gəlin söhbətimizə
qısa tanışlıqdan başlayaq.
- 1971-ci ildə mayın 25-də Qubadlıda doğulmuşam. 1988-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə xalq artisti Elmira Şabanovanın sinfinə qəbul olunmuşam. Kursdan kursa keçdikcə sənət müəllimlərimiz hər il dəyişdi. Sonrakı il Vidadi Həsənov oldu, 3-cü kursda aktyor sənətinin nəzəriyyəsi müəllimimiz israfil İsrafilov oldu, 4-cü kursda isə Ağakişi müəllim kurs rəhbərimiz oldu. Bu çətinliklərə rəğmən 1992-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirə bildim. Mən hələ tələbə ikən "Yuğ" Teatrına gedirdim. Onda hələ "Yuğ" Azdramada bir studiya kimi fəaliyyət göstərirdi, hələ teatr statusu almamışdı. Ordan Akademik Milli Dram Teatrına dəvət aldım. O dövrdə Cənnət Səlimova Azdramada "Otello" tamaşasını qoymaq istəyirdi və "Dezdemona"nı mənə vermişdi. Eyni zamanda, "Yuğ"da da bir rol almışdım. İki teatrın arasında qalmışdım, hər iki teatr məni o biri teatra qısqanırdı, ona görə də 1994-cü ildə "Yuğ"dan çıxıb birdəfəlik Azdramaya keçdim.
- Sizin rollara diqqət etdikdə də, vaxtilə "Yuğ" məktəbi keçməyiniz aşkar hiss olunur...
- Bu, mütləq belə də olmalıdır. Çünki məktəb insanın gələcək taleyində böyük rol oynayır. Mən "Yuğ"dan çox şey öyrənmişəm. Universitetdə oxyanda o biri qruplara həsəd aparırdım ki, birinci kursdan sonadək rəhmətlik Nəsir Sadıxzadə onlara rəhbərlik etdi. İndii də məndən soruşanda "kimin tələbəsi olmusan?", bilmirəm kimin adını çəkim ki, o biri inciməsin. Həqiqətən adama ilk öncə müəlliminə görə hörmət edirlər. Mən birinci kursda oxuyanda Sankt-Peterburqda keçirilən "Yaxintev" bədii qiraət müsabiqəsində iştirak etdim. Orda məndən böyük kursun qiraət müəllimi, öz azərbaycanlım müsabiqənin münsiflər heyətinə konyak verirdi ki, məni kəsib, onun tələbəsinə yer versinlər. Lakin münsiflər heyətinin üzvləri konyakı alsalar da, məni kəsməyəcəklərini dedilər və birinci yeri mənə verdilər. Yəni müəllimsizlik belə idi, rəhmətlik Mikayıl Mirzə də ora tələbəsini aparsa da, o öz tələbələrini buraxıb mənim uğurum üçün əlindən gələni əsirgəmədi. Çünki mən özümlə dəf aparmışdım, dəfimi cırmışdılar, özü də özümüzünkülər... Mənim müsabiqədəki proqramım həqiqətən o dövrdə böyük səs-küyə səbəb oldu, Akademik Milli Dram Teatrına da buna görə götürdülər.
- Azdramada hər
gənc aktyorun qəbulu yaşlı sənətkarlar tərəfindən
bir az qısqanclıqla qarşılanır. Sizdə necə
oldu?
- Açığını deyim ki, mənə qarşı çox mülayim davrandılar. Mən Bəsti Cəfərova, Ramiz Novruzov və başqaları ilə demək olar ki, teatra gəldiyim ilk günlərdən dostluq edirəm və bu dostluq bu gün də əvvəlki qaydada davam edir. Məni öz sıralarına tez qəbul etdilər. Baxmayaraq ki, Mehriban Xanlarova, Məleykə Əsədova, Sənubər İsgəndərli məndən sonra teatra gəlib, indi də mənə uşaq kimi yanaşırlar. Mən teatra gəldiyim ilk günlərdən demək olar ki, əsas rolları oynamışam.
- İlk rolunuzu
xatırlayırsınızmı?
