Çingiz
Abdullayev dəyişikliklərin anonsunu verdi
"Formalaşdırdığım
imici futbolda korlamaq niyyətində deyiləm"
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Neftçi" - "Bakı" (2:0) matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Tanınmış yazıçı "flaqman"a kömək etmək üçün bu təklifi qəbul etdiyini bildirib.
- Fasilədə Müşahidə Şurasının üzvləri ilə görüşünüz oldu. Maraqlıdı, oyuna baxmaq üçün niyə sonradan gəldiniz?
- Mənim
xaricilərlə görüşüm var idi. Əslində,
bir az tez gəlməli idim. İstəyirdim ki, onları da
matça gətirim. Sadəcə olaraq, oyunun necə
qurtaracağını bilmirdim. Ümumiyyətlə, klubun
strukturunda dəyişiklik etmək istəyirik. Alman və ya
ingilis klublarından nümunələr götürə bilərik.
Mən buna inanıram.
- İşləriniz
həddindən artıq çox olur. Bu, sizin "Neftçi"dəki
işinizə mane olmayacaq ki?
- İdman
federasiyalarında nüfuzlu adamlar rəhbərlik edir. Şərt deyil ki, özü bu işlə məşğul
olsun. Bizdə Şahmat
Federasiyasının sədri Elman Rüstəmovdu (Azərbaycan
Respublikası Mərkəzi Bankın sədri - red.). Siz
elə bilirsiz ki, onun məndən az
işi var? Taekvondo Federasiyasının Prezidentinin də rəhbərinin
kim olmasını bilirsiniz. Və ya digərləri...
Onlar təyin olunub ki, həmin işə kömək
etsinlər. İnanmıram ki, siz məndən
çıxıb, meydanda oynamağımı xahiş edəsiniz.
Xahiş də etsəz, gedib qapıçı
durmayacam (gülür). Mən klubun beynəlxalq
arenada nüfuzunun qaldırmasına kömək edəcəm.
Mənim tanışlarım var ki, onlardan bizi
beynəxalq turnirə qəbul etmələrini xahiş edə
bilərəm. Dəvət etsələr,
oynamalıyıq axı. İstəyirəm
ki, bizim uğurumuz olsun.
- Beynəxalq əlaqələriniz
güclüdü və yetərincə nüfuzunuz var.
Bunları nəzərə alsaq, "Neftçi"ni brendə çevirmək üçün nə
kimi planlarınız var?
- Bayaq icraçı direktorumuz
Elnur Məmmədov dedi ki, biz Azərbaycan dedektivini dünya
brendinə çevirdik, nəyə görə bunu futbolda da
etməyək? Bizim digər idman növlərində
yetərincə uğurlarımız olub. Çox
işlər görmək olar. Bunu əvvəlcədən
demək istəmirəm. Diktafonları
söndürəndən sonra bu barədə sizə məlumat
verə bilərəm.
-
"Neftçi"də struktur dəyişikliyi
mövsümün sonlarına yaxın oldu. Məsələ burasındadı ki, flaqmanın
durumu indi elə də ürəkaçan deyil. Çünki klub indi ikinci yer uğrunda mübarizə
aparır. Kuboku da qazanmaq şansı var.
Cari mövsümdə müsbət nəticə qazana bilməsəz
sizin üzərinizdə qınaq olmayacaq?
- Düzdü, qınaq olacaq. Amma iki aya komandanı dəyişdirmək olmaz.
2002-ci ildə Dünya Çempionatda almanlar
gümüş mükafatla kifayətlənəndə, onlar
dedilər ki, biz gec-tez çempion olacağıq. Bunun nəticəsini də sonradan gördük.
Bizim yaxşı oyunçularımız var.
Bundan istifadə edib, yaxşı komanda formalaşdıra bilərik.
Əvvəlcədən sizə deyim ki, biz Kriştianu Ronaldo və
ya Leonel Messini "Neftçi"yə transfer edə bilmərik
(gülür). Düzdü, bunu istəyirik.
Amma mümkünsüz bir şeydi. İlk öncə biz stadionlara azarkeşləri cəlb
etmək istəyirik. Bizdəki
bütün futbolçuların maaşını hesablasaq,
Ronaldonun qazandığı məbləğə
çatmayacaq. O, bu pulu alanda klubu əvəzində xeyli
gəlir əldə edir. Mənim kapitalizmdən
xoşum gəlmir, solçuyam. Buna
baxmayaraq, başa düşürəm ki, futbol ən çox
gəlir gətirən idman növüdü. Ola bilməz ki, küllü miqdarda pul xərcləyəsən,
amma heç bir nəticəsi olmasın. Biz
komandaya cəlb edilən legionerlərdən də
yaxşı oynamalarını tələb etməliyik.
