Əlillərin işlə təminatında
hansı problemlər var?
Qaçqın
və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Azərbaycandakı aktual məsələlərdən
biri də əlillərin həyat şəraitinin
yaxşılaşdırılmasıdır. Əlil
insanlarımızın mənzil şəraitinin
yaxşılaşdırılması, məşğulluğunun
və işlə təminatının təşkili, əmək
hüquqlarının qorunması daim gündəmdədir.
Bu gün Azərbaycanda əlilliyi
olan şəxslərin sayı təxminən 425 min nəfərdir
ki, bu da əhalinin 4,6 faizini təşkil
edir.
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə
görə, dünya ölkələri üzrə bu göstərici
15 faizdir.
Qeyd edək ki,
dövlət hər ay əlillik qruplarına uyğun olaraq,
onlara pensiya və sosial müavinətlər verir. Buna baxmayaraq, sosial müavinətlər o qədər
də işə yaramır. Səbəb isə
odur ki, sosial müavinətlərin həcmi olduqca
aşağıdır və həmin vəsaitlə kommunal xərcləri
ödəməyə, eyni zamanda müalicə olunmağa, hətta
normal qidalanmağa belə çətinlik çəkirlər.
İnkişaf etmiş ölkələrdə əlil
olan şəxslərin cəmiyyətə, ictimai həyata
inteqrasiyası üçün sistemli işlər
görülür. Azərbaycan
qanunvericiliyində də əlillərin əmək şəraitini
yaxşılaşdırmaq üçün bir sıra
müddəalar öz əksini tapıb. Məsələn,
sahibkar 25 iş yerindən birini əlil üçün nəzərdə
tutmalıdır. Bundan başqa, hərəkət
imkanları məhdud olan şəxslər, digər
işçilərlə müqayisədə, daha çox
imtiyaza malikdir. Belə ki, müəssisədə
işçilər üçün 21 günlük məzuniyyət
nəzərdə tutulursa, əlil olan işçi
üçün bu, 36 gün təşkil edir və s. Amma
danılmaz faktır ki, hazırda ölkəmizdə bir
çox sahibkarlar əlil olanları işə götürməyə
o qədər də həvəsli deyillər. Təbii
ki, bu kimi durumlar nəticə etibarilə əlil olanların
maddi durumuna mənfi təsir göstərdiyi kimi, onların
psixoloji durumuna da təsirsiz ötüşmür.
İqtisadçı-ekspert
Rövşən Ağayevin fikrincə, Azərbaycan əlillik
səviyyəsinə görə MDB-də
üçüncü yerdədir. Onun
sözlərinə görə, Azərbaycanın dövlət
qanunvericiliyində, qoşulduğu beynəlxalq konvensiyalarda
göstərilir ki, dövlət işləmək qabiliyyəti
olmayan, fiziki cəhətdən qüsurlu vətəndaşının
da yaşamını təmin etməlidir.
Xatırladaq ki, bu məsələ
ölkə prezidentinin sərəncamı ilə 2011-ci il noyabrın 15-də təsdiqlənən
"Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət
Proqramı" ilə də tənzimlənir. Yəni, bu
proqramda həmin insanların peşə kurslarına cəlb
edilməsi, əmək bazarı ilə tanış
olması, peşə yönümünün təşkili, nəhayət,
həmin insanların işlərə cəlb olunması nəzərdə
tutulur. Əmək Hüquqlarının Müdafiəsi
Liqasının rəhbəri Sahib Məmmədovun fikrincə
isə bu sahədə vəziyyət ürəkaçan
deyil: "1992-ci ildən etibarən "Əlillərin sosial
reabilitasiyası" haqqında qanun qüvvədədir. Həmin qanunda kvota müəyyən olunub ki, əlillər
müəssisələrdə işə götürülməlidir.
Qoyulan o çərçivələr daxilində
əlilləri işə götürən müəssisələr
üçün mənfəət vergisindən güzəştlər
də nəzərdə tutulub".
Milli Məclisin Sosial siyasət
komitəsinin Sədri Hadı Rəcəbli də əlil
insanlar üçün işlə bağlı bəzi
kvotaların nəzərdə tutulduğunu deyir: "Dövlətin
qanunu olsa da-olmasa da, əlil, müəyyən səbəblərdən
sağlamlıqlarını itirmiş vətəndaşlarımızın
işlə təmin olunması məsələsinə mərhəmət
hissi ilə yanaşmaq lazımdır və
yanaşmalıyıq".