- İlk işim Davud Aslanın "Dindirir əsr bizi dinməyiriz..." tamaşasında "Fərəh" rolu oldu. Mirzə Ələkbər Sabir haqqında tamaşa idi. Sonra isə "Hökmdar və qızı"nda Səltənətbəyimi oynadım. Bunlardan başqa "Şah Edip"də Antiqona, "Köhnə ev"də Cana rollarını oynamışam...
- Əslində, sentimental rollarınız daha çox yadda qalıb, belə deyək də, səhnədə ağlamaq sizə çox yaraşır...
- Bəli, dramatik rolları çox
rahat oynayıram. Komik rolları heç oynaya bilmirəm, bunu
özüm də etiraf edirəm...
- Hansısa rejissoru sizə rol
verdiyinə görə peşman etmisinizmi?
- Belə bir hadisə olub. Azdramanın rejissorlarından mənə daha
çox Bəhram Osmanov rol verirdi. Bir dəfə də
"Natəvan" tamaşasında "qulluqçu"
rolunu mənə verdi. Bilirsiniz
ki, bu, komik obrazdır. Bu rolu da Bəhram müəllim
özü məcbur verdi ki, dövlət
sifarişi olan tamaşadır, oyna, səni də görsunlər,
tanısınlar, sabah fəxri ad veriləndə lazımın
olacaq. Mən elə ilk gündən dedim ki, Bəhram müəllim,
bu rolu oynamaq içimdən gəlmir. Bilirəm
ki, səhnədə süni alınacaq. Səsimi
dəyişə bilmirdim. Hər dəfə səhnəyə
çıxandan sonra Bəhram müəllim məni
danlayırdı ki, elə danışırsan, elə bi
qulluqçu yox, xanımsan... Nə isə,
heç bu obraza girə bilmədim. Axırda
elə oldu ki, xəstələndim, bir müddət məşqlərdən
qaldım. Ona görə də Bəhram müəllim
peşmançılıq çəkdi və rolu məndən
aldı...
- Və sizdən incidi...
- Əksinə, mən
ondan incidim. Bir tərəfdən sevindim
ki, bu rolu məndən aldı. Digər tərəfdənsə
mənə xəbər etmədən rolu başqa aktrisaya
vermişdi. Mən də heç nədən xəbərsiz
məşqə gəlmişdim və gördüm ki, rolumu
başqası oynayır... Heç olmasa, mənə
bu barədə deyilməli idi.
- Yolunu gözlədiyiniz rol
varmı? Deyək ki, bu gün xarici
görünüşünüz bütün rolları
oynamağa imkan verir, amma 10 ildən sonra həmin rolu oynaya bilməyəcəksiniz...
- Nədənsə, mən həmişə
"Antiqona"nı oynamaq istəmişəm.
Ümumiyyətlə, mənim belə bir xasiyyətim var ki,
oynanılmamış obraz yaratmaq istəyirəm ki, bu
yalnız mənə məxsus olsun... Bəzən
aktrisalar çalışır ki, Kleopatra, Cülyetta,
Dezdemona kimi klassik rollar, məşhur rollar oynasın. Mən belə deyiləm.
- Dediniz ki, Akademik Milli Dram
Teatrına 1994-cü ildə gəlmisiniz. Və "Qatil"
kimi çox mükəmməl hazırlanan bir tamaşada
oynamaq üçün təxminən 20 il
gözlədiniz. 20 il çox
olmadımı?
- Həqiqətən 20 il çox oldu və buna dözmək asan
deyildi... Hər adam 20 il gözləyə
bilmir. Xüsusən də, mən teatrın
çətin günlərində başqa yerə getmədim,
verilən rolları qəpik-quruş müqabilində
oynadım, bu doğma ocağı atmadım. Məsələ bundadır, mənim böyük
bacım da aktrisa olub, özü də deyim ki, məndən də
istedadlı idi. Ailəmizdə ona heç
bir qadağa yox idi, amma mənə hər şey qadağan
olunmuşdu. Mən Mədəniyyət və
İncəsənət Universitetinə qəbul olunmaq
üçün imtahana balkondan tullanıb qaçıb
getmişəm. Pantomima Teatrının
direktoru Elman Rəfiyev sinif yoldaşım idi, o yazıq balkonun
aşağısında dayanıb mənə kömək
edirdi. Qardaşım mən evdən
çıxıb imtahana getməyim deyə,
otağımın qapısını bağlayırdı,
özü də yıxılıb qapının
ağzında yatırdı ki, birdən qapını aça
bilərəm, səs olanda oyana bilsin. Mən
qəbul imtahanlarında qorxa-qorxa iştirak etmişəm,
çünki qardaşım da dalımca gəlmişdi, sadəcə
ona binaya girməyə icazə vermədilər. İmtahandan keçsəm də, qorxudan
ağlayırdım ki, qardaşım məni öldürəcək.