- Belə başa düşdük
ki, Berti Foqtsun 6 il ərzində ölkə
futbolumuza xeyir verməməsi həm də sizi narahat edib.
- Bəli, bu, məni çox
narahat edib. Foqts oyunçu kimi mənim çox
xoşuma gəlirdi. Onu şəxsən də
tanıyırdım. Onun uğursuz
olmasının səbəbləri çox idi. Alman məşqçi Otto Rihagel Yunanıstanı
Avropa çempionu etdi. Bu, bizdə niyə
olmamalıdı? Millidə yerli
futbolçular olmalıdı. Birini yalandan evləndirərik...
Belə olmaz axı. Hamısını
etmək mümkün deyil.
- Qeyd etdiniz ki, beynəlxalq turnirlərdə
iştirak etmək istəyirik. Konkret olaraq
hansı turnirlərdən söhbət gedir?
- Hər ölkədə yer tutan
komandalara yer verilir. Biz də istəyirik ki, heç olmasa, bir az irəli gedək. Malta millisini
udub, sevinirik. Vaxtı ilə desəydilər
ki, Malta yığmasını udmağa sevinəcəyik,
ovaxtkı futbolçular qəbirdə çevrilədi.
Mən sevinməyək demirəm, amma bu qədər
də yox. Bu, bizim böyük uğurumuz
deyil.
- SOCAR prezidenti Rövnəq
Abdullayev açıqlamasında "Neftçi"nin səhmlərinin satışa
çıxrılacağını bildirmişdi. Müştərilər varmı?
- Bəli, müştərilər
var. Amma bu barədə hələ danışmaq tezdi. Bunu deyə bilmərəm. Bu,
dövlətin işidi. Məsələ
burasındadı ki, bu, ictimai qurum olsa, vergi verməyəcək.
Amma belə olmasa, vergi ödəməlidi.
Ölkə futbolunda gəlir elə də
yüksək deyil axı. Düzdü,
böyük pullar xərclənilir, ancaq qazanılmır.
Hər dəfə stadion azarkeşlərlə
dolu olsa, nədənsə söhbət etmək olar. İngiltərənin "Mançester Yunayted"
klubu ən varlılar sırasındadı. Mövsüm başlamamış oyunların
bütün biletlərini satırlar. Biz
uşaq olanda futbolu sevirdik. Bakıda 2 milyon adam yaşayır. Bu, elə də
çətin olmamalıdı. Ona görə
Olimpiya Stadionunu istəyəndə güldülər də.
Bu yöndə işlər aparmalıyıq.
Lazım olsa, mən də danışıqlarda
iştirak edərəm.
- Komandanın uğur qazanması
üçün transfer siyasətini düzgün parmaq önəmlidi.
Bu işdə məsuliyyət kimin üzərində
olacaq?
- Bu işlə peşəkarlar məşğul
olacaq və mən də nəzarət edəcəm. Hər şeyin şəffaf olmasını istəyirik.
Transferdə məşqçinin maddi məsələlərə
qarışmasına icazə yoxdu. Onun sədri
olmalıdı. Transferə pul xərcləyiriksə,
həmin məbləği haradansa götürməliyik.
Mən də sponsor yanına getməliyəm. Ona
görə də nüfuzlu adamları bu işə cəlb
ediblər.
- Bu işdə sizə ən
yaxın şəxs icraçı direktor Elnur Məmmədov
olacaq. Amma onun rəhbər işdə təcrübəsi
elə də çox deyil. Bu, sizi narahat
etmir ki?
- Xeyr. Bu, məni
narahat etmir. Biz pis işləsək, birinci
özüm dözməyəcəm. İstefa
ərizəmi yazıb çıxıb gedəcəm. Adam ilk növbədə özünə hörmət
etməlidi. Pis, yaxşı 29 dildə mənim
kitablarım tərcümə olnub. Pis, yaxşı
Azərbaycanın tarixində ən cavan xalq
yazıçısı olmuşam. Mənim
qələmim də, kitabım da var. Bunu əlimdən
heç kəs ala bilməz. Formalaşdırdığım
imici futbolda korlamaq niyyətində deyiləm. Buvaxta qədər kimdənsə rüşvət qəbul
etməmişəm. Nəyə görə
özümü biabır etməliyəm? Mənə
çox adam dedi ki, bu iş nəyə
görə sənə lazımdı? Mən də
cavab verdim ki, öz komandamdısa, futbolumuza, xalqımıza
niyə də kömək etməyim?