Əmək və
Əhalinin Sosial Müdafiəsi Naziliyi isə əlillərin
məşğulluğunda ciddi problemin olması fikrini qəbul
etmir. Belə ki, qurumdan verilən məlumata görə,
əlillər kvotaya uyğun olaraq məşğulluq mərkəzləri
tərəfindən işlə təmin edilirlər:
"Əlillərin inteqrasiya ilə bağlı, yəni
onların şəhər gəzintiləri, rahat hərəkət
etmələri ilə bağlı problemləri ola
bilər. Hazırda nazirliyimiz tərəfindən
BMT ilə birlikdə əlillərin cəmiyyətə
inteqrasiyası ilə bağlı layihə həyata
keçirilir. Bu sahədə bir sıra
işlərin görülməsi nəzərdə
tutulub".
Əlil Təşkilatları
İttifaqının rəhbəri Davud Rəhimov isə
bildirib ki, əlillər üçün nəzərdə
tutulan kvotanı həyata keçirməyən müəssisə
rəhbəri üçün cərimələr və
sanksiyalar da mövcuddur. Belə ki, müəssisələrdə
əlillər üçün iş
uyğunlaşdırılmayıbsa, onlar Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cərimə
ödəməlidir. "Ancaq iş yerlərində nə
uyğunlaşdırmalar aparılır, nə cərimələr
ödənilir. Əgər müəssisə cərimə
olunsa, onun rəhbəri əlili işə götürməkdə
maraqlı olacaq. Çünki cərimə
əlilin orada işləməsindən alınacaq əməkhaqqıdan
qat-qat yüksək olacaq".
Qeyd edək ki, əlillik
dərəcəsi almaq üçün vətəndaş
yaşadığı rayon üzrə səhiyyə müəssisəsinin
göndərişi, 88 saylı arayış-forma sənədi
əsasında tibbi-sosial ekspert komissiyalarına müraciət
etməlidir. Ölkəmizdə əlillik dərəcəsinin
səbəbinin və müddətinin müəyyən edilməsi
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
"Tibbi-sosial ekspert komissiyaları haqqında" və
1997-ci il tarixli qərarı ilə təsdiq
edilmiş "Əlilliyin müəyyən olunması
meyarlarına dair" əsasnamələri ilə təsdiqlənir.
Bundan başqa, tibbi-sosial ekspert komissiyalarına
müraciət etmiş vətəndaşlar komissiyalar tərəfindən
müayinə edilir, əlillik qrupu təyin olunduğu təqdirdə,
onların əlillik dərəcəsinin səbəbi və
müddəti müəyyən edilir.
Xatırladaq ki,
müəssisə və təşkilatlarda əlillərə
normal şəraitin yaradılması "Əlilliyin və
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlilərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında"
qanunda öz əksini tapıb. Qanunun 12-ci
maddəsinə əsasən, mülkiyyət formasından
asılı olmayaraq bütün müəssisə, idarə və
təşkilatlar işçilərə müəyyən
olunmuş standartlara uyğun təhlükəsiz əmək
şəraiti yaradır və onların əmək qabiliyyətinin
aşağı düşməsinə,
sağlamlığına vurulmuş ziyana görə
qanunvericiliyə uyğun məsuliyyət daşıyır,
müalicə və reabilitasiya xərclərini ödəyir.
Qanunun 24-cü maddəsinə görə isə tibbi-sosial
ekspert komissiyasının rəyinə görə əlillərin,
sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə
görə əlili, sağlamlıq imkanları məhdud
uşaqla əmək müqaviləsini bağlamaqdan, yaxud əlili,
sağlamlıq imkanları məhdud uşağı işdə
irəli çəkməkdən imtina edilməsinə,
müdriyyətin təşəbbüsü ilə onun işdən
azad edilməsinə, öz razılığı olmadan
başqa işə keçirilməsinə yol verilmir.