Amma bacım aktrisa olmadı, mən oldum...
- Bəs nə yaxşı
oxumağa icazə verdilər?
-
Bir-iki il gizlətdim, elə bilirdilər
ki, "mədəni-maarif" fakültəsində oxuyuram. Bu yalanın üstü açılanda ailəmizdə
böyük bir həngamə qopdu.
- Bəs ailə üzvləriniz
indi gəlib tamaşalarınıza baxırlarmı?
- Qardaşım ilk dəfə
"Hələ sevirəm deməmişdilər"
tamaşasına gəldi və o qəhrəman qızı
oynadığımı görüb sevindi...
- "Qatil"
tamaşasına baxıbmı?
- Yox, "Qatil"ə baxsa,
özü qatil olacaq. Ona görə də,
özüm ondan "Qatil" tamaşasına baxmamağı
xahiş etmişəm. O da sağ olsun, gəlmir... Əslində, qardaşımın əvvəlki
xasiyyəti də qalmayıb. Uzun illər
Rusiyada yaşadığına görə, artıq
dünyabaxışı tamam dəyişib.
- "Qatil"
tamaşasındakı oynunuzu yaman çox tənqid etdilər...
- Mən Allahıma
şükür edirəm ki, qarşıma Mehriban Ələkbərzadə
kimi rejissor çıxdı. O, sinəsini mənə
qarşı olan hücumlara sipər etdi. Mənə bircə
onu dedi ki, heç nəyə cavab vermə, vəssalam, hər
kəsin cavabını özü verirdi. Çox
görmüşəm, rejissor tamaşanı hazırlayır
və sonradan aradan çıxır. Bütün
çatışmazlıqlara cavab vermək də qalır
aktyorla aktrisanın boynuna. Mən əslində bu
tamaşada heç bir qəbahət iş görməmişdim,
sadəcə öz peşəmi yerinə yetirmişəm. Məsələ bundadır ki, Mehriban xanım bu
tamaşanı Şimali Kipr Türk Cümhuriyyətində də
səhnəyə qoydu. Qayıdıb gələndən
sonra deyirdi ki, ordakı tamaşaçı sevgi səhnələrinə
əl çalırdı, burdakılar isə təcavüz,
işgəncə səhnələrinə. Yəni aktyorla aktrisa səhnədə qucaqlaşa,
öpüşə bilməz, amma aktrisa səhnədə
döyülürsə, əzilirsə onda əl
çalırlar.
- Bildiyimə görə, Mehriban
xanımı çox əsəbiləşdirmisiniz. Hətta
rolu sizdən almaq da istəyib...
- Bəli, bir dəfə çox əsəbiləşdi
və dedi ki, rolu məndən alacaq. Ümumiyyətlə,
mən Mehriban xanımla işləməyi çoxdan
arzulayırdım. Hər dəfə onunla
salamlaşanda içimdə deyirdim ki, bu qadın nə
üçün mənə rol vermir? Həqiqətən,
onunla işləməyi çoxdan gözləyirdim.
İndi bəzən aktrisalar arasında söz düşəndə
deyirəm ki, gözləyin, o məni 20 ildən sonra
gördü... Sözün düzü əvvəlcə
bu rolu oynamağa çox tərəddüd etdim. Çünki bu rolu vaxtilə xalq artistimiz
Şükufə xanım çox gözəl
oynadığına görə ehtiyat edirdim. Düşündüm, mən Şükufə
xanımdan sonra nə etməliyəm ki, bu rolu
özümünküləşdirə bilim.