"Neftçi"nin güclü sponsoru
var. Heç bir komandanın bizim qədər varlı sponsoru
yoxdu. Bu komandanın bir əfsanəsi var.
SSRİ-də çempionatında 3-cü yeri tutanda heç
bilirsiz ki, Bakıda necə sevinirdilər?
-
"Neftçi" haqda kitab yazmaq fikrində deyilsiniz?
- Xeyr. Futboldan da kitab
yazmışam. Mən dedektiv yazıram.
Deyirsiz ki, mən gələn kimi dedektiv başlasın?
Gələn kimi birini öldürüm
(gülür)?
- Sadıq
Sadıqovun klub rəhbəri kimi sizdən təcrübəli
olması bir reallıqdı. Maraqlıdı,
Sadıq bəylə məsləhət
almısınızmı?
- Əlbəttə.
Onun telefon nömrəsini də almışam. Yazırlar ki, biz bir-birimizi duelə çağıracağıq.
Onun məsləhəti ilə də işləməliyik.
Onsuz mümkün deyil. Peşəkarlar
olmasa, uğur olmayacaq. Heç vaxt demək
olmaz ki, mən hamısından yaxşı fəaliyyət
göstərirəm.
- Çingiz bəy, nə vaxtsa bir
futbol klubuna rəhbərlik edəcəyinizi gözləyirdinizmi?
- Mən bunu gözləməzdim. Uşaqlıqda kimsə desəydi ki, mən xalq
yazıçısı olacam, buna inanmazdım. Hətta 1 manata 1 milyon da pul qoyub, mərc gələrdim.
İndi də inanmağım gəlir. Mən çox işləməliyəm ki, bu
etimadı doğruldum. Çox işləməliyik
ki, klubun nüfuzunu qaldıraq. Heç nə
qazanmayacam. Uğur qazansaq, mənəvi
borcumu yerinə yetirmiş olacam. Vaxtı
ilə hüquq fakültəsində futbol klubunun prezidenti
olmuşam. Orada 12 general da var idi. Həmin generalların hansılar olduğunu desəm,
inanmazsınız.
- Bəhram Bağırzadə
güldürən, siz isə düşündürən və
ağladan birisiz. Çətin olmayacaq ki?
- Bağırzadə mənə
dedi ki, mənim anam da sizin kitablarınızı oxuyur. Bəhram hər dəfə çıxış edəndə
mən sevinirdim. Gör, indi özü necə
ağıllı kitablar yazır. Sevinirəm
ki, onun kimi biri bizimlə çalışacaq.
- "Neftçi"nin itirilən nüfuzundan
danışdınız. Paytaxt klubunun nüfuzunun itirməsinin
bir sıra səbəbləri var: hakimin söyülməsi,
futbolçunun döyülməsi, azarkeşlərin həbs
olunması, matçlarda qan axıdılması və s.
Bütün bunlar barədə məlumatınız var idi?
- Mən Azərbaycanda
yaşayıram. Bütün bunlar barədə
də məlumatım var idi. Mənim ilk
peşəm hüquqşunasdı. Belə
bir hadisə yenə baş versə, söz verirəm ki,
liberal olmayacam. Özünü apara bilməyən
insanlar "Neftçi"dən rədd olunacaq. Futbol idman növüdü. Bura cavan
uşaqlar gəlir. İdmandan nümunə
götürməlidi. Üzr istəyirəm,
özünü heyvan kimi aparanlardan cavanlar nə nümunə
götürməlidi? Kitab yazanda fikirləşirəm
ki, bu, uşaqları tərbiyə etməlidi. İdman da belə olmalıdı. Feyr-pley qaydalarına riayyət etmək
lazımdı. Dalaşsalar, söysələr,
kimisə döysələr, bu, futbol olmayacaq.
- Yəni, sizin rəhbərliyinizlə
"Neftçi" nümunəvi komanda olacaq?
- Sizə söz verirəm ki, dava
olmayacaq. Kimsə kimisə təhqir etsə, bu
adamlar burada qalmayacaq. Bu, cinayət
işidi. Ya mən qalacam, ya da onlar. Belə işlərdə sərt adamam. İşdə intizama önəm verirəm. Futbol dünyada ən çox izlənilən idman
növüdü. Hamı baxıb,
yaxşı şeyləri nümunə götürməlidi.
Mən bura kömək etmək
üçün gəlmişəm. Kömək
edə bilməsəm, gedərəm. Yazıçı
kimi haqqımda obyektiv yox, axmaq yazılar olanda heç vaxt
cavab vermirəm. Səbəbini də
soruşanda deyirəm ki, abidə milçəyə cavab verməz.
AĞA
Ekspress .-2015.- 3 aprel.- S. 18.