"Məşğulluq
haqqında" qanuna müvafiq olaraq idarə və müəssisələrdə
əlillərin, eyni zamanda işə düzəlməkdə
çətinlikləri olan digər şəxslərin işlə
təmin edilməsi üçün kvota yerləri müəyyən
edilir. Bundan başqa, Dövlət Əmək Müfəttişliyi
Xidməti işəgötürənlər tərəfindən
əmək qanunvericiliyinə əməl olunması sahəsində
nəzarət həyata keçirilərkən əlillərin
əməyindən istifadə və onlar üçün
normal iş şəraitinin yaradılması məsələlərinə
yaxından fikir verilir.
Onu da bildirək ki, ölkə
başçısının təsdiqlədiyi "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət
Proqramı"nın həyata
keçirilməsi üzrə 2011-2015-ci illər Tədbirlər
Planı"nda vətəndaşların həyat şəraitinin
yaxşılaşdırılması məqsədilə
müvafiq qurumlar qarşısında konkret öhdəliklər
qoyulub. 2016-cı ilədək isə hökumət
əmək bazarının monitorinqi prosesini gücləndirmək,
əmək bazarının mövcud vəziyyətinin, məşğulluq
və işsizlik səviyyəsinin müəyyənləşdirilməsi
üzrə müvafiq tədqiqatları aparmaq, əmək
miqrasiyası sahəsində idarəetmə sistemini təkmilləşdirmək,
ünvanlı dövlət sosial yardımı və sosial
müavinətlər sistemini, sığorta-pensiya sistemini təkmilləşdirmək
niyyətindədir. Bu baxımdan əlilliyi olan şəxslərin
məşğulluğu ilə bağlı əmək
bazarına inteqrasiyası üzrə proqramların
hazırlanması, kiçik biznes sahələri üzrə məsləhət
xidmətlərinin göstərilməsi, iş və biznes
klublarının təşkili, əlillər
üçün sosial müəssisələrin
yaradılması, onların məşğulluq səviyyəsinin
yüksəldilməsi və əmək bazarına səmərəli
inteqrasiyasi üzrə 2012-2015-ci illər üçün fəaliyyət
planının hazırlanması nəzərdə tutulub.
Əlil Təşkilatları
İttifaqının sədri Davud Rəhimovun fikrincə,
qanunvericilikdə əlillərin məşğulluğunun təminatı
və onların əmək hüquqlarının qorunması
baxımından müsbət cəhətlər kifayət qədər
olduğu kimi, çatışmazlıqlar da mövcuddur:
"Tibbi-ekspertiza komissiyaları tərəfindən verilən
əlillik dərəcələrini müəyyənləşdirən
sənədlərdə "əmək qabiliyyətinə
yararsızdır" yazılan vətəndaşların
işlə təmin edilməməsi düzgün
addımdır. Çünki təşkilatların
onları işə götürmələrinə qanunvericilklə
yol verilmir. Üstəlik, Dövlət
Əmək Müfəttişliyi Xidməti tərəfindən
həyata keçirilən dövlət nəzarəti
zamanı əmək qabiliyyətinə yararsız əlillərin
işə götürülməsi nöqsan kimi qəbul ediləcək
və bu, əmək qanunvericiliyinin pozulması sayılacaq.
Nazirlər Kabinetinin və müvafiq
qurumların təlimatları ilə əmək
qanunvericiliyinin tələbləri də üst-üstə
düşmür. Məsələn, əlillərin
işlə təminatının şamil olunduğu və
şamil olunmadığı təşkilatlar var. Belə
çıxır ki, hökumət təşkilatları əlilləri
işə götürə bilməzlər. Bu da narazılıq yaradır".
Rəhimov onu da qeyd
edib ki, Azərbaycanın 2008-ci ildə qoşulduğu
"Əlillərin hüquqları barədə" BMT-nin
beynəlxalq konvensiyasının tələbləri ilə
ölkəmizin əlillərlə bağlı qanunvericiliyindəki
bəzi maddələr toqquşur. Xüsusilə də məşğulluğun
təminatı, əmək hüquqlarının qorunması,
təhsil, iş yerlərinin
uyğunlaşdırılması, peşə
kurslarının təşkili və digər məsələlərlə
bağlı qanunvericilikdə dəyişikliklər
olmalıdır.
Rəşid RƏŞAD
Ekspress.-2014.- 29 yanvar.- S.9.