- "Qatil"
tamaşasındakı sillələr, qəzetlə vurmalar,
götürüb atmalar həqiqi mizanlar idi?
- Hamısı həqiqi idi. Hikmət hər dəfə məni qəzetlə
başıma vuranda fikirləşirdim ki, yəqin onun
arasına bərk bir şey qoyub, axı kağız
parçası adamın başını belə
ağrıda bilməz. Sonra mənə
dedilər ki, Hikmət qəzetləri elə sıxıb bərkidirmiş
ki, qəzet bükülüsü taxta kimi bərk olurmuş.
Məşq prosesində hər dəfə qəzetlə
məni vurandan sonra diksinirdim və roldan
çıxırdım. Çünki bu
yaşıma gəlmişəm, həqiqətən,
döyülməmişəm. Amma indi
öyrəşmişəm, Hikmət tamaşada məni qəzetlə
vurmayanda elə bilirəm ki, nəsə
çatışmır. Axırda Mehriban xanıma dedim
ki, qəzet yığışdırılsın, onun
başıma vurulması məni roldan çıxarır. Mehriban xanım da qəzetlə vurmağı
yığışdırdı. Bir də gördüm,
Hikmət gəlib deyir ki, Münəvvər xanım, nə
olar qoyun qəzetlə vurum da, daha orijinal alınır... Mən də razılaşdım. Hikmət həqiqətən tamaşada rola
qapılıb bəzən səhnədə affekt vəziyyətinə
düşür. İnanın ki, məni necə
tulladısa, sağ çiynimdən travma almışam.
- Hikmətin saçınızdan
tutub sürüməyi də həqiqi səhnədir?
- Bəli, əslində o
saçımdan tutanda mən də texniki olaraq onun biləyindən
tutmalıyam. Amma çox vaxt biləyindən
tuta bilmirəm, həqiqətən, saçımdan tutub səhnənin
bu başından o biri başına qədər
sürüyür. Tamaşa gedə-gedə
durub deməyəcəyəm ki. hörmətli
tamaşaçılar, bağışlayın, tərəf
müqabilimin biləyindən tuta bilmədim, icazə verin, bu
mizanı bir də təkrar göstərək... Yenə
heç olmasa saçımın hamısını tutanda
dözmək olur, bəzən az hissəsindən
tutur, tüklərim yerindən qopub əlində qalır. Çox əzablıdır. İlk
tamaşada saçımdan tutub sürüyəndə
çox incitdi və mən Hikməti əməlli-başlı
vurmağa başladım. Əslində
vurmalı deyildim. Hikmət də çaşıb
qaldı və sakitcə soruşdu ki, Münəvvər
xanım, neynirsiniz?..
- Teatrda o hansı aktyordur ki, onunla
tərəf müqabili olmaq sizə çox rahatdır?
- Adlarını deməyəcəyəm,
elə aktyorlar var ki, onlarla tərəf müqabili olmaq bir cəhənnəm
əzabıdır. Mən misal
üçün, Nurəddin Mehdixanlı, Ramiz Novruzovla tərəf
müqabili olanda səhnədə özümü çox
rahat aparıram. Hikmət Rəhimov isə
gənc olsa da, mən onun oyunundan özüm səhnədə
ola-ola ləzzət aldım. Bu uşaq
başdan-ayağa istedaddır.
- Aktrisa olmağın
peşmançılığını çəkmisinizmi?
- Bəli, aktrisalıq mənə
həyatda çoxlu çətinliklər yaratdı. Ailə quranda aktrisa olduğuma görə məcbur
oldum ki, kimsə məni seçsin, özüm seçim edə
bilmədim. Çünki hələ tələbə
ikən mənə elçi düşənlər çox
idi, amma hamısının bir şərti vardı ki,
aktrisalığı buraxmalısan. Mən
aktrisa olduğum üçün hər bir qadının
içində olan seçmək arzusunu boğmalı oldum.
İltifat HACIXANOĞLU
Ekspress.-2014.- 28
yanvar.- S.